Urmiya-Türkün beşiyi, sevgi
ocağı...
Urmu-Urmiyanın Güney Azərbaycan ədəbiyyatında
bədii təcəssümü
Hər dəfə Urmuya həsr olunmuş nəsr və
poeziya nümunələrini oxuduqda
düşünürdüm ki, şairlərə ilham
qaynağı olmuş bu diyarın məxsusi özəllikləri
nədir görəsən? Nə üçün Urmu-Urmiya-Urmiyyə
haqqında yazılan əsərlərdə qəm notları
sevinc duyğularından daha üstündür... Mahmud
Sadıqpur Şami, Əli Daşqın, Nazir Şərəfxani,
Kərim Məşrutəçi Sönməz, Ruqəyyə
Kəbiri, Amanoğlu, Salah Bəhlul Camurcu, İsmayıl Cəlili,
Xosrov Barışan, Təyyar Şərif, Susən Rəzi, Rəhim
Gözəl və başqalarının əsərləri ilə
tanış olduqca anlamışam ki, bu gözəlim
diyarın, Urmiyanın başı üstündən bəlalar,
fəlakətlər heç əskik olmayıb. Şairlər
Urmiyanın başından keçən olayları, üzləşdiyi
acıları ürəklərinin qanı ilə qələmə
alaraq şəhəri əhatələyən əsl təbiət
möcüzəsi-Urmu gölünün suyunun duzlu, şor
olmasının səbəblərini öz baxış
bucaqlarına görə incələməyə, bədii
şərhini, təsvirini verməyə səy göstəriblər...
Kərim Məşrutəçi Sönməz kimi:
Kim görüb ki, mən özümdən boy deyim?
Sınamamış hər şənliyə toy deyim?
Urmu
gölü nədən şordur, qoy deyim:
Mən o
göldə üzə-üzə ağlaram...
Sönməzin dördlüyü bədii sualla
başlaması, bir-birinin ardınca sual cümlələri
işlətməsi fikrin emosionallığını,
mövzunun-hədəfin bədii təsir gücünü
artırmaq vasitəsidir. Əlbəttə, "Urmu gölü nədən
şordur, qoy deyim: Mən o göldə üzə-üzə
ağlaram" beytindəki mübaliğə şairin bədii
tapıntısı, poetik kəşfidir. Əfsuslar
ki, bədii tapıntıya vəsilə olan obyektə real həyatda
ağır bir hökm oxunub və Urmu ölümə məhkumluq
qisməti yaşamaqdadır.
İstedadlı
şair İsmayil Cəmilinin "Urmu gəlini" şeirində
gölün məhz bugünkü ağır vəziyyəti,
real durumu ən təsirli bədii dillə
canlandırılır... Urmu gölü yenə də mavi
gözlü duzlu gəlin, Urmiyanın ağ
don balası, "elin əzizi, Azərbaycan dənizi" kimi
öyülür. Lakin şairin sevə-sevə vəsf elədiyi
təbiət gözəlinin "tülkülərin pusqusu,
quduz yadların qurğusu" ilə artıq qara bəxti
yazılıb, gölə təbii yolla axan gur
çayların səmti dəyişdirilib, yolundan
azdırılıb, nəticədə "ırmaqları
dustağa, dalğaları duzlağ"a çevrilib:
Dadsız
qalan duzlu gəlin,
Duru mavi gözlü gəlin.
Urmunun ağ don balası
Göz-göz
olan can yarası...
Ağ
qanadı sınan mələk
Yarpaq
yarpaq solan çiçək...
1998-ci ildə
I Şimal-Qərb Jurnallar Festivalında "Ana" adlı
şeiri ilə birincilik qazanan və qadın
hüquqlarının müdafiəsinə həsr edilmiş
uluslararası qurultay və seminarlarda iştirak edərək cəsarətli,
demokratik ruhlü düşüncə və fikirlərini
yüksək kürsülərdən hayqıran şair Fəranək
Fərid-İpək xanım da digər qələmdaşları
kimi, Urmu hadisələrində də öz sözünü
deyib. Və 2011-ci ilin sentyabrında Urmu
gölünün qurudulması faciəsinə qarşı təşkil
olunan nümayişdə tutulub və 42 gün zindanda
qalıb. Lakin dövlət büdcəsinə
100 mln. tümən ödədikdən
sonra azadlığa buraxılıb. Urmiyə
gölünün qurudulmasına etiraz etdiyinə görə,
məhkəmə Fəranək Fərid xanıma 3 ay 1 gün
həbs cəzası və 1 mln. tümən
nəqd pul cəriməsi kəsib. Həqiqətən
anlaşılmaz durumdur: İnsan öz milli mənsubiyyətini,
milli kimliyini dərk edib "Ana dilinə, milli mədəniyyətinə
yiyə durursa, üzləşdiyi ekoloji fəlakətə
qarşı birləşib tədbir tökməyə, vəziyyətdən
çıxış yolu bulmağa çağırırsa,
bu, niyə günah sayılır, cinayət hesab edilir?!"
Yaşar
bəy Sulduzlunun fikirlərinə haqq verməyə bilmirsən:
"İranda demokratik hərəkatın uğur
qazanacağına inamım azdır. Avropa Birliyi, ABŞ, BMT və
digər beynəlxalq qurumlar İran məsələsində
farslara və kürdlərə məxsus hərəkatları,
insan hüquqları təşkilatlarını tanımaqla
yanaşı, onlara hərtərəfli dəstək verdikləri
halda, Güney Azərbaycanda insan hüquqları, demokratik hərəkat
məsələsində susmaqla bundan yan keçirlər.
Gənc
yazar Ruqəyyə Kəbirinin lap son dönəmdə -
2013-cü ildə yazdığı "Yasasız törən"
adlı şeirində "görülən profilaktiki tədbirlər
sayəsində" artıq 80 faizi quruyan Urmunun durumu o qədər
orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb
ki, oxucu özünü bu yasadışı, qeyri-qanuni
düzənlənmiş toy mərasiminin içində hiss
edir, bir növ hadisələrin iştirakçısına
çevrilir. Canlandırılan aydın mənzərələr,
cızılan tablolar qarşısında heyrətdən dil
susur, gözlər qan ağlayır, bircə ürək
danışır.
Xosrov
Barışanın "Duzlu gəlinim" şeirində də
motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədi... Şeiri oxuyur və şahid olursan ki, Urmunun real
durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da
düşündürməyə bilmir. "Ey səni
özgə özgəyə pay verən", - deməklə
tarixə ekskurs edən gənc şair "Paydan pay olmaz"
atalar sözünü xatırlayaraq Türkmənçay
müqaviləsilə iki imperiya - Rusiya ilə İran
arasında pay-pürüş edilən, "özgənin
özgəyə pay verdiyi" gözəlin cəhənnəmə
məhkumluğuna, məhv edilməsinə üzülür.
"Sevgilisiz
ögey bir dul kimi korlanacağına, hətta
turşuyacağına" üzülən və obrazlı təhkiyə
sərgiləyən və "şeir dediyini silahsız bir fədayi
çerikə" bənzədən şair,
"Adını Urmu qoyduğu Sevgilini qurtarmaq" - fədakarlığına
da hazırdır, təki "bağrı
çatlamış..." qəbir gözlü gözəli",
Urmusu-sevgilisi ölümdən qurtulsun... Əgər
qurtulmazsa, "şeirinin gəmisi kapitansız qalacaq",
düşüncə dalğaları "dodu-dodu
dolanacaq..." Xosrovun...
Urmu gölünə bu dərəcədə həssas
münasibətin, şəninə neçə-neçə
şeir və poemaların həsr edilməsinin təsadüfi
xarakter daşımadığı son illərin elmi
axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji
qazıntılar zamanı Urmu gölünün sahilində
yerləşən Urmiya şəhərinin kənarındakı
Həsənli qəbiristanlığında toplu məzarların
aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının
150 mindən çox Azərbaycan türkünü qətlə
yetirməsini əyani olaraq aşkara çıxardı.
Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin
qanuni ata-baba torpaqlarını zəbt edərək burada "əzəmətli"
Ermənistan yaratmaq istəyən ermənilərin türklərə
qarşı soyqırğını əməliyyatı
İrəvan, Göyçə və Zəngəzurdan
başlasa da, Azərbaycanın nə quzeyindən, nə də
güneyindən yan keçməmişdi. "Həmin
qanlı olayların izləri Dağlıq Qarabağa
qarşı ermənilərin qətl və qarətlərlə
dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi.
1918-ci ildə türklərə qarşı ermənilərin
Qərbi Azərbaycanda İrəvandan əlavə, 211
yaşayış məntəqəsində törətdiyi
soyqırımda 300 min nəfər soydaşımız qətlə
yetirilmişdirsə, Güney Azərbaycanda təkcə Urmu və
Səlmasda şəhid olanların sayı 130-150 min nəfər
arasında göstərilir".
1946-cı ilin dekabrında, yəni Milli Hökumət
süquta uğradıldıqdan sonra, Şah qoşunları və
Rza şah Pəhləvinin xarici havadarları tərəfindən
"Cənubi Azərbaycan torpağı qan dəryasına qərq
edildi. Öldürülənlər şəhər
küçələrində o qədər çox idi ki,
yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq
arabalara yığıb, küçələrdə gəzdirir,
kəsik başlarını nizəyə taxaraq ətrafında
dövrə vurub oynayırdılar. Onların
arvadlarını, uşaqlarını diri-diri su quyularına,
yanar təndirə atırdılar. Gözlərini
çıxarır, qulaqlarını kəsir, bədənlərinə
dağ basır, qızlarını soyundurub küçələri
gəzdirirdilər. Canlı insan bədənlərindən
tonqal düzəldirdilər, onları daş-qalaq edir, atın
quyruğuna bağlayır, 60-70 yaşlı qocaları peyin
arabalarına qoşaraq küçə-küçə gəzdirir,
yoldan ötənləri onların üzünə
tüpürməyə vadar edirdilər. Bütün
bu təhqirlərə, xalqın mərd oğul və
qızları mətanətlə dözür, ruhdan
düşmək nə olduğunu bilmirdilər. Urmiyədə
ADF-nin üzvü Bəhram Nəbi öldürülərkən
Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana
həsr edilmiş şeiri oxuya-oxuya həlak olmuşdu. Azərbaycan xalq qoşunları Marağa qarnizonunun
polkovniki Qulu Sübhi ölümünü bir qəhrəman
kimi qarşıladı. Urmiyə fədailərinin
başçısı Azad Vətən vəhşicəsinə
öldürülməzdən qabaq, ona tutduğu yoldan dönmək,
yəni, düşmən tərəfə keçmək təklif
olunarkən cavabında: "Nə
danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar,
qocaman çinar isə sınar, əyilməz"
demişdir.
Bu gün
Güney yazarlarının əsərlərindən boy verən
Urmu gölünün sürətlə quruması, quruma nəticəsində
Azərbaycan türklərinin daha sıx
yaşadığı Urmu şəhərini və ətraf bölgələri gözləyən
duzlaşma-duz fırtınası, qeyd etdiyimiz kimi, İİR
dövlət rəsmilərinin o qədər də ciddiyə
almadığı gerçək bir milli problemdir. Marağalı şair Amanoğlu Urmunun bu
ağır durumuna dözə bilmir, "Qayıt qədim
çağlarına, qovuş qədim dostlarına-Cığatıya,
Mürdü çaya, aç qucağın qonaqlara, bir ana tək"-
diləyilə Urmu gölünə üz tutur.
Maraqlı və acınacaqlı hal budur ki, İranın
Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı
idarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya
gölünün ətrafındakı quyuların suyunun
şor olduğunu açıqlayıb, ancaq
çıxış yollarından danışmayıb. Daha bir məlumata
görə, Urmu ətrafındakı ərazilərə
kütləvi şəkildə kürdlər yerləşdirilir,
etnik balans kürdlərin hesabına artırılır.
Hər bir həyətyanı torpaq sahəsində
olmaqla, təxminən 30 min su quyusu qazılıb və bu
quyular suvarma məqsədilə istismar olunur.
2006-cı
ilin rəsmi siyahıyaalınmasına görə, təkcə
mərkəzi şəhərində-Urmuda 583,255 nəfər,
bütövlükdə əyalətdə isə 13 milyona
yaxın Azərbaycan türkünün yaşadığı
köklü bir bölgə.. Geniş maddi və mədəni
imkanlarına, əlverişli coğrafi mövqeyinə və
möcüzəli iqlim şəraitinə görə vaxtilə
bütün Şərqdə böyük şöhrət
qazanmış, Qafqazı bəzi dövlətlərlə,
Kiçik Asiyanı isə Pakistan və Hindistanın bir
sıra şəhərləri ilə birləşdirən
ticarət yollarının tam üstündə yerləşən
qədimdən-qədim Urmu-Urmiya şəhəri...
Başlanğıcını Zaqroş
dağlarının ən yüksək zirvələrindən
götürən Şəhər çayı Urmuya heyrətamiz
gözəllik və təravət gətirir, ətrafında
bağçılıq, bostançılıq və digər
kənd təsərrüfatı bitkilərinin
inkişafına geniş imkanlar yaradır. Türkiyə və İraq
sərhədləri boyunca uzanan və onu bu qədim türk
torpaqlarından ayıran əzəmətli
Moğancıq-Mosalan və ən uca zirvəsi dəniz səviyyəsindən
3676 m yüksəklikdə yerləşən Hərəvil
olan Qotur dağ silsilələri hüsnünə min bir
yaraşıq verir, qışda soyuq, yayda mülayim və sərin
havası ilə ruh oxşayır...
Maddi-mənəvi nemətlərlə zəngin olan bu qədim
məkan ta əski çağlardan bir çox yerli və
xarici ölkə tarixçilərinin, o cümlədən Məhəmmədhəsən
xan, Ə.Dehxuda, Ə.Rəzməra, Zəkəriyyə Məhəmməd
əl-Qəzvini kimi İranın görkəmli tarixçi
alimlərinin də diqqətini cəlb edib və onlar öz əsərlərində
Urmiyanın özəllikləri haqqında dəyərli məlumatlar
veriblər. İstər Parfların, istərsə
də Sasanilərin dövründə əsas atəşpərəstlik
mərkəzlərindən biri və atəşpərəstlik
dini təliminin yaradıcısı Zərdüşt peyğəmbərin
vətəni olan bu ulu şəhər ətraf bölgələrin
əhalisinin belə ziyarətgahına çevrilib. Lakin
bu qədim şəhərin tarixi yerləri və zəngin
maddi mədəniyyət abidələrinin çoxu müxtəlif
tayfa və qəbilələrin hücumu zamanı, həm də
aramsız təbiət hadisələri nəticəsində
dağıdılıb, təkcə Çingiz xanın nəvəsi
Hülakü xanın qəbrini bu günədək qoruya bilib
Urmiya...
Qəsbkarların
zaman-zaman etdikləri hücumların və qarətlərin
acı nəticəsidir ki, başıbılalı qoca Təbrizdə
olduğu kimi, Urmiya ərazisindən tapılan qiymətli
maddi-mədəniyyət nümunələrinin çoxu
hazırda ABŞ, İngiltərə, Fransa və Almaniya, həmçinin
İranın dövlət muzeylərində saxlanılır.
Qədim adlarının dəyişdirilməsi prosesi
eynilə erməni vandallarının Qərbi Azərbaycanda
yürütdükləri addəyişmə, türk tarixini
saxtalaşdırma əməliyyatlarını
xatırladır. Vətənin və xalqın Urmu dərdi, bu dərdlə
nəfəs-nəfəsə yaşamaq, gözlərinin
qabağında əsrarəngiz gözəlliklər yurdunun
duzlu gəlininin son nəfəsini verməsi Güney şairlərinin
ürəyini köz-köz edir, qəlb ağrısından
azacıq da olsa, qurtulmaq üçün qələmə
sarılır, fəryad və nalələrini misralara
çevirirlər. Bu dərd, ağrı-acı Qadir Cəfəri,
Ülkər Ucqar, İsmayıl Ülkər, Hüşəng
Cəfəri, Nazir Şərəfxani, Mahmud Sadıqpur
Şaminin və b. şeirlərinin misraları arasından boy
verir. Hüşəng Cəfərinin Urmuya həsr etdiyi
şeirdə Güney fəallarının gölün
qurudulmasına qarşı keçirdikləri aksiyada səsləndirdikləri
"Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!"
şüarının əks-sədası ilə bərabər,
dünyanın bu böyüklükdə problemə laqeydliyi,
Güney Azərbaycan türklərinin də Ermənistanın
amansız hücumlarının, soyğunçuluq və
işğalçılıq planının məngənəsində
can çəkişdirən Quzey Azərbaycan türkləri
kimi meydanda köməksiz, yalqız qalmasından dolayı
şairin qəlb ağrıları da təsirli bədii ifadəsini
tapmışdır. Hansı tərəfdən baxırsa, Vətənini
dustaq görən H.Cəfərinin şair ürəyi
sıxılır, quruyan gölü göz yaşları ilə
doldurmaq istəyində bulunur, eyni zamanda bu iş
üçün də məhz el birliyinin gərək
olduğunu, əks təqdirdə, yəni, bu birlik olmazsa yeniləcəyini
anlayan və anladan elin qeyrətli oğlu yazır:
Ürəyim
darıxır, sıxılıram mən
Qolumdan
saxlayın, halımı sorun...
El
gücü olmasa yıxılıram mən
Urmu
gölü tək yalqızam, yalqız
Gedirəm
zülmətin kökün yolduram
O qədər
ağlıyam ki, Urmu gölündə
Göz
yaşımla Urmu gölün dolduram...
Mahmud
Sadıqpur Şami Urmiyada doğulub,
boya-başa çatıb, bu qədim türk şəhərində
fars dilində təhsil alıb. Ana yurdun əsrarəngiz
gözəllikləri, dərdləri onu bütün
bunları yazmağa həvəsləndirib və şairlik
yolunun yolçusu edib. "Urmiyə", "Məsdək,
Mani", "Urmulu Səfi Ələddin" şeirlərində
və "Məşrutə inqilabında Urmiyənin nəqşi"
poema-sında özünün, eləcə də vəsf elədiyi
görkəmli sənətkarların, tarixi şəxsiyyətlərin
ana yurdu, ata ocağı, Urmiyyəni "Sular ölkəsi,
odlar şəhəri, cənnətin bir bucağı
sanır, güllü-gülşənli, süsənli-sünbüllü,
laləli-reyhanlı diyarın payızını,
qışını, yazını, yayını, rəssamın
çəkdiyi tabloymuş kimi gözəl görür... O qədər
gözəl ki, kuşuldayan Nazlı çayın, Şəhər
çayının dumduru sularında ulduzların, günəşin,
ayın əksi bərq vurur. Bu yurdun Kazım
dağında, Şıx təpəsində min bir əsrarı-sirri
yatıb. Ulu Tanrı pay böləndə
qismətinə daha çox gözəllikdən pay
düşən bu müqəddəs yerə
güllü-çiçəkli bahar çağında
dünyanın hər yerindən turistlər gəlir və
hüsnünün seyrinə dalırlar. Şami arzulayır
ki, gözəlliklərinin tamaşasına dünyanın
durduğu, bir çox millətlərin, ayrı-ayrı təriqətlərə
xidmət edən insanların ayın-şayın,
mehribancasına yaşadıqları düşmənə qənim
Urmiyyəsinin başı üzərindən qara yellər əsməsin,
qada-bəla uzaq olsun...
Bu
şeirində Urmiyanın şanlı tarixini, şərəfli
keçmişini vərəqləyən Mahmud Sadıqpur
Şami "Məşrutə inqilabında Urmiyənin nəqşi"
poemasında azadlıq yolunda sınaqlardan çıxıb, Məşrutə
inqilabında qan-can verən Zərdüştün şəhərinin,
qəhrəmanlara səngər olan odlar, sular şəhərinin
başına gələn bəlalardan, qanlı-qadalı
olaylardan söz açır, "Ey şanlı Urmu, ey
qanlı Urmu" - nidaları ilə dərdlərini ovutmaq
üçün ağı deyir sanki... "Tarix boyu
yaşı olan" Urmunun yağı düşmən əlindən
çəkdiklərini kino lenti kimi göz önündən
keçirən şair yazır ki, "Şor dənizim,
Kazım dağım neçə-neçə
savaşlara" şahidlik etmişdir, bu savaşlarda
qırılan ellərin dərdindən, yaşanan acılardan
xalqın sinəsinə vurulan yaralardan Kazım dağında
bitən lalələrin belə sinəsinə dağ çəkilmiş,
odlar yurdunun bu yaz çiçəyinin bağrında qara xal
yaranmışdır. Ancaq ana Vətəni,
doğma xalqı acılar çəkib, qanlar axıtsa da,
azadlıq yolundakı bu imtahandan da alnıaçıq
çıxmışdır.
Qoynunda
Şeyx Səfi Ələddin, Mahmud Qənizadə, Cabbar bəy
Baxcaban, Səid Səlmasi, Nimtac xanım, Mahmud Əşrəfzadə,
Həbibüllah Ağazadə, Mahmud Sadıqpur Şami kimi
neçə-neçə ünlü sənətkar yetirən,
torpağının altı, üstü də qızıl tək
qiymətli olan, qədim mədəniyyət
beşiyi kimi dünyanın maddi-mədəniyyət irsi
siyahısına düşən nadir bir şəhər məhv
olmaq, bu şəhərin üzük qaşı olan Urmu
gölü isə oraya axan çayların üzərinə
suvarma məqsədilə vurulan bəndlər, qazılan
saysız-hesabsız quyular
üzündən qurumaq üzrədir...
Çox maraqlıdır ki, Urmiya gölü dünyanın nadir biosfer qoruqlarından biri kimi UNESKO tərəfindən 1967-ci ildə qeydiyyata alınıb, yəni, qoruq elan olunub və UNESCO-nun qərarı ilə qorunan təbii ərazilər siyahısına daxil edilib. Lakin burnundan uzağı görməyən siyasət dəllalları buna da məhəl qoymur və anlamırlar ki, Urmu gölünün quruması nəinki bütün Azərbaycan, eyni zamanda Türkiyə və İraq, eləcə də İran torpaqları üçün də ciddi ekoloji fəlakətlər yaradacaq. Sovetlər dönəmində eyni xarakterli hadisə Aral gölünün də başına gətirilmişdi... 1960-cı illərin əvvəllərində iqtisadçılar Özbəkistan və Qazaxıstanda pambıq əkinini artırmaq məqsədilə sahələrini sulamaq üçün Aral gölünün təbii qaynaqları olan Amudərya və Sırdırya çaylarının üzərindən bənd vuraraq suyundan bolluca istifadə etmiş, nəticədə 1960-cı illərdən bəri Aral gölü yetərincə təmin olunmamışdı. Həm yayın istisindən və suyunun azalmasından tədricən quruyan gölün sahəsi 80 faizə qədər kiçilmiş, suları 150 km içəri çəkilmişdi. 20 il ərzində 60 km3 gölün suyunun səviyəsi 1980-ci illərədək 80-90 sm azalır və 1989-cu ildə Aral gölü iki yerə ayrılır: Kiçik göl (quzey) və Böyük göl (güney). Beləliklə də 1960-cı ildə sahəsi 68.000 km2 olan Aral gölü getdikcə kiçilmiş və 2005-ci ildə 14.000 km2 olmuşdu. Özbəkistan Uluslararası Altın Miras Vakfı Ankara Bölümündən Süleyman Mərdanoğlunun söylədiyinə görə, "hazırda "Xəzəri Aralla Birləşdirmə Projesi" üzərində çalışılır. Bu layihədən məqsəd Ob çayının sularını Arala axıtmaq və Aral gölü ilə Xəzər dənizini bir kanal vasitəsilə birləşdir-məkdir. Uuslararası Aralı Kurtarma Fonu (UAKF) İcra Komitəsinin açıklamasında isə Aral gölü probleminin aradan qaldırılması, bölgənin iqtisadi və sosial inkişafının təmin olunması, ekoloji və ətraf mühitdə yaranmış problemlərin çözülməsi amacı ilə 2011-2015-ci illər üçün hazırlanan Proqram çərçivəsində 10 milyard ABŞ dollarının xərclənəcəyi nəzərdə tutulur. Aral gölünün dərdinə çarə bulmaq üçün yüksək səviyyədə işlər görülür.
Modern.az saytında yayımlanan son məlumata da isti-isti nəzər salmağı düşündüm: "Güney Azərbaycan əhalisinin və hətta beynəlxalq təşkilatların bu göllə bağlı həyəcan təbili çalmasına baxmayaraq İran rejimi qarşısına qoyduqu məqsədi icra etməməkdədir. Urmu gölündən əldə olunan son video görüntülər və şəkillər bunu deməyə əsas verir ki, artıq Urmu gölünün 80% quruyub və həmin gölün ətrafında olan kəndlər duz fırtınalarının məhv etdiyi təsərüfatlarını qoyaraq İranın başqa şəhərlərinə köçməyə məcbur olurlar.Yerli əhalidən aldıqımız məlumtlara əsasən Türkiyədən və Şimali İraqdan kütləvi şəkildə bu bölgəyə köçürülən terrorist kürdlərın təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da o biri tərəfdən, artıq bu bölgədə yaşamaq mümkün olmayacaq. Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar və dünyada müşahidə olunmayan dəniz heyvanları da artıq ya tələf olub, ya da buradan köç etmək məcburiyyəti ilə üzləşib " .
Güneydə
sonuc, mövcud durum budur... İransa bu sonucu sanki görməzliyə
vurur və tam tərsini edir... Amma nikbin düşünmək
və inanmaq gərəkdir ki, Tanrı açan yolu bəndə
bağlaya bilməz... Nazir Şərəfxaninin Urmu
gölünə müraciətlə yazdığı və
bu şanlı gölün sahilində yerləşən qədim
bir elin-Türk yurdunun tarixini vərəqlədiyi, misilsiz
gözəlliklərini böyük bir məhəbbətlə
vəsf elədiyi "Urmu dəryaçası"
poemasından gətirdiyimiz örnəkdə olduğu kimi:
Urmu dəryaçası!
Tufanlı dənizlər başısan sən,
Parlayan
taci-təbiətdə brilyant qaşısan sən,
Duzlu, istəkli,
maraqlı dərə, dağ yoldaşısan sən,
Şor
olubsan, elimin gözdən axan göz yaşısan sən,
Dəryalar səngi-səbur olsa, dəyirman
daşısan sən.
Səni
tufan yıxa bilməz,
Sənə
heç kim çıxa bilməz,
Sənə
yel, sel bata bilməz,
Səni
könlüm ata bilməz!
Esmira Fuad
525-ci qəzet.- 2014.-
11 iyun.- S.8.