Əbülfəz
Qarayev:“Qafqaz Albaniyası mədəniyyətimizin
ayrılmaz bir hissəsidir”
“Əfsuslar olsun
ki, Azərbaycanda Qafqaz Albaniyasının tarixi və mədəni irsinin araşdırılması ilə
bağlı vahid konsepsiya yoxdur. Müxtəlif alimlər bu mövzuya müxtəlif baxımından yanaşırlar.
Lakin bu o demək deyil ki, bunlar
hamısı bir-birinə
ziddiyyət təşkil
edir”.
APA-nın xəbərinə
görə, bunu mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında
deyib.
Onun sözlərinə görə, nə qədər çox yanaşma, təhlil, ideya olsa, bu böyük mədəniyyətdən daha yaxşı xəbərdar olarıq. Nazir qeyd edib ki, bu gün bədnam qonşularımız Qafqaz Albaniyasının, onun kilsəsinin guya başqa mədəniyyətə məxsus olmasına dair xəbərlər yayırlar: “Bizim qəti fikrimiz ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixi Azərbaycanın, Azərbaycan xalqının tarixidir, bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Azərbaycan alimləri baxışlarının müxtəlifliyinə baxmayaraq, dərk edirlər ki, bu tarix bizim xalqımıza məxsusdur. Biz heç kəsə onu mənimsəməyə, özəlləşdirməyə imkan verməyəcəyik. Biz beynəlxalq təşkilatlarda da öz sözümüzü deyir, sübut edir və Azərbaycan tarixinin, mədəniyyətinin mənimsənilməsinə qəti etirazımızı bildiririk. Bu, bizim qəti mövqeyimiz və tarixi həqiqətimizdir”.
Ə.Qarayev vurğulayıb ki, Azərbaycanda həmişə mədəniyyətin inkişafına böyük diqqətlə yanaşılır. Onun sözlərinə görə, prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası çərçivəsində mədəni irsin qorunması özünəməxsus yer tutur: “Həmin çərçivədə Azərbaycan tarixinin bütün mərhələlərinin böyük diqqətlə öyrənilməsi bizim vəzifə borcumuzdur. Onu həssaslıqla təhlil etmək, hansı mədəniyyətin olduğunu dərk etmək, hansı proseslərin qurbanı olduğunu, məhvinin səbəblərini öyrənmək, o dövrdə hökm sürən mədəni-siyasi prosesləri öyrənmək çox önəmlidir”.
525-ci qəzet.-
2014.- 11 iyun.- S.7.