Bakıda Cüzeppe Verdinin "Don Karlos"unun
premyerası olub
Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Don Karlos" operasının
konsert ifasında premyerası keçirilib.
Operanın Azərbaycanda ilk dəfə
səhnəyə qoyulması
dahi bəstəkar C.Verdinin musiqi irsinin ölkəmizdə
opera sənəti həvəskarları
və melomanlar arasında daha geniş təbliği məqsədi daşıyır. "Don Karlos" operası çox tez-tez dramatik monosəhnələrə
çevrilən son dərəcə
çətin ariyalar,
incə musiqi koordinasiyaları tələb
edən ansambllarla zəngindir. Tamaşanın
yüksək professional səviyyəsini
təmin etmək məqsədilə teatrın
rəhbərliyi Ukrayna
Milli Operasının solistləri, bu ölkənin əməkdar
artistləri- vokalçıların
beynəlxalq müsabiqələrinin
laureatları Andrey Romanenko (Don Karlos) və Mixail Kirişevi (Rodriqo) dəvət ediblər. Ümumiyyətlə, tamaşanın
bütün iştirakçıları
- həm qastrolçular,
həm də teatrın solistləri- Azərbaycanın əməkdar
artistləri Fəridə
Məmmədova, Səbinə
Əsədova, Əkrəm
Poladov və başqaları çox yüksək professionallıq
göstəriblər. Baş xormeyster,
Əməkdar İncəsənət
Xadimi Sevil Hacıyevanın rəhbərliyi
altında teatrın xor kollektivi də tamaşadakı xor partiyalarını ustalıqla ifa ediblər. Tamaşanın
musiqi rəhbəri və dirijoru, Xalq artisti, professor
Cavanşir Cəfərovun
rəhbərliyi altında
orkestr öz işinin öhdəsindən
bacarıqla gəlib. Bir sözlə, "Don Karlos"
operası başa çatmaqda olan mövsümdə teatrın
əsas uğurlarından
biri sayıla bilər.
Qeyd edək
ki, operanın ilk tamaşası 1867-ci ildə
Parisdə baş tutub və həmin
vaxtdan bu əsər dünyanın
bir çox opera teatrlarında böyük
müvəffəqiyyətlə səhnəyə qoyulur.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 11 iyun.- S.7.