Çini kasalar

 

 

 

Rəhim müəllimin evində qanqaraçılıq idi. Baiskar arvadıydı, evin əyər-əskikliyini  Rəhim müəllim ayırd edə bilmirdi.Uşaqların əyin-başı tökülüb, bu gün-sabahda dərslər başlanır, məktəbə gedəcək uşaqlara təzə pal-paltar lazımdır, evin yavanlığı da elə bu gün-sabahlıqdır. Di gəl, evdə satmağa Rəhim müəllimin anasından yadigar qalmış bir cüt çini kasadan savayı pula dəyəsi bir şey də qalmayıb.

Arvadın da fikri, deyəsən, bu dəfə kasaları bazara çıxartmaqdır, çini kasalar babatca pula gedir.

Arvadı çini kasaları rəfdən götürüb yerini dəyişəndə Rəhim müəllim şübhəyə düşdü. Arvad o kasaların tozunu silib müştəri gözüylə süzəndə isə Rəhim müəllimin dalağı sancdı, ancaq özünü bilməməzliyə vurdu ki, guya heç nə görmür, arvaddır da, gündəlik evdarlıq işi ilə məşğuldur...

Ancaq evin xanımı bu gün-sabah məktəblərdə dərslərin başlanacağını, uşaqlara təzə əyin-baş almağın zəruriliyini, həm də evdə qənd-çayın bu gün-sabahlıq qaldığını Rəhim müəllimə xatırladanda, kişi dimdik arvadının üzünə baxdı:

- Fikrin nədir, olmaya indi də kasaları satmaq  niyyətinə düşmüsən?

Arvad acıqlı-acıqlı:- Xarabanda bunlardan başqa satdıq nəyin var ki?

- Onlar anamın cehizlik yadigarlarıdır...

- Sənin anan məndən artıq arvad olmayıb ha?

- Yaxşı-yaxşı danış!

- Lap yaxşı danışıram. Bütün cehizliyimi satıb, yetimlərinçin, ev-eşiyinçin xərclik etmişəm.

- Yetimlərim sənin qarnından çıxıb.

- Atam evindən gətirməmişəm...

Rəhim müəllim başa düşdü ki, söz savaşında da bu dəfə arvadını üstələyə bilməyəcək. Yumruq davasında da heç bir iş görə bilməzdi, arvadı ondan qat-qat güclü idi. Hər halda Rəhim müəllim kişi idi, istəmirdi ki, arvadının ona rəhmi gəlsin, sadəcə olaraq arvadını yumşaltmaq, kişilik hökmünü göstərmək istəyirdi.

- Elə bilirəm o kasalar satılsa, anamın yanına üzüqara gedərəm.

- Bah, üzüqaralıqdan qorxana bax! Uşaqların ayaqyalın qalıb, ev dustağıdı. Dirini qoyub ölü yanında utanana bax!

- Borc verən olsaydı, - Rəhim müəllim son ümidə əl atdı.

- Borclu öz borcunu sənə bağışlamayacaq ki?!.

Rəhim müəllimin əli hər yerdən üzüldü. Beləcə qanıqara işə gəlmişdi. Öz iş stolunun arxasında qaş-qabaqlı oturmuşdu və iş yoldaşlarından da heç biri onun qanqaraçılığının səbəbini soruşmurdu. İdarələrində hamı onun gündəlik qanıqaraçılığına vərdiş etmişdi və əksinə, bu gün Rəhim müəllimin kefi kök olsaydı, iş yoldaşları buna məhəttəl qalardı...

Rəhim müəllim dilxor-dilxor qabağındakı kağız-kuğuzla qurdalanmağındaydı ki, arvadı qapını aralayıb içəri boylandı; arvadının onun iş yerinə gəlməyi birinci dəfə deyildi.

Rəhim müəllim yerindən qalxıb hirslə çölə çıxdı. Arvadının qoltuğundakı bükülünü görəndə Rəhim müəllim əlbəəl başa düşdü ki, iş nə yerdədir...

- Bura bazardır? - Acıqlı-acıqlı bozardı.

Arvadının səsi bu dəfə yumşaq çıxdı:- Deyirəm, a kişi, müdiriniz köhnə şeylər aşiqidir. Bəlkə elə ona sataq? Həm də hörmət yiyəsi olarsan...

Arvadının dilindən çıxan bu "kişi" kəlməsi Rəhim müəllimin havasını bir az aldı, arvadının fikri ağlına batdı, onsuz da kasalar satılırdı. Müdirlə bu alış-verişdən sonra bəlkə münasibətlərində bir yaxınlıq da yarana bilərdi. Rəhim müəllim arvadının zirəkliyinə ürəyində bir "afərin" də söylədi. Bir də alıcının da kimliyi ona məlum olacaqdı və ya qismət, bəlkə nə vaxtsa pulunu qaytarıb anasının yadigarlarını geri qaytaracaqdı da...

Elə bu vaxt müdir özü kabinetdən bayıra çıxdı. Rəhim müəllimin arvadı cəld irəli yeridi: - Ay Saleh qardaş, - dedi, - dosta qismət olmalı şeydir, bir cüt əsl qədim çini kasalardır.

Saleh deyilən müdir gözucu kasalara baxa-baxa pis-pis güldü: - Bəh-bəh! Bəxtimin yeyinliyinə bax, özgə müdirlərə işçiləri pay verir, mənimkilər isə hərifcə müştəri axtarır...

Rəhim müəllimin arvadı tutulub fağırlaşdı. Nədənsə kefi birdən-birə kökəlmiş Rəhim müəllim coşdu: - Rüşvətxor, yekəqarın! Borcum var sənə, bilməmişdik hələ bir pay da verərdik!

Saleh deyilən müdirdən çox arvadı məhəttəl qalmışdı Rəhim müəllimin qəfildən coşub özündən çıxmağına.

Rəhim müəllim isə sakitləşmək bilmirdi:- Elə sənin kimi harınların əməlləridir bizləri dilənçi gününə salan...

Saleh deyilən müdir də, Rəhim müəllimin arvadı da quruyub yerlərində qalmışdılar, müdirdən çox arvadı Rəhim müəllimi yaxşı tanıyırdı və heç vaxt onun hirslənməyini görməmişdi. Dal-dalı kabinetinə sarı gedən müdir arxadan Rəhim müəllimin hədəsini-hərbəsini eşitdi: - Bəsdir səbir kasamı daşdırdığın!

Sonra Rəhim müəllim həlimləşib üzünü arvadına tutdu:

- Hə, məktəbdə dərslərin başlanmasına az qalıb, evdə də azuqəmiz qurtarır. Çarə yoxdur, get bazarda bunları dəyər-dəyməzinə sat!

Ancaq Rəhim müəllim işdən sonra evə gəlib çini kasaları rəfdə əvvəlki yerində gördü.

 

DOĞMALIQ

 

Kəndimizə yeni ailə köçüb gəlmişdi. Mən yaşda bir oğlanları da var idi. Oğlanın atası həkim idi, anası isə məktəbdə dərs deyirdi. Bizimlə qonşu idilər. Çox keçmədi ki, baba və nənəsi də onların yanına gəldilər. Baba və nənə də kəndimizdə yaşayacaqdı. Çox mehriban qocalar idi. Kəndimizin adamlarına tez qaynayıb-qarışdılar.

Mən isə qonşularımızın oğlanları isə dost ola bilmirdim. Bir də görürdüm ki, qonşunun oğlu həyət darvazamızın ağzında durub məni səsləyir. Bilirdim ki, oynamağa çağırır. Mən isə özümü eşitməməzliyə vurardım. Oğlan öz darvazalarından içəri keçəndən sonra aşağı düşər, öz kəndimizin uşaqları ilə oynamağa gedərdim. Nədənsə qonşumuzun oğlunu yad bilirdim. Anam mənə acıqlanardı ki, yaxşı deyil, a bala, qapıbir qonşuyuq... Məni çox qısma-boğmaya salanda nənəm tərəfimi tutar: - Bir yad uşağın üstündə bəsdir danladın onu, - deyə qahmar durardı.

Bir gün baba qəfildən xəstələndi, qonşu oğlan da həyət-bacada görünmədi. Dedilər ki, babasının vəziyyəti çox ağırdır, heç yorğan-döşəkdən qalxana oxşamır.

Baba yataqdan durmadı. Əvvəllər yaşadıqları yerdən qohumları, yaxın adamları tökülüb gəldi. Amma onu kəndimizin qəbiristanlığında dəfn etdilər. Evdə atamdan eşitdim ki, bu babanın öz vəsiyyəti imiş...

Babasının dəfnindən bir müddət keçəndən sonra qonşu oğlan təzədən qapımızın ağzında göründü. Başa düşdüm ki, məni oynamağa çağırır. Bu dəfə anamdan qabaq nədənsə nənəm üstümə acıqlandı: - Get, a bala, get, - dedi, - qonşunun oğlu səni gözləyir. Onlar daha yad deyillər...

 

GÜLLÜ ÇİT YAYLIQ

 

Dostum Həsən müəllimin

xatirəsinə

 

... Dava qurtarmışdı. Sağ qalanlar geri dönürdü. Və bu kənd də öz gedənlərinin yolunu gözləyirdi, o gedənlərin neçəsinin qara kağızı gəlsə də, hamı gözləyirdi. Analar oğlanlarını, gəlinlər ərlərini, uşaqlar atalarını, bacılar qardaşlarını gözləyirdi... Nişanlı qızların, sevən qızların da gözləri yollarda qalmışdı.

Gözləyə-gözləyə qalan gözləyənlərin neçəsinin səbri-qərarı kəsildi və gözləməkdən əl çəkdilər. Ərləri davadan geri dönməyən dul gəlinlərdən ərə gedənlər var idisə, daha nişanlı qızları kim qınayacaqdı ki?..

Bəs Gülqız kimi gözləyə-gözləyə qalmışdı?.. Elə özü də adına oxşayırdı, çiçək kimi bir qız idi... Dünyaya gələndə ona Gülqız adını qoyan ata-anası onu çoxdan vaxtsız qoyub getmişdilər, qızlarının çiçək vaxtını görə bilməmişdilər.

Gülqızın əsl çiçək vaxtı idi və boynu bükük bu bənövşəni dərmək həsrəti ilə kənddə neçə-neçə cavanın ürəyinə od düşmüşdü. Qızın dincliyi-rahatlığı yox idi, bulağa gedirdi, qabağını kəsirdilər. Qonşuya keçirdi, söz atırdılar. Kənddə o subay oğul anası, o subay qardaş bacısı qalmamışdı ki, Gülqıza minnətçi düşməsin, ağız açmasın, dilə tutmasın, yumşaldıb yola gətirməyə cihd-cəhd etməsin. Qızın inadı, qızın tərsliyi subay oğlan analarını, subay qardaş bacılarını yorub hövsələdən çıxartdı. Və o gündən sonra harda onu gördülər sancmağa başladılar, atmaca atdılar, acı söz dedilər.

Bu fağır, binəva qız bəs Sənəmə neynəmişdi, bilən yox idi.

Beləcə gözləyə-gözləyə gözəl-göyçək Gülqız evdə qalıb qarıdı, un çuvalına tay oldu.

lll

Bir vaxt subay oğlanları üçün elçi düşən analar çoxdan nənə olub, dünyadan köçmüşdülər. Bir vaxt Gülqızı subay qardaşlarına almaq istəyən bacıların o subay qardaşları çoxdan ev-eşik yiyəsi olmuşdular.

Gözləyə-gözləyə evdə qalıb qarıyan Gülqızın da əli çöl-bayır işindən qalmışdı. Razılıq versəydi xanımı ola biləsi evlərdə indi Gülqız həmin evlərin xanımlarına biş-düşdə, yır-yığışda əl-ayaq edər, beləcə başını dolandırardı. Onun-bunun xeyrinə-şərinə yarıya-yarıya birtəhər dolanıb başını saxlayan kimsəsiz, tənha Gülqıza ürəyi yuxa, xanım-xatın Sənəm arvaddan başqa kənddə hamının yazığı gələr, rəhm edərdilər.

Yazığı gəlmək bir yana-Sənəm arvadın Gülqızı görən gözü yox idi, hər yerdə arxasınca danışır, yamanlayırdı:- Ağıldan kəmdir, deyirdi, vaxtında çox elçi düşən oldu, bəyənib bir ocağın çırağını yandırmadı. Məəttələm, bu kimin yolunu gözləyirmiş. Sabah düşüb ölsə, üstündə ağlayanı olmayacaq...

Sənəm arvadın davadan qayıtmayan tankçı qardaşı qəhrəman idi, rayon mərkəzində heykəlini qoymuşdular. Kənddə böyük-kiçik hamı ötkəm, kişi kimi sərt olan Sənəm arvaddan ehtiyat edib çəkinirdi və bəlkə də elə buna görəydi ki, heç kim Allahın bu məzlum bəndəsi Gülqız qarıya acığının-qəzəbinin kökünü-səbəbini ondan xəbər alıb öyrənməyə ürək eləmirdi. İşdir-şayət, xəbər alan olsaydı, onda Sənəm arvad tapıb söz deyə bilməzdi. İş bunda idi ki, Gülqıza acığının-qəzəbinin mayası nədən yoğrulmuşdu, nədən kündələnib ürəyi yuxa Sənəm arvadın sinəsindən asılı qalmışdı - bunu Sənəm arvadın heç özü də bilmirdi...

Gülqız nə qədər üzüyola, başı aşağı, sakit-fağır idisə, həmişə Sənəm arvadın özünün də qabağından qaçırdı, sözünün də. Di gəl, günlərin bir günü iş elə gətirdi ki, Gülqız qarı Sənəm arvadın nə özünün qabağından qaça bildi, nə də sözünün... Gülqız qarı ağzını açıb bircə kəlmə cavab qaytardımı-eşidən olmadı. Sinəsinə əyilmiş başını qaldırıb heç Sənəm arvadın üzünə dik baxdımı-görən olmadı.

lll

Güc-bəla özünü daxmasına çatdıran Gülqız qarı elə o gündən yorğan-döşəyə düşdü. Üç gün, üç gecə yastığının dibini kəsdirənlərin nə səslərini eşitdi, nə də üz-gözlərini gördü. Axır ki, dördüncü gün ağlı-huşu yerinə gəldi və gözlərini açıb başı üstdə iki qonşu qarını gördü. Gülqız qarının dodaqları səyridi, nəsə pıçıldadı. Əvvəlcə elə bildilər ki, vəsiyyət edir. Haçandan-haçana başa düşdülər ki, Gülqız qarı Sənəm arvadı görmək istəyir. Rəhmləri gəldi ki, bəlkə də son arzu, son istəyidir... Və Sənəm arvadın ardınca adam getdi.

lll

- Ürəyin daşdı-dəmirdir bəyəm, ay arvad, - deyə bu dəfə üzə durdular, - o bədbəxtdən indiyəcən nə yamanlıq görmüsən ki?.. Bəlkə son nəfəsində bir sözü var...

Sənəm arvad yumşaldı. O, içəri girəndə Gülqız qarı yatağından qalxmaq istədi, ancaq bacarmadı. Damarları çıxmış qup-quru əli ilə işarə etdi və o işarədən sonra otağın küncündəki köhnə bir sandığı ortaya çəkdilər. Elə Gülqız qarının qup-quru quruyub çöpə dönən o əlinin yeni-yeni işarələri ilə o sandığın qapağını qaldırdılar və açıb içindən qət təzə güllü bir çit yaylıq çıxartdılar.

Və Sənəm arvad o güllü çit yaylığı əlinə alanda Gülqız qarının boğulmuş qırışıq sifətinə qızartı çökdü...

Sənəm arvad güllü çit yaylığı birdən-birə əsməcə tutmuş əlində o yan, bu yana çevirə-çevirə az qala havalanırdı. Bu güllü çit yaylıq Gülqızda hardan gəzirdi?.. Axı, bu güllü çit yaylığı qəhrəman tankçı qardaşı Qələndər davadan qabaq qabaqcıl traktorçu kimi Moskvaya sərgiyə gedəndə ordan bacısı üçün alıb gətirmişdi. Sənəmin başındakı o güllü çit yaylığa kənddə çox qız, gəlin həsədlə, qibtə ilə baxmışdı və o yaylıq elə davadan qabaq Sənəmin başında örtülməkdən üzülüb didilmişdi. Bu yaylıq isə heç örtülənə oxşamırdı. Heç yuyulmamışdı da, təkcə yaylığın üstündəki xırda-xırda güllər rəngini dəyişib solmuşdu, elə bil kim isə onu elə hey nəmli gözlərinə sıxırmış...

Yox, yox... Ola bilməz... Sənəm arvaddan hönkürtü qopdu və elə bil o hönkürtünü eşidib Gülqız qarı dikəlmək istədi, bacarmadı.

 

lll

Az sonra Sənəm arvad Gülqız qarının üstündə ağı deyib oxşayırdı. "Qardaşımın etibarlı sonası, lay-lay!.. Gülqız gözəllər gözəli, lay-lay! Gülqız Qələndər gözəli, lay-lay!.."

 

Aydın Tağıyev

525-ci qəzet.- 2014.- 11 iyun.- S.7.