Nuriyyə Hüseynova: "İndi sənətə
maddiyyat yox, mənəviyyat düşüncəsi ilə gələnlər
çox azdır"
Tanınmış
ifaçı, Xalq artisti Nuriyyə Hüseynovanın
"525"ə müsahibəsi
- Nuriyyə xanım, öz qədim tarixi və ənənəsi olan Azərbaycan musiqi, sənət dünyasının, Azərbaycan mədəniyyətinin bugünkü durumu necədir, mövcud vəziyyət bir sənət adamı kimi Sizi qane edirmi və yaxud etmirsə, nəyə görə? Eyni zamanda, daha çox mənfi tərəfləri ilə xarakterizə olunan şou-biznesin ciddi, sanballı sənəti, sənət dünyasını üstələməsi fikri ilə razılaşırsınızmı?
- Həmişə demişəm, yenə də deyirəm, dünyada gedən proseslər tək musiqi aləminə yox, bütün sahələrə öz təsirini göstərir. Eyni zamanda, bu musiqini yaşadan da canlı insandır - sənsən, mənəm, o biridir, bu biridir. Hərə öz işinin, öz sənətinin başına keçməzdən və sənətə gəlməzdən öncə düşünür ki, mən bu sənətə nə üçün gəlirəm - pul-para qazanmaq üçünmü, yoxsa, mənsub olduğum millətin musiqi mədəniyyətini, mənəvi dünyasını gələcək nəslə ötürmək məqsədiləmi? Təəssüf ki, sənətə maddiyyat deyil, mənəviyyat düşüncəsi ilə gələn insanlar indi çox azdır. Üzdə olan bir çox insanlar asan yolla sənətə gəlib. Asan yolla şöhrət qazanan insanları isə efirdə, qəzetdə, orda-burda çox yayımlayıb, çox reklam edib göstərəndə də yenilərə elə gəlir ki, bu, daha gözəldir və elə buna da yiyələnmək lazımdır. Nəhayət, sənətə yeni gələn də bunun dalınca qaçır, pul qazanmaq üçün, şöhrət qazanmaq üçün. Çox nadir hallarda o mənəviyyata və milli, ciddi sənətə xidmət edən adamlar olur. Mən illərimi mənəviyyata və milli musiqinin inkişafına yönəltmişəm. Bunun mənə aidiyyəti yoxdur və bir müəllim kimi, bir insan kimi, bir vətəndaş kimi tələbələrimi də, ətrafımda olanları da hər zaman mənəviyyata doğru yönəltməyə səy göstərirəm. Bunu etmək mənim borcumdur. Heç vaxt sənətimdə pul dalınca qaçmadım. Yəni, düşünmədim ki, mən bu əsəri oxuyacağam, bu əsər tarixdə qalacaq, yaşayacaq, amma burda pul yoxdur. Bu düşüncə ilə yaşamadım, hər zaman düşündüm ki, yox, qoy yaşasın, qoy qalsın, səviyyəmə, çəkimə uyğun olsun. Təbii ki, belə hallarla da qarşılaşmışam ki, kimsə bir əsərini, bir musiqisini mənə oxumaq, ifa etmək üçün təqdim edib, mən də qulaq asmışam, amma görmüşəm ki, onun sözü də çox primitivdir, musiqisi də çox zəifdir. Mən onu həyatım boyu heç vaxt oxumaram. Bu, mənim xasiyyətimdir, təbiətimdir. Amma belə insanlar çox azdır. Təbii ki, sənətkarın yaşaması üçün də pul lazımdır, pulsuz da yaşamaq, sənəti yürütmək, inkişaf etdirmək olmaz, bu tərəfi də var. Bütün hallarda hamımız çalışmalıyıq ki, bizim musiqimiz öz dəyərini, öz qiymətini itirməsin.
Şou aləmində olan musiqilər hamısı ordan-burdan götürülmə, oğurluq şeylərdir. Bu gün biz internet əsrində yaşayırıq. Bu gün bir musiqi çıxdısa, bir saatdan sonra dünyanın o biri ucunda da o musiqini eşidirlər. Üzr istəyirəm, əvvəlindən, axırından, ordan-burdan bir az əlavələr edib, hərə yeni bir musiqi yaradır, sonra da adını qoyur ki, mən musiqi bəstələdim, musiqi yazdım. Hətta, birdən görürsən ki, bu musiqi ilə külli miqdarda pul da qazana bilirlər. Bunları görəndə də həmişə deyirəm ki, ya mən çox öndəyəm, ya da çox arxadayam. Hər zaman düşünürəm, düşünürəm ki, axı bu zəif musiqiyə, axı bu zəif səsə bu pullar hardan xərclənilir? Bax, bu, niyə xərclənilir? Camaat bu zəif səsə, bu zəif musiqiyə niyə bu qədər pul xərcləyir?
- Necə düşünürsünüz, insanların musiqi, sənət zövqünü, duyumunu yüksəltmək, eyni zamanda, bizim mədəniyyətimizə, musiqi dünyamıza yad, zərərli elementlərin təsirini azaltmaq, önləmək üçün əsl sənət adamları sinələrini daha çox qabağa verməməlidirlərmi, bu missiyanı başqalarından daha çox məhz onlar öz üzərlərinə götürməməlidirlərmi?
- Dünya, bəşəriyyət ziyalıların, aydınların, təfəkkürlü, istedadlı insanların çiynində bu günümüzə gəlib çıxıb. Milləti də, ölkəni də, dünyanı da idarə edən, önə aparan aydınlardır, ziyalılardır. Yüksək ixtisaslı, necə deyərlər, sənətini gözəl bilən insanlardır. Bunlarsız biz heç kimik! Bu gün də incənət və mədəniyyət sahəsində sözünü və sənətini gözəl bilən yetərincə gözəl ifaçılar da var, müəllimlər də var. Necə deyərlər, sənət qabiliyyəti olan insanlar var. Sənət qabiliyyəti olduğu qədər də insanların vicdanı olmalıdır. Vicdan olmadan insan heç vaxt deyə bilməz ki, mən ölkəmə, vətənimə, millətimə xidmət edirəm. Vicdansız insan hər şeyini - ölkəsini də, torpağını da, vətənini də sata bilər. Bu gün əgər mən Azərbaycan musiqisinin yaşaması üçün əlimdən gələni edə bilirəmsə, mən bunu bacarıramsa, niyə mən ona xələl gəlməsinə, yad notların, yad nəfəslərin, yad sözlərin gəlməsinə şərait yaratmalıyam? Mən buna şərait yaratmamalıyam. Bu ölkənin bir insanı da mənəm, incəsənətə xidmət edən insanlardan da biri mənəm. Hər kəs bu sualı özünə versə və vicdanını qabağına qoyub düşünsə, daha yaxşı olar. İndi bunu mən deyirəmsə, ola bilsin biri deyəcək ki, bu xanımın deyəsən başı xarab olub. Yəni, imkansızlıqdan toya da gedirik. İmkansızlıqdan sadə musiqilər də yazırıq, imkansızlıqdan onu da edirik, bunu da edirik. Hər sonun başını yenə maddiyyata bağlıyacaqlar. Yox, o da deyil. Dünya yaranandan ən böyük musiqiçilərin, ən böyük elm adamlarının çox vaxt öz musiqilərini, öz yazdıqlarını üzə çıxarmağa imkanları olmayıb. Kimsə onlara dəstək durub, kömək olub. Yəni, bunları biz eşitmişik, oxumuşuq, bu gün də görə-görə gəlirik. Amma gəlin istedadı olan gözəl sənətçilərə kömək olaq, yiyə duraq, onların üzə çıxmasına şərait yaradaq.
- Bir müddət öncə tanınmış sənətçi Aybəniz Haşımova müsahibəsində "Eurovision-2014" mahnı müsabiqəsinə və onun qalibinə münasibət bildirərkən qeyd etmişdi ki, bu cür müsabiqələr artıq cinsi azlıqların yarış meydanına çevrildiyi üçün Azərbaycan həmin müsabiqələrə qatılmaqdan imtina etməlidir. Siz bu haqda və ümumən, "Eurovision-2014" yarışması, onun qalibi barədə nə fikirdəsiniz?
- Həyat, bu dünya hər zaman gözəl, saf meyvələr əmələ gətirmir. Mütləq ağacda çürük meyvələrə də rast gəlirik. Mütləqdir bu. Yəni, bu həyatda hər cür insan yaranır. Elə insanlar var ki, çox da ki, nəfəsi gedir-gəlir, canlıdır, amma mən onu nə qadın saya bilirəm, nə kişi. Mənə elə gəlir ki, bu, sadəcə, canlı bir məxluqdur. Eyni zamanda, bu, bizim-Azərbaycanın problemi deyil. Bu, ümumbəşəri bir problemdir. Buna da hər kəs öz düşüncəsi, öz həyat təcrübəsi ilə yanaşır. Məsələn, mən elə insanlara nə normal , nə də qeyri-normal baxıram. Düşünürəm ki, biz bu həyatda yaşayırıq, ona görə də yaşaya-yaşaya hələ çox şeylər görəcəyik. O cür insanlar nazas, xəstə adamlardır. Mən onlara nə deyə bilərəm? Allahın özü onlara kömək olsun. Təbii ki, belə söhbətlər olur ki, bunlar bizlərə də öz təsirini göstərir və sairə. Ancaq məncə, ailədən, tərbiyədən, ilk öncə uşağın tərbiyəsindən çox şey asılıdır. Valideynlərin uşaqları yönəltməsindən çox şey asılıdır. O uşağın mühitindən çox şey asılıdır ki, o, necə böyüyüb, boya-başa çatıb, hansı bir xarakterə, hansı bir, necə deyərlər, xüsusiyyətə malikdir. Bunlar da şərtdir. Amma bir də var ki, insan xəstədir, biz desək ki, onların haqqı-hüququ yoxdur yaşamağa, bu da günah olar. Onu Allah yaradıb, mən yaratmamışam. Mən ona nə deyə bilərəm? O da bir insandır, amma hər kəs bilməlidir ki, bu dünya, bu cəmiyyət, bu bəşəriyyət bu gün ağlı başında olan, normal, düzgün, haqqın, Allahın qoyduğu qanunlara riayət edən insanların çiynində yürüyür. Və təbii ki, yol da, meydan da o insanlarındır ki, bəşəriyyətimiz çürük mer-meyvə ilə rastlaşmasın, sağlam mühitdə böyüsün. Onun əqli də sağlam olsun, fiziki cəhətdən də sağlam olsun, düşüncə, təfəkkürü də sağlam olsun. Bütün bunlar olmadan biz böyük bir dünyadan, böyük bir gələcəkdən, ümumiyyətlə, yer kürəsindən danışa bilmərik. Biz normal, sağlam cəmiyyətdə böyüməliyik. Normal, sağlam övladlar böyütməliyik. Normal, sağlam insanları nümunə göstərməliyik. Sağlam insanların bu gün gənclərə, bütün dünyaya necə deyərlər, tövsiyəsi, təqdim edəcəyi və göstərəcəyi bir çox şeylər lazımdır ki, biz onlardan dərs alaq, nümunə götürək. Siz baxın, Mövlananın nəsihətləri dünyanın hər yerində misal çəkilir. İnsan onu oxuduğu zaman örnək götürür, dəyişməyə çalışır. İnsan hə pisi, həm də yaxşını özü görür və özündə olan xoşagəlməz şeyləri görüb, özünü yığışdırır ki, yox, mən belə olmamalıyam, mən bu cür etməliyəm, mən belə olmalıyam, elə olmalıyam. Bütün bunların hər biri örnəkdir və o cür insanlar, Aybəniz xanım demişkən, bizə örnək ola bilməz. Amma yenə təkrar edirəm. mən demirəm ki, onlar məhv olsunlar. Biz kimik ki, onu deyək. Onu da Allah yaradıb, Allahın yaratdığı canlı bir məxluqdur. Mən ona nə deyə bilərəm? Nə deyim, ya qadın deyim, ya kişi deyim, dilim gəlməz, axı. Sadəcə, canlı bir məxluqdur. O da Allahın əlindədir, özü yaradıb onu. Mən nə karəyəm ki, ona bir söz deyim...
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2014.- 11 iyun.- S.4.