Ömrün əbədi dövrü
Mən
ona söz vermişdim. 90 illiyini
birlikdə qeyd etməliydik. 85 illiyində əsərlərindən 85 çıxarış edib "Qələm
Fatehi yaxud mən İsa Muğannanın nə
dediyini bilirəm" adı altında "525-ci qəzet"də çap
etdirmişdim. Bəyənmişdi, ad günü
üçün sürpriz hesab etmişdi. 90 illiyində 90
çıxarışdan ibarət hazırlayacağım məqalənin
başlığı belə olmalıydı: "İsa
Muğanna haqqında deyilənlər". Sağlıq olsun,
ömür vəfa etsə mən öz sözümü yerinə
yetirəcəm.
İsa
Muğanna ilə tanışlıq, dostluq yaxud onunla
danışmaq sadəcə böyük bir yazıçı
ilə təmasda olmaq deyildi. İsa Muğanna ilə
danışmaq, görüşmək, Kainatla birbaşa
ünsiyyətə bərabər idi. Onun səsi də adi bir
səs deyildi. Göylərdən ona gələn Ün kimi
idi.
Təəssüflər
olsun ki, İsa Muğannanın Ün eşitdiyini vaxtında dərk
edə bilmədik. Eysarla - Əlağla (Allahla) söhbətinə
hələ də kifayət qədər inanmayan
tapılır.
Halbuki belə
bir işin mümkün olduğunu hələ eramızdan əvvəl
IV əsrdə Aristotel təsdiqləmişdi, demişdi:
"Beyin fəaliyyəti ilə məşğul olan insanlar
içində ən uğurlu yarananlardır. Allahlara yaxın
olanlar da onlardı".
Öyrəncəliyik
onsuz da biz özgələrin fikrinə.
Amerika
yazıçısı Müller deyəndə ki,
yazdıqlarımı mənə diqtə edirlər,
inanırdıq. İsa Muğanna belə deyəndə nədənsə
tərəddüd edirdik. Çox nahaq yerə! Nizamidə,
Yunis İmrədə, Nəsimidə, Xətaidə də
Kainatla əlaqəyə dair, Ünə dair istədiyimiz
misalları tapa bilərik.
Markes
öz əcdadlarının 100 illik tarixini yazırdı, tərifləyib
göylərə qaldırırıq (sonralar bu əsərlə
bağlı özü bəzi iradlarını qeyd etsə də).
İsa
Muğanna bəşəriyyətin 102 (hazırda 103) min illik
tarixindən yazırdı. İnanırdı,
inandırırdı bizi öz bədii əsərindən
çox, öz dərin Elminə, elmiliyinə-Saf Ağ
adlandırdığı Elmə. Hesab edirdi ki, Bəşəriyyətin
xilası Odər mədəniyyətinə,
Əcdadlarımızın Saf Ağ Elminə tezliklə yiyələnməkdədir.
Onun əsərlərinin baş qəhrəmanları insanlarla
yanaşı bəşəriyyətin təhrif olunmuş
Tarixiydi, Diliydi, Diniydi, Təfəkkürüydü.
Mən bu
dahi insanla, qüdrətli yazıçı ilə hayıf
ki, çox gec tanış oldum. Bilmirəm nədəndi bu.
Talemi belə buyurdu, yoxsa mənmi gecikdim. Mən də
başqaları kimi onu çoxdan tanıyırdım. Əsərlərini
oxuyurdum, sevirdim. Ssenariləri əsasında çəkilmiş
filmlərinə heyranlıqla baxırdım.
1988-ci ildə
60 yaşı tamam olanda qəzetlərdən birinə
müsahibə vermişdi.
"Qələmimin 2 yaşı var!" demişdi. Mən
Qazaxdan ona teleqram vurmuşdum və 2 yaşını təbrik
etmişdim. Bu, yazılı şəkildə ona doğru
atdığım ilk addım idi. Üzbəsurət onu
2004-cü ildə Azərbaycan
Yazıçılarının
XI qurultayında gördüm. Rəyasət Heyətində
oturmuşdu.
Yadımdadır,
İ. Muğannanın "Azərbaycan" jurnalında yenidən
işlədiyi hekayələri çıxmışdı. O
hekayələrdən biri -
"Şinel" haqqında bir məqalə yazdım,
"Ədəbiyyat qəzeti"ndə çap etdirdim. Bu
olub 2005-ci ildə. Özünün oxuyub
oxumadığını o vaxtlar mən bilmədim. Məqalə
çıxandan sonra şair dostum, həmin qəzetin əməkdaşı
Sərvaz Hüseynoğlu telefonda mənə bildirdi ki, səni
axtarırdılar.
Dedim, kim?
Dedi ki, Aqşin Babayev. Məqalən
o qədər xoşuna gəlib ki, oxuyub, dərhal
redaksiyamıza zəng etmişdi. Əslində
sözümün canı bu deyil. Onu demək istəyirəm
ki, o azman yazıçı ilə ilk birbaşa
tanışlığım 2008-ci ildən başladı.
Qardaşı Ömər vəfat etmişdi. Zəng edib
İsa müəllimə başsağlığı verdim.
Sonra həmişə olduğu
kimi Ağstafaya dincəlməyə gəldi. Qardaşına
cümə günü ehsan süfrəsi açanda qələm
dostlarımın bir qrupu ilə yığışıb bir
daha kədərinə şərik olmağa getdik. O zamandan
etibarən mütəmadi olaraq münasibətlərimiz
ata-bala sevgisinə çevrildi.
Bir
gün dedim ki, ay İsa müəllim, niyə heç mənim
indiyəcən harda itib-batdığımı, niyə gəlib
sizinlə tanış olmadığımı soruşmursunuz,
niyə bu haqda bir söz demirsiniz? Gülümsədi,
heç nə demədi. Özüm səbəbi
açıqlamalı oldum:
-
Düzünü bilmək istəyirsinizsə, sizinlə
görüşdən qorxurdum.
- Niyə?
-
Eşitmişdim ki, siz sizin evə doğru gələn
adamın addım səslərindən bilirsiniz ki, o necə
adamdır. Qorxurdum ki, birdən mənim addım səslərim
məni pis vəziyyətdə qoyar, mənim haqqında pis təsəvvür
yaradar, məni qəbul etməzsiniz...
- Nə
danışırsan a kişi! - deyə əlini əlinə
vurub güldü.
Bir dəfə
mən ona gördüyüm qəribə çin
çıxan yuxularımdan danışdım. Tarix müəllimi
olduğum üçün dildə, dində, tarixdə təhriflərlə
bağlı fikirlərimi bölüşüb dedim:
- Ustad,
belə bir el misalı var: "Filankəsin içinin otu
yoxdur". Məncə, burda bir söz təhrif olunub. Bu,
"Filankəsin içinin Odu yoxdur" şəklində
olmalıdır.
Sizin
dediyiniz kimi, Od - Həqiqət anlamında olduğu
üçün eldə demək istəyiblər ki, filankəsin
içinin Odu - yəni Həqiqəti (mənası) yoxdur.
-
Çox düz deyirsən! - deyə o , mənim fikrimi təsdiq
etdi, üzünü ömür-gün yoldaşı Füruzə
xanıma tutdu:
- Ay
Füruzə, bura gəl bir, gəl gör, Barat nə
danışır? Barat Qazaxda oturub Saf Ağ Elmindən
danışır, ancaq bundan özünün xəbəri
yoxdur!
Bir
gün yenə Ağstafadakı evlərində idik. Füruzə
xanım mənə sarı gələn İsa müəllimə
belə dedi:
-
Yavaş, ay İsa! Birdən yenə yıxılarsan ha!
İsa
müəllim gülə-gülə bu səhər olmuş
bir əhvalatı danışdı.
- Bu səhər
yıxıldığımla qalxdığım bir oldu.
Füruzə onu deyir. Amma onsuz da adət etmişəm. Nə
qədər yıxılsam, o qədər
çox qalxıram, deyib məni
çay-çörək süfrəsinə dəvət
etdi.
Çay-çörək
demişkən... Allah, mən bu evdəki süfrə mədəniyyətini
heç yerdə görməmişəm. Gözləri zəif
görsə də, İsa müəllim necə səliqə
ilə, necə ifcin-ifcin çörək yeyirdi, çay
içirdi.
Mən
qısa vaxt ərzində bu ailəyə bu ailənin
övladı kimi qaynayıb-qarışdım. Öz atam-anam
qədər sevdim İsa müəllimi və Füruzə
ananı.
Haqqımda
bir məqalə yazıb zəng etdirmişdi ki, Ağstafaya gəlim.
Məqaləni oxuyub qurtarandan sonra təşəkkürümü
bildirdim. Lakin birdən-birə halım pisləşdi. Təcili
yardım maşını çağırdılar, iynə
vurdurdular. Əlimi cibimə salmağa qoymadılar. Bir də
baxanda nə gördük: İsa müəllimin bir əlinin
üstündə iri bir qızartı-qan laxtası əmələ
gəlib. Allah kəssin mənim işimi. Kişi o qədər
həyəcanlanıb ki, belə bir vəziyyət
yaranıbmış. Sizi inandırım ki, məni evimizə
buraxmaq istəmirdilər. Füruzə ana təzyiqimlə
bağlı mənə həb
vermişdi. Gördüm İsa müəllim deyir ki, gör
yenə həb lazımsa ver, içsin.
Aman Allah,
diqqətə bax, eşqə bax, ucalığa bax! Unutmaq
olarmı o anları, o ucalığı!
Unutmaq
olarmı bir gecə ustadın evinin üstündən
keçən durnaların onunla necə vidalaşmasını
- ayaq saxlayıb 5-6 dəfə o evin başına dönməyini,
dolanmağını.
- Mənə
görə belə ötürlər durnalar, deyirdi ustad.
Dediyim
kimi, onunla son illərdə çox görüşlərimiz,
söhbətlərimiz oldu. Hansını deyim, bilmirəm.
60 illiyim
Bakıda Yazıçıların Natəvan adına klubunda
keçiriləndə xəstə olmasına baxmayaraq dəvətimi
qəbul edib Füruzə anayla birgə görüşümə
gəldi. Çıxış etdi, xeyir-dua verdi. Sonra da
qoşa anadillər kimi bir-birinə qısılıb getdilər.
Tez-tez xəstələnsə
də, Füruzə ananın və qızları, əziz
bacım Sevincin fədakarlığı həmişə vəziyyəti
normallaşdırırdı.
2013-cü
ilin yayında o, yenidən Ağstafaya gəldi. Xeyli
sınıxmışdı.
Gedəcəyini
etdiyi söhbətlərdən hiss etmək qətiyyən
mümkün deyildi. Di gəl ki, hərəkətlərindən,
narahat duruşundan, son vaxtlar yazdıqlarından çox
şeylər anlamaq olardı.
"İşıq gəmilərinin
gəlməyini gözlüyürəm, bunlar niyə gəlib
çıxmadılar" - deyib gözlərini mübhəm
göylərə doğru zilləyəndə adamın
dalağı sancsa da, bütün bunları xoş bir zarafat
sanırdı.
İşıq
gəmisinə mindirilib aparılmış ulu babası Musa
ağa (ƏsƏlMən- Süleyman peyğəmbər
haqqında) danışdıqlarını axır ki, qələmə
aldı və "Azərbaycan" jurnalının 2013-cü
il sentyabr sayında "İlan dərəsi və ya Peyğəmbərin
taleyi" adı ilə çap etdirdi.
O əsər
çap olunduğu vaxt yazıçı Ağstafadakı
evində çox ağır xəstələndi... Hiss
olunurdu ki, getmək istəyir. Ayaq saxladı, işıq gəmisinin
gəlməsini (göndərilməsini) gözlədi.
Aradan 6
aya qədər vaxt keçdi.
Hər dəfə zəngləşəndə gözlərinin işığının daha da azaldığını, qələm götürüb işləyə bilmədiyini deyirdi. Ona "Yaralı qələm" adlı şeirimi oxudum. Çox bəyəndi. Hər dəfə zəngləşəndə "Qələmin necədir?" deyən yazıçının son dəfə səsini martın 25-də eşitmişəm. Dedi ki, göndərdiyin məktubu aldım. Silsilə şeirlərini oxudum. Mənə həsr etdiyin "İsa Muğanna eşqi" şeirinə görə də çox sağ ol. Bu təzə şeirlərin üçün səni təbrik edir və deyirəm. Sən artıq mənim dediyim şeirləri yazırsan. Sən tamam dəyişmisən. Bu şeirləri topla gətir, yeni kitabını çap edək, onu gözüm görməsə də, birtəhər gözəl bir ön söz yazacam.
Qismət olmadı...
... Mənim Qazaxın Birinci Şıxlı kəndində olan bir dostum var - Avtandil müəllim. O, bir dəfə mənə belə bir söhbət etmişdi. Yazıçı ilə görüşəndə tez-tez boynunu ovuşdururmuş və üzrxahlıq edirmiş ki, bağışlayın, deyəsən, gecə pis yatmışam. Onuncün boynum ağrıyır.
İsa müəllim deyib:
- Xeyr , sənin boynun ağrıyıb eləmir, səni saflaşdırırlar. Səni dəyişdirirlər və ona görə də mənimlə görüşə gəlmisən.
Avtandil müəllim bunu da dedi ki, yazıçı nə vaxt öləcəyini bilirmiş. Deyibmiş ki, (1989-cu ildə!) mənim ömrümü 25 il uzadıblar, mənə 2014-cü ilə qədər vaxt veriblər.
lll
İnsan Allahın sirridir, deyirlər. Əslində nə varsa, Allahın sirri deyilmi?Yazıq o kəsə ki, özü öz sirrinə dönmək istəyir.
İsa Muğanna da dünyaya Allahın sirri olaraq gəldi. Allahın sirri olaraq qaldı. Allahın sirri olaraq da qalacaqdır. "Mən Sirri- ƏnƏlHəqqəm!" deyən ustadı (ustadımız!) Nəsimi kimi!
Hamı, bütün bəşər axtardığı Allahı itirib. Onunla söhbətdən qorxmağı bir yana, onunla söhbəti belə heç ağlına gətirmir. İsa Muğanna hamının itirdiyi Allahı tapıb onunla söhbət eyləyirdi.
İsa Muğannanın Allahıyla bizim Allah bir-birindən tam fərqlidir. Bizimki Dinlə bağlı, onunku Dillə (Odər- Türk dili ilə!) bağlı Allahdır! Biz inandığımız Din dediyi Allahdır, İsa Muğanna Dil dediyi Allah!
İsa Muğanna deyir ki, Nizaminin, Fizulinin, Nəsiminin əsərləri dərslikdir. İndi özünün əsərləri də dərslik kimi öyrənilməlidir.
Qırğızıstanda Çingiz Aytmatov adına Akademiya var. Mən istərdim ki, Azərbaycanda İsa Muğanna adına Akademiya yaradılsın və tezliklə fəaliyyətə başlasın.
Sokrat öz işinə Allahın təyin etdiyi vəzifə kimi baxırmış. Ölümündən əvvəl şeir yazıb "Poeziyada saflaşmaq istədiyini" bildirib.
...Deyirlər ki, bu dünyada iki şey hələ də tam kəşf olunmayıb, tədqiq edilməyib.
Coğrafiyada - qütblər,
Tarixdə - türklər!
İsa Muğanna məhz belə tam kəşf olunmamış "Qütblər"dən, ən böyük, ən gizli Türklərdən biridir!
Əfsuslar olsun ki, bu böyük türk - İsa Muğanna da getdi.
Nəsimi bir də öldü
Bu imiş yəqin Axır,
Nəsimi bir də öldü
Kimə deyəsən axı:
Nəsimi bir də öldü!
Əvvəlim Sona yetdi,
Yox, varıb Ona yetdi.
İsa Muğanna getdi,
Nəsimi bir də öldü!
Quruldu Dar ağacı,
Sirr oldu Dar ağacı.
Dirildi Dar ağacı,
Nəsimi bir də öldü!
Bir yerə cəm olmuruq,
Kağız-qələm olmuruq.
Gördü adam olmuruq,
Nəsimi bir də öldü!
Dindi Allah dilində,
Yaşadı Ölümündə!
Əsərdi Ölümü də,
Nəsimi bir də öldü!
Yox, nə Nəsimi ölub, nə də İsa Muğanna!
İsa Muğanna ilə insan artdı, İnsanlıq çoxaldı, Nəsimilik irəli getdi, bir daha parladı.
İnsan məlum adiliyindən çıxdı, məchul ucalığa qovuşdu.
İnsanı həyat Allahlaşdırır.
Ölüm Allahlılığını əlindən alır.
Lakin
bununla hər şey bitmir.
Təzə
dövr, təzə ömür başlayır.
Ölümsüzlük
- əbədi Allahlıq dövrü!
İsa
Muğannanın da həmin dövrü , həmin ömrü
başlandı.
P. S. İsa Muğannanın "Kor quyu" adlı balaca bir hekayəsi var. Deyir, yuxuda gördüm ki, bir kör quyuya düşmüşəm. Heç kim kömək etmir, harayıma yetmir. Bu vaxt qeybdən bir əl uzanıb məni ordan dartıb çıxartdı. Yuxudan ayılanda baxdım ki, anam başımın üstə durub gülümsünür. Soruşdu:
- Olmaya qorxulu yuxu görürdün?
Dedim ki, hə!
Yuxumu danışdım. Anam dedi:
- Qorxma, indən sonra da nə vaxt çətinliyə düşsən, o əl sahibi sənə kömək edəcək.
... İsa Muğanna öldü. İndi bir anlığa hesab edək ki, bütövlükdə dünyanın özü bir kör quyuymuş. Yenə Allah əlini uzadıb onu ordan dartıb çıxartdı. Ancaq bu dəfə həmişəlik olaraq! Öz yanına (Dərgahına!) aparmaq üçün!
Çəkmədi ömründə taxt azarını,
Dedi ki, baxt bizdən üz döndərməyə!
O kişi Göylərdən Ün eşidirdi,
Getdi bizlərə də Ün göndərməyə!
Barat VÜSAL,
AYB Qazax filialının sədri,
Əməkdar İncəsənət Xadimi
525-ci qəzet.-
2014.- 12 iyun.- S.7.