Elman Nəsirli: "Dövlət quruculuğunun mütərəqqi xarakterində
Konstitusiyamızın xüsusi rolu var"
Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda
qəbul olunmuş Konstitusiyası müstəqil
Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23
ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin
əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun
tarixi əsasən
SSRİ-nin tərkibində
olduğu dövrə
düşür.
Azərbaycanın birinci Konstitusiyası
1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər Qurultayında
qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının
1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış
yeni redaksiyası
1925-ci il martın 14-də
IV Ümumazərbaycan Sovetlər
Qurultayında qəbul
edilib. Azərbaycan
SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası
da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış
şəkildə idi.
Azərbaycan müstəqillik əldə
etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti
yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə
verildi. 1995-ci il noyabrın 12-də
ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası
qəbul olundu.
Azərbaycan Prezidenti Yanında
Dövlət İdarəçilik
Akademiyasının Siyasi
Araşdırmalar İnstitutunun
rəhbəri, politoloq, professor Elman Nəsirli
"525"ə müsahibəsində bildirib ki, Azərbaycanda
Dövlət quruculuğunun
mütərəqqi xarakterində
Konstitusiyamızın xüsusi
rolu var. Onun sözlərinə görə,
1993-cü ildən başlayaraq,
yəni ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə
gəlişindən sonra
real müstəqillik tarixi
başladı və həmin dövr olduqca mürəkkəb siyasi proseslərlə müşaiyət olunurdu:
"Ölkəmiz çox
çətin bir tarixi dövrünü yaşayırdı. Necə deyərlər,
hamının bir-birilə
sanki bir müharibəsi var idi. Vətəndaş
müharibəsi qapının
kandarında idi və bir çox
hallarda artıq onun başlaması elementləri göz önündə idi".
Politoloq
deyib ki, üstəgəl ölkədəki
daxili böhran, iqtisadiyyatın iflic vəziyyətdə olması,
vətəndaş müharibəsi
təhlükəsinin real məzmun
kəsb etməsi və paralel şəkildə Ermənistanın
hərbi təcavüzünün
genişlənməsi, bu
təcavüzün pik
nöqtəsi olan Xocalı soyqırımının
başlanması, cəmiyyətdə
və ölkənin siyasi həyatında xaosun hökm sürməsi kimi tarixi bir
şəraitdə ümummilli
lider hakimiyyətə
gəldi.
"1993-cü
ildən başlayaraq
1995-ci ilə kimi olan dövrdə ümummilli lider ölkədə siyasi sabitliyin bərpası, demokratik dövlət quruculuğu ilə bağlı şəraitin
təmin edilməsi, xaosa son qoyulması və vətəndaş müharibəsinin qarşısının
alınması, iqtisadiyyatın
bərpası ilə bağlı addımların
atılması, xarici investorların Azərbaycana
cəlb edilməsi,
"Əsrin müqaviləsi"nin
imzalanması, bütün
kimi titanik vəzifələrin öhdəsindən
gələ bildi. Və təbii ki, dövlətin qarşısında duran bu həyati əhəmiyyətli məsələləri
həll etdikdən sonra heç şübhəsiz ki, siyasi sistemin ən mühüm elementi olan Konstitusiyanın
qəbul edilməsi zərurəti ortaya çıxdı. Çünki bu dövlətin ana qanunudur. Bütün proseslər məhz
onun əsasında tənzimlənməlidir. Bu reallıqdan
çıxış edərək
ümummilli lider Konstitusiya
komissiyası yaratdı.
Dəfələrlə onun işi ilə maraqlandı. Prosesi tam öz nəzarətində saxladı,
ideyalarını verdi, istiqamətləri
müəyyənləşdirdi. Nəticə
etibarilə 1995-ci ildə
noyabrın 12-də Azərbaycan
Respublikasının Konstitusiyasının
qəbul edilməsinə
nail oldu. Bu sənəd müasir dövrümüzün ən
təkmil Konstitusiyalarından
biri sayılır.
Yeri gəlmişkən bu bizim mövqeyimiz deyil. Xarici ekspertlər də Konstitusiyanın forma və
məzmun parametrləri,
göstəriciləri ilə
tanış olduqdan sonra onun son dərəcə demokratik ruhlu bir sənəd olduğunu təsdiqləyiblər. Çünki Konstitusiya hazırlanarkən
dövlət başçısının
tapşırığı belə idi ki, dünyadakı
ən müasir proseslər, qabaqcıl ölkələrin konstitusiyaları,
onlarda çatışmayan
cəhətlər müasir
geosiyasi reallıqlara,
vətəndaş cəmiyyətinin
tələblərinə uyğun
gəlməyən məqamlar
varsa belə, onların hamısı öyrənilsin. 95-ci ildə
qəbul ediləcək
Konstitusiya dövrün
tələblərinə cavab
verə biləcək
səviyyədə, təkmil
şəkildə, hüquqi
dövlətin quruculuğu
üçün fundament ola biləcək bir səviyyədə işlənilib, hazırlansın
və qəbul edilsin. Ölkə başçısı buna nail oldu. 1995- ci il noyabrın 12- də qəbul edilən Konstitusiya nəticə etibarilə ölkəmizin bundan sonrakı inkişafı, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti
quruculuğu, demokratiyanın
bərqərar olması,
insan hüquq və azadlıqlarının
müdafiə edilməsi
sahəsində
fundamental, bəşəri prinsipləri özündə
ehtiva edən bir sənəd idi".
E.Nəsirli əlavə edib
ki, Azərbaycan bu Konstitusiya ilə müəyyən olunmuş qanun və prinsiplər çərçivəsində öz fəaliyyətini tənzimlədi və bu gün dünya
birliyinin ən etibarlı tərəfdaşına
çevrilən ölkəmiz
dünyada müxtəlif
sahələrdə islahatlar
aparan bir dövlət imicinə malikdir".
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğu və Konstitusiyanın qəbulunda
rolu barədə daha ətraflı danışan politoloqa görə, Heydər Əliyev ilk növbədə
onun fərqində oldu ki, Azərbaycanın
inkişafının, xarici siyasətinin strategiyası
müəyyən edilsin:
"Ölkə prezidenti
elə bir Konstitusiyanın hazırlanmasını
tələb etdi ki, orada qoyulmuş
prinsiplər ölkəmizin
bundan sonrakı inkişafının
təməl prinsipləri
olsun, eyni zamanda bir mayaka
çevrilsin. Əsas
istiqamətləri, qanunvericilik
baxımından qanuni
əsaslarda inkişaf tendensiyalarını
özündə ehtiva
etsin. Mən burada xüsusilə
dil məsələsinə
diqqət yetirmək istəyirəm. Bu məsələ ətrafında
çox ciddi fikir mübadiləsi oldu. Heydər Əliyev özü
şəxsən komissiyanı
tam nəzarətdə saxladı,
onun bir sıra iclaslarında iştirak etdi. Müxtəlif versiyalar- türk
dili, türk-azəri,
Azərbaycan dili və digər yanaşmalar var idi. Ancaq ümummilli lider yenə də böyük siyasi iradə, fəhm nümayiş etdirib, həmçinin Azərbaycanın gələcək
inkişaf perspektivlərini
və bu məsələdə dəqiq
bir xəttin müəyyən edilməsinin
olduqca vacibliyinin, zəruriliyinin fərqinə
vararaq, təklif etdi və qəbul olundu ki, dil
Azərbaycan dili kimi adlandırılsın.
Çünki Azərbaycan
çoxmillətli dövlətdir,
hər bir şəxs hiss etməli və bilməlidir ki, o, azərbaycanlıdır.
İdeologiyamız azərbaycançılıq ideologiyası olmalıdır.
Bəli, biz etnik baxımdan türkük, amma dilin Azərbaycan
dili kimi yazılmasının həm
də böyük siyasi əhəmiyyəti,
çəkisi var. Çünki
təkrar edirəm ki, çoxmillətli dövlət olma məsələsi
cənab prezidentin
də diqqət mərkəzində saxladığı
məqam idi".
Politoloq deyib ki, bu məsələdə yanlış addım atmaq perspektivdə məhz bu baza əsasında müəyyən anlaşılmazlıqların yaranmasına gətirib çıxara, etnik baxımdan müəyyən ziddiyyətli məqamların yaranmasına rəvac verə bilərdi: "Ona görə də ulu öndər Azərbaycan dili yanaşmasının üzərində dayandı. Konstitusiyada da məhz bu şəkildə qeyd olunub".
E.Nəsirlinin sözlərinə görə, cənab prezidentin Konstitusiyanın qəbulu ilə bağlı atdığı bu addım ilk növbədə vətəndaş cəmiyyəti quruculuğu məsələlərinə xüsusi yer ayırmasını tələb edir, bu məsələni gündəmə gətirirdi: "Təsadüfi deyil ki, məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra məhz gənclər siyasətinə böyük əhəniyyət verildi və gənclərin Azərbaycan dövlətinin gələcəyi olduğu fikrindən çıxış edərək bu sferanın inkişafına xüsusi diqqət yetirdi. Nəzərə alsaq ki, bugünki vətəndaş cəmiyyətinin əsas hərəkətverici qüvvələri içərisində gənclərin xüsusi yeri və çəkisi var, bu baxımdan gənclərin təşkilatlanma məsələsi xüsusi əhəmiyyət kəsb edirdi. Sağlam gəncliyin bir araya gəlməsi xüsusi ilə vacib dövlət əhəmiyyətli məsələ idi. Bu məntiqdən çıxış edərək ümummilli lider Konstitusiyanın 58-ci maddəsində məhz sərbəst birləşmək hüququnun əksini tapmasına diqqət yetirdi. Bu məsələnin gündəmə gəlməsinə diqqəti cəlb etdi və həmin maddəyə görə sərbəst birliklər yaratmaq ideyası təsbit olundu. Bununla da artıq Azərbaycanda ayrı-ayrı birliklərin, siyasi partiyaların, qeyri-hökumət təşkilatların, vətəndaş cəmiyyətinin digər subyektlərinin yaranması üçün çox əlverişli hüquqi baza yarandı".
Politoloq bildirib ki, məhz Konstitusiyanın qəbulundan sonra ölkədə bu istiqamətdə çox ciddi addımlar atıldı və üçüncü sektorun inkişafı üçün təməl yarandı: "Bununla da vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çox ciddi işlər görülməyə başladı. Heydər Əliyevin bu məsələni xüsusi olaraq Konstitusiyada qeyd etməsinin başqa əhəmiyyəti onda idi ki, etiraf edək ki, həmin vaxta kimi cəmiyyətdə, ayrı-ayrı dövlət qurumlarında üçüncü sektora bir ögey münasibət var idi. Bir çox hallarda onlara müxalifət sektoru kimi baxırdılar və hesab edirdilər ki, dövlətdən kənarda bu orqanların fəaliyyəti daha çox hakimiyyətin əleyhinədir. Heydər Əliyev isə Əsas Qanuna 58-ci maddənin daxil edilməsinə nail olmaqla, nəticə etibarilə vətəndaş cəmiyyəti subyektlərinə olan bu münasibətin aradan qalxmasına şərait yaratdı. Həmin vaxtdan başlayaraq Azərbaycanda QHT-nin, vətəndaş cəmiyyətinin digər institutlarının inkişafı üçün çox münbüt şərait təmin edildi, sonradan bu proses dinamik xarakter almadı".
(Ardı var)
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 12 iyun.- S.6.