Elman Nəsirli: “Dövlət
quruculuğunun mütərəqqi xarakterində
Konstitusiyamızın xüsusi rolu var”
(Əvvəli 12 iyun sayımızda)
Azərbaycan
Respublikasının 1995-ci il 12 noyabrda qəbul
olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk
Konstitusiyasıdır. 1918-1920-ci illərdə
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
dövlətin əsas Qanununu qəbul edə bilməmişdi.
Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən
SSRİ-nin tərkibində olduğu dövrə
düşür.
Azərbaycanın
birinci Konstitusiyası 1921-ci il mayın
19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul
edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il
martın 14-də IV Ümumazərbaycan Sovetlər
Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son
Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ
Konstitusiyasına uyğunlaşdırılmış şəkildə
idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra
yeni Konstitusiyanın hazırlanması zərurəti
yarandı. Bunun üçün Prezident Heydər Əliyev
başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya
layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci
il noyabrın 12-də ümumxalq referendumu
ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul
olundu.
Azərbaycan
Prezidenti Yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri,
politoloq, professor Elman Nəsirlinin
fikrincə, ümummilli lider Heydər Əliyev Konstitusiyada
insan hüquq və azadlıqlarının qorunmasına da
böyük diqqət ayrılmasını tələb edirdi:
“Komissiya qarşısında bu məsələni ciddi bir məsələ
kimi qoymuşdu. Demokratiya yolunu, dünyaya inteqrasiyanı
seçən bir dövlət kimi Azərbaycanın Konstitusiyasında bu məsələ
dolğun şəkildə öz əksini tapmalıdır. Cənab
prezident bu istiqamətdə konkret, əməli addımlar atmağa
başladı. Əsas Qanundan
çıxış edərək digər qanunların qəbul
edilməsinə nail oldu. Mən 1998-ci ildə
müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda
ölüm hökmünün aradan qaldırılması və
onun ömürlük həbslə əvəz olunması ilə
bağlı qanunun qəbulunu vurğulamaq istəyirəm.
Bu qanunun çox böyük əhəmiyyəti var. Bununla
bir daha Azərbaycanda
demokratik, sivil, insan hüquq və azadlıqlarının
müdafiəsinə yönəlmiş bir siyasətin
ardıcıl şəkildə həyata keçirildiyi öz
təsdiqini tapdı. 2000-ci ildən bu qanun tətbiq edilməyə
başladı. Elə həmin il
QHT-lər haqqında da qanun qəbul edildi. Bunlar
hamısı bir daha Azərbaycanda sivil cəmiyyət
quruculuğu istiqamətində yeni proseslər idi. Onun da kökündə bizim Əsas Qanunumuz
dayanır. Çünki baza prinsiplər,
ana prinsiplər Konstitusiyada öz əksini
tapmışdır. Bundan sonrakı
dövrdə Konstitusiyaya referendum yolu ilə bəzi düzəlişlər
oldu. Bu da ondan irəli gəlirdi ki,
ümummilli lider onun fərqində idi və hər zaman tələb
edirdi ki, demokratiya davamlı bir prosesdir və burda son nöqtə
yoxdur. Bu proses hər zaman gedir və kim
fikirləşsə ki, biz artıq tam demokratik ölkəyik və
bununla da kifayətlənmək lazımdır, bu
yanaşmanın özü antidemokratikdir. Bu məntiqlə də
bizim Konstitusiyamız nə qədər demokratik olsa belə,
zaman dəyişir, proseslər surətlənir, yeni reallıqlar yaranır bu
reallıqlara çevik cavab vermək
məsələsi böyük aktuallıq kəsb edir. Bu
kontekstdə də ümummilli lider 2002-ci ildə Konstitusiyaya
yeni düzəliş və əlavələrin edilməsini
gündəmə gətirdi, bu sahədə bir çox
addımlar atıldı və nəticə etibarilə
Konstitusiyanın 95-ci ildən sonrakı proseslər dövrünün yeni
reallıqlarına uyğunlaşdırılması, adekvat
reaksiya verməsi məsələsi öz həllini
tapmış oldu”.
Politoloq bunun Azərbaycanda siyasi sistemin daha da təkmilləşdirilməsi
mənafeyinə xidmət göstərdiyini vurğulayıb. Konstitusiyada
KİV-in inkişafı ilə bağlı məqamı
xüsusi qeyd edib və bu istiqamətdə mühüm
addımlar atıldığını vurğulayıb.
E.Nəsirli
ulu öndər Heydər Əliyevin KİV- ə münasibətdə
senzuranın ləğvi ilə bağlı qərarın qəbuluna
nail olmasını çox vacib məsələ
adlandırıb: “Çünki o vaxta kimi KİV bir çox
hallarda real vəziyyəti adekvat olaraq ifadə etmək
imkanlarına malik deyildi. Bu da cəmiyyətdə
KİV-ə qarşı “həqiqəti ifadə etmir” deyə
bir inamsızlıq yaranırdı. Ölkə prezidenti
bu addımı atmaqla, əslində vətəndaşların
konstitusion hüququ olan informasiya almaq və KİV- in
informasiya yaymaq hüququnu daha genişlənməsi, daha obyektiv , demokratik olması ilə bağlı
çox mühüm bir sənədə imza atdı. Bununla da sonrakı dövrdə KİV- in
inkişafında yeni bir mərhələnin əsası
qoyuldu. Azərbaycanın beynəlxalq aləmdə
mövqeyi möhkəmləndi, bizi dəstəkləyən
dövlətlərin sayı artdı, eyni zamanda Azərbaycana
insan hüquq və azadlıqlarının daha çox
müdafiə edilməyə başladığı, bu istiqamətdə
hüquqi bazanın yaradıldığı bir ölkə
kimi beynəlxalq miqyasda inam artdı, onlar Azərbaycan
iqtisadiyyatına daha ürəklə, daha inamla investesiya
qoymağa başladır. Hesab edirəm ki, böyük siyasətdə
Heydər Əliyevin əvəzedilməz rolunu yüksək qiymətləndirənlər eyni zamanda onun bu
addımlarını dəyərləndirib və müvafiq nəticələrə
gəlirlər”.
Politoloq hesab edir ki, Azərbaycanın Əsas Qanununun
dünya konstitusiyaları arasında öz mövqeyi və dəyəri
vardır.
Bunu müqayisəli şəkildə açıqlayan E.Nəsirli,
əlavə edib ki, ABŞ dünyada
özünü insan hüquq və azadlıqlarının ,
demokratiyanın bayraqdarı hesab edir: “Birləşmiş
Ştatlar 1776-cı ildə yaranıb, 11 il sonra, 1787- ci ildə
konstitusiyasını qəbul edib. Bu sənədə
indiyə kimi 27- yi düzəliş olub. ABŞ
konstitusiyası zəmanəsinin ən mühüm
konstitusiyalarından biri hesab olunurdu. Amma
indiki reallıqlar göstərir ki, bu sənəddə xeyli
boşluqlar yaranıb, köhnəlib. Xüsusilə
Amerika seçki sistemi ilə bağlı sənəddə əksini
tapmış prinsiplər əslində indiki reallığa
uyğun deyil. Bunu amerikalı ekspertlər
də qeyd edirlər. Fransa bu sahədə
mühüm dövlətlərdən biridir. Bu sənəd Fransa inqilabı gedişində, 18-ci əsrdə
qəbul edilmiş təkmil konstutusiyalardan biri hesab olunurdu.
Amma sonradan məlum oldu ki, bu sənədin özündə də
ciddi boşluqlar
var. Konstitusiya həmin dövrün reallıqlarını
özündə ehtiva edir, bir çox hallarda inqilabi proseslərin
məntiqi təsiri altında yaranıb. Sonralar
bu sənəddə dəyişikliklər edildi və nəhayət,
Fransada 1958-ci ildə Şarl de Qollun dövründə ölkənin
yeni konstitusiyası qəbul edildi. Bu sənəd
indi fəaliyyət göstərir. İtaliyadan
danışsaq, bu ölkədə 46-cı ildə iyunun 2-də
Əsas Qanun qəbul edildi. Həmin sənəddə
ilk dəfə qadınlara səs hüququ verildi. Birləşmiş
Ştatlarda yaranışından, konstutusiyanın qəbulundan
sonra 144 il sonra 19-cu düzəliş oldu və
qadınlara səs hüququ verildi. Azərbaycanda
isə bu səs hüququ 1918-ci ildə verildi. Təəssüf ki, o zamankı respublika 23 aylıq
fəaliyyəti dövründə Konstitusiyanı qəbul edə
bilmədi. Amma Azərbaycan Respublikası
Xalq Cümhuriyyətinin varisi olaraq özünün yeni
Konstitusiyasını qəbul etdi. Müxtəlif
ölkələrin konstitusiyaları var. Amma bu sənədlər
bir çox hallarda real, bir çox hallarda köhnəlmiş,
yaxud da mütərəqqi məsələlərə, insan
hüquq və azadlıqları ilə bağlı olduqca
mühüm məsələlərə gecikmiş
reaksiyası ilə yadda qalıb. Azərbaycan gənc
dövlətdir və müstəqillik illərində insan
hüquq və azadlıqlarının müdafiəsi, demokratiya , dövlət quruculuğu yolunda
çox mühüm addımlar atıb. Bu mənada hesab edirəm
ki, gənc dövlətin Konstitusiyasında beynəlxalq
birliyin mühüm üzvlərinin konstitusiyalarının
öyrənilməsi, onların nöqsanlı məqamları
nəzərə alınaraq yenisinin yaradılması və 21-
ci əsrin reallıqlarına adekvat olaraq mühüm məsələlərin
orda əksini tapması Azərbaycan Konstitusiyasının son dərəcə
mütərəqqi olduğunu təsdiq edir və onun təkmil
olduğunu bir daha ifadə edir”.
Konstitusiyanın qəbulunun Azərbaycanda
dövlət quruculuğunun sonrakı mərhələsində
roluna toxunan politoloq hesab edir ki, bu sənədin qəbulu
hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşması, insan hüquq və azadlıqlarının
müdafiəsi, demokratiyanın inkişafı yolunda baza
rolunu oynadı. Və məhz bu ana qanun əsasında
ölkəmizdə müxtəlif sferalarda, həm siyasi, həm
iqtisadi, həm mədəni humanitar və s. sahələrdə
quruculuq tədbirləri böyük vüsət aldı. Onun sözlərinə görə,
ümummilli liderin bu istiqamətdə müəyyən etdiyi
kurs və 1995-ci ildə qəbul olunmuş Konstitusiyada əksini
tapmış prinsiplər sonrakı mərhələdə
Prezident İlham Əliyev tərəfindən dəyişən
dünyanın reallıqları nəzərə alınmaqla
daha da təkmilləşdirildi, daha da inkişaf etdirildi: “Cənab
prezidentin bu istiqamətdə atdığı əsas
addımlardan biri vətəndaş cəmiyyətinin
inkişafı ilə bağlı məsələlərdir.
Başqa bir mühüm sənəd isə 2012-ci qəbul edilmiş “Azərbaycan
2020: Gələcəyə baxış
konsepsiyasıdır”. Bu sənədin
9-cu fəsli birbaşa Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğuna həsr olunub. Bu çox vacib məsələlərdən biridir.
2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü
ilə Konstitusiyaya müəyyən əlavə və dəyişikliklər
edildi bu da Azərbaycanda hüquqi dövlət quruculuğu
prosesinə ölkə rəhbərinin növbəti töhfəsi
idi. Bu reallıqlar fonunda 2013-cü ilin oktyabrında Azərbaycanda
prezident seçkiləri keçirildi. Bu seçkilər hüquqi dövlət
quruculuğu prosesinin həm təsdiqi, həm də onun
inkişafının göstəricisi idi. Azərbaycan
Konstitusiyasında bələdiyyələrlə bağlı
da hüquqi baza yaradılıb. Bildiyiniz kimi bu ilin
dekabrında həmin baza əsasında
ölkəmizdə növbəti bələdiyyə
seçkiləri keçiriləcək. Bunlar hamısı bir daha onu
təsdiqləyir ki, inkişaf prosesi dinamik prosesdir, davamlı
prosesdir, orada son nöqtə yoxdur. Başlanğıc nöqtə isə
var və bu nöqtə isə 1995-ci ildə qəbul
edilmiş Konstitusiya və onun bazasında ölkəmizdə
hüquqi, demokratik dövlət quruculuğu prosesi vüsət
alıb və inkişaf prosesini yaşayır və bu həm də Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsi mənafeyinə
xidmət göstərir”.
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 14 iyun.- S.30.