Söz məni səslədi, bu haya gəldim,
Sözün arxasıyca dünyaya gəldim...
SƏKSƏN
NƏ YAŞDIR Kİ...
Bütün varlığı ilahi səslərdən
yoğrulub vücuda gəlmiş görkəmli bəstəkarımız
Ramiz MİRİŞLİYƏ.
“Yandım,
elə yandım!..” xalqa car oldu:
Ürəyin kamandır, Ramiz Mirişli.
Səni sənə
qoca göstərən zalım
Yaş deyil, gümandır, Ramiz Mirişli.
“Bir xumar
baxışla” gəlsə bir mələk,
Səksən
nə yaşdır ki, “Ay qəlbi kövrək?!..”
Yaşı
yönü geri sayasan gərək,
Ruhun ki cavandır, Ramiz Mirişli.
Allahın
həbibi ulu cəddindir!
Cəddin
gətirən din müqəddəs dindir!
Sənin
gül ürəyin dünyadan gendir;
İnamın
imandır, Ramiz Mirişli!
Hardan
qulağına gələr bu səslər;
Bu şirin bəstələr, dadlı nəfəslər?!
Dəryalar,
qoynunda mirvari bəslər
Xəyalın ümmandır, Ramiz Mirişli.
Sənə
cilvə satır büllur gözəllər,
Səni səndən
yaxşı bilir gözəllər;
Hələ
görüşünə gəlir gözəllər;
Qocalma,
amandır, Ramiz Mirişli!
Desən
ki: “qocaldım”, yaş basar səni;
Qəhər
boğar səni, huş basar səni;
Axnayar
qayalar-daş basar səni,
Bədbinlik yamandır, Ramiz Mirişli.
Çatıb
qaşlarını, xəyala dalma;
Təpin
qocalığa, tərkinə alma!
Səksəni
yola sal, keyfindən qalma,
Bu da
imtahandır, Ramiz Mirişli...
Tale
alnımıza Haqdan yazılı:
Bir əmrə
tabeyik, sözüm hasili!
Nə qədər
yaşasaq, Ondan asılı:
Qəlbinə damandı, Ramiz Mirişli.
Bakı
15 mart, 2014
YASƏMƏN
İŞIĞINDA
Ürəklər
titrədən bu nəva hardan,
Hələ cücərməmiş çöl-çəmən
bu yaz.
Hardan gəlib çıxdın, binəva, hardan?!
Yaman tələsmisən, yasəmən, bu yaz?!
Bu, necə
büsatmış; bu, nə cəlalmış!
Bir dəliqanlımı könlünü
çalmış?!
Bu sevdadan
boyun artmış-ucalmış;
Nə
şux bəzənmisən, ay sənəm, bu yaz!
Bir avaz
vurnuxur könül simində,
Çox naçar qalmışam gül tilsimində.
Yarışa
çıxmışıq yaz mövsümündə,
Ya sən yuxalmısan, ya sinəm bu yaz.
Biz iki
damlatək göylərdən düşdük,
Tale rast gətirdi:
burda görüşdük.
Bir
qüdrət: – İç! – dedi. Biz də ki, içdik!..
Ya tonqal çatılam, ya sönəm bu yaz.
Əhsən
bu şuxluğa, bu gözəlliyə!
Hər
salxımın məlhəm bir təsəlliyə!
Yüklü
budaqların sınmasın deyə:
Qəbul etsən, olum əsa mən bu yaz.
Bir də
görüşərik nə zaman görüm,
Sənsiz
nə göy görüm, asiman görüm!..
Ömrün
uzun olsun, yasəmən, görüm!
Düyünə
sən qənşər, yasa mən bu yaz...
O
qış yön verdi ki, bu yaza
döndüm.
Əngin
fəzalarda pərvaza döndüm;
Fikirlər
içində qəvvasa döndüm;
Bir özgə Məmmədəm, nəsə, mən bu
yaz.
Gəncə,
25.04.2014.
XUDAFƏRİNDƏN
BƏNÖVŞƏ
SOVQATI
Gözəlin taleyi çirkin
olur, deyirlər
Gözələ göz dikənin
də...
Deyirlər, bir əfi ilan Baharın gözəl
qızı Bənövşəni görüncə ona
aşiq olur.
Üzünə baxanın üzündən çalır,
arxasınca gedənin dizindən...
Qəflətən qulağı çalır ki, Qurbani
adlı bir aşıq onun bənövşəsindən
ötrü dəli-divanə olmuş. Ona elə bir qoşma yazmış:
bununla birdən-birə ərşi-əlaya qalxmış.
Əfi gecəni-gündüzə qatmış, Diri
dağdan hərlənmiş, Xudafərin
körpüsünün bir başında pusqu qurmuş.
Nağıl
dili yüyrək olar: Dirili Qurban körpüyə yan
alınca əfi onu əvvəl dizindən, sonra da
sözündən çalmış...
Bənövşə haray salıb, ləçəklərini
yolub tökmüş, el-obanı tökmüş Xudafərinə. Baharın ulu tərənnümçüsü
olan Bənövşə şairini elə bu gözəl məkanda:
Xudafərin körpüsünün o yaslı-yaralı
başında dəfn etmişlər.
Xudafərin əvvəl bir tarixi məkandısa, bununla
da ikiqat qudsallıq qazanmış.
lll
Xudafərin kəndinin Tanrıdan vergili şairi Əli
Cavadpur bir bənövşə mövsümündə mənə
zəng vurub, bəlkə minbirinci dəfə seyrinə
düşdüyü bənövşədən o qədər
kövrək danışdı ki, mən qocanı da riqqətə
gətirdi. Doğrusu ki, yazmaya bilmədim Xudafərinin bənövşə
sovqatını.
Əli zəng
vurmuşdu Xudafərindən –
Nur səltənətindən:
“Xud afərin”dən.
Qurbani
ruhunun qərar tutduğu
Araz kənarında Qırxlar pirindən.
Elə vəcdə
gəlib Əli Cavadpur:
Ürəyi
az qala köksündən qopur...
Qurbani qəbrindən
qalxan bənövşə
Aşığa yepyeni aşiyan qurur.
Bənövşə
hünərlə borcundan çıxmış,
Nə
çıxmışsa, tale bürcündən
çıxmış!
Sidq ilə
inanır Əli Cavadpur:
Bu bahar sehrli xurcundan çıxmış.
Qanadlı
bir quşdan zirək bənövşə!
Uç,
uça bildikcə, görək, bənövşə!
Qonduğun
yaxalar halalın olsun,
Köksümüz
altında ürkək bənövşə!
“Ay
gözəl pəri”di hər tər bənövşə!
Həyadan arlanar, pörtər bənövşə.
Bənövşə
arından pay alsa dünya,
Bütün insanlığa yetər bənövşə.
Utancaq
qızıdır bənövşə yazın;
Hərcayilər
üzüb, utandırmasın!
Dərdinə
dözmərik qan bənövşənin;
Bir yol
boyun burub; bir də burmasın!
Bir təki
görməsin xətər bənövşə,
Üz versən, üzündə bitər bənövşə.
Mübarək
koluna xoş yanaşmasan,
Baş alıb, dünyadan itər bənövşə.
Qurbani, qəbrindən,
ey kaş dikələ!
Məzarı
üstündə dönə heykələ!
Aşığa
bənövşə gətirən göydən
Mələklər bir daha səcdəyə gələ.
Hələ
qalmaqdaymış torpağın sehri!
Torpağın
şeiridir bənövşə şeiri!
Yenə
üstümüzdə yar olan Allah,
Nur versin,
gür versin bizə bu mehri!
Bakı,
10.05.2014.
DAŞBÜRÜNCƏKLİ
DƏNİZ—3
Dənizi
oxşarlar, qandallamazlar!
(Balı
da anlamaz qəndanlamazlar!..)
Özünü
bilməyən özgəni bilməz!
Yalandan and içər and anlamazlar.
Qopart
sahili də, soxul dənizə,
O qədər
uzaqlaş, görünmə gözə.
Tənha
yaşa görək vəhşət içində:
Hər
yanın əjdaha, hər yanın gürzə...
Dəniz
bütün xalqın!..Bir fərdin olmaz!
Xalqınla birsənsə, bir dərdin olmaz.
Təklənsən,
daş üstdə qalmaz bir daşın;
Çiyinlik
dirəyin, bir pərdin olmaz...
Birgə
yaşamasan millətlə, soyla,
Dəniz
timsah olar hər dalğasıyla:
Udar
varlığını bircə həmlədə,
Qoruna bilməzsən beş-on əzayla.
Vətənlə
dadlanır bu dünya mülkü,
Elsiz-günsüz
ömür ömür deyil ki!
İsnişə
bilmədin həmcinsin ilə,
İnsandır
aləmin əzəli, ilki!
Allah
yaratmışdı mübarək səni,
Necə uddu bu daş bürüncək səni?!
Sənin
varlığından xəbər verən yox,
Sıyrıl,
daş qınından, bir görək səni...
Dəniz,
buruntaxlı, daş bürüncəkli,
Ona divan tutan mənəmlik cəhli.
Dördəlli
qomarla Xəzəri təkcə,
Bumu əhliyətin, ey dünya əhli?!
Boylan bir
aləmə: Gör çağ, nə çağdır!
Çağ
sənin yerinə utanacaqdır...
Dənizə
baxarlar, göyə baxarlar:
Nə dəniz yasaqdır, nə göy yasaqdır.
Çəki-düzən
arar haqqın nəzəri,
Korşalmaz,
inşallah, sözün kəsəri!
Allahı
sevərsən, mərhəmət göstər:
Burax
dustaqlıqdan məhkum Xəzəri!!!
Bakı,
31.03.2014
ONDA
Onunla
dünyaya eyni ildə, eyni ayda gəlmişik: Mən Kəlbəcərdə;
o, Borçalıda. Yaşıd olsaq da, elə əvvəl
görüşümüzdən bəri ona “Oruc Qağa” deməkdəyəm.
Sazın və sözün ömürlük heyranı
olan şair Oruc Əlizadənin 75 yaşını dostlara
xatırlatmaq keçdi könlümdən.
Qapın
el-obanın üzünə açıq,
Bakıda borçalı azıydı onda.
Gələn,
ünvanına gələrdi, birbaş;
Qışda qonaq gəlsə, yazıydı onda.
Dost-tanış
solunda-sağında sənin,
Sumqayıt aranın, dağın da sənin.
Məclis
səngiməzdi bağında sənin;
Səninki sazıydı-sözüydü onda.
Məlhəminlə
sağalardı yaramız;
Vaxtdan əvvəl ballanardı qoramız.
Sənin
bağ evində bizim aramız
Qurutlu xəngəllə sazıydı onda.
Salamlar-səfalar
nə qədər xoşdu!
Sənin
ovqatınla məclislər coşdu...
Nizamlar o
qədər pozulmamışdı,
Qəlbər
indikindən düzüydü onda,
O
saz-söz məclisin əlaydı elə!
Kaş
şirin ülfətlər qalaydı elə!
Bağın,
bağ deyildi, qalaydı elə!
Ömür başdan-başa nazıydı onda.
Oruc bəy
sözünü pünhanı yazdı,
Şeir yazdığını kimsə duymazdı.
Vəsfinə
nə yazsam, soyuqdu, azdı;
Sinəsi atəşdi, közüydü onda.
Hörmətlər,
izzətlər yerində imiş,
Ağıl,
sahibinin sərində imiş!
Çoxunun
astarı dərində imiş,
Adamlar astarsız özüydü onda.
Oruc Borçalının
Cənnəti vardı,
Onun Zəlimxanı,
Məmmədi vardı.
İnsanın
insana hörməti vardı:
Feyzi də ərənlər feyziydi onda.
Sumqayıt,
04.04.2014.
XƏZAN YARPAQLARI
KİMİ
(Bir
cavanlıq şəklimə)
Ah çəkərsən,
of deyərsən bir zaman,
Keçən
keçdi, daha düşməz bir d(ə)
ələ.
Həsrətin
çəkdiyim gözəl cavanlıq,
Buraxmaram,
yaxan keçsə bir d(ə) ələ!
Bimar Əli.
Yaş irəlilədikcə cavanlıq şəkillərimlə
bir söz-söhbətə girişmək şakərim var.
Bu
günlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti
Biologiya fakültəsinin dekanı, professor, ən əsası,
körpəlik illərimin unudulmaz qəmxarı Yusif Əhmədov
məni əlli il əvvəlki mənlə
görüşdürdü. Ömrü uzun olsun,
dünyanı bağışladı mənə...
Cavanlıq
şəklini xoşlar qocalar;
Qışı yaz eşqiylə qışlar qocalar.
Dinlə,
ya dinləmə; fərqinə varmaz:
Köhnə hekayətlər başlar qocalar.
Bu
köhnə şəklim köhnə bir dost kimi mənə
çox şeyləri xatırlatdı.
Mən də
ona...
Bu şəkil, doğrumu, bir vaxt mən olmuş?!
Bu
şoran torpağım, o, çəmən olmuş...
Nəyim
var talayıb, qeybə çəkilib;
Biryolluq üzülüb, məndən gen olmuş.
Ömrün əzabımı gözünə durdu?!
Səni məndən
alıb, göyə uçurdu...
Sən məndən
əlini çəkib gedəli,
Məni tənha görüb, dərdlər qudurdu.
Canı sən apardın, bə nə qaldı ki?!
Ağrılar,
acılar mənə qaldı ki...
Şəhdü-şirəm
getdi... Axırda mənə
Qəhərlə
dopdolu sinə qaldı ki...
Taleyin bəhrəsi-barısan
mənə;
Necə deyim məndən ayrısan mənə?!
Məni
yarıtmadın, canın sağ olsun!
Bir
qardaş olaydın bari sən mənə.
Qardaşlı
bəxtəvər gülər bu yerdə;
Yazıqdı,
düşməsin kimsə bu dərdə!
Məndən
əvvəl ölüb altı qardaşım;
Bir dərd tapılarmı bundan betər də?!
Kim kimin dərdinə qulaq tutur ki?!
Dözümsüz
min dərd var: boğaz yırtır ki...
Dilinə-ağzına
yazığın gəlsin:
Can
çəkən dərdlərin hara çatır ki?!
Dağlarda
dövr edən bir qızıl quşdun!
Sənə neyləmişdim, nəyimdən
qaçdın?!
Məni sənsiz
qoydun, özünü mənsiz;
Ha yanda
dolandın, harda dolaşdın?!
Cənnət
havasına o Kəlbəcərin
Səni mən böyütdüm, yoxmu xəbərin?
Səni bəbəyimdə
ərsə yetirdim –
Yer tapa bilməzkən üstündə yerin.
Səni
ölümlərdən adlatdım, quzum!
Əzrayılı
belə aldatdım, quzum!
Təsəlli
yedirtdim çörək yerinə,
Mən səni bir təhər uvatdım, quzum.
Səndən
düz əlli yaş böyüyəm indi;
Sənə bir oxşarım var bəyəm indi?!
Maraqlanıb
səni soruşan olsa,
Necə deyim onun nəyiyəm indi?!
Maşallah,
gözlərin işıqla dolu!
Necə
gümrahmışsan, ay atam oğlu!
Qapqara
saçların keçilməz meşə;
Mən yurdsuz ixtiyar; sən Dəlidağlı.
Sehirlə
yol tapıb, sənə dönsəydim!
Bir yol
güzlügəlnib, bir öyünsəydim!
Tənginəfəs
qalan bir zavallıyam:
Sənin ürəyinlə bir döyünsəydim.
Kaş səni
həmişə qıs-qıvraq görüm!
Səni,
bax, beləcə fərəhnah görüm!
Acı-qındı
verib, kövrəltmə məni,
Çəkil
bir tərəfə, sən Allah, görüm...
Tutmaz
bir-biriylə ərkimiz daha,
Çətin ki, uyuşa şərqimiz daha.
Səni
utandıran şəklə düşərəm;
Bəlkə
də çox artdı fərqimiz daha...
Sıxılma,
Allahın işidir, quzum!
Pıçıltını belə eşidir, quzum.
Gen
günü, dar günü verən də Odur!
Kişi dar sınaqda kişidir, quzum.
Məndən
sonra sənə kimsə əl atmaz;
Düşdüyün quyudan kimsə çıxartmaz.
Tükəndi,
canımda tutar qalmadı;
Səni yaşatmağa taqətim çatmaz.
Sənin
yazdıqların bəs-bəlli məndə!
Dəftərin qoşmalı-qəzəlli məndə.
Onlara xor
baxıb, çox qürrələnmə,
Yararsız
olsa da, təsəlli məndə...
lll
...Bir
axşam hay düşdü: səndən soraq yox,
Qaranlıq basmışdı; əldə çıraq
yox.
Gecə səslənirdi:
“Tapmadınızmı?!”
Bir səs
ağlayırdı: “Tapmadıq,
yox-yox!..”
O
yığnaq, gözümdə çaş yuxu kimi,
Yaddaşımda təntik bir qorxu kimi.
Yanğısı
səngimir o hekayətin –
Sinəmi yandıran öd yaxı kimi.
Çiçək
arxasınca getmişsən demə,
Çiçək
qucaq-qucaq, gül ilmə-ilmə...
Yolu
itirmisən qayıdanbaşı,
Bunun təfsilatı bir sicilləmə.
Qaralanda
meşə, məxmər yamaçlar...
Ağac koğuşuna girmisən naçar.
Bağrına
basıbdı o ağac səni –
Necə övladını anası qucar.
Koğuşda
salamat tapdılar səni,
Qulaq
eşitmirdi ağız deyəni...
Təzədən
itmişdin səs-küy içində:
Düyünə düşmüşdü sözün
bəyanı.
Nə
atan, nə anan bir söz deyirdi;
Eləcə
çənələr söz çeynəyirdi...
Heç
kəsin başına daş atmırdılar,
Başlar özü gedib daşa dəyirdi.
Hakim gəzirdilər:
hökmü yazmağa,
Fitva
çatışmırdı: dardan asmağa.
Səni
ittihama çəkirdi hər kəs:
“Nə gərək
varmış ki, gedib azmağa?!.”
Ola ya
olmaya beş yaşın onda,
Nə
qovğa çəkmişdi, gör, başın onda...
Yəqin
ki, bunlardan xəbər tutmazdıq,
O ağac
olmasa sirdaşın onda.
Sən
xilas olmuşdun ağac sehrində,
O vaxtdan
ağaca qondu mehrin də.
İpəyə
dönərdi ağac altında
Sənin qəzəbin də, sənin qəhrin də.
Koğuş
sıxmamışdı, qurd yeməmişdi,
(Qurd hənrə
həssasdı... Bu necə işdi?)
Üstünə
gərilən qanad var demək!
Sənin bu macəran dillərə düşdü.
Mənə
səndən qalıb o haqq-hesablar,
Mənə
səndən keçib şirin əzablar...
Neçə
yol dağ yıxıb, təzədən qurdum!
Ürək çətin dözər, baş çətin
tablar.
Ən
kiçik dərdimi dilə gətirdim;
Sənin dərdin olar mənim də dərdim.
Dərd
olan dərdinin dili qıfıllı;
Açsam, suya açar; dağa deyərdim.
Mənimtək
bağrını yax: mən ol, görüm!
Sənə
baxdığımtək bax: mən ol, görüm!
Mən
olmaqdan çıxıb, şəkil olmuşdun;
İndi də
şəkildən qalx: mən ol, görüm!
lll
Çox
möhtac qalmısan bir quru cada;
Şükür,
nəfsin gəzib səndən ucada!
Bir gilə
söz üçün min gülə qondun:
Sən şeirə gəlmədin hazır xonçada.
Sözün
əzabından aldın əcrini,
Canlı
gül açılar sağlam qönçədə!
Üstünə
möhnətlər ayaq açmasın,
Təpinmək zor olur bir qulunca da.
Şəkildən
nə şəklə dəyişir insan!..
Ya qeyb
olunca da... Ya qalınca da...
Leyla həmin
güldür, Məcnun da bülbül!
Bülbül
can verməzmi, gül solunca da?!
Görsə
həmcinsinin qanı göllənmiş,
Ahu mələməzmi
dağ yalınca da?!.
Bir ruha
bürünüb, insan olmuşuq!
Vay onda
ki: düşə ruh candan cüda!..
Buludlar
yaş tökə; sel-sular daşa,
Ayağın
altında qalmaya cada...
Bəşər
Yaradandan uzaqlaşdıqca,
Dürlü
fəlakətlər gəlir vücuda...
Bir Qələm
nuruyla xalq işıq tapar!
Bir millət
söykənər bir Qılınca da!!!
Hansı
rəftar ilə yaşarsa bir xalq,
Oyanar,
İsrafil şur çalınca da!!!
Bakı,
10-12 may
2014.
DÜŞÜNCƏ
QIĞILCIMLARI
Bu gecə
Şəhriyar yuxuma girdi:
Allaha əl açıb nəsə deyirdi.
Yerdə
unutduğu bilməcəsini
Göyün aynasından əzbərləyirdi.
lll
Söz məni
səslədi, bu haya gəldim,
Sözün arxasınca dünyaya gəldim.
Uyuşa
bilməyən süd gölü varmış:
Qaymaq tutsun deyə mən maya gəldim.
lll
Cismən
yanmaq Haqdan bir rəvadırsa,
Onda Haqq
naminə bürünmə yasa!
Səni
ki pərvanə yaradıb Rəbin,
Yanğını
bol verər, Haqq sənə yarsa!
lll
Səhərə
çıxmağa uzun gecə var!
Gecədə
nə qədər kor bilməcə var!
Ya qismət,
Dan ata-atmaya sonda,
Zifri
qaranlıq var; həm də necə var!
lll
Bu
axşam, sabahdan səs alıb nəsə:
Xəbərçi iblizlər verib səs-səsə.
Bir rəmmal
çağırın bu sirrə vaqif:
Bəlkə
şeytan susa, ötə vəsvəsə...
lll
Beşbetər
pozuldu sən görən aləm,
İndi nə yazardın dünyadan, Xəyyam?
Uyuşum
tapmırsa dil dodaq ilə,
Nə işə yarar ki kağızla qələm?!
lll
Naqis
mükəmməldən önə keçmədə,
Mənəvi dəyərlər yer dəyişmədə.
Göylər
kişnədikcə torpaq çimçəşir,
Ağıl donub qalır bu didişmədə.
lll
Özünü
zənn etdin: gülsən ədəbi!
O
gülgün dərə də gülün məbədi!
Qopan xəzanlardan
ibrət almadın;
Guya
dediyini sənə demədi...
lll
Nə
yaman azaldı zağlı misralar! –
Hər
başı ilhama bağlı misralar...
Bir ucu
yerdəydi, bir ucu göydə:
Dərəli
misralar, dağlı misralar...
lll
Bəhsini
çox çəkdik ərş ilə kürşün;
Sonu əvvəl
olur minbir dönüşün!
Axşamdan-sabaha,
sübhdən-axşama:
Bir səbir həddi var hər dirənişin”.
lll
Bu söz
bazarının bazarbaşı yox;
Çəki-düzən verən bir fərraşı
yox.
Dür
alar, dürr satar yüzillər boyu:
Satan
naşı çoxdu; alan naşı yox.
lll
Söz
damaq dadıdır bir şərbət kimi,
Sözü saxlardılar xas sərvət kimi.
Şeiri
baş üstünə qaldıran vardı:
Sözə baxardılar kəramət kimi.
lll
Getdi
söz sahibi karlı şairlər,
Tanrı vergisindən varlı şairlər.
Getdi
Vurğun kimi, Şəhriyar kimi
Mübarək zirvəsi qarlı şairlər.
lll
Bir
qüdrət səngəri Dədə Ələsgər!
Sinəsindən
qopan dillərdə əzbər!
Goreşən
məxluqlar dağda da çoxdu;
Neyləsin Ələsgər, neyləsin səngər?!
lll
Gərək
xalq qorusun xalqa məxsusu!
Gözlənilsin
ərkan, Allah qorxusu!
Su arxa
sığışsa, bağ-bağat verər!
Su
kürrük eləsə, basar arxı su...
lll
İnsan
kölgəsiylə tanınır müdam;
Adam
sayılmaz ki, kölgəsiz adam!
Hərdən
ki, kölgəmi qılınclayırsan,
Kaş
biləsən, buna nə qədər şadam!..
lll
Buzdan da
soyuqdu zamanın üzü,
Biz hələ diriykən unudur bizi.
Elə xəsisləşib,
əlləri əsir:
Ömrə
bədəl vermir beş arşın bezi.
lll
Vətən
əldən getsə, hər kəsdən qabaq,
Yoxsulun
başında çatlayar çanaq:
Qohum-qonşusu
yox, bir qəmxarı yox,
Çevrəsi:
hörgülü qəm qalaq-qalaq.
lll
Bu kasad
bazarda ar alan yoxdu;
Çünki
bu mətahı var olan yoxdu!
Burdan olan
dünya o yandan satır:
Əlində-ovcunda
ar qalan yoxdu!..
lll
Dünya
etdiyimiz minnətə dəyməz!
Boylanmaq
kafiymiş, ta ötə dəyməz!
Heçlikdən
başlayıb – heçliklə bitən
Bir
ömür bu qədər zillətə dəyməz!
Bakı,
May 2014.
Məmməd Aslan
525-ci qəzet.-
14 iyun.- S.28-29.