Əsərləri V cild
(1918 – aprel
1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi Şirməmməd
Hüseynov;
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Yeni
ingilis kabinəsi
Teleqraf İngiltərədə dünya müharibəsi
əsnasında ilk dəfə olaraq məmləkətin hali-hərbdə
olduğuna baxmayaraq böyük bir müvəffəqiyyətlə
seçkilərini tazələyən Britaniya
parlamanının toplandığını bildirdi. Bunun təbii
nəticəsindən olmaq üzrə yeni İngiltərə
kabinəsinin təşəkkül elədigi də xəbər
alındı.
İngilis ünsürünün Avropa ünsürləri
arasında ən mütərəqqi, əzmkar və
tutduğu işlərində müvəffəq olmayınca əl
çəkməz səbatkar bir ünsür olduğu məruf
idi.
İngilis qüdrəti-idarəsinin aləmşümul
bir şöhrətinə nümunə olmaq üzrə xəlqimiz
arasında birisinin zəkavət və
bacarığını bildirmək üçün söylənən
“ingilisdir” kinayəsini zikr etmək kafidir.
İngilis
politikası, bunun nə olduğunu kim bilməzdi.
Bir zaman Avropa mütəfəkkirləri ingilislərin
müvəffəqiyyətinə heyran və bunun “əsbabi-faiqiyyətini”
aramaqla məşğul oluyorlardı. Bu məsələ
bilxassə Fransa mütəfəkkirlərini məşğul
ediyordu.
Avropanın mərkəzində Bismarkdan sonra yeni bir
hökumət vücuda gəliyordu. Almaniya milləti gec
qalmış olsa da “ingilislik”lə rəqabətə
çıxıyordu. Bu rəqabət
öylə hesaba alınmaz, kitaba keçirilməz rəqabətlərdən
degil idi.
Bu rəqabət doğrudan-doğruya İngiltərəyi
qorxuzuyordu. Almaniya bəhriyyəsi artıyor, ticarəti
genişləniyor, siyasəti dəxi bu nisbətdə mütəcaviz
bir şəkil alıyordu.
Almaniya İngiltərədən ötrü daha əvvəlcə
Hindistanı təhdid edən Rusiya kibi degil idi. Daha ziyadə
müdhiş idi. Çünki yalnız əskər
qüvvəsi degil, texnika, elm, fənn və təşkilat
cihazları ilə də müsəlləh idi. Həqiqətən də kəndisindən çəkilər
bir hərif idi.
Hətta
Almaniyanın az bir zaman içərisində çox tədarüklər
gördügünü, çox tərəqqilər göstərdigini
tədqiq edənlər ingilis dövranının intəhayə
uğramaq üzrə olduğuna zahəb olmuş, mövqeini
yeni bir qüvvət və düha ilə ortaya çıxan
“almanlıq”a tərk etmək sırası gəldiginə
hökm verməgə başlamışlardı.
Vəziyyət həqiqətən də ciddi idi. Qoca İngiltərə
ehtiyat tədbirləri görmək məcburiyyətində
idi.
İngilis də ehtiyatsız olurmu?
“Robinzon Kruzo” hekayəsində yalnız bir adaya
düşüb də təkbaşına bir aləm vücudə
gətirən və hər şeyi yoxdan sazlayan insan tipi bir
ingilis müxəyyələsindən
doğmamışmıdır?
Bir çox münəqqidlər “Kruzo” tipinin qeyri-təbii
olduğunu iddia eləmişlərdi. Fəqət hərbi-ümumidəki
ingilis mətanət və tədbirləri “Kruzo” tipinin xəyal
degil, bir həqiqət olduğunu göstərdi.
Yoxdan ordular yapıldı. Ürf və adət
düşgünü, ənənə və tarix əsiri olan
ingilis ömründə ilk dəfə olaraq mükəlləfiyyəti-əskəriyyə
yükünü yükləndi.
Cəmaət bətnindən yetişmə bir xəlq
oğlu, qoca bir imperiyanın başına keçərək
Britaniya cəzirələrini dünyanın çar ətrafında
qürənin altıdan bir dərəcəsində genişləyən
müxtəlif məkanda, müxtəlif lisanda danışan
insanları bir araya topladı və çizilmiş məqsədə
doğru sürükləyə bildi.
Nəticədə dünyanın Rusiya, Almaniya kimi müəzzəm
əskəri dövlətləri ixtilal və inqilab atəşləri
içində yaxılıb qıvrılmaqda ikən,
İngiltərədə adi bir zamanda imiş kibi seçkilər
icra olunuyor. Loyd Corc kabinəsi təkrar bir qaya kibi möhkəm
duraraq mövqeyini saxlıyor.
Müharibəyi müvəffəqiyyətlə bitirmək
üçün ingilisləri əskərlik altına çəkmiş
olan Loyd Corc, kəndisi mühafizəkaran partisinə mənsub
olduğu halda, ingilis mühafizəkarlığının əsasını
təşkil edən milli bir ənənəyi qırmağa
ingilis qövmini vadar eləmişdi. İngilis məcburi
olaraq əskərligə alınmışdı. Bu, İngiltərəyi bilənlər
üçün Almaniyanın sülh istəməsi qədər
nəzərə bəid gəlir bir məsələ idi.
Onun üçün də ingilis əskərliginin
könüllü üsulundan üsuli-icbariyə keçməsi
böyük bir inqilab idi. Fəqət
İngiltərə tarixinin çoxca qeyd etmiş olduğu
qansız inqilablardan.
Müharibəyə şiddətli surətdə davam etmək
əzmində ikən daxili bir inqilab yapmış olan
İngiltərə sülhi-ümumi ərəfəsindəki
hazırlığında da digər bir inqilab
yapmışdır.
Saqın İngiltərəyə “bolşevizm” girdi,
sanmayınız.
Xayır.
Hanki bir vəqeədən bəhs etmək istədigimi
duysanız, burada “inqilab” kəlməsi işlətdigimə
belə heyrət edərsiniz.
İngilislərin
Hindistan ilə olan əlaqələrinin dərəcəsini kim bilməz. Kim bilməz ki, Hindistan İngiltərənin
canı və yaxud təbiri-mərufla can
şişəsidir. İngiltərə siyasətinin
məhvəri-siyasəti daima Hindistanın mühafizəsi
üzərinə dönmüşdür. Dostluğunun
da, düşmənliginin də səbəbi daima Hindistan
olmuşdur. Hindistana aşiq olanları,
oraya doğru baxanları İngiltərə daima
qısqanmışdır. Bununla bərabər
ənənəpərəst ingilis “lordluğu” bir hindliyi
heç bir zaman bir britaniyalı qədər müsavi, onun qədər
həmhüquq və həmvəzifə görəməmişdi.
Dünyanın bilnisbə ən demokratik bir məmləkəti
və tarixcə ən qədim bir məşrutə hökuməti
ikən hala lordlara qarşı xəlqdən başqa bir şəkildə
mərasim və təşrifat istəyən bu topraqda ingilis
olmayan millətlərə qarşı dəxi xüsusi surətdə
müamilə yapılıyordu. Bunun
üçün bir hindlinin gəlib də ingilis hökuməti
əzasından olması bir ingilisin icbari surətdə əskər
getməsi qədər böyük bir vəqeədir, bir
inqilabdır.
Birinci vəqeə müharibənin müzəffəriyyətlə
bitirilməsinə səbəb oldu. İkinci vəqeədə
sülhün millətlərin müsavat hüququ ilə nəticələnəcəgi
üçün bir fali-nik təşkil etsəydi...
Həddi-zatında, dünyayı istila edən bugünki
demokratik fikirlərin qalibiyyəti qarşısında bir
hindlinin nəzarət məqamını ehraz eləməsi əlbəttə
ki, böyük bir şey təşkil eləməz. Fəqət
bu vəqeəyi mücərrəd olaraq degil, ingilis ənənatı
nöqteyi-nəzərindən görərək mühakimə
etməlidir.
Fəqət ingilislər nə qədər mühafizəkar
və ənənəçi olsalar da, dərəcəyi-kəmalə
gəlmiş millətlərin istədikləri həqlərini
verməkdə digər cahangir dövlətlər qədər
müənd olmadıqları da bəllidir.
Dərəcəyi-kəmalə irib də həqqini
israrla istəyən millətə qarşı güzəşt
etmək, bu da bir ingilis ənənəsidir.
Bu nöqteyi-nəzərdən “İrland” humruli qanunən
qəbul edildi.
Hali-hərb keçincə felən də tətbiq
olunacağına inanmalıdır.
Hindli “ser
Sina”nın Britaniya nazirliyinə təyini dəxi
hindli milliyyətpərvərlərin tələbatına qarşı
hind muxtariyyət və imtiyazatı təvəssinə
doğru atılmış bir güzəşt
politikasının dəlili degilmidir?
Zənn edəriz ki, odur.
Müqəddəratımızın surəti-halini
sülhi-ümumi məclisindən bəkləyib duruyoruz. Bu məclisdə nüfuzlu
bir söz sahibi olan İngiltərə hökumətin millətlərin
həqli tələbatını bizim kibi dövlətlərin
hürriyyət və istiqlal tələbindəki
iddialarını qəbula mail bir hökumət olmasını
əlbəttə ki, arzu edəriz. Kəndi
arasına İngiltərə əfkari-ümumiyyəsindən
ötrü belə nagəhani olaraq xilafi-ənənə bir
hindliyi dəxi almış olan Loyd Corc kabinəsinin istədigimiz
böylə bir hökumət olmasını cani-könüldən
diləriz.
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
20 qanuni-sani (yanvar) 1919, ¹92
Səbatkar
– mətanətli
Müxəyyələ
– xəyala gətirən
Çar
– dörd
Nagəhani
– qəflətən olan
Qürə
– yer kürəsi
Hesab
günü
–
Sülhi-ümumi konqresinin gözlənməsi münasibətilə
–
Məzahib və ədyanın əksərində insan
dünyadakı işlərindən, savab gördügü
işlərlə, irtikab elədigi günahlarından bir
gün gələcək də hesab verəcək.
Qiyamət qopacaq, məhşər olacaq, hesab günü
gələcək.
Ehtimal ki, ayrı-ayrı fərdlərin Allaha nisbət
irtikab elədikləri qəbahətlərin mühakiməsi və
icra etdikləri savabların mükafatını verəcək
bir “yövmülhesab” daha irəlidədir. Kim bilir bəlkə
yenə dəccallar, mehdilər, nəhayət məhşər,
sirat köprüsü, mizan görəcək,
“yövmülhesab” çəkiləcəkdir.
Ehtimal ki,
bu mərhələlərin həpsini keçmişiz və
keçməkdəyiz də fərdən mütənəbbeh
olmuyor, hiss etmiyor, mətləbi duymuyoruz.
Fəqət insanlar fərd həyatından başqa bir də
cəmiyyət həyatı ilə yaşıyorlar. Cəmiyyətləri
biri-birindən ayıran və ona bir cameyi-şəxsiyyə
verən ən böyük amil milliyyət amilidir. Millətlər birər fərddirlər.
İştə bu, milliyyət etibarilə birər fərd
təşkil edən bəşəriyyətin hesab
günü (yövmülhesab) gəlmişdir.
1914-cü sənəsindən bəri dünyayı
alt-üst edən, mövcud şəhərləri, məmurələri,
binaları xarab etdigi kibi maddiyyatımızı da olduğu qədər
mənəviyyatımızı dəxi rəxnədar edən
bu böyük qital (öldürüş) və bu üzdən
hüsula gələn aclıq, kəsad, qırğın əcəba,
qiyamət və məşhərdən başqa bir
şeymidir?
Əvət, millətlərin qiyamətidir. Məhşəri-kübrayə
yalnız həyati-siyasiyyələri ilə mövcud olan millətlər
degil, çoxdan bəri məzara gömülmüş olan
millətlər də gəliyorlar.
1914-cü
ildə partlayan top gülləsi xirədcalın nərəsinə
mümasil idi. 1918 sənəsində
böyük Amerika Cümhuriyyəti rəisinin cahana elan elədigi
14 maddəlik sülh əsasları isə İsrafil Suruna bənziyordu.
Bu sur:
“Qalxınız, ey zavallı millətlər,
yövmülqiyam, yövmülhesabdır” diyordu.
Millətlər qalxdılar, hesab ayağına
qoşdular.
Bu hesab Parisdə vaqe olacaqdır. Parisdə
qurulacaq olan sülhi-ümumi məclisi qəzetələrin rəvayətinə
görə 1500 adamdan ibarət olacaq. Bu 1500 adam dünyadakı nə qədər millət
varsa, hamısını təmsil edəcəkdir.
1500 müxtəlif millətlərə mənsub, müxtəlif
dillərdə mütəkəllim bir “Cəmiyyəti-Əqvam”
məhşəri bir kərə təsəvvür olunsun. Babil qələsi,
oradakı təbili-əsvat haman xatirə
gəlir.
Fəqət şəklən Babildəki rənglərə
malik olsa da, Paris konqresi mənən o halda bulunmayacaqdır. Bir kərə
mənayi-zahir etibarilə də olsa dünyanın (Şərq
ədəbiyyatındakı məşhur təqsimatinə
görə) 72 millətindən ötrü Fransa lisanı
aşağı-yuxarı anlaşılır bir dildir. Digər tərəfdən də 1500-ün
içində nüfuzi-kəlmə sahibi həqiqi hakimlər
vardır. Bu ərbabi-nüfuz artıq “təbdilə”
imkan verməzlər, zənn edəriz.
Dünyanın hesabını görəcək Paris
konqresi aləmi yeni başdan tikəcək. Yeni bir həyatın əsaslarını
vəz edəcək; cahan xəritəsini yeni rənglərə
boyayacaq və böylə yapdıqdan sonra:
– Ey
dünya, böylə yaşamalısın! – deyə
əmr edəcəkdir.
Bu əmr millətlərə səadət gətirə
biləcəkmidir?
İştə
sual!...
Xəlqin müxəyyələsində mücəssəm
olan hesab gününün nəticəsində insanlardan bəzisi
behiştə, bəzisi cəhənnəmə, bəzisi də
bərzəxə məhkum olacaq – deyə, bir təsəvvür
vardır.
Bu hesab gününün nəticəsində dəxi
bütün dünya millətlərinin “behiştlik”
olacaqlarına hökm verə bilmək üçün həddindən
artıq nikbin olmaq lazımdır.
Doğrudur, hesab çəkənlərin ən qüvvətlisi
olan Vilson həzrətləri böyük millətlə
kiçik millətdə fərq olmamalıdır –
demişdir. Doğrudur, gizli diplomatiyanın
qaldırılması mətlub görülmüşdür,
doğrudur, silahlanmanın bihudə olduğu etiraf edilmiş,
təhdidi faidəli olacaq denilmişdir.
Fəqət bunlar daha hesabı görülmüş,
müvazinəsi təyin edilmiş birər həqiqətlər
degildir. Həqiqət olmaq arzusu ilə söylənilib duran
birər böyük şüarlar, iztirablı qəlblərin
dögüntüsünü rahat edən birər valerian
damcısıdır.
Bu damcılardan sonra bəşəriyyətin pozulmuş
mədəsini, üzülmüş sihhətini təkrar iadə
edəcək həqiqi əlaclar veriləcəkmidir. Hesabi-ümumi
məhkəməyi-kübrası hüzuruna gedən millətlər
düçarı olduqları əziyyətli
azarlarının əlacı iləmi qayıdacaqlar.
Yoxsa əllərinə verilən namə şəfa
reçetəsi (nüsxəsi) degil, edam cəzası
olacaqdır.
Vilson prinsiplərini izah edərkən söylədigi
nitqlərindən birində – yanılmıyorsam – “Cəmiyyəti-Əqvam”
əsasının təmin edildigi feyzdən hər millət kəndi
ləyaqəti və mədəniyyətinin dərəcəsi
nisbətində istifadə edə biləcəkdir –
demişdir.
Kəndi
ləyaqəti və mədəniyyəti nisbətində!...
Özü-özlügündə irad götürməz
bir düstur.
Fəqət eyni zamanda geniş təvillər, uzun təfsirlərə
mütəhəmmil bir formul.
Millətlərdən, bilxassə bizim kibi “bəs bədəlmövt”
nəticəsində qiyam edən millətlərdən
ötrü bu düsturun şu və yaxud bu şəkl ilə
təfsiri dürlü-dürlü nəticələr verə
bilər. Olur
ki, bu düstur bizi behiştlik, olur ki, bərzəxlik, olur ki,
cəhənnimlik etsin!
Məhkəmənin bu üç hökmdən birisini
verməsinə oradakı nümayəndələrimizin təbiri-digərlə
dəva vəkillərimizin məharəti, ciddiyyəti, səy
və çalışqanlığı təsirsiz olmayacaq. Fəqət bu kifayət etməz!
Lazımdır ki, biz də burada
çalışaq, kəndimizi idarəyə, behiştlik dərəcədə
idarəyə istehqaq qazanmış olduğumuzu isbat edək.
Bu vasitə ilə işin yarısı
görülmüş olsa da, məhkəmə
hökmünün xırda millətlər həqqində
tamamilə müvafiq çıxarılması
üçün Avropa və Amerika demokratiyasının bu
hökmlər üzərinə həqiqi bir nüfuz icra eləməsini
arzu etməliyiz. Bu nüfuz vaqe olursa, o zaman bütün
cahana qarşı elan olunan prinsiplər az-çox safiyyətini
saxlar. Onların saflıqlarının məhfuz
qalması isə bizim kibi xırda millətləri qurtarır,
dirilik yarlığını əllərimizə
tapşırır.
Hər halda bütün dünyanın nəzəri bu
gün Parisə mütəvəccehdir. Paris dünya
millətlərinə kəndilərinə müstövli olan
istibdadı qurtarmaq dərsini vermiş böyük millətin
mənəviyyatca qüvvətli böyük bir
paytaxtıdır. Hüquqi-bəşər bəyannaməsini
nəşr edib mənşuri ilə bütün dünya
hürriyyətpərvərlərinə bir növ
“üsuli-din” dəftəri bəxş etmiş olan bu
böyük şəhər, bu dəfə bütün
dünya millətlərinə “hüquqi-miləl” qanunnaməsi
yazmaqla məşğuldur. “Hüquqi-miləl” bəyannaməsi
“hüquqi-bəşər” bəyannaməsi qədər
müqəddəs və hər kəscə qaili-tətbiq
böyük düsturlara malik olursa, o zaman Fransa, Fransanın
gözəl paytaxtı olan Paris dünya millətlərinin mənəvi
bir paytaxtını təşkil edəcək hürr vətəndaş
kəndi mərkəz vilayətindən sonra Parisi
tanıyacaqdır.
Xoşbəxt
şəhər! Bir il bundan əqdəm əjdəhayi-hərbin
zərbələri altında xarab olmaq təhdidində ikən
bu gün bütün dünyayı şənləndirmək,
bütün millətləri sevindirmək işinə mərkəz
oluyorsan! Nə böyük səadət!
Fəqət
sakın: möhtəşəm salonlarından birisində,
ehtimal ki, “Versal”ın tarixi binasında iniqad edəcək bəşəriyyət
qarşısındakı məsul ricallara təlqin et ki, məğrur olmasın, mövqe və
iqtidarlarını suyi-istemal etməsin, yalnız bəşəriyyəti
və yalnız istiqbali-bəşəri
düşünsünlər. Hökmlərini verirkən
bütün demokratiyanın tələbini nəzərə
alsınlar, məzarlarından qalxmış və diriligə
təşnə olmuş millətləri təkrar məzarına
gömməsinlər!!
Bilsinlər
ki, o zaman vicdani-bəşəri rahət edəməz! Təkrar məzarlarına gömülmüş millətlər
daima bir xortlaq kibi rifah ilə yaşamaq istəyənlərin
hüzur və rahətini pozarlar.
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
21 qanuni-sani (yanvar) 1919, ¹93
Məzahib
– məzhəblər
İrtikab
– pis işlər
Yövmülhesab
– haqq-hesab günü
Məmurə
– qəsəbə, abad məskən
Xirəd
– ağıl, fikir, huş
Mümasil
– oxşar, bərabər
Mütəkəllim
– danışan
Əsvat
– səslər
Təbil
– qulaqda səsi əks etdirən pərdə
Müxəyyələ
– xəyal, təsəvvür
Bəs –
dirilmə, oyanma
Bəs bədəlmövt
– öləndən sonra dirilmə
Mütəvəccöh
– istiqamətlənən, yönələn
Müstövli
– hər tərəfi əhatə edən
Mənşur
– nəşr edilmiş, xartiya
Mütənəbbeh
– oyaq, sayıq, ehtiyatlı
Təsmiyə
– ad qoyma, adlandırma
Təvil
– izah
Təfsir
– şərhetmə
Əmələ
məsələsi
Əmələ məsələsi yenə – demək olur
ki, – bütün şiddətilə Bakı əfkari-ümumiyyəsini
işğal etməkdədir.
Əmələlərin halı həqiqətən də
müşkül bir dərəcədədir. Aldıqları
maaşları yedikləri çörəyə
çatmıyor. İşsizlik əmələni
arvad-uşağı ilə bərabər aclığa məhkum
ediyor. Başqa bir tərəfdən də
Bakının keçirmiş olduğu hallar, düçar
olduğu fəlakətli günlər mədənləri,
ticarəti, mədənçiləri də müşkül
bir hala qoymuşdur.
Bu üzdən böyük bir böhran hasil olmuşdur.
Azərbaycan hökumətinin, parlamanın məqsədi
əmələlərin halını
yaxşılaşdırmaqdır. Bu xüsusda Azərbaycan
məsai naziri əmələlərlə sahibkarlar arasında
vaqe olan şurada əmələlərin tərəfini iltizam
eləmişdir. Əmələlər əmin ola bilərlər ki, zamanın imkanı dərəcəsində
hökumət həmişə əmələlərin həqli
tələblərini müdafiə edəcək. Hökumət eyni zamanda əmələlərə
ucuz ərzaq yetirmək üçün tədbirlər
görmək fikrini dəxi bilməkdədir.
Məlum işdir ki, əmələlərə
artırılacaq məvacib bu günün ehtiyacı olan
bahalığı rəf etmək üçün
olmalıdır. Bunun üçün də nəzarət
subaylara 120, evlilərə 360 manat bahalıq xərci
almağı tövsiyə ediyor.
Əmələlər istərlərsə ki, bu təqsimat
başqa cür olsun, sayarlarsa ki, subay-evlilik fərqi
qoyulmasın hökumət bunu da nəzərə alar.
Həpimiz
bilməliyiz ki, bu kibi zamanlarda, məmləkətin çətin
və müşkül dəmlərində hər kəs vətən
və millət naminə bir az fədakarlıq
etməlidir.
Hökumət də əmələlərin həqli tələbləri
tərəfində olduqdan sonra məsələnin
kolaylıqla həll edilməsini gözləməlidir. Bu gün əmələlər
konfransa gəlməli, deməlidir görək vaqe olan təklifə
nə cür baxıyorlar. Yalnız bu
baxışlarını söylərkən düşüncəli
olmalı, tədbirlə hərəkət etməli, həqiqi
mənfəət ilə yalançı mənfəəti
sezməlidir.
Məsai naziri diyor ki, yalnız məvacibin artması ilə
məişət ucuzlandırılmaz. Doğrudur. İstəməlidir ki, məişətin
ucuzlandırılması üçün hökumət ciddi tədbirlər
görsün.
Əmələ vətəndaşlar, bilməliyiz məmləkətin
düçar olduğu bu halından, bu yoxsulluq və aclıq
bəlasından öz siyasi faidələri üçün mənfəət
aparmaq istəyən partiyalar, agentilər vardır. Əmələnin
həqiqi ehtiyacını rəf etmək istəyən agenti
ilə siyasət çevirən, politika qayıranları
ayırd etməlidir.
Azərbaycanın bu qədər müşkülat
içində olduğu böylə bir zamanda həll olunacaq məsələ
müşkülatsız həll oluna bilərsə, onu öyləcə
həll etməlidir. Zabastovka bir tədbirdir ki, əmələlər
son dəqiqədə müraciət etməlidirlər. Bizim “itirəcəgimiz artıq heç bir şey
qalmadı” diyorlar. Böylə deyənlər
doğru söyləmiyorlar. Biz heç bir
hesab və mülahizələri nəzərə almadan
gözümüzü yumub hərəkət edərsək, əziz
tutduğumuz istiqlalımıza, yeni bərkişməkdə
olan hökumətimizə zərbələr vura biləriz.
Bunun üçün əmələ vətəndaşlar,
sərvəqt olalım, biləlim ki, hökumət əmələ
mənafeinə zidd bir hökumət degildir. Həqli və
mötədil tələblərinizin qəbul edilməsi
üçün Azərbaycan parlamanı da, hökuməti də
var qüvvətlərini sərf edərlər.
Bu gün əmələ konfransı toplanacaq, bu məsələyi
həll edəcək. Gəliniz, nöqteyi-nəzərinizi
söyləyiniz. Göstəriniz ki, siz maddi
ehtiyacınızı müdafiə edərkən, sizin bu
ehtiyacınızdan istifadə edərək
“politikaçı”lara macərapərəstlik
imkanı verməzsiniz.
M.Ə.
“Azərbaycan”, 24 qanuni-sani (yanvar)
1919, ¹94
Məsai
– çalışma
Tətil etməlimidir?
Keçən gün fəhlə konfransında əmələlərin
maaşı məsələsi baxılırdı. Sosial-demokrat
nümayəndələrindən və sahibkarlarla
danışıq aparan komisyon əzasından Roxlin təklif
elədi ki, tətil olmasın, əmələlər subay və
evli fərqi qoymayıb hamıya 360 manat artırmağa
razı olsunlar.
Əmələlər çoxluqla buna razı
olmadılar. Dedilər ki, gərək biz öz istədiklərimiz
üstündə bərk duraq və komisyona
tapşırdılar ki, təkrar sahibkarlarla
görüşsün, onların axırıncı
cavablarını ögrənsin, tainki yekşənbə
günü tazədən qurulacaq konfransda fəhlələr təkrar
bu məsələyə baxsınlar və tələblər
qəbul edilmədigi təqdirdə tətil başlansın.
Əmələ vətəndaşlar, imdi nəzərdə
ən böyük bir məsələ vardır.
Tətil etməlimidir?
360 manat artıq məvacibi qəbul etməkmi, yoxsa tətil
eləməkmi? Hansı yaxşıdır.
Bir
raboçinin keçən dəfə konfransda hesab elədiginə
görə əmələlərin azı 26, çoxu 50 manat
istəməkdən ibarət olan tələbi ilə ayda 360
manat təklifinin arasında böyük fərq yoxdur.
Arada
böyük fərq görülürsə böyük məvacib
alan əmələlərin məvaciblərində
görülüyor. Yoxsa qara əmələ və
kiçik məvacibli əmələlərin bu müamilədən
zərəri yoxdur.
Üç yüz altmış manat çörək
bahalığını ödəmək
üçündür. Madam ki, öylədir, o halda
bütün əmələlərin ehtiyacı bir dərəcədədir,
demək olar.
Hər
halda vəqt o vəqt degildir ki, tətil ilə onsuz da
müşkül vəziyyət bir az da
çətinləşsin. Tətil olursa yollar bağlanır,
məişət bir az da müşkül
olur. Bundan da Azərbaycanın bu anda rahət və
sükutinə, işləməgə,
çalışmağa möhtac olan halı
müşkülatə uğrar. Düşmənlərimizə
hər fitnə açmaq imkanı verər. Nəticə nə qədər çox məvacib
ala bilsək belə yenə də dükançıların,
möhtəkirlərin cibinə girər. Halbuki
hökumət qüvvət, nüfuz və etibar verməklə
ona kömək eləməlidir ki, ərzağın
ucuzlaşması üçün tədbirlər
görsün, möhtəkirlər, bahaçılarla
mübarizə eləsin.
Bunun üçün daha faidəlidir ki, ayda 360 manat
artırmaq təklifinə razı olub tətil edilməsin.
Bunu da
bilməlidir ki, iş sahibləri mədənlərin
bugünki hali ilə, yolların bağlı olduğundan
neftin tökülüb qalması üzündən
böyük faidələr də görmiyorlar.
Əmələlərə
əql və tədbirlərlə iş görmək, hissiyyatə
tutulmaq lazımdır.
Bugünki
halda tətil etmək əmələlərə qətiyyən
faidə verməz!
İşi tətilə qədər götürməməli,
bu yekşənbə konfransa gəlib məsələnin
sülh ilə həllinə çalışmalıdır.
M.Ə.
“Azərbaycan”,
24 qanuni-sani (yanvar) 1919, ¹96
Vicdan
sızlıyor
Qafqasiya vilayətləri kəndi müqəddəratlarını
həll etməgə qalxışdıqda Axısxa kəndi
başına müstəqil bir xətti-hərəkət
tutmuşdu.
Gürcü sosial-demokratlarının yerli türklərin
milli ehtiyacları ilə, yerli arzuları əleyhində vaqe
olan qabaca hərəkətləri Axısxa ilə bərabər
Kars, Ərdahan və Batum həvalisi müsəlmanlarında
Qafqasiya daxilində dördüncü bir kanton və yaxud
federasyon fikrini doğurmuşdu.
Gürcü millətpərəstləri bu fikir ilə
mübarizə ediyordular. Mübarizələrində vəsilələrin
növünə və məşruluğuna çox da əhəmiyyət
vermiyordular. Bu əməl isə əksüləməl
mucib olub Zaqafqasiya Cənub-Qərbi müsəlmanları
arasında behəqq zühur edən bu fikri-siyasiyi
canlandırıyordu.
Brest-Litovsk müahidəsi nəticəsində türklər
Batum, Kars və Ərdahanı tutdular.
Bunun üzərinə Axısxa tək qaldı. O zaman kəndi müqəddəratını
digər üç vilayətlə birlikdə həll etməyi
halına müvafiq görən və gürcü hökumətinə
bir növ isinəmiyən Axısxa dəxi digər
üç uyezdlə birlikdə Türkiyəyə meyl etdi.
Bu meyl üstündə vuruşdu. Əlində
silah olaraq mübarizə etdi. Batumda əqd
olunan müahidə mövcibincə Gürcüstandan
ayrıldı. Fəqət axırki hadisələrə
görə türklər oralarını tərk edib getdilər.
Gürcülər isə Axısxayı tutdular.
Axısxanın bu hərəkətini idarə edən,
bu hərəkətə ruh verən, onu məfkurəvi bir
şəklə qoyan məşhur Ömər Faiq əfəndi
Nemanzadə idi.
Ömər
Faiq əfəndiyi kim bilmiyor. O həssas, o
atəşli mühərriri kim
tanımıyor. Karsda dağılan
xanimanların, Ərdahanda hətk olunan namusların, Batumda kəsilən
qurbanların o yanıqlı mərsiyənəvisini, “bir
parça ətmək” – deyə qəlbləri yakan o həmiyyət
məşəlini hanki azərbaycanlı unuda bilər.
Vəqt vardı; Faiq əfəndi Cəlil Məhəmmədquluzadə
ilə bərabər nəşr elədigi “Molla Nəsrəddin”
məcmuəsi vasitəsilə cəhalət pərdəsi ilə
örtülü olan qara qəlbləri yakıcı qələmi
ilə yakıyordu.
O binəzir
bir cəsarətlə müqəddəs zənn olunan hər
namüqəddəsə var qüvvəsilə
çarpıyor, bütün vicdanı ilə hər növ
vicdansızlıqlara qarşı protesto ediyordu.
O zaman
Tiflis, imdiki Tiflis degildi. Nikolay istibdadının
zamanları idi. Faiq əfəndi Tiflisin
bugünki sahibləri ilə birlikdə rus istibdadına
qarşı pəncələşiyor, “Metex” həbsinə
oturduluyordu.
İstibdad idi.
Fəqət Faiq əfəndi yenə Tiflisdə, yenə
həbsdədir. Fəqət bu, yalnız həbs degildir.
Faiq əfəndi təhqir olunuyor. Faiq əfəndi canilərlə bərabər
oturdulub oğrular, qaçqınlar tərəfindən
dögdürülüyor.
Möhtərəm oxuyucu, heyrət ediyorsun.
Əvət, bən də səninlə bərabər
heyrətdəyəm.
Bir az əvvəl, Axısxa gürcülərə
təslim olunduğu əsnada Faiq əfəndinin Axısxa hərəkətinin
başçısı olmaq həsəbilə tutulub Tiflisə
gətirildigini eşitdik. Bəzi təşəbbüslər
edildi. Nəticədə Faiq əfəndiyi
həbsdən xaric etdilər. Fəqət
mötərmai təhti-nəzərdə bulundurdular.
Bu aralıq, gürcülər Axısxa ilə iktifa etməmiş,
Ərdahana doğru səfər eləmək istəmişlərdir. Yüz mində
əhaliyi-islamiyyə ilə gürcü əskərləri
arasında toqquşma olmuş. Bunun üzərinə
Faiq əfəndiyi təkrar tutmuşlar, həbsxanaya
soxmuşlar. Fəqət mücrimin-siyasiyyə
şöbəsinə degil, canilər koğuşuna
salmışlardır. Canilərə
anlatılmış olmalıdır ki, kəndisini “xaini-vətən”
– deyə fəna surətdə döymüşlər,
ölüm halına gəldikdən sonra kəndisindən əl
çəkmişlərdir.
Əcəba,
kəndisinin hürriyyətpərvərligini hər münasibət
gəldikcə bar-bar bağıran Gürcüstan hökuməti
böylə sənaətə nə cür yol vermiş?...
Adil bir
adam, bir cani, bir qatil, bir ədna həqqində rəva
görülməsi ən qatı müstəbid məmləkətlərdə
belə caiz olmayan bu cəzanı bütün Qafqasiya türkləri
arasında böyük bir mühərrir, xatiri sevilər bir cəmaət
xadimi olan həmiyyətmənd bir zat həqqində nasıl
olmuş da Jordaniya hökuməti rəva
görmüşdür?!..
Gürcüstan səltəsini tanımamaq, gürcü
siyasiləri kibi degil, başqa dürlü düşünmək
nə böyük bir cinayətdir ki, böylələrilə
qüruni-vüstaya yakışır cəzalarla rəftar
olunuyor. Əcəba, siyasi qənaət və fikri
üçün bir insan işgəncə edilərmi? Böylə bir işgəncə demokratik bir
cümhuriyyətə yakışarmı?
Gürcüstan hökuməti, bilmək istəməsə də Gürcüstan cəmaəti, Gürcüstan mətbuatına mənsub olanlar, Gürcüstan cəmaət xadimləri bilsinlər ki, Ömər Faiq əfəndinin işgəncə edildigi, bilafərq məslək bütün Azərbaycan türklərinin qəlblərini cərihədar eləmişdir. Azərbaycan türk demokratiyasının vicdanı sızlıyor.
Bu sızılar bu qədər möhtac olduğumuz beynəlmiləl ülfətlərə suyi-təsir edər. Bilxassə gürcü-türk yaxınlığına böyük səktələr, böyük zərbələr vurar.
Faiq əfəndinin canilərlə bir otaqda məhbus qalması, Faiqin işgəncə edilməsi, həm də gürcülər əlində işgəncə edilməsi nə qədər vicdan əzici bir xəbər. Əcəba, bütün bunlar doğrumudur?!..
Məlumati-müvafiqə məəttəssüf bunun doğru olduğunu bildirməkdədir.
Bu xəbər bütün Azərbaycan məhafilində bir protesto tufanı qoparmaya bilməz!
Azərbaycan, yalnız Azərbaycan degil, türk həyati-ədəbiyyə və ictimaiyyəsi ilə aşina olan hər kəs, bu mənfur xəbəri oxuduqda istəkli qələm arkadaşımıza qarşı vaqe olan bu təvəhhinə qarşı lənət şərarəsi yağdırmaya bilməz!..
Faiq əfəndi cani olamaz, siyasi fikrindən ötrü bir şəxsi cəzalandırmaq bilməm ki, Gürcüstan cümhuriyyətinin şanına karmı?!..
Qoy bu sualın cavabını Gürcüstan siyasi məhfilləri versinlər.
Azərbaycan məhafilinin bu məsələ üzərindəki təsirini xülasə edərsək, yalnız şunu söyləyə biləriz:
Vicdan sızlıyor!..
M.Ə.
“Azərbaycan”, 27 qanuni-sani (yanvar) 1919, ¹98
Binəzir – misilsiz
Məşru – qanuni
Hətk – şərəfsizlik, yırtma, yarma
Mücrim – günahkar, təqsirli
Ədna – yarıq, həqir
Cərihədar – yaralı
Səktə – durğunluq, zərər, xələl
Şərar – pislik, yamanlıq
Təvəhhin – vahiməyə düşmə, qorxu
Mötərma – məhbus
Qüruni-vüsta – orta əsrlər
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 14 iyun.- S.26-27