“Cholqala1992”

romanından parça

 

 

2009-cu ilin yaz ağzı Vaşinqtonda yaşayan bir dostumun ağacları hələ yarpaqlamayan meşə kimi sıx parka açılan pəncərəsi önündə oturub elədiyim cızma-qaranın uzun illər məndən əl çəkməyən fikrə yön verəcəyi, aylarla bir kəlmə yazmasam da məni bir an belə tərk eləməyən, mənimlə bərabər şəhərlər, ölkələr dolaşaraq bir roman mövzusuna çevriləcəyi, beş ilin nəhayətində kitab olacağı ağlıma da gəlməzdi. Diqqətli oxucu bilir, bir əsər əsər olunca nələrdən keçir.

İnternet əsrində “Odnoklassniki”, “Facebook” kimi saysız-hesabsız sosial şəbəkə müasir insan həyatının bir parçasına çevrilib. Asılılıq dərəcəsinə çatan bu vərdişin mənbəyi nədi? İnsanları bura çəkən hansı istəkdi, qüvvədi? Yarandığı gündən hamını maraqlandıran bu suala neçə il mən də cavab axtardım. Cavab üçün belə şəbəkələrin fəal iştirakçısı olsam da, kitabı bitirməkdən ötrü ondan ayrılmalı oldum. Altı aylıq ayrılıq beş il əvvəl başladığım kitabı bitirməklə bitdi.

Fikir də, onun yazıya köçürülməsi də, sonunda yazının böyük bir əsər olması da öz yerində, məni onu üzə çıxarıb-çıxarmamaq düşündürürdü. Bugünkü ədəbi yırğalanma zamanında janrını hələ tam ayırd eləmədiyim mətnin çap məsuliyyəti ağır idi. Ona görə də məsuliyyəti bölüşməyə qərar verdim, əlyazmanı mövzusunu nəzərə alaraq eyni vaxtda yaş, cins və zövqüylə fərqlənən yeddi dosta yollayıb rəylərini aldım. Aralarında peşəkar ədəbiyyatçı da vardı, bişmiş oxucu da, sosial şəbəkə dediyimiz virtual dünyanın fəal sakini də vardı, ondan tamam uzaq olanı da, müasir ədəbi janrlara üstünlük verəni də vardı, ədəbiyyatda mühafizəkar baxışların saxlanmasının tərəfdarı da.

Aldığım rəylər bəzən bir-biriylə çalın-çarpaz fərqlənsə də, hamısının sonda dediyi bir oldu: “Dərc elə!”

Məsuliyyətə çiyin verən, vaxt ayırıb oxuyan, qeydlərini göndərən və ən əsası bu kitabı bitirməyə həvəsləndirən, inam verən dostlara təşəkkür edirəm!

Dostların biri bu cümlələri qırmızı rənglə işarələyib yazmışdı ki, kitabın məzmunu bu abzasdadı: “Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidi”.

Dostumun fikriylə razıyam, o düz tutub, kitab oxucuya elə o abzasla təqdim olunmalıdı. Bu, öz dünyasını qurmağa can atanların kitabıdı, ömründə heç olmasa bircə dəfə buna cəhd eləyənlərin...

 

 

 

 

Vahid Qazi

 

“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram.

Üçüncü dünyanı biz özümüz yaradırıq”.

Karl Popper

 

V Bölüm

 

Qaraçı qız

 

Şənbə gecəsi Səni çox incitdim. Deyəsən vaxtsız zənglərim, mesajlarım çox oldu. Yəqin halımı duyub, üstündən keçərsən. O gün Aydan gəldiyini yazmışdın. Şənbə axşamı Aya baxırdım. Ayın əksi İssık-Kulun sularında xəfif mehdən tərpəşə durmuşdu. Nişanələrini axtarırdım. Tapdım da! Ay üzündə gözlərin, qaşların apaydın idi, sonra dodaqların da göründü. Ay Sən oldu.

Uzaq sahillərdən boy vermiş dağlaracan səpələnən ulduzlar səmada nur saçırdı. Bax, Sənin burdakı gözlərin kimi. Gecə qaranlığında ulduzlar işıqları sönmüş teatr zalından səhnəyə baxan tamaşaçıydılar sanki. Onlar da Sənin gözəlliyinə ağzıaçıq qalmışdılar. O gecə Ayın sulardakı əksi ruhumuzun görüş yeriydi – su üstündə qurulmuş teatr səhnəsi kimi. Tanrı dağlarından əsən soyuq küləklər pıçıltıyla söylədiklərinin əks-sədasını öz qanadlarında gətirirdi. Sanki şaman duasıydı. Dodağından qopan kəlmələr nəfəsin kimi istiydi, küləklər soyuda bilmirdi. Nəfəsin nəfəsimə qarışmışdı. Sevişirdilər. Öpüşümüz sulara səpələnmiş ulduzları da ehtirasa gətirmişdi, gözləri dörd olmuşdu – sayrışırdılar. O gecə bütün kəhkaşan bizim sevgi tamaşamıza durmuşdu. Dan yeri çırtlamamış Ay çəkiləndə, özüylə bizi də aparanda göy üzünün ulduz tamaşaçıları ayaqüstə bizə alqış yağdırırdı...

lll

Burda olduğum günlərdə yanımdan heç ayrılmadın. Hər yanda vardın. Hər yer Sən idi. Bilmirəm bu hal Sənə nə qədər tanışdı. Bəlkə Sən də nə vaxtsa yaşamısan bunları. Duyğuları yazmaq mümkün deyil! Onun heç mində birini də olduğu kimi kimsə yaza bilməz! İnsan söz qarşısında acizdi, bəlkə də buna görə sözlə deyə bilmədiyini əli, hərəkəti, əməliylə göstərir. Vaxt gələcək insan qəlbinin, ruhunun da rentgen kimi şəklini çəkən aparat kəşf olunacaq. Bax o gün dünyanın bütün sevgiləri atəşfəşanlıq edəcək. Dilləri açılacaq! Dinmədən danışa bilmək insanın son kəşfi olacaq!

lll

Təyyarədəyəm. Qəribədi, təyyarəmiz Bakının üstüylə uçur. Bakıya Bakıdan keçib gedirəm. Türk Hava Yollarında Bişkekə yol İstanbuldan keçir. Xəzərin şərq sahili, ucsuz-bucaqsız çöllər, səhralar göydən olmayan kimi gözəl görünür. Qumlu təpələr, qırış dərələr Ayın kosmosdan görünən səthinə bənzəyir. Qoca Şərqin tarixi kino lenti sayaq sürətlə keçir göz önündən. Dünyanı lərzəyə gətirən orduların aylarla keçdiyi yolu dəqiqələrdə keçirsən. İllüminatordan aşağıya, Türküstan çöllərinə tarix vərəqləyirmiş kimi baxırsan. Qəribə duyğulardı...

Şərq demiş, yadıma bir Şərq rəvayəti düşdü. Vaxtım boldu, mən danışım, sən dinlə.

Bir gün varlı bir tacir dükanı qarşısında oturubmuş. Çarşablı bir qadın ona yaxınlaşıb əl açır. Tacir pul kisəsini çıxarıb qadına bir mis sikkə uzadır. Pulu dilənçinin ovucuna qoyanda çarşab qadının başından düşür, üzü görünür. Tacir gördüyü gözəlliyə heyran qalır. Ona əl açan Ay parçası bir qızmış. Qız cəld çarşabını başına çəkib çaparaq aralanır. Onların bir anda toqquşan baxışları tacirin ürəyinə vəlvələ salır, qığılcım alova dönür, vulkan kimi püskürür. O, itaətkar qul kimi qızın arxasına düşüb gedir.

Belə bir gözəlin dilənməsində sirr olmamış deyil! Yol boyu ürəyində boy verən dəli ehtiras marağa qarışır. Bir xeyli küçə keçir, tin dönürlər. Sonunda qız böyük bir imarətə girir. Tacir marağından elə bil bu andaca çatlayacaqdı. Tərəddüd etmədən imarətin darvazasını döyür.

Onu içəri buraxıb bir otağa gətirirlər. Çox keçmir, evin sahibi gəlir. Tacir görür ki, bu, çox varlı bir qaraçıdı. Salamdan sonra tacir başına gələni ev sahibinə danışır. O qızı xəbər alır, bu sirri açmasını xahiş edir. Öyrənir ki, o, ev sahibinin qızıdı. Tacir qızı almaq istədiyini, nə qədər lazımsa pul verəcəyini söyləyir. Ev sahibi razılaşmır.

Ordan havalı ayrılan tacir özünə yer tapmır. Qızı başından çıxara bilmir. Ona dəli bir eşqlə aşiq olur. Səhəri yenə qızgilə gedir, o biri gün yenə. Amma varlı qaraçını razı salmaq mümkün olmur.

Tacirin inadından dönmədiyini görən qaraçı axırda bir şərtlə qızı ona verə biləcəyini deyir:

“Sabah obaşdan şəhər darvazası ağzına çıxarsan, bütün günü dilənərsən, günboyu yığdığın pulu axşam gətirərsən, qızı sənə verərəm”.

Tacir eşitdiklərinə inanmır: “Mən sənə kisə-kisə qızıl verərəm, qara qəpikləri neyləyirsən?”

Qaraçı deyir: “Mənə sənin gətirəcəyin qara qəpiklər lazımdı”.

Tacir yenə ordan kor-peşman ayrılır. Şəhər əhlinin tanıyıb ehtiram elədiyi bir adam indi küçəyə çıxıb necə dilənsin?

Bütün gecəni yata bilmir...

Səhər tezdən şəhərin darvazaları açılhaaçılda üzü-başı bağlı tacir qala divarları dibində oturub şəhərə girən karvan əhlinə əl uzadırdı. Keçənlər bu qəribə dilənçinin ovcuna pul basırdılar.

Axşam tacir diləndiyi pulları da götürüb qaraçının yanına gəlir, ona bir kisə qara qəpik uzadır. Qaraçı pulu alıb deyir: “Mən hardan bilim ki, sən bu pulları dilənmisən?” Tacir deyir: “Dilənmişəm! Bütün günü şəhər darvazasının ağzında oturmuşam”.

Qaraçı onu sınayıcı baxışlarla süzür: “Yaxşı, baxarıq! De görüm, ovcuna ilk qəpik qoyulanda hansı duyğuları keçirdin? Nə oldu?” Tacir başını aşağı dikib dərin fikrə gedir. Sonra baxışlarını pud daşı kimi qaldırıb bu sözləri deyir: “İlk qəpiyi mənə elə mən yaşda bir tacir verdi. Pulu ovcuma basanda canımdan üşütmə keçdi. Gözüm qaraldı,bədənimi soyuq tər basdı. Alnımda sıralanmış tər dənələri üzümə axdı. Bir-iki dəfə də tərlədim,sonra daha belə olmadı”.

Qaraçı qalxıb əlini tacirin çiyninə qoyur:

– Düz deyirsən, pulları dilənmisən. Qızı verirəm!

– Səni anlamıram. Qızı əvvəldən niyə vermədin ki, bu qara qəpiklərdimi onun dəyəri?

– Yox, mənim qızımı heç bir qızıl pul əvəz eləməz. Onu yalnız dəlicəsinə sevən birinə verəcəyimi əhd eləmişdim. Mənə sənin qızılların lazım deyil. Mən səndə daha qiymətli olanı aldım. İnsanda ən dəyərli şey üzünün həyasıdır. Ovucuna pul basılan anda səndən çıxan o soyuq tər sənin şərm-həyan idi. Mən səndən onu aldım.

Görürsənmi, əzizim, sevgi insanı haralara aparır, nələrə vadar eləyir...

lll

Bakıya bu gecə çatdım. Göndərdiyin mahnını dinlədim. Tərifə dəyərmiş. Sözləri də, musiqisi də əladı. İfaçını tanımıram, ilk dəfə eşidirdim. Pis oxumur. Amma məncə, Röyada daha yaxşı alınardı. Bu mahnı zil yox, bəm səslər üçündü.

Salam! Xoş gəldin, əzizim! Necə keçdi səfərin? Yazdıqlarından anladığım qədər maraqlı günlər yaşamısan. O gecə İssık-Kul sahilindən yazdığın mesajlar aləm idi. Məni əsla yormadın, sadəcə evdə idim, operativ cavab verə bilmirdim. Amma hər mesajından zövq aldım. Özümü Ayın sudakı əksində qurduğun səhnədə duydum, özü də sənin qolların arasında. Öpüşlərin ağlımı aparmışdı, bəlkə də suyun dərinliklərində batırmışdı. O gecə bizə ağıl lazım deyildi ki... Ölürəm də ağılsız anlar üçün. Mənə yaşatdığın o gecəyə görə sənə təşəkkür edirəm. Öpürəm!

Pritçana da söz ola bilməz. Soruşmuram sən də o tacir kimi edərdinmi. Çünki cavabını bilirəm... Bəstəni dinlədiyin üçün də sağ ol. Bəyənməyinə sevindim. Zövqü dartışmazlar, amma məncə, bu mahnı yalnız onun ifasında yaxşı alınır. İlqar Muradovdu adı. Əsas nəfəsin həcmi deyil, idarə olunmasıdır: bir ciyər dolusu nəfəsi boşuna bağıra da bilərsən, “Qarabağ şikəstəsi”, yaxud Şubertin “Ave Mariya”sını oxuya da. Mənə gəlincə isə bu mahnını həm oxuyuram, həm də çalıram. Amma bunların heç birini sənin üçün etməyəcəm. Səninlə görüşdə yalnız özümdən danışacam, bir də səni dinləyəcəm. Bilirəm ki, mənə sinə dolu deyəsi sözün var. Görüşərik, sağlıq olsa.

Dünənki telefon söhbətimiz ləzzət elədi. Türklər demiş, maləsəf, hər vaxtkı kimi az oldu. Yaman çox sualın varmış. Özü də cavabını bilmədiyim suallar: “Niyə məni həmsöhbət seçdin?”, “Məndən gözləntin nədir?”, “Niyə məhz mən?..Mənim üçün də maraqlıdı. Ümumiyyətlə, cavabı bilinməyən suallar ya maraqlı olur, ya bezdirici. Məncə, Sənin suallarına birlikdə cavab tapmalıyıq. Əsas odur nəyi harada axtardığını biləsən. Yolunu, istiqamətini deyim Sənə...

Bu sualların cavabı bizim indiyə qədərki yazışmalarımızdadı. Necə başlayıb, nədən başlayıb, hara gəldiyimizə nəzər salsan, cavab tapacaqsan. Mənim cavabım mesajlarımdadı. Bu gün zəng vurmaq istədim. Dünənki kimi yenə vaxtın olmaz deyə vurmadım. İndi çıxıram. Amma növbəti həftə ərzində, kəsəsi, ad gününədək görüşmək istəyirəm. Bilirəm “sıradan bir gündü” Sənin üçün. Amma doğum gününün, özü də 30 yaşın necə sıradan bir gün olduğunu başa düşmürəm. Hər halda həmin gün evdəkilərlə olacaqsan. Başqa gün olsun, “sıradan bir gündə” görüşək. Vədələşək. Vaxtı sən de!

Şopenin musiqi gecəsinə iki dəvətnaməm var, bu axşama. Polşa səfirliyindən göndəriblər. Sənlə də gedərəm. Kimin görəcəyi, nə deyəcəyi eynimə deyil. Gedəkmi? Yenə susacaqsan, bilirəm. Deyim ki, Sən elə susanda da heyrətləndirirsən. “Gözəl” yazmıram, çünki mənim duyğularımı ifadə eləməyə gücü çatmır bu sözün. Sən elə susanda da danışırsan, eşidirəm Səni. Olsun, Sən sus, mən də Səni dinləyim. Kor kimi qaranlıq dünyamda təsvirini yaradım.

lll

Maraqlı şəkildi. Sənə bənzətmək o qədər də asan deyil. Yalnız qaşlarından oxşadıram. Əvvəlki şəkillərin heç birində fotoaparatın obyektivinə baxmamısan. Gözlərinin içini ilk dəfədi görürəm. Dünən kənardan seyr elədiyimi nəzərə almasam, deyərdim Səni ilk dəfə görürəm.

– Salam! Hə? Məni görmüsən? Onda görüş birtərəfli keçdiyindən sənin görüşün olub, bizim yox. Mən öz saatımı hələ də gözləyirəm.

– “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Zarafat eləyirəm, gəlməmişdim. Belə maraqsız olardı. Mən Səninlə görüşə gərək ciddi hazırlaşım.

– Əstəğfürullah, nə hazırlaşmaq! Dünən yox, amma bu gün çox istərdim məni görəsən.

– Niyə? Nə olmuşdu bu gün?

– Gender mövzusunda tədqiqatımı prezentasiya edirdim. Bu gün qeyri-adi idim. Geyimim də başqaydı. Gözlərim də ayrı cür parıldayırdı. Nə bilim, mən bəyəndim. Hamı mənə baxırdı: paxıl baxışlar da gördüm, sevə-sevə baxanları da. Sən də sevərdin, mütləq sevərdin.

–Deyirlər dost dar gündə tanınar. Amma elə deyil, adamlar sənin pis günündə yox, şad gündə əsl simalarını göstərirlər. Dar gündə tanımadığın insanların belə sənə rəhmi gələr, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi.

–Sənə məəttəl qalıram. Ürəyimi oxuyursan, dilimin ucundakını deyirsən. Bu haqda bir skandinav pritçası var. O gün sən bir Şərq rəvayəti yazdın, qoy, mən də bir Qərb pritçası danışım.

Bir gün qoca vikinq Qrimr dostları ilə yeyib-içəndə bir nəfər belə sadiq dostu olmadığından gileylənir. Dostları etiraz edirlər. Biri deyir:“Yadına sal! Sən sürgündə olanda birinci sənə yardım əlini mən uzatmadımmı?” O biri deyir: “Düşmənlər evinə od vurub yandıranda təzə ev tikməyə sənə kömək eləmədimmi?” Üçüncü deyir: “Döyüşdə səni düşmən zərbəsindən kim xilas elədi? Mən!”

Qrimr onlara belə cavab verir: “Sizin mənim üçün nələr etdiklərinizi yaxşı xatırlayıram və sizi sevirəm, siz mənim başıbəlalı, bədbəxt günlərimin dostlarısınız, buna görə hamınıza minnətdaram. Amma nə gizlədim, xoşbəxt günlərimdə dostum olmayıb. Mənsə, nadir hallarda xoşbəxt olmuşam. Bir dəfə ov vaxtı kralı xilas elədim. O, hamının yanında məni qucaqlayıb özünün ən yaxın dostu adlandırdı. Hamı mənə xoş sözlər deyirdi, yalnız dostlarım susurdu. Mənim daha bir xoşbəxt günüm, başçılıq elədiyim dəstənin danimarkalılar üzərində qələbə çaldığı gün idi. Məni xalqın xilaskarı hesab edirdilər, lakin burda da dostlarımın ürəyi susurdu. Neçə belə misal çəkərəm. Onu dəqiq bilirəm ki, xoşbəxtlikdə dost olmur...”

– O vikinq də ağıllı adammış... Yaxşı, bu şəkli nə vaxt çəkdirmisən? Klassik gözəllik var bu tabloda. Çox gözəlsən, istənilən rəssamı dəli eləyərdin. Bu portreti çəkmək üçün sürünərdilər arxanca...

– İki il əvvəl çəkilib. Adi küçə rəssamı çəkib. Kiyevdə, parkda. Otuz qrivinə.

– Rəssamın adisi olmur. Duyumu kasad rəssam ola bilər, amma bu da ona adi deməyə əsas vermir. Bir dostum var, Adil Mirseyid, rəssamdı, həm də gözəl şeirlər yazır. O deyir ki, palitraya rəng sıxanda boyaların düzülüşü ona heca vəznini xatırladır. O ritm itəndə harmoniya pozulur. Hər kimdisə eşqlə çəkib Səni, şeir yazırmış kimi. Vurulubmuş Sənə...

– Yox, mənə vurulan bir rəssam tanıyıram. Başqası yoxdur!

– Ad günündə də görüşməyək? Uzun zaman oldu virtual dostluğumuz.

– Tanışlığımız virtual olsa da, realda doğmalaşdıq axı deyəsən. Səbrinə bələdəm. Bilirəm, bir azdan üsyan qaldıracaqsan, səbrinə son qoyacaqsan. Buna yüz faiz əminəm. Amma hələ tələsmə! Görüşərik, sağlıq olsa. Mütləq görüşərik.

– “Görüşərik, sağlıq olsa”. Lap televiziya aparıcılarının sağollaşmasını xatırladır. Mən tamaşaçı, dinləyici olmaq istəmirəm. Mənə canlı təmas lazımdı. Məni canlı efirə dəvət elə!

– Mütləq edəcəm. Bəlkə gələn həftəsonunda. Baxarıq.

– Svarovskini mən də sevirəm...

– Başa düşmədim...

– Bilirsən, bu gün çox qəribə bir şəkildə hədiyyə aldım. Özünü nə qədər poçtalyona oxşatmağa çalışsa da, kiminsə dost xahişini yerə salmayıb özəl missiyası hər hərəkətindən açıq görünən yaraşıqlı bir “poçtalyon” mənə Svarovski firmasının xüsusi bağlamasında gözəl boyunbağı və dəniz üfüqündə doğan günəş tablosu gətirmişdi. Tablonun arxasında bu sözlər yazılmışdı: “Günəş də hər səhər “sıradan bir gündə” doğur”. Sonra tarix və imza... Bu “poçtolyon”un mənim iş yerimi necə tapmağı da sürpriz oldu. Çünki bunu heç onu göndərən də bilmirdi axı. Səncə, bunu kim göndərə bilər?

– Nə bilim!

– Onda mən deyim sənə... Bunu son aylar həyatıma internet fəzasından girən birisi göndərib. Mən onu nə vaxtsa, dünyanın hansı dənizindəsə doğmuş günəş tablosuna atdığı imzasından və mənim ona dediyim “Ad günləri mənim üçün sıradan bir gündür” sözlərimi özümə qaytarmasından tanıdım... Sən məni heyrətləndirməyi, heyran etməyi bacarırsan. Hələ heç kim bunu sənin kimi edə bilməyib. Boyunbağın aləmdir. Onu sənin boynuma dolanan qolların bilib bağladım. Alışıb yanır. Hər qaşı mənə deyəcəyin sözlərin anonsudur sanki. Bir rəssamın haldan-hala düşən ovqatının min bir çalarıdır elə bil. Onu sinəmdə sən deyib daşıyacam. Tablona isə söz tapmıram yazım. Dəniz sularında barmaq izlərin aydın sezilir, azan səyyahlara yol göstərir sanki. Sən çox istedadlı rəssamsan, dahisən.Günəşə isə sənə baxırmış kimi baxacam hər sabah. Ömrümə təzə doğan günəş kimi. Sənə sevinirəm, mənim əzizim. Təşəkkür edirəm hədiyyələrin üçün.

– Nəhayət, “görüşdük”... Mənim virtual dünyamdakı əziz insan! “Poçtalyon” özüylə Sənin qoxunu gətirdi. Tək qoxunu yox, Sənin ruhunu, özünü gətirdi elə bil. Qayıdanda onun simasında dünyanın ən doğma varlığını gördüm sanki. Qeybdən gələn səs kimiydi, o dünyadan müjdə gətirən mələk üzlüydü o. Bəs necə? Sənin yanından gəlirdi axı...

Hörmət etdiyim kəslərə diqqətli olmağa çalışıram, onları daha çox sevmək istəyirəm, amma mənə öz “eqo”m da əzizdi. Bu da mənim xasiyyətimdi. Ad günündən sonra nə baş verdiyini, Səndəki bu dəyişikliyi, soyuqluğu anlamağa çalışıram. Hiss edirsənmi, son telefon danışmalarımız bir qədər sərt keçir. Könlünə dəyən nəsə etdimsə, hansısa sözüm qəlbinə toxundusa, bunu mənə başqa cür də duydura bilərsən. Bəlkə məni özündən uzaqlaşdırmaqdı qəsdin? Sanki özüm getməyimi istəyirsən, “get” deməyə dilin gəlmir. Bu axşamkı sms-lərim sərt idi, indi bir də oxudum. İnan, bunu qəsdən eləmədim, sadəcə etinasızlığa dözümüm yoxdu. Çünki heç kimə, özəlliklə sevdiklərimə etinasiz ola bilmirəm. Onlardan laqeydlik görəndə isə dəli oluram. Hər an Səni düşündüyümü anlatmaq, hiss etdirmək istəyirəm. Sənin də belə olduğunu bilməyə, duymağa haqqım yoxdumu? Mənə sarı gəl...Məni uzaqlarda axtarma...Çox yaxındayam... Lap pəncərənin dibində, qapının ağzında...

lll

“Sənə sonsuz hörmət və ehtiram hissi duyuram. Bu hisslər nə zaman ehtiyaca dönsə, o saniyədən dostlar siyahısından çıxacaqsan”. Bu gün yazdığın mesajdı bu. Sənin dostlar siyahında olmaqdan fəxr duyuram, ordan çıxmaq nədi, qayalara çapılan ad kimi ismimi qəlbinə yazmağa iddialıyam. Amma “ehtiyac” sözünü niyə belə hörmətdən saldın, bilmirəm. Sənə olan ehtiyacımın miqyasını bilsəydin, əminəm, bu sözə hörmət edərdin. Sənə ehtiyacım var!

Mən bu sözləri Sənin də ciddi ünsiyyətə ehtiyacın olan vaxtı yazıram. Söhbətdən qaçsan da, duyuram ki, ünsiyyətə, danışmağa, ağlayıb boşalmağa ehtiyacın var. Özü də heç vaxt olmayan kimi. Əsl səbəbini bilməsəm də...

Sənə duyduğum ehtiyacın qaynağını bilmirəm. Bir onu bilirəm ki, sənlə söhbətə gələndə elə bil yuyunub gəlirəm, namazdan əvvəl dəstəmaz alanlar kimi. İçimin kiri, pası da təmizlənir. Sənin qabağında ürəyim qat-qat açılır, görünməyən bir künc-bucağı qalmır. Bilirsən, bəzən adam istəmədiyi, xoşlamadığı işlə məşğul olur. Amma əsl faciə odu ki, sən istəmədiyin, xoşlamadığın ömrü yaşayırsan. Bakıda sürətlə uğur qazandım. Çox bağlı qapıları açmağıma xanımımın ailəsi dəstək verdi. Onunla tələbə vaxtı tanış oldum. Çox tez ünsiyyət qurduq, sonra bu, böyük sevgiyə çevrildi. Sosial statusumuz çox fərqliydi. Onun babası məşhur inqilabçılardan olub. Atası respublikada o yüksək vəzifə yox idi, işləməsin. Bir sözlə, ali təbəqənin adamlarıydılar. Onun qohum-əqrabasıyla mənimki tutmurdu. Hamısından zəhləm gedirdi. Mənə yad idilər. Heç birinə fikir vermirdim. Məni yalnız onun sevgisi maraqlandırırdı. O, təkid etməsəydi, dirəniş göstərməsəydi evliliyimiz də baş tutmayacaqdı. Sonra illər keçdikcə onların iradəsi altında yaşadığımı anladım.

Evliliyimizin ilk illəri təlatümlü dövrə düşdü. Doxsanıncı illərin əvvəllərində baş verənlər böyük dəyişiklərdən, ümidlərdən xəbər verirdi. Dəyişiklik oldu – həyatımızın altı üstünə çevrildi. Sonunda doğulduğum şəhər, böyüdüyüm dağ-dərə, ümidində olduğum azadlığı da itirdim. Müstəqillikdən sonra kommunist zümrəsi canharay dönüb demokrat oldu, yenidən ölkəyə yiyələndi. Tək ölkənin yox, elə bizim də taleyimizə sahib oldu...

 

lll

 

Bu gecə gözüm elə hey Səni gəzdi. Gəlmədin ki, gəlmədin. Axtara-axtara qaldım, Səni tapmaq istədim, amma harda axtarım, onu bilmədim!

 

“Görünmədin bir kimsəyə,

Çətin mən də tapım səni.

Qanadım yox uçum göyə,

Göy üzündə tapım səni.

 

Bir buludun üstündəmi,

Göyə qalxan tüstüdəmi,

Məsciddəmi, kilsədəmi,

Hansı dində tapım səni?

 

Mən bu Allahsız ölkədə

Azmışam yolu bəlkə də.

Hansı dalanda, döngədə,

Hansı tində tapım səni?

 

Kim bilir, necəsən, necə!?

Kim bilir, bəlkə bu gecə

Sən idin qapımdan keçən,

Tanımadı qapım səni”...”1

Qaçma məndən, xahiş edirəm!

 

 

Salam, mənim uşaq kimi küsəyən əzizim. Niyə səndən küsüm ki? Ara-sıra məni danışdırmaq üçünmü deyim, ya qıcıqlandırmaqdan ötrümü, düzünü desəm, bilmirəm, amma istənilən halda məndən cavab almaq üçün sərt sözlər göndərmisən mənə. Bunu sənin xasiyyətin bilmişəm. Lakin son iki mesajında artıq ultimatum verib, məni açıq davaya çağırırsan. Sevdiklərimlə dava etmirəm, bu zəif yerimi bilib üstümə hücum çəkirsən!

Sənə olan münasibətim günbəgün dəyişir, daha da dərinləşir. Amma bəzən səbirsiz, dözülməz olursan... Qəlbinə fikir ver, yad duyğular girməsin. Məni axtarmaq lazım deyil, mən yalnız bir yerdəyəm. İssıl-Kul sularında Ayın əksi düşən səhnədəyəm, sən qurduğun səhnədə. Gəlinlik gərdəyində aşiqini gözləyən məşuq kimi gözüm qapıdadır...

Yazmadığıma, demədiyimə baxma! Hərdən elə fikirləşirəm ki, Allahım yaşatdığı acıların əvəzi kimi göndərib səni mənə. Məni fikir xaosundan, acı duyğuların burulğanından qurtarmaq üçün gəlmisən. Həyatımın mənası iki doğmam haqda yazmışdım sənə. Bacım, ərim haqda. Həyatımı mənasız bir insan ömrünə də elə onlar çevirdilər. Təsadüfən onları yataqda tutdum. Sən demə xeyli müddət imiş görüşdükləri. Üzümə gülə-gülə mənə xəyanət elədilər. Ən doğma iki adamı bir gündə itirmək, özü də xəyanətə görə itirmək çox ağır zərbə oldu mənə. Yaşadığım şok məni elə bir quyuya saldı ki, çıxılması mümkünsüzdü. Depressiyam uzun zaman çəkdi. Xəstə yatdım aylar uzunu. Sonra eşitdim ki, İstanbula köçüblər...

Vallah, hiss edirdim ki, həyat bu qıza sərt silləsini çəkib. Bizim gənclik illərimizdə ağıllı, oxumuş, eyni zamanda həyatın acısını dadmış qızların bir obrazı vardı: dərin düşüncəli baxış, bir qədər hüznlü çöhrə, asta yeriş, uzun qara palto və ən əsası, şəvə kimi qara saçlardan aydın seçilən tellər.Çoxları bunu dəb kimi qəbul eləyirdi, birinə yaraşsa da, obirinə yaraşmırdı. Bu obraza şeirlər də yazılırdı. Elə bil belə qadın tipi bizə baltikyanı ölkələrdən gəlmişdi. Mənə elə gəlirdi ki, bu qadın obrazını Raymond Paulsla Alla Puqaçova öz mahnılarıyla birgə yaradıblar. Bilmirəm!

Səndə bu obrazın cizgilərini gördüm. Amma Sən kədərli görünmək istəyən yox, onu yaşayan, keçirdiyi acıları bütün varlığı ilə gizlətməyə çalışan qadınlardansan. Kədər insan qəlbini görən teleskopdu, hüceyrələri görən mikroskop kimi. Mən Səndən gözümü yayındırmıram. O gözlərdən axan acı sellər qəfil oldu deyə, gözlərim onun qəbuluna hazır deyildi bəlkə də. Sənə Sənin acı günlərində rastlaşdım, başa düşmədimsə, bunu laqeydlik bilmə!

Başqalarının acısı uzaq, soyuq olur, sönmüş ulduzlar da belədi. Sənə yaxın gəlib uzağı yaxın eləmək, soyuğu isitmək istəyirəm. Hər şeydən uzaqlaşdığın bir vaxtda tanımadığın, çatda təsadüfən rastlaşdığın birisinin bir-iki ay sicilləmə mesajları Sənin hələ soyumayan, qaysaq tutmayan yarana məlhəm ola bilməz. Bəlkə də usandırıb bezdirər. Mən bunu başa düşürəm. Bir şeyi anladım bu gecə, sənə ərkyana, atmacalı ifadələr yox, isti, ana qucağıtək təhlükəsiz, qayğısız yer lazımdı. Sənə hər şeyi unutmaq lazımdı.

...Sənə qadın olmaq lazımdı. Sənə “işgüzar qadın” yox, sadəcə qadın olmaq yaraşır. Kişini kişi eləyən qadın olduğu kimi qadını da kişi qadın eləyir. Mənim virtual həyatdakı qadınım da belədi. Kəpənək qanadları tək incə, zərif... Sevgisi yolunda Sibirədək gedən Dekabrist xanımları kimi mübariz, vəfalı, aydın düşüncəli və gözəl.

Mən səni belə gördüm, duydum, tanıdım...

Qəlbindəki yaran çox dərindi, bilirəm. Hələ desən, özündə bu qədər güc tapıb ayaqda qalmağına təəccüb də edirəm. Sən bunları mənə yazmaya da bilərdin. Görünür, Sənin etibarını qazanmışam. Yaranı sarımağı bacarmıram, məndə əksinə alınır. Çibanı basıb irini çıxarıram. Çox incitsə də, sonda sakitləşir...

Bilmirəm nə yazım. Mənə elə gəlirdi, artıq sənin üçün tam aydınam. Amma görürəm məni düz anlamamısan. Tənha deyiləm, bilsən qəlbimdə nə böyüklükdə istək daşıyıram... Beynimdə nələr var... Bir bilsən... İnsan sevməyi bacarmalıdır. Yanında olmayanları da, lap tanımadıqlarını belə, yoldan keçəni belə. Bilirsən, səni də sevirəm. Anlaya bilmədiyim fərqli bir hisslə. Və bunu çəkinmədən deyirəm: sənə ehtiyacım yoxdur, amma sən olmasan, üzülərəm... Əslində heç kimə ehtiyacım yoxdur, amma o “heç kimlər” olmasa üzülmərəm. Qollarımı bir də yana açmağı bacararam, qoynuma aldığımı isə daha buraxmaram. Orxideya gülü şikarını tutduğu kimi. Bağrında boğub öldürsə belə buraxmadığı tək. Bunun adı sevgidir, vərdişdir, ya asılılıqdır, daha orasını bilmirəm. Nədir, orxideyanın qurbanımı olmaq istəyirsən!? Çalış müvazinətini itirib ora düşmə... ÖLƏRSƏN!

“Sənə ehtiyacım yoxdur!”   yazırsan. Bunu bildim, amma “heç kimə ehtiyacın olmaması” nə deməkdi?! Dünyada canlı-cansız hər şeyin nəyəsə, kiməsə ehtiyacı var. Yer olmasa, Ay neylərdi? Çoxdan orbitindən çıxıb məhv olmuşdu. Daş daşlığıyla belə torpaqsız heçdi. Heç kimə ehtiyacı olmayan yoxdu. Allahın da kiməsə ehtiyacı var, inan! Bilirsən Allahın kimə ehtiyacı var? Bəndələrə! Ehtiyacı olmasaydı, yaradardımı onları...

“Sevgi”, “vərdiş”, yoxsa “asılılıq”. Bunların yaşı bəşəriyyətin yaşı qədərdi. Həvvanın Adəmə sevgisi vərdişə çevrilmədimi? Belə olmasaydı, onun yadına meyvə düşərdimi heç? Sevginin vərdişə çevrilməməyinin yalnız bir yolu var – ÖLÜM! Ən sadiq sevgi kəpənəyin həyata sevgisidi. Bir gün yaşayır, amma bir günlük ömrünü həyat eşqiylə uçur.

Orxideya çox gözəldi, cəlbedicidi. Bəzən adam elə belə yerdə, Orxideyanın qoynunda, onun ləçəkləri arasında ölmək istəyir. Bundan bəxtəvər ölüm var?

– Salam, əzizim! İnşallah yaxşısan. Bəlkə də məndən inciksən, haqqın var. Son zamanlar məni çox “merak” edirsən, əndişələnirsən mənimçün. Bilirəm, bu, artıq çatda yaranan sıradan bir söhbətin davamı deyil, bu, insanın qəlbində cücərən maraq və o marağın törətdiyi fəsadlardır. Sənə ehtiyacım yoxdur, lakin mənə lazımsan yazmışdım sənə. Bilirsən, adını unutduğum bir xalq var, onlar kişiləri altuna, qadınları isə geyim əşyalarına bənzədirlər. Yəni kişilər istənilən halda, hər zaman dəyərlidirlər, lakin qadınlar əlbisə tək işləndikcə dəyərdən düşürlər. Sən mənim üçün zinət əşyası deyilsən, sən mənim qəlbimdən xəbər verən səssən, sənə ehtiyacım yoxdur, çünki qəlbimdə nə baş verdiyini özüm də bilirəm. Mənə lazımsan, çünki qəlbimdə hələ də sevgi olduğunu unutmağa qoymursan. Həyat hər zaman bizi gözləmədiyimiz anda yaxalayıb zərbəsini vurar, nə qədər zalım olduğunu anladar.

Adəmlə Həvvanın sevgisindən yazdın. Yaxşı ki onun günahını yada salmadın. Axı siz kişilər Həvvanın günahını biz qadınların boynuna biçdiniz. Cənnətdən qovulmanın bədəlini min illərdir bizə ödədirsiniz.

Nəysə, yenə filosofluğa başladım. Məndən inciməmisən?

– Səndən inciməkmi olar?

– Niyə də yox? Sonucda mən də bəndəyəm. Bəndə günahsız olmaz.

– Bəndə olanda inciyərəm. Hələ ki, mələksən.

– Yoxsa sən də cənnətə, onun mələklərinə inanırsan?

– İnanmaq istərdim, amma...

– Dinlərin cənnəti ürəyinə yatmırsa, özün ayrı bir cənnət qur xəyalında... Deistlər kimi Tanrını dindən kənarda görürsən.

– Eynən elə. Tanrıya tapınmaq üçün kiminsə köməyinə ehtiyacmı var?!

– Amma səmavi dinlər öz kitablarında ilahi hökmlərin Allahdan gəldiyini yazır. Bizim dinimiz son göndərişdir, demək, dinlərin ən kamilidir.

– Xristian dini yunan və Roma kimi əzəmətli mədəniyyətin, İslam isə bədəvi ərəb ənənəsi üzərində bərqərar olub. Bu fərqlilik günümüzdə belə özünü aydın göstərir.

– İslamın sərhədləri böyüyəcək, gələcək onundur– onun Quranı var!

– O vaxt mən olmayacam... Mən Tanrını insan yaradan halıyla sevirəm, sonrakı hadisələr mənə maraqlı deyil. Nəysə... Sabah gənc bir dostumun sərgisidi. Maraqlı əsərləri var, bəzilərini görmüşəm. Saat üçdə İçərişəhərdəki qalereyada olacam, gəlsən, sevinərəm. Sonra bir müddət olmayacam. Gələn həftə uzaq bir səfərə çıxıram. Braziliyada beynəlxalq bir sərgidə mənim də rəsmlərim nümayiş olunacaq. Açılışına gedəcəm.

– Səfərin uğurlu olsun. Özündən muğayat ol, mənim tacir dostum, rəsm bazarında qaraçı qız əl uzatsa, heç nə vermə, baxma da, yoxsa sehrinə düşüb orda qalarsan. Qayıt gəl! Qayıdanda mütləq görüşəcəyik. Son kərə söz verirəm! Sənə sözüm olacaq, YALNIZ SƏNƏ! Mənə çox lazımsan!!! İmza: sənə əl açan qaraçı qız!

1 Müəllif Ramiz Rövşəndir.

 

 

Vahid QAZİ

525-ci qəzet.- 2014.- 14 iyun.- S.24-25;31.