Qadınlar zamanın yaddaş cədvəlində-

(davamı)

 

 

Mütləqiyyəti devirən Fransa inqilabının başlanğıcından on il sonra hakimiyyətə gələn Napoleon ölkənin idarə edilməsini yeni relslər üzərinə keçirsə də, qanunları təkmilləşdirib, Fransanı inkişaf etdirib, hərbi qələbələri ilə xeyli şöhrətləndirsə də, bu ölkənin yuxarı təbəqələrinə məxsus olan əxlaq sahəsindəki yazılmamış qaydaları, ənənələri davam etdirirdi. Onun məşuqələrindən ikisi ona oğul da doğmuşdu. Onlardan biri Mariya Valevskaya vətəni Polşanın azad olunmasına nail olmaq naminə Napoleonla yaxınlığa razılıq vermişdi.

Napoleonun özündən altı yaş böyük olan arvadı Jozefina da əxlaq məsələsində sərt qaydaların tərəfdarı kimi çıxış etmirdi. Boşandıqdan və əri öldükdən sonra iki uşağı ilə qalan bu dul qadın Direktoriyanın daimi üzvü olan Barrasa yaxınlaşmışdı. Napoleon yenicə evləndiyi arvadını qoyub İtaliya yürüşünə yollananda Jozefina  vaxtını boş keçirməyib, bir cavan oğlanla eşq macərası yaşamışdı. Misir yürüşü zamanı Napoleon özü bir zabit arvadı ilə yaxınlıq etdiyi vaxt, Jozefina da növbəti xəyanətinə yol vermişdi. Napoleon ailə üzvlərinin təkidi ilə onu boşamaq istəsə də, sevdiyi qadının yalvarışları və göz yaşları onu nəinki bu qərardan çəkindirmiş, hətta daha qızğınlıqla Jozefinanın ağuşuna atmışdı.

XVIII əsrdən başlayaraq Fransada bastard övlad olmaq çox dəbdə idi. Axı onlar asanlıqla var-dövlətə və cəmiyyətdə yaxşı mövqeyə yiyələnirdilər. Lakin bastardlar təkcə taxt-taca varisliyə yaramırdılar. Ona görə də Günəş Kralın – XIV Luinin bastard oğlanları olduğu halda, tacın qanundan kənar doğulmuş övlada verilməməsi qaydasına görə, 1715-ci ildə öləndə sağ qalan oğlu və nəvəsi olmadığından, kral taxtına onun azyaşlı nəticəsi XV Lui oturmuşdu və səkkiz il ərzində dövləti regent kimi Orlean hersoqu idarə etmişdi. Axırıncı da eyş-işrətə iyrənc meyli ilə seçilmiş, bu xüsusiyyəti onu 1723-cü ildə qəbrə sürükləmişdi.

XVIII əsrdə qonşu İspaniyada və İtaliyada da əxlaq qaydalarına riayət edilməsi heç də yaxşı vəziyyətdə deyildi. İtaliyadan başlanğıcını götürən bir dəb İspaniyada da geniş yayılmışdı. Bu dəbə görə, ərli kübar qadınlar öz zümrəsinə mənsubluğunu bildirmək üçün hökmən öz məşuqlarına – çiçisbeylərə malik olmalı idilər. Çiçisbeyi olmayan qadın az qala bədbəxt hesab olunurdu. Çiçisbey onu seçmiş qadını gəzintilərdə və əyləncələrdə müşayiət edirdi. Bu, qadının zövqünün hansı səviyyədə və əhval-ruhiyyəsinin necə olmasına dəlalət edirdi. Çiçisbeyi olmayan qadın yüksək cəmiyyətin mənəvi atmosferini korlayan bir “ağ qarğaya” bənzəyirdi.

ABŞ prezidenti Abraham Linkolnun arvadı Mariya Kentakkinin böyük Todd ailəsindən idi. Toddlar böyük quldar nəsli idi. Amerikanlar Linkolnu nə qədər sevirdilərsə, missis Linkolna o qədər pis münasibət bəsləyirdilər. Öz xarakterinə görə qadın belə münasibətə layiq idi.

Gənc Mariya Todd Sprinqfildə (İllinoys ştatı) gəldikdən sonra Linkolnun uzun müddət ərzindəki siyasi rəqibi, o vaxtlar prokuror olan Stefen A.Duqlas da daxil olmaqla, ona çoxlu elçi düşənlər olmuşdu. Duqlas ona xüsusi aludəçiliklə yanaşırdı. O, sonralar seçkilərdə Linkolna qalib gəlib, senator seçilmişdi. Qız Linkolnla da ilk dəfə bu şəhərdə görüşmüşdü və 1839-cu ildə onlar evlənmişdilər.

Amerikan yazıçısı Qor Vidal “Linkoln” romanında qeyd edir ki, Mariya ərinə vaxtilə onu istəyən Duqlası yada salırdı və deyirdi ki, əgər sənə ərə getməsəydim, onun arvadı olardım.

Vaşinqton heç də birinci ledini hörmətlə qarşılamadı. O vaxtkı mətbuatın yazdığına görə, kobud qərbli qadın olduğundan onu sevmirdilər. O, yaşlı vaxtında bəzi xəstəliklərdən əziyyət çəkirdi, 1863-cü ildə isə karetada qəzaya uğrayanda ciddi yara almışdı.

Mariya paltar almağa, özü də Parisdən gətirilən paltarları almağa çox pul xərcləyirdi, bu isə ərinin xoşuna gəlmirdi. Bir dəfə Ağ ev üçün 7 min dollara aldığı xalçaya görə Linkoln ona narazılığını bildirib demişdi ki, həmin pula müharibədə vuruşan yüzlərlə əsgərə hərbi forma almaq olardı. Onun bədxərcliyi ictimaiyyətin və mətbuatın istehzasına səbəb olurdu.

Prezidentin arvadının kobudluğu və hədyanlığı qısqanclıq anlarında daha dözülməz olurdu. Bir dəfə Prezident generallarla birlikdə ordunun düşərgəsində at üstündə çapırdı. Missis Linkoln da bura gəlmişdi. Palçıqlı çöldə ordu divizyonu səlis addımlarla gəlib keçirdi. Birdən o, böyük bir atın üstündə boylu-buxunlu bir qadını gördü, onun kim olduğunu soruşub əlavə etdi ki, mən düşünürəm ki, qadınların cəbhədə olmaları qadağan edilmişdir. Onu müşayiət edən general Qrantın arvadı ona bildirdi ki, bu, general Qriffinin arvadıdır və onun xüsusi icazəsi vardır. Missis Linkoln əsəbiləşdi: – Prezidentin özündənmi? O, Prezidentlə söhbət eləmişdir? Özəl söhbət? Axı heç bir qadın Prezidentlə heç vaxt təkbətək bir yerdə olmur.

Yaxındakı başqa general söhbətə qarışıb, dedi ki, yox, ona Prezident icazə verməyib, belə icazələri müdafiə naziri verir.

Alayların yanına gələn Prezidenti əsgərlər salamlayırdılar. General Ordun arvadı da Prezidentin yanında at çapırdı. Bu qadın daim cəbhədə öz ərinin yanında olurdu. Mariya bərkdən səsləndi: – O, özünü elə göstərir ki, elə bil ki, mənəm.  Görən o, elə başa düşür ki, onun ərimin yanında olmasından ərimin xoşu gəlir?

Missis Ord onların yanına gəldi, atdan düşüb Prezidentin xanımını salamladı. Mariya yerindən qalxdı və “Sən fahişəsən!” deyib, öz xəyali düşməninə ölümcül zərbə vurdu.

1865-ci il aprelin 14-də, Vətəndaş müharibəsi başa çatandan beş gün sonra Vaşinqtonun Ford teatrında axşam aktyor But lojada arvadının yanında oturan Abraham Linkolnu tapançadan atılan atəşlə ölümcül yaraladı və sabahısı günü Prezident öldü və artıq tarixə məxsus oldu.

Prezidenti xəbərdar etmişdilər ki, teatrdan və başqa bir ictimai yerdən kənarda qalsın, çünki ona sui-qəsd ola bilər. Ona görə də o, həmin axşam evdə qalmağı məsləhət gördü. Lakin arvadı məşhur aktrisanın son tamaşası olduğunu bəhanə gətirib, ərini teatra getməyə məcbur etdi və bu əyləncə belə dəhşətli faciə ilə nəticələndi.

Onların dörd oğlu olmuşdu. Üçü gənc yaşlarında ölmüş, təkcə biri anasının ölümünü  görmüşdü.

  

Rusiya qadınları

  

Rusiyanın tarixində də onu şərəfləndirən qadınlar olmuşdur. Onlardan birincisi və əməllərinin miqyasına görə daha böyük olanı imperatriça II Yekaterinadır. Təsadüfi deyildir ki, onu Böyük Yekaterina adlandırırdılar. O, böyük Pyotrdan sonra Rusiyanı qüdrətli dövlətə çevirən, Avropa sivilizasiyasına qovuşduran, mədəniyyətini, elmini inkişaf etdirən ən fərasətli dövlət rəhbəri olmuşdu.

16 yaşlı alman printsessası Sofiya Frederika Avqusta (Rusiyada o, Yekaterina adını qəbul etdi) imperatriça Yelizavetanın qohumu olan, gələcəkdə III Pyotr adı altında imperator olacaq Böyük Hersoq Pyotra ərə getdi. Tezliklə bu qız əri Pyotrdan uzaqlaşdı, bir çox saray biabırçılıqlarının iştirakçısına çevrildi. 1762-ci ildə imperator III Pyotra törədilən qəsddən sonra taxt-taca qalxdı. Öz məşuqu Qriqori Orlovun və digərlərinin köməyi ilə ərini taxt-tacdan devirmiş, həm də əri qətlə yetirilmiş və Yekaterina özünü imperatriça elan etmişdi.

Onun hökmranlığı dövründə təhkimçilik inkişaf etmiş, kəndlilər arasında yoxsulluq artmışdı. Lakin iri işğallar hesabına imperiyanın sərhədləri də xeyli genişlənmişdi. II Yekaterina, Osmanlı türkləri ilə qələbələrlə müşayiət olunan iki müharibə aparmış, onlardan birinin nəticəsi hesabına Krım yarımadasını anneksiya etmiş, həmçinin Qara dəniz ətrafındakı ərazilərə, Şimali Qafqaza, Qərbi Ukraynaya və Qərbi Belorusiyaya, Litva torpaqlarına yiyələnmişdi.

II Yekaterina, siyasətçi və dövlət xadimi kimi böyük istedada malik idi, dövlətin mövqeyini möhkəmləndirmək üçün hər şeyə gedirdi. Keşişlərin mülkiyyətini əllərindən almışdı. Polşanın üç dəfə bölünməsinə (1772, 1793, 1795-ci illərdə) nail olmamışdan əvvəl 1764-cü ildə öz məşuqu Stanislav Ponyatovskini kral kimi Polşa taxt-tacına yerləşdirmişdi. O, Yemelyan Puqaçovun və kazakların üsyanını yatırtmışdı. Azad kəndliləri təhkimçiliyə keçirməklə, onların sayını xeyli azaltmışdı.

Türklərlə son müharibədə öz xeyrinə Yassı müqaviləsini bağlamışdı. Milliyyətcə alman olmasına baxmayaraq, özünün rus xalqına mənsub olduğunu daim vurğulayırdı.

II Yekaterina nimfomanka (qadınlarda xəstəlik kimi cinsi əlaqəyə şiddətli həvəs nimfomaniya adlanır) olmaqla, kişilərlə intim yaxınlığa çox can atırdı. Onun əxlaq pozğunluğu barədə söhbətlər, əhvalatlar dillərə düşmüşdü. Onun ömrü boyu 12 rəsmi məşuqu olmuşdu, onlardan bəzilərindən (Qriqori Orlovdan və Qriqori Potyomkindən) öz məqsədlərinə çatmaq üçün məharətlə istifadə edirdi, həmin adamlarla sonralar dostcasına əlaqəsini də kəsmirdi. Özünün izafi əxlaq pozğunluğu faktı inkar edilməsə də, bu cəhət həm də ona bəslənən paxıllıqdan şişirdilə bilərdi.

Bəzi rus qadınları II Yekaterina kimi təkcə dövləti idarə etməkdə deyil, həm də ailə borcuna sədaqət göstərməkdə də nadir sayıla bilən davranış nümunələri göstərirdilər. Ləyaqət və ailə sədaqəti rəmzinə çevrilən Zinaida Volkonskaya və Yekaterina Trubetskaya bu məsələdə xüsusilə fərqlənmişdilər. 1825-ci ildə dekabristlər üsyanı yatırıldıqdan sonra onun liderlərindən beş nəfəri edam edildi, yenicə taxta çıxmış çar I Nikolay digər fəal iştirakçıları isə uzaq Sibirə sürgünə göndərdi.

Sergey Qriqoryeviç Volkonski və Sergey Petroviç Trubetskoy Zabaykalyeyə sürgün edilmişdilər. Onların hər ikisinin cavan arvadları ağır iqlim şəraitində faytonla uzaq səfərə çıxmış və ərlərinə qovuşmuşdular. Paytaxtda varlı, rahat şəraitdə yaşayan bu qadınlar sürgün həyatında dəhşətli əzablarla üzləşsələr də, öz hərəkətlərindən peşiman olmamışdılar. Onlar əslində mifdə deyil, real həyatda ərlərinə Medeya sədaqəti və qeyri-adi iradə, cəsarət nümayiş etdirmişdilər, mifik qəhrəmandan fərqli olaraq heç kəsə qarşı qəddarlıq, rəhmsizlik də göstərməmişdilər.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 14 iyun.- S.23.