Həyat özü bir kinodur  

 

 

 

Məşhur fransız aktyoru və rejissoru, əslən azərbaycanlı olan Rober Osseyn son zamanlar iki dəfə Azərbaycana gəlib. Sənətkar burada keçirdiyi görüşlərdə, etdiyi söhbətlərdə  ölkəmiz haqqında xoş fikirlər söyləyib. “İftixar və fərəh hissi ilə, bu ölkənin övladı kimi qeyd etmək istəyirəm ki, mən hər ikisi vətənim olan iki ölkə arasında böyük dostluğu təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə – Fransada anadan olmuşam. Həmçinin, qibtə etdiyim ölkənin – Azərbaycanın oğluyam” – deyən R.Osseyn Bakını, Azərbaycanı özünə doğma saydığını vurğulayıb, bu bağlılığın bir təzahürü kimi oğlu Pyerin tarda ifasını da nümunə kimi önə çəkib. R.Osseynə həsr olunan bu geniş məqaləni, onun şəxsiyyəti və sənəti barədə nisbətən geniş təsəvvür yaradacağı ümidi ilə, oxuculara təqdim edirik

Paris dünyanın ən gözəl, füsünkar şəhərlərindəndir. Paris həm də ona görə gözəl və füsünkardı ki, o, dünya mədəniyyətinə  əvəzsiz sənət nümunələri, görkəmli sənət ulduzları bəxş edib. Məşhur kinoaktyor, rejissor Rober Osseyn də belə ulduzlardan biridir.   

1985-ci ildə Rober Osseynlə Beynəlxalq Moskva kinofestivalında rastlaşdım. O vaxt yaradıcılığının kamilləşmə dövrü yaşayırdı, 58 yaşındaydı. Daim diqqət mərkəzində olduğu hər an gözə çarpırdı. Onu həmişə  Rusiya kino elitasının, dünyanın tanınmış rejissorlarının, aktyorların əhatəsində görmək olurdu. Moskva bu böyük sənətkarın simasında ən hörmətli qonaqlarından birini görürdü. Rəsmi görüşlərdə, ziyafətlərdə ona fəxri yerləri göstərirdilər.

Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi “Sarışınlar sahili” filmindəki rolu ilə başlayıb. Qamətli, sərt sifətli, çılğın baxışlı gənc – o, kino həvəskarlarının yadında beləcə qalıb. Hər şeydən əvvəl, Roberi tamaşaçılara sevdirən onun istedadı, təbii oyunu, ustalıqla yaratdığı maraqlı ekran qəhrəmanlarıdı. Hansı mövzulu filmlərdə çəkilirsə-çəkilsin, Rober öz qəhrəmanlarını sevməyi və sevdirməyi bacarır. Yaradıcılığı həmişə kino həvəskarlarının diqqət mərkəzində olub. Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır və sənətkarın bizdən ötrü bir özəlliyi  budur ki, damarlarında azərbaycanlı qanı axır.

Rober Osseynin yaradıcılığına nəzər yetirəndə görürük ki, onun sənətə gəlişi təsadüfi olmayıb. Əvvəla, ona görə ki, Rober sənətçi ailəsində dünyaya göz açıb. Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb, Paris həyatına qaynayıb-qarışmaqdan ötrü Andre Osseyn adını götürüb.

Əslən səmərqəndli, milliyyətcə azərbaycanlı olan Əminulla Hüseynov Moskvaya köçəndə bəlkə özü də bilmirdi ki, onu qarşıda mühacir həyatı gözləyir. Moskvada çox yaşamalı olmur, təhsilini davam etdirmək üçün Almaniyaya göndərirlər. Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra vətənə qayıtmayan Əminulla Berlində yəhudi əsilli pianoçu Anna Minevskaya ilə tanış olur və onunla evlənir. Yeni evlənənlər bir neçə aydan sonra Parisə köçürlər. İlk baxışdan qayğılardan uzaq və röyalar şəhəri kimi görünən dəbdəbəli Paris həyatı gənc ailəni elə də gülərüz qarşılamır.

1927-ci il dekabrın 30-da Əminulla Hüseynov və Anna Minevskayanın övladı dünyaya gəlir, adını Rober qoyurlar. Roberin uşaqlıq çağları qayğı içərisində, olduqca çətin keçib. Ailənin maddi durumu ağır idi. Əminulla Hüseynov restoranlarda ifaçılıq eləyir, həyat yoldaşı Anna isə rus mühacir teatrında səhnəyə çıxırdı. Əlbəttə, bütün bu səylər ailəni maddi çətinliklərdən qurtara bilmirdi. Valideynləri məktəb haqqını ödəyə bilmədiklərindən balaca Rober oxuduğu pansionları dəfələrlə dəyişməli olurdu. O özü Fransada doğulsa da, ata-anasının simasında mühacir həyatının nə demək oluğunu aydın görürdü. Roberin təhsildə elə də uğurları olmayıb. Dərsdən yayınıb tənhalığa çəkilməyi, bir kənarda oturub həyətdə, küçədə baş verənləri, insanları müşahidə etməyi sevirdi. Bəlkə də, sonradan onu sənətə gətirən məhz müşahidə qabiliyyəti olub. O, insanları düşündürən problemlərə, onların hiss və qayğılarına biganə deyildi, ona görə ki, Roberin özü də bu qayğıların içində böyüyürdü. Aktyor öz keçmiş həyatı haqda danışaraq deyir: “Anam Anna Minevskaya mühacir teatrının aktrisası idi və demək olar ki, mən teatrda böyümüşəm. Anam məni mehmanxanada dünyaya gətirib, adi Paris mehmanxanasında. Maddi çətinlik ucbatından valideynlərim məni lap kiçik yaşlarımdan pansiona veriblər. Yadımdadır ki, on pansion dəyişmişdim, çünki təhsil haqqını ödəyə bilmirdik və məni bir pansiondan digərinə göndərirdilər. Anamın mənə dua etmək və şeir əzbərləməyi öyrətməsi də yaxşı yadımdadır. Anama minnətdaram, o, ən adi şəraitdə belə səliqə-sahman, rahatlıq yaratmağa çalışırdı. Düz on beş il Parisin kasıb məhəlləsindəki evin çardağı altında yaşadıq. Anamın bişirdiyi kotletin, borşun ətrini indi də xatırlayıram. Biz çox kasıb idik. Mən hədiyyənin, oyuncağın nə olduğunu bilmirdim. Pansionda oxuyanda baxırdım ki, valideynlər öz uşaqlarına sovqat gətirirdilər. Elə bilirdim ki, onlar xəstədirlər, ona görə onlara sovqat gətirirlər. Mən isə sağlam idim, mənə heç nə gərək deyildi. Kasıblığıma görə heç də qüssələnmir, heç kimə həsəd aparmırdım... Mən valideynlərimə deyəndə ki, aktyor olmaq istəyirəm, onlar bu xəbərə sevindilər – yəni ailədə daha bir nəfər qazanc gətirəcəkdi...”   

Roberin sənətə olan həvəsi getdikcə artırdı. Öz yolunu dəqiqləşdirmək vaxtı çatmışdı. Dram dərnəklərində məşğul olması, məşhur Rene Simon kursunu bitirməsi və “Qran qinol” teatrında çıxışları onun sənətdə atdığı ilk addımlar idi. Əlbəttə, gənc Rober yaxşı bilirdi ki, şöhrət adama birdən-birə, heç də asanlıqla nəsib olmur. Şöhrətə aparan yolun enişi-yoxuşu var və bu yolun yolçusu sınaqlardan çıxmalıdır, öz üzərində işləməli, çalışmalıdır.

O, Rene Simon kursunda aktyorluqla yanaşı, rejissorluq təcrübəsinə də yiyələnmişdi. Ümumiyyətlə götürəndə, Rene Simon məktəbi çox gəncin həyat yoluna, yaradıcılığına yaşıl işıq yandırıb, bu kursu bitirənlərin çoxu sonradan Fransanın tanınmış teatr və kino sənətkarı kimi yetişmiş, məşhurlaşmışdı.

İlk dəfə ekrana çıxanda Rober 21 yaşındaydı. Əlbəttə, onun Can Deplaunun “Suvenir” filmindəki debütü uğurlu sayıla bilməzdi, odur ki, o heç nəylə yadda qalmadı. Təcrübəsizlik istər-istəməz özünü göstərirdi, özgə cür ola bilməzdi. Başlıcası buydu ki, Rober ruhdan düşmürdü, o özünə inanırdı, məhz bu inamın nəticəsiydi ki, 1954-cü ildə daha bir filmdəki oyunuyla sözünü deyə bildi, fransız kinosu Rober Osseynin simasında yeni bir istedadı aşkar elədi. Kino tənqidçilərinin onun haqqında yazdıqları ümidverici məqalələr gənc Roberdə böyük ruh yüksəkliyi yaradırdı. O öz ampluasında maraqlıydı və enlikürək, qədd-qamətli, sərt çöhrəli gənci tamaşaçılar daha çox mənfi rolların ifaçısı kimi, mənfi auralı bir aktyor kimi qəbul edirdilər. O, təhlükəli cinayətkar, quldur və məkrli insan rollarını özünəməxsus bir ustalıqla oynayırdı. “Düsseldorflu vampir” adlı psixoloji-kriminal dramındakı Pyotr Kurten də məhz belə obrazlardandır. Rober Osseyn tamaşaçı sevgisini bu yolla qazandı, ürəkləri bu yolla fəth elədi. O, tamaşaçı sevgisini seyrçilərdə oyatdığı nifrətdən qazanırdı.

Mənə elə gəlir ki, Rober Osseynlə məşhur Misir kinoaktyoru Ömər Şərifin yaradıcılğı arasında hardasa bir paralellik tapmaq olar. Hər ikisinin sənətə gəlişi təxminən bir dövrə təsadüf edir, ikisi də böyük ekrana həvəskar dram dərnəyindən gəlib. Rober Osseyn də, Ömər Şərif də filmdə birlikdə çəkildikləri aktrisa ilə evləniblər və hər ikisinin ilk evliliyi uzun sürməyib. Onların zahiri görünüşlərində də bir bənzərlik sezilir, ikisi də qamətli, sərt sifətlidir. Ömər Şərifin “Makkenanın qızılları” filmindəki məkrli, qəddar quldur Kolorado obrazı Rober Osseynin Pyotr Kurteninə mahiyyətcə çox yaxındır. Bu iki məşhur sənətkarın həyat yollarında fərqliliklər də var. Rober Osseyn dördüncü dəfə ailə qurub, dörd oğul atasıdır. Ömər Şərif isə ecazkar aktrisa Faten Hamamadan sonra bir daha evlənməyib, yeganə oğlu Tariqlə Qahirədə yaşayır. Maraqlıdır ki, Ömər Şərifin də həyat və yaradıcılığı Fransa ilə bağlı olub, bir müddət Parisdə yaşayıb, filmlərdə çəkilib. İstər kinoda olsun, istərsə də, bu iki sənətkarın yaradıcılıq əlaqələri barədə heç bir məlumata rast gəlməmişəm. Kim bilir, eyni aktyor ampluasına malik, bir-birinə hardasa bənzəyən, hardasa bənzəməyən bu sənətkarlar bəlkə də özlərini yaxın həmkardan daha çox rəqib görüblər...  

İlk uğurlu filminin ekranlara çıxdığı vaxtdan bir il sonra, 1955-ci ildə Rober Osseyn özündən on yaş kiçik olan gənc aktrisa Marina Vladiylə evlənir. Marinanın anası Militsa Envald balerina, atası Vladimir Polyakov isə müğənni idi. İki ailənin qohumlaşmasında təbii ki, ailə üzvlərinin peşə yaxınlığı öz rolunu oynamamış deyildi.

Bu evliliyin fransız kinosuna nə verəcəyini mətbuat çək-çevir eləyir, tənqidçilər təzadlı fikirlər söyləyirdilər. Əslində, bu təbii idi, sənət adamlarının həyat və yaradıcılığında evlilik öz təsirini göstərməyə bilmir. Həm Rober Osseynin, həm də Marina Vladinin yaradıcılığına nəzər salanda belə qənaətə gəlmək olur ki, onların evliliyi sənətə yeni bir aktyor dueti bəxş eləyib və bundan fransız kinosu qazanıb. Belə götürəndə, onları birləşdirən də elə kino olub. Onlar evdə ər-arvad, çəkiliş meydanında isə hansısa əsərin bir-birini dəlicəsinə sevən personajları idilər.

Mən Rober Osseynin ekran əsərlərindən çox-çox əvvəl Marina Vladinin oynadığı filmi görmüşəm. Fransız kinematoqrafçılarının Kuprinin “Olesya” əsəri əsasında çəkdikləri “Cadugər qız”a uşaq vaxtı baxmışam. Film maraqlı bir ekran əsəri kimi yadda qalmaqla yanaşı, Kuprini bir daha bizə sevdirdi, sinfimizdə o yazıçını tanımayan, oxumayan şagird yox idi.

Marina Vladi öz həyat yoldaşı ilə birlikdə bir neçə filmə imza atmış, uğurla çəkilmişdi. Rober Marinanı özünün ilham pərisi sayırdı. Evlilikləri barədə Osseyn belə deyir: “Mən Marinanı ilk dəfə görəndə onun on beş yaşı vardı, balet məktəbində oxuyurdu. Məndən on yaş kiçik idi. Otağımın divarlarını onun şəkillərilə bəzəmişdim. O, adamın ağlını başından çıxaracaq dərəcədə gözəl, alagöz, nərmənazik qız idi. Onda mən “Yaramazlar cəhənnəmə gedirlər” adlı ilk filmimi çəkməyə hazırlaşırdım. Marinanı baş rolda çəkilməyə dəvət elədim, razılaşdı. Çəkiliş meydançasından isə bizim məhəbbətimiz başladı... Onu da deyim ki, ilk görüşümüzdə hiss edirdim ki, mən Marinanın xoşuna gəlməmişəm. Bunu onun özü də etiraf etdi, dedi nahaq yerə cəhd eləmə, sən mənim zövqümdə deyilsən. Sənin arvadın olmağımı istəyirsənsə, qaşıqla okeanın suyunu boşaltmalısan. Dedim razıyam. Xoşbəxtlikdən okeanı qurutmağa ehtiyac qalmadı, iki il sonra Marina mənim həyat yoldaşım oldu”. Onların cəmi dörd il sürən evliliyindən iki oğulları dünyaya gəldi – İqor Haitidə mirvari yetişdirməklə məşğuldur, Pyotr isə gitara ifaçısıdır, Fransanın cənubunda yaşayır.

Rober deyir: “Biz Marinagildə – Polyakovlar ailəsinin böyük evində yaşayırdıq. Polyakovlar ailəsi rus zadəgan məişətini Parisdə də yaşadırdılar: samovar ətrafında çay içib söhbət etmək, müxtəlif oyunlar oynamaq... Marina bu cür həyatdan, valideynlərindən, bacılarından ayrılmaq istəmirdi, mən isə, necə deyərlər, kolxoz həyatı yaşaya bilmirdim. Tez-tez söz-söhbət düşürdü. Ayrılmalı olduq, hətta iki körpə uşağımızın olması belə bunun qarşısını ala bilmədi... Bizim həyatımız xoşbəxt olmadı. Ayrılığımız mənə də, Marinaya da çox ağır idi. Marinanı ürəkdən, hədsiz məhəbbətlə sevirdim. Onun mənə həqiqi münasibəti necəydi, bu, indiyədək məndən ötrü bir müəmma, sirr olaraq qalır. Oğlanlarımız Parisə gələndə biz hamımız hökmən görüşür, bir yerə yığışırıq. Marinanın sonrakı taleyi də elə gətirmədi, Vladimir Vısotski ilə evliliyi oldu, onun dalınca isə professor-ankoloq Leon Şvarsenberqlə eşq macərası gəldi... Bilirsiniz, heç nəyə baxmayaraq, sizə yaxın olmuş qadınları qiymətləndirmək, onların hörmətini saxlamaq gərəkdir...”

Qəribə təsadüfdür, Roberin ikinci arvadı əslən bakılı olan kinoprodüser Anatoli Elyaşevin qızı Karolina olub. Karolina Roberdən az qala iki dəfə cavan idi. Rober həyat yoldaşını çox sevsə də, bu evlilik də uzun sürməyib. Bir övladları olub, adını Nikola qoyublar. Nikola da atasının yolunu tutaraq aktyorluq sənətinə yiyələnib. Roberin evləndiyi dörd qadından yalnız Karolina incəsənətlə bağlı deyildi. Osseynə daha bir oğlan övladı bəxş etmiş dördüncü arvadı Kendis Patu ilə 40 ildir ki bir yerdədilər. Söz düşəndə, Rober deyir ki, bu illər bəzən mənə əbədiyyət təki görünür. Bir də buna məəttəl qalıram ki, arvadım mənim şıltaqlığıma necə dözür?..

Sovet tamaşaçıları Rober Osseyni Marina Vladidən çox sonra tanıdı. “Hökm”, “İkinci həqiqət” Roberin sovet prokatında göstərilən ilk filmləriydi. 1964-cü ildə ekranlara çıxan, Ancelikanın sərgüzəştlərindən bəhs edən melodramdakı qraf de Peyrak obrazıyla isə o, tamaşaçıların sonsuz sevgisini qazandı və daha çox bu roluyla yadda qaldı.

Rejissor Bernar Borderi bu filmi Anna və Serc Qolonun yazdıqları “Ancelika” romanı əsasında çəkib. Bernar əsəri ekranlaşdırmaq fikrinə düşəndə baş rolda məhz Roberi görürdü və çəkilmək üçün aktyoru çox dilə tutmalı oldu. Yox, Osseyn özünü dartmırdı, sadəcə, əsərdəki qəhrəmanın zahiri görünüşü ürəyincə deyildi, o çox çirkin idi. Filmin yaradıcı kollektivi Roberi yola gətirməkdən ötrü onun tələblərilə razılaşmalı oldular, qrim ustaları, necə deyərlər, obrazın sir-sifətinə əl gəzdirdilər: qəhrəmanın üzündəki çapığı nisbətən kiçiltdilər, belinin donqarını isə ümumiyyətlə yığışdırdılar. Coffrey de Peyrak obrazıyla aktyor mənfi auradan çıxmağı bacardı və sübut elədi ki, müsbət xarakterli obrazları da ustalıqla canlandıra bilmək əzmindədir. Mətbuatda onun bu rolunu aktyorun kino yaradıcılığında zirvə adlandırırdılar və aktyorun özü də buna böyük önəm verirdi. Müsahibələrindən birində deyir: “Mən qəbrimin baş daşında özümün yox, Coffrey de Peyrak obrazının əksinin çəkilməsini istərdim...” Edamdan yaxa qurtaran qraf de Peyrak öz sevgisi uğrunda əzmlə, qorxub çəkinmədən mübarizə aparır və subut edir ki, Ancelikanının məhəbbətinə layiqdir. Bu film az qala fransızların idealına çevrilib. Deyirlər əgər kinematoqraf olmasaydı, təkcə “Ancelika”ya görə onu kəşf etməyə dəyərdi. Ancelikanı tanınmış aktrisa Mişel Merse oynayır. Mişel öz rolunun öhdəsindən bacarıqla gəlmişdir. Rober onun oyununu belə xatırlayır: “Mişel intim səhnələrdə çəkilməkdən xoşlanmırdı, məndən, rejissor və operatordan savayı hamını otaqdan qovlayırdı. Nə gizlədim, açıq-saçıq səhnələrin çəkilişində biz uşaq kimi xəlvətcə ona baxmaqdan özümüzü saxlaya bilmirdik...”

Mişel hələ gəncliyindən çoxlarının ürəyini yaralamışdı, ona vurulanlar çox idi. Deyilənə gərə, İran şahı Məhəmməd Rza Pəhləvi də aktrisanın dərdindən dəliymiş. Mişel Mersenin Roberlə eşq macərası yaşadığı barədə də dedi-qodular gəzirdi. Amma Osseyn bütün bunları rədd edərək demişdir: “Bunlar hamısı şayiədir. Bizim aramızdakı məhəbbət romanı, çılğın ehtiras yalnız ekranda baş verib, biz rolda sevgiliydik, həyatda yox. Ecazkar Mişellə tərəf-müqabil olmaq hər bir aktyorun arzusu idi. “Ancelika”nın çəkilişi vaxtı o artıq ərdə idi və deyim ki, bu gözəl qadın ona başqa gözlə baxmağa imkan da vermirdi...”

Film yalnız Fransada deyil, dünyada səs saldı. Bundan ruhlanan  yaradıcı kollektiv növbəti seriyaları çəkməklə məşğul oldu. Film sovet prokatında, səhv etmirəmsə, 69-cu ildə göstərildi və nədənsə serialın nümayişi üçüncü filmdən – “Ancelika və karol”dan başladı. Bakı kinoteatrlarındakı növbələri indiki nəsil, yəqin ki, təsəvvürünə gətirə bilməz. Bu film biz tələbələrə – gələcəyin filoloqlarına fransız ədəbiyyatını bir daha sevdirdi. Avropa ədəbiyyatı tarixindən dərs deyən, fransızcanı ana dili kimi bilən həlim xasiyyət Litvinovun maraqlı mühazirələrini heç kim buraxmırdı.  Bunu da deyim ki, o vaxtlar Robber Osseyn SSRİ-də elə də tanınmırdı və onun əslən azərbaycanlı olduğu haqda məlumatı olanlar bəlkə də yox idi.  

Çoxseriyalı film baş rolların ifaçılarına böyük şöhrət qazandırsa da, bu ekran əsərindən sonra Roberdən fərqli, Mişel Mersenin karyerasında bir qədər sönüklük sezilməyə başladı. Sanki rejissorlar onun simasında Ancelikadan savayı başqa obraz görə bilmirdilər. Tamaşaçılar isə başqa şey gözləyirdilər, elə bilirdilər ki, sevimli aktrisayla hələ çox filmlərdə görüşəcəklər. Doğrudur, çəkiliş dəvətləri başından tökülməsə də, az-çox vardı. Ona təklif edilən qonorarlar da yavaş-yavaş azalmaqdaydı. Tərəf-müqabili Roberinsə yaradıcılığı, necə deyərlər, çiçəklənməkdəydi. Bu günədək o, səksəndən çox ekran əsərində çəkilib, bəzilərinin rejissoru da özüdür. Ümumiyyətlə götürəndə isə, Roberin yaradıcılığı çoxsahəlidir, yalnız kinoda deyil, teatrda da uğurları çox olub. Kinoda olduğu kimi, onun səhnə qəhrəmanları da tamaşaçılara doğmadı, yaxındı. İstər ekranda olsun, istərsə də teatrda, Osseyn qəhrəmanlarının simasında fransızlar özlərini, öz həyatlarını görürlər və aktyora olan hədsiz hörmət, sevgi də məhz bundan qaynaqlanır. Hər halda, bu iki sənət növünün, sənət dünyasının özünəxas tələbləri, xüsusiyyətləri var. Bəzən belə də olur ki, teatr aktyoru kinoda gözlənilən səviyyəyə qalxa bilmir, yaxud da əksinə, kino aktyorunun oyunu səhnədə o qədər də uğurlu alınmır. Rober Osseynin özünün hansı sahəyə üstünlük verdiyini müəyyən etmək asan deyil. Kimisi onu daha çox kino aktyoru, kimisi isə teatr sənətçisi kimi qəbul edir. Son illər teatr rejissorluğuna daha çox yer verən Rober, yalnız fransız dramaturqlarının deyil, dünya klassiklərinin əsərlərinə də dönə-dönə müraciət edir. Osseyn klassik yazıçılardan  Şekspir, Dostoyevski, Edqar Po və digərlərinin ədəbi qəhrəmanlarını fransız səhnəsinə gətirib. O, 1970-ci ildən başlayaraq doqquz il Reymsdəki Milli Xalq teatrının rəhbəri olub. “Yuli Sezar”, onun ardınca “Leon xidmətçisinin işi”, “Səfillər”, “İsus adında insan” və dikər əsərlərə səhnə quruluşu verib, bu quruluşlar maraqla qarşılanıb. Parislilər əl çalmaqda o qədər də əliaçıq deyillər, Rober Osseynin qoyduğu tamaşalarda isə onlar aktyorları ayaq üstə alqışlamağa xəsislik etmirlər.

Teatr rejissoru kimi hadisələrə onun öz baxışı, öz münasibəti var, aktyor seçimində də yanaşma tərzi fərqlidir. Bir də görürsən, çox məşhur bir əsərə tanınmamış, təcrübəsiz aktyoru dəvət edir. Peşəkarlıq hissiyyatı Roberi heç vaxt aldatmır, ilk dəfə səhnəyə çıxardığı gənclər rejissorun ümidini doğruldurlar. Əlbəttə, bir qayda olaraq, teatrlar tanınmayan, populyar olmayan aktyorlarla kontrakt bağlamağa həvəsli deyil. Bu halda Rober öz cibindən vəsait ödəməkdən belə çəkinmir. Roberin ekrana, səhnəyə gətirdiyi mövzular müxtəlifdir: onu insanların taleyi düşündürür, onların haqlarından, hüquqlarından, arzu və istəklərindən, həyatda qarşılaşdıqları problemlərdən söhbət açır. Uşaqlıq illəri kasıblıq içində keçdiyindən bu problemlər recissora yaxşı tanışdır və o, yaxşı bilir ki, problemlər dünən də olub, bu gün də var, bundan belə də olacaq.

Rober Osseynin sənətə gəlişinin təkcə Fransada deyil, dünya kinosunda neorealizmin formalaşdığı bir dövrə təsadüf etməsi onun sonrakı yaradıcılığına təsir göstərməyə bilməzdi. Aktyorun fikrincə, sənət insanlara yalnız əylənmək üçün deyil, onları düşündürmək, onlara yol göstərmək, adamlarda sabahkı günə inam oyatmaq üçün lazımdır. Təəssüf ki, bu gün belə düşünənlərin, sənətin cəmiyyətdəki yerinə, roluna bu cür önəm verənlərin sayı getdikcə azalır. Dünyada şoulara, səs-küylü oyunlara, bayağı əsərlərə, tamaşalara meyl getdikcə artır. Bu isə mənasızlığa, daha açıq desək, mənəviyyatsızlığa aparır. Ürək ağrısıyla eyni sözləri öz ölkəmizdəki bəzi televiziya proqramları, bəzi filmlər, tamaşalar, bədii əsərlər haqqında da söyləmək olar.

2013-cü ilin oktyabrında Robber Osseyn 86 yaşında ilk dəfə Bakıya gəldi. Növbəti səfəri isə lap bu yaxınlarda gerçəkləşdi. İnsanlar bu yaşda gözməyə, uzaq səfərlərə çıxmağa o qədər də meylli olmurlar. Bu gecikmiş səfərə görə aktyoru qınamaq doğru alınmaz, bu, daha çox bizim təqsirimizdir. Yenə sağ olsun ki, gəldi, özünü vətəndə hiss etdiyini dönə-dönə dilə gətirdi.

Dünyaşöhrətli belə bir sənətkarı daha yaxından tanımaqda, onun yaradıcılığını dərindən öyrənməkdə fayda var və unutmamalıyıq ki, Rober Osseyn bizə bir köynək də yaxındır, damarlarında azərbaycanlı qanı axır.

 

Kamil Əfsəroğlu

525-ci qəzet.- 2014.- 14 iyun.- S.18-19.