Qarabağ xanlığının
bayrağı: bu haqda nə bilirik?
Azərbaycanın
zəngin milli dövlətçilik tarixinin ən mühüm mərhələlərindən
biri də xanlıqlar dövrüdür. Xanlıqların
dövlət atributlarını müəyyənləşdirən
simvollar (rəmzlər) arasında taxt, tac, möhür,
qılınc, pul vahidi, bayraq,
döyüş bayrağı, bunçuk və tug
mühüm rol oynayırdı. Bu atributlar
arasında bayraqlar mühüm yer tutur. Hər bir bayraq həm
də, mənsub olduğu dövlətin coğrafi məkanı,
təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün,
dünyagörüşünün miqyası
haqqında məlumat məcmuəsidir.
Müasir Azərbaycan tarixşünaslığında milli
dövlətçilik və onun atributları ilə
bağlı bir sıra dəyərli tədqiqat əsərləri
nəşr olunsa da, hələ də bu sahədə öz həllini
gözləyən bəzi məsələlər var. Sovet
hakimiyyəti illərində Azərbaycan
xanlıqlarının bayraqlarına düşməncəsinə
münasibət bəslənilməsi nəticəsində
onlar itib-batıb, yaxud muzeylərin məxfi fondlarında gizlədilib.
Məhz bu səbəbdən, P.Gözəlovun “Azərbaycan
xanlıqlarının bayraqları dövlətçilik
tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində,
Bakı, 2010) adlı monoqrafiyasında qeyd edildiyi kimi, təəssüf
ki, Qarabağ, Naxçıvan, Şamaxı, Dərbənd, Quba və digər
Azərbaycan xanlıqlarının dövlət
bayraqlarının axtarışı lazımi səviyyədə
aparılmadığından indiyədək tapılmayıb.
Bu gün Azərbaycan tarixşünaslığında
Qarabağ xanlığının bayrağı kimi respublika
ictimaiyyətinə təqdim olunan
bayraq, bir çox mənbələrdə qeyd edildiyi
kimi, 1807-ci I ildə Rusiya
imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı
Mehdiqulu xana hədiyyə edilən
bayraqdır. Bu bayrağın Qarabağ torpaqlarında görünməsi,
onun Qarabağ xanlığının tarixi ilə nə dərəcədə
bağlı olub-olmaması məsələlərinə
bir daha nəzər salaq.
1804-1813- cü illərdə baş vermiş Rusiya-İran müharibəsinin
gedişində, 14 may 1805-ci il tarixdə Qarabağ
xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay
müqaviləsinin yeddinci maddəsində oxuyuruq:
“İmperator
əlahəzrətlərinin zati-aliləri şuşalı və
qarabağlı İbrahim xana və onun varislərinə
böyük ehtiram və mərhəmət əlaməti
olaraq onu və varislərini üzərində bütün
Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun
yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət
tərəfindən bəxş edilmiş xanlıq və
hakimiyyət rəmzi kimi müharibəyə gedəndə
özü ilə aparılmalıdır”.
Müqavilədə,
həmçinin, xanlığın idarəsinin irsi, böyüklüyə
görə nəsildən-nəslə keçməsi
və bunun çar tərəfindən təsdiq edilməsi də
nəzərdə tutulurdu. Qarabağ xanı
İbrahimxəlil xan Kürəkçay müqaviləsini
imzaladığı zaman varislik və vəliəhdlik
adını böyük oğlu Məhəmmədhəsən
ağaya verib. Lakin Məhəmmədhəsən ağa, hələ
İbrahimxəlil xanın sağlığında, 1806-cı ıl fevralın 24-də vəfat etmişdir.
Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar
ordusunun zabiti, mayor Lisaneviç tərəfindən qətlə
yetirildikdən sonra Rusiya hərbi komandanlığı
qarşısına Qarabağ xanı təyin etmək problemi çıxdı.
Xanın digər oğlanları arasında ən
böyüyü Mehdiqulu ağa idi və çar hökuməti 10 sentyabr 1806-ci ildə varislik və
vəliəhdlik sənədini
xanlıq möhürü ilə birlikdə ona verdi. Bəzi
mənbələrdə qeyd olunur ki, guya xanın böyük
oğlu Cəfərqulu ağanın onsuz da Rusiyaya sədaqətli
olduğunu nəzərə alan rus
komandanlığı onun qardaşı, bəzən Qacarlara
olan meylini gizlətməyən Mehdiqulu xanı öz tərəfinə
çəkmək üçün ona Qarabağın idarə
olunması haqqında fərman təqdim edib. Sonralar Mehdiqulu xan İrana
qaçdıqdan sonra Rusiya hökuməti tərəfindən
oğlu Kərim Cavanşirlə birlikdə Simbirskə
sürgün edilən Cəfərqulu ağa 1827- ci ildə I
Nikolaya yazdığı məktubunda bildirirdi ki, İbrahimxəlil xan qətlə
yetirildikdən sonra vəliəhdin oğlu olduğu
üçün, xan taxtı ona çatmalıymış,
lakin rus komandanlığı yanlış addım ataraq Mehdiqulu xanı hakimiyyətə gətirib.
Əslində
isə Cəfərqulu ağa İbrahimxəlil xanın deyil, özünün də
qeyd etdiyi kimi, vəliəhd Məhəmmədhəsən
xanın oğludur və Məhəmmədhəsən xan hələ
İbrahimxəlil xanın sağlığında vəfat
etdiyinə görə, Kürəkçay müqaviləsinə əsasən
xanlıq ona deyil, Mehdiqulu xana çatmalı idi. Kürəkçay
müqaviləsində qeyd olunan bayraq çar Rusiyası tərəfindən 1807-ci ildə
Mehdiqulu xana təqdim edildi.
Bayraq
(ölçüləri 115 x 100 sm) zamanın təsirindən
saralmış dördkünc ikiqat ağ
qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər
eynidir. Hər iki
tərəfdə Rusiya imperiyasının gerbi təsvir
olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi,
gözləri, caynaqları və caynaqlarında tutduğu
hakimiyyət rəmzləri, eləcə də qartalın hər
iki başında və başlarının üstündə,
ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir.
Tacların üstü
göy və qırmızı daşlarla bəzənib.
Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı
təsvir edilib. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə
Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər
Georginin əksi verilib. Bayrağın kənarlarına
gümüşü güləbətin saplarla bafta tikilib,
onun üzərində isə uzunsov dairələrdə səkkizləçək
güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən
qızılı saplardan və altıləçəkli
gül formasında olan zərif gümüş asmalardan
saçaq tökülüb.
Rusiya
imperiyası tərəfindən bayraq əta edilməsi təkcə Qarabağ
xanlığı ilə məhdudlaşmamışdır. Aşağıdakı
təsvirlərdə Naxçıvan
xanlığının işğalından əvvəlki və sonrakı dövrlərdə
Kəngərli süvarilərinə aid bayraq nümunələri
verilmişdir.
Təsvirlərdən
göründüyü kimi, Naxçıvan Kəngərlilərinin
batalyonunun 1827 –ci ilə aid bayrağı istisna olmaqla, digər bütün
bayraqlarda əsas elementlər,
demək olar ki, eynidir. Əslində
bu, Rusiya imperiyasının əsarət altına
aldığı xalqların dövlətçilik ənənələrini
məhv etmək,
onları öz
bayrağı altına toplamaq cəhdindən başqa bir
şey deyildir. Çox təəssüf ki, bəzi alimlərimiz I Aleksandr
tərəfindən Mehdiqulu xana verilmiş bayrağı
köləlik simvolu kimi qiymətləndirmək əvəzinə, bu
bayraqla tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcüd olmuş
bəzi dövlətlərin bayraqları arasında
“varislik əlaqələri”
axtarışına çıxmışlar.
Qaynaqların
verdiyi məlumata görə, Qarabağ
xanlığının öz bayrağı olmuşdur.
Qarabağ xanlığının bizə məlum olan
dövlət atributlarına, tarixi mənbələrə diqqətlə nəzər
saldıqda, zənnimcə ,
Qarabağ
xanlığının bayrağı hər birimizin gözü qarşısında
canlanacaqdır. İlk
növbədə “Pənahabad” adlanan gümüş
pulun təsvirinə nəzər
salaq:
Mirzə Adıgözəl bəy
“Qarabağnamə” əsərində yazırdı: “mərhum
Pənah xan Cavanşirin dövlət günəşi və
şövkət bayrağı
riyasət üfüqündən baş vurub
Qarabağ vilayətinin
bütün sahəsini cəlal
və dəbdəbə ilə
işıqlandırdı”.
Düşünürəm
ki, bu bir
cümlə Qarabağ xanlığının
bayrağının mahiyyətini dərk etmək üçün
açar rolunu oynayır. Burada “dövlət günəşi” ifadəsi bayrağın üzərindəki doğan günəş təsvirinin ifadəsidir. Heraldikada “əbədi, daimi, sonsuz həyat” rəmzi kimi, günəş geniş istifadə edilən əsas
fiqurlardan biridir, adətən, doğan və ya batan günəş
təsvirlərindən istifadə edilir.
Bir qayda
olaraq günəş qızılı rəngdə verilir,
şüalarının sayı müxtəlif sayda olsa da, 16-dan çox olmur. Azərbaycan Respublikasının
Dövlət Gerbi
üzərindəki
qızılı rəngli 8 düymə də günəş
şüaları kimi qəbul olunur. Bu gün günəş təsvirini Nepal,
Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət
bayraqlarında görmək olar.
Hesab edirəm ki, Mirzə Adıgözəl bəyin yuxarıda xatırladılan cümləsindəki “şövkət” ifadəsi
“əzəmət, qüdrət, güc” şir rəsmini
ifadə edir. Dünya
heraldikasında
şir təsvirləri
qoruyucu funksiyasını, dövlətin hərbi
gücünü də əks
etdirir. Bayrağın hərbi əhəmiyyətini
xüsusi
vurğulayan tədqiqatçılar onun döyüş
meydanında oynadığı mühüm rolu da qeyd edirlər.
Türk dünyasının təkraredilməz abidəsi
olan “Kitabi-Dədə
Qorqud” dastanında düşmən hücumunun
qarşısını ala bilən Salur Qazanın
qardaşının “Kafərin tuğilə sancağı (yəni
bayrağı) qılıncladı”ğı və
“yerə
saldı”ğı göstərilir.
Bu isə düşmənin məğlub
edilməsi demək idi. Ölkəmizin müxtəlif
guşələrində, xüsusilə, Bakı şəhərində
daha tez-tez rastlaşdığımız qoruyucu sayılan
şir heykəlləri qədimdə daha çox sarayların
və evlərin giriş qapılarında qoyulurdu. Bu heykəllər giriş və dəhlizin
sağında, solunda sıra ilə düzülürdü.
Hətta qədim şumerlər pəncərənin
üstündə də şir başları qoyurdular ki, pis
ruhlar guya oradan evə girməsinlər. Azərbaycan
dövlətçilik tarixinə nəzər saldıqda Səfəvilər
dövlətinin,
İrəvan xanlığının, Nadir şah
Əfşarın imperiyasının dövlət rəmzlərində
də günəş və sir təsvirlərinin əsas yer
tutduğunun şahidi oluruq.
Mürzə Adıgözəl bəyin ifadəsində diqqəti cəlb edən məqamlardan biri də “riyasət üfüqündən” sözləridir. Çox şübhəsiz ki, “riyasət” ifadəsi bayrağın mərkəzində dövlətin qoruyucusu kimi mövqe tutan şir təsvirinə bir işarədir. Pənahabad adlanan pulun üzərindəki günəşin tutduğu mövqeyə bir daha diqqət yetirildikdə, Azərbaycan tarixçisinin geniş təfəkkür sahibi olduğu bir daha meydana çıxır.
Bu gümüş pulun üzərində qızılı rəngli düymələr də əks olunmuşdur. Pulun üzərində günəş təsviri verildiyinə görə həmin düymələr günəşin təcəssümü ola bilməz. Yenə də köməyimizə Mirzə Adıgözəl bəy çatır. Görkəmli tarixçinin ifadəsini bir daha xatırlayaq: ”mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”. “Qarabağ vilayətinin bütün sahəsini” –zənnimcə, yalnız bu düymələr təsdiq edə bilər. Bu düymələr Qarabağ xanlığını təşkil edən mahalların sayını göstərir. Tarixi mənbələr sübut edir ki, heraldika tarixində həmin dövrə aid ayrı-ayrı dövlətlərin ərazi vahidlərinin sayını həmin dövlətlərin bayraqlarında əks etdirən elementlərin əks olunması faktları heç də az olmamışdır. Pulun kənarları isə qızılı rəngli saçaqlarla haşiyələnmişdir.
Qeyd olunanlar əsasında gözlərimiz önündə Qarabağ xanlığının bayrağını canlandırsaq, bu bayraqla Səfəvilər dövlətinin bayrağı arasında varislik əlaqəsini görmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, Qarabağ xanlığının bayrağında şir təsvirinin istiqaməti fərqlidir və bu bayrağa düymə təsvirləri əlavə olunmuşdur. Səfəvilər dövlətinin 235 illik dövlətçilik ənənələrini, 1736-cı ildə Muğan qurultayında şah seçilən Nadir tərəfindən Səfəviləri müdafiə etdiklərinə görə Qarabağın Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyadoğlu, baharlı tayfalarının ciddi cəzalandırılmasını, onların arasında Qarabağ xanlığının banisi Pənahəli xanın da olduğunu nəzərə alsaq, hər iki dövlətin bayraqları arasındakı oxşarlığın heç də təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür.
İnanıram ki, yaxın gələcəkdə Qarabağ xanlığının bərpa edilmiş bayrağı tarixi Azərbaycan bayraqları arasında öz layiqli yerini tutacaqdır.
Rəşid
NURMƏMMƏDOV,
tarixçi,
Əməkdar müəllim
525-ci qəzet.-
2014.- 14 iyun.- S.19.