Şair süfrəsi- “Duyğular” silsiləsindən
Gərək
ki, 1965 ya 66-cı il idi. Nəsir
müəllimin mühazirəsi redaktoru olduğu “Bakı”
axşam qəzetində dərc olunan yazıların bel
sütunu sayılan xəbər janrının özəllikləri
barədə olacaqdı. Elə təzəcə
danışmağa başlamışdı ki, auditoriyamızın...
Yox mirzə, sən gəl yazını bu yerdən
başlama.
Bunu bir az sonraya saxla. Keç
əsas mətləbə.
Deməli...
İlk dəfə Şəki pitisini mən
xalqımızın böyük şairi Bəxtiyar Vahabzadəgildə,
onunla birlikdə yemişəm. Və bunun çox sadə,
sadədən də sadə, amma heç zaman
unutmayacağım bir tarixçəsi var. 1965-ci il (bəlkə
də 66), mənim də 20 yaşım. Azərbaycan
Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi
İntiqam Mehdiyev (o zaman belə yazılırdı soyadım,
indi Mehdizadəyəm) hara, Xalq şairi Bəxtiyar Vahabzadə
hara – soruşa bilərsiz. Orda – burda, dərnəklərdə,
universitetin divar qəzetlərində, aradabir xırda
yazılarla mətbuat səhifələrində
çıxış edərdik. Filologiya,
tarix, jurnalistika fakültələrindən bir dəstə
uşaq idik. Təzə-təzə dikkildəməyə
başlamışdıq. Artıq Ramiz Rövşənin
(o zaman Müskanlıydı ləqəbi), Sabir Rüstəmxanlının,
Səyavuş Sərxanlının, Seyran Səxavətin, Eldar
Baxışın səsləri, ünləri eşidilməyə
başlamışdı. Amma nə üçünsə məni...
Yox, qoy lap əvvəldən başlayım. Deməli Nəsir
İmanquliyevin dərsi. Mühazirənin
şirin yerində auditoriyanın qapısı
döyüldü, filfakın dekan müavini içəri
girdi. Nəsir müəllimdən xahiş elədi ki,
qrupun qələmi olan uşaqlarından birinə icazə
versin, bəs Bəxtiyar müəllimin yazı işi var, ona
kömək lazımdır, Hüsü Hacıyev küçəsindəki
evindədir, özü də xəstə. “Sinifkomumuz” Əkrəm
Zeynalov Bəxtiyar müəllimin şeirlərinin əksərini
əzbər bildiyimə görə tez məni nişan verdi. O vaxtacan Nəsir
müəllim də redaktoru olduğu “Bakı” qəzetində
bir neçə yazımı buraxmışdı. Dekan müavinindən dəqiq ünvanı öyrənib
içimdəki min bir fərəh, sevinc, təlatümlə
oraya yollandım. Zarafat deyil çoxlarının
üzünü görmək, onunla kəlmə kəsməkdən
yana uçunduqları bir sənətkarla
canlı ünsiyyətdə olmaq fürsəti qismətim
olmuşdu. Bu da H.Hacıyev küçəsindəki
məşhur yazıçılar evi. Pillələri
qalxa-qalxa qapıların üstündəki adlara baxıram:
Salam Qədirzadə, İlyas Əfəndiyev, Mirmehdi Seyidzadə,
İsmayıl Şıxlı... Qapını
oğlu açır. 10-12 yaşlı
oğlandı. Bilmirəm Azərdi, ya
İsfəndiyar. İş otağına
ötürür. Qənşərində
jurnal masası, əynində pijama, kresloya söykənib.
Rəngi solğundur. Xəstəliyi hiss
olunur. Yüngülcə yerindən tərpənib
mənimlə əl-ələ salamlaşır. Lap Əli Kərimin “Pillələlər”
romanındakı Qaraqaşlı kimi mənə
oturmağı təklif eləmir ki, sərbəst olum, evin ona
məxsusluğundan sıxılmayım, ürəyim istəyən
vaxt yer tapıb əyləşim. Ay oğul, deyir, bilirsən
səni niyə çağırmışam, mən Səməd
Vurğunla bağlı doktorluq dissertasiyası yazıram. Axır vaxtlar nəsə əlim sözümə
baxmır. Ağrımır
e, elə bil ürəyimdən keçənlərlə
onun arasında nəsə bir anlaşılmazlıq var.
İstəyirəm bu işim, təkcə elmi əsər kimi
yox e, həm də epiloqlu, sizin dildə desək
“razvyazkası”, “kansovkası” olan bədii əsər kimi
oxunsun, özü də ən çox sizin nəsildən
olanların masaüstü kitabı olsun. Sənə
dərs deməmişəm ki, amma yox, jurnalistikada dərslərim
yoxdur. Bizim filfaktda çox yaxşı,
gözüaçıq uşaqlar oxuyur. Digəl
yaza bilənləri azdı. Mənə
lazımdı ki, oxucunun, sənətsevərin zövqünə
uyğun yazı qabiliyyəti olan bir yazar, özü də
heç şübhəsiz cavan, bugünün, sabahın
gözəl qələm ustası olan birisi məni anlasın,
dediklərimi fikrimə, düşüncəmə dəyib-dolaşmadan
yazıya köçürsün. Çoxdandı
bu işin üstündə əlləşirəm. Bütün faktlar, elmi çıxarışlar, nəticələr
dilimin ucundadı. Stenoqrafçı yox e, canlı,
öz düşüncəsi fərdi üslubu olan bir gənc
istəyirəm ki, dediklərimi – əlbəttə mənim
üslubumu saxlamaqla – qələmə ala bilsin. İndi ay
oğul, səni nişan veriblər mənə.
Şeirlərimi oxuyubsanmı? Dedim icazə
versəz birisini söyləyərəm. Və mən
çox sevdiyim “Qocalıq” şeirini bədahətən
söylədim:
Ömrün
payız fəsli sıxdı əlimi
Yoxsa qocalıram
mən yavaş-yavaş
Payızda
yarpağa xal düşən kimi
Düşür
saçlarıma dən
yavaş-yavaş... və s.
Şeiri əvvəldən axıracan elə ürəkdən,
elə şövqlə oxudum ki, şairin gözləri doldu. Və mən ömrün
sonrakı illərindəki görüşlərimizdə Bəxtiyar
müəllimin təkcə öz şeirlərini deyil,
ümumiyyətlə təsirli söhbətləri,
istedadlı ifaları, tükürpədici həyat səhnələrini
seyr edərkən necə ürəkdən hönkürüb
ağladığının şahidi oldum...
Hə,
deyəsən işlərimiz yağ kimi
gedəcək. Başlayaqmı ay oğul?
Mən hazıram, ustad, dedim. Və... tələbə
diliylə desək nə az, nə çox, təxminən 2
qoşa saat o dedi mən yazdım. Açığı,
o da, mən də elə cuşa gəlmişdik ki, onun
söylədiklərinin üzərinə demək olar ki,
çox cüzü əlavələr, düzəlişlər
eləməklə yalan olmasın 40-50 vərəqin arxasın
yerə qoyduq. Birdən qayıtdı ki, ay
oğul, səndə heç insaf, mürvət deyilən
şey yoxdur, bəs demirsənmi Bəxtiyar müəllimin
birdən aclığı olar? Bunun da dalısınca səsini
qaldırdı: ay İsi, ay Azər, hardasız, acından
qırıldıq. Az sonra, yenə bilmirəm
oğlanlarının hansıydı, əlindəki sinidə
iki saxsı qabda buğlanan piti qablarıyla içəri
girdi. Yanının bütün dəm-dəsgahıyla.
İndi qalırdı içki məsələsi.
Dedi, bilirəm, indiki cavanlar yeri gələndə vururlar
bala-bala. Yaxşı konyakım var, ata-baba əlli-əlli
vuracağıq. Süzdü, şənimə bir-iki
gözəl söz dedi (çünki bəzi məsələlərdə
fikirlərimiz üst-üstə düşmüşdü),
toqquşdurduq. Qədəhini dodağına
apardı, ancaq içmədi. Bəlkə
də xəstə olduğuna görəydi. Amma mən də özümvari, yığcam bir
sağlıq deyib qədəhi yuxarı qaldırdım və
ehmalca masanın üstünə qoydum. Niyə içmədin
ay oğul, istəyirsən araq gətirsinlər. Yoxsa heç içən deyilsən? Dedim hərdən
içirəm, Bəxtiyar müəllim, amma sizin
hüzurunuzda içsəm, bunu ömür boyu özümə
bağışlamaram. Halal olsun, dedi, di onda başla yeməyə,
gör şəkili pitisi necə olur. Mən başladım
pitini özümüzhəngi, yəni şirvanlılar kimi
yeməyə. Yəni əvvəl çörəyi
kasaya doğradım, qasığı piti qabının
ağzına tutub ətirli-zəfəranlı suyu kasaya əndərib
başladım ləzzətlə yeməyə. Sonra da saxsı qabdakı əti kasaya töküb
qaşıqla əzmək istəyəndə Bəxtiyar
müəllim qayıtdı ki, bura qədər yaxşı gəlmişdin,
burda korladın. Şəki pitisinin
orijinallığı həm də onun
çomağındadı. Doğrudan da
bayaqdan sinidə yan-yana qoyulmuş, çoban dəyənəyinə
oxşar, ancaq balaca, başı yumru iki çomaq diqqətimi
çəksə də bir şey mənsiməmişdim.
Bəxtiyar müəllim əti saxsı bardaqdan kasaya tökəndən
sonra, ora xırda tikələrnən bir az
çörək doğradı, sonra mənim də kasama
çörək əlavə edib başladı əvvəlcə
mənim, sonra da öz qabının içərisindəki təamı
çomaqla əzib qarışdırmağa. Bu, sonralar da rast
gəldiyim piti dəsgahlarının ən
baxımlısı,
ən dadlısı, ən yadda qalanı idi ki, mən
onu dünyaca məşhur şairimizin mənzilində nuş
elədim.
Az sonra
Bəxtiyar müəllim doktorluq dissertasiyasını
böyük uğurla müdafiə elədi, professor oldu. Və
illər keçəndən sonra həmin dissertasiyanın
çap olunub işıq üzü görən nüsxəsini
oxuyarkən tələbə sözüylə desək, 2
qoşa saatın ərzində Bəxtiyar müəllimin diqtəsi
və mənim “mirzəliyim”lə işıq üzü
görmüş sətirləri oxuyarkən o günü, şairlə o
ilk şəxsi tanışlığımı, üzümə
qapı açan oğlanı, bizə sinidə
çomaqlı Şəki pitisi gətirən o kürən
yeniyetməni xatırladım və təbii ki, o qeyri-adi, ətirli,
zəfəranlı pitinin məhrəm tamını
damağımda hiss elədim.
P.S. Bu da yaradıcılığımda (böyük çıxmasın) daha bir yazı. Tamamladım, necə deyərlər ürəyimi boşaltdım. Qalır təkcə altından tarixini yazmaq. Amma yo-o-x, əlim gəlmir. Bilirsiz niyə, fikirləşirəm oxucum qınayar məni, deyər o boyda şair yazı müəllifinin yaddaşında gör nəylə qalıb – pitiylə. Yox, bəy əfəndim. Duyğularımda daim yeri olan, diri olan, heç zaman ölmüş zənn etmədiyim o gözəl, vətənpərvər şairlə qısa, ani də olsa həyatda daha bir neçə görüşlərim olub (sənətim belədir) və o görüşlərdən xatirimdə qalan məqamları yeri gəldikcə oxucularla bölüşməyi Bəxtiyar müəllimin ölməz ruhu qarşısında özümə borc bilirəm. Görək də...
26 aprel 2014.
İntiqam Mehdizadə
525-ci qəzet.-
2014.- 14 iyun.- S.18.