"Şair dostum Xaqani Qayıblıya
açıq məktub"
Əzizim,
Xaqani Qayıblı!
Canın-qanın qədər çox sevdiyin
Borçalı mahalından, Bolnis-Kəpənəkçidən,
ağac kölgəsindən, çay qırağından,
bulaq başından sənə məktub yazıram. Borçalıdan
Tartuya gedən məktub özüylə
Qaraçöpün, Ceyrançölün, Gədəbəyin,
Başkeçidin, Tiflisin, Nadirbulaq yaylağının,
Kaxetin, Qayakəməndin, Qoşqar yaylağının ətrini
aparır sənə. Səninlə
görüşmək üçün dağların mərdliyi,
qayaların sərtliyi, çiçəklərin təravəti,
güllərin zərifliyi, dağ çayının
xışıltısı, bulaqların nəğməsi
gedir bu məktubda. Unudulmaz yazıçımız Fərman
Kərimzadənin, İsa İsmayılzadənin, Zahid Şəmirlinin
ruhunun rəngləri, Məmməd Araz dünyasının
gözəllikləri, Nəriman Əbdülrəhmanlı
duyğularının kövrəkliyi, Məti Osmanoğlunun,
Tofiq Abdinin, Fərhad Xubanlının, Əjdər Ağayevin,
Rəşad Məcidin, Rafiq Hümbətin, İbrahim
İlyaslının, Xanəmirin, Etimadın heyrətli
pıçıltıları gedir bu məktubda. Ananın, atanın, qardaşın, bacının,
qohumların, dostların isti nəfəsi gedir bu məktubda.
Anan Zərifə xanımın müqəddəsliyi,
doğma yurdun Qaraçöpün aranlı-yaylaqlı,
dağlı-binəli varlığı, alaçıqlı,
dəyəli, üzəngili, yəhərli köhlən
atların kişnərtisi, ilandilli qamçıların
şaqqıltısı gedir bu məktubda. Azərbaycandan
Estoniyaya, Borçalıdan Tartuya, qədim və müasir ədəbiyyatımızın
ən gözəl əsərləri gedir.
Saf məhəbbət
saf ürəkdə,
Min məna var hər çiçəkdə.
Mənim
gözüm çəmənlikdə,
Ən təzə tər gülə düşər.
– deyən şair qardaşım, saf məhəbbət
saf ürəkdə pardaxlanıb açılar. Sənin
şeirlərin kimi Aran Borçalıda doğulasan, Tartuda təhsil
alasan, ancaq bir gün belə Vətəndən, dildən, eldən-obadan ayrılmayasan, əlbəttə bu, insan
üçün böyük xoşbəxtlikdir. İşlətdiyin ifadələrə fikir verirəm
– “düzən, dik, dolay, çözək-çözək
qazılmaq, səngimək, uçunmaq, əhəd, biney
başdan, çəkə tut, səzikmək, culamaq, urcah,
batman, qantarğa, çöysümək, sərənə,
beli qırılmış qəriblik, ütdü, pisdim,
uçunmaq, künc-bucaq, ilik” və sair ifadələr öz
ruhunu, öz kökünü, şəhdini-şirəsini, ətrini,
rəngini Azərbaycan dilinin böyüklüyündən, dərinliyindən,
qədimliyindən götürüb.
Söz-söz səndən keçən dünya
söz-söz bu dünyanı səndən keçirir. Sözü əritmək,
sözdə ərimək şair ömrünün xoşbəxtliyidir.
Sən o xoşbəxtlərdənsən ki,
sözü əritdin, sözdə əridin, bir damla şehdə
də, bir udum suda da, bir əlçim buludda da həyatı,
dünyanı görə bildin. Sözü
gəzə-gəzə onun dərinliyinə enmək,
ucalığına qalxmaq hər oğulun hünəri deyil.
Vətəni
qürbətə aparan, qürbətdə vətən yaradan,
dərdin kötəyini yeyən, peyğəmbər şairlərə
salam göndərən qardaşım!
Mənim
şeirlərim bir dağ çeşməsi,
İncisi tükənməz, gözü bulanmaz.
Kimsə
dodağını söykəyib içsə,
Dişləri
göynəyər, dizi bulanmaz
– deyən dilinə;
Neynim,
çəkir məni yaylaq havası,
Bəlkə
sərənəmi yatıra bildi,
Dəli küləklərin oynaq havası.
yazan əlinə;
Yüz
sözdən birinə cavab verməsəm,
Məni
qınamayın – “Dağ adamıyam”!
– deyib dağlarda böyüyən dağ
adamına;
Yaşıl
çöl görmüşəm, çəmən
görmüşəm,
Bu mavi səmanı həmən görmüşəm.
Yaşıl
işıqların sevinc payını,
Nə
şeirim görübdü, nə mən görmüşəm,
Nə
vaxt yanacaqsan, yaşıl işığım
– deyib yandırmaq istədiyin işıqlara,
üz tutduğun dan yerinə, yaşadığın qərib
hisslərə, insanı cavankən qocaldan qəriblik
dünyasına, yeridiyin yollara, açdığın izlərə,
dolaşdığın cığırlara,
baxdığın göylərə Vətəndən salam
olsun.
Haqdan gələn
mələkmisal,
Bir qutsal candan gəlirəm.
Tanrı
taxt qurub könlümdə,
Sufi imandan gəlirəm.
Qurd olub
dağa çıxacam,
Ərgənokondan gəlirəm.
Müqəddəs
candan gələn, sufi iman genişliyində bir dünyanı
görməyi bacaran, xilaskar bir ruh kimi Ərgənokondan gələn,
ilahi bir dua dodaqlarında Tanrı üzünə
üzüağ çıxmaq istəyənim, sənin
kökündə, əslində, soyunda, keçmişində
və gələcəyində, Qaraçöpündə
Allahın var olan hər şeyi var.
“Yenə canım söz gəzir” kitabını oxuyuram. Misraları
hava kimi canıma çəkir, sözləri bulaq suyu kimi
içir, şeirləri nəfəs kimi uduram. Söz gəzən canına, xətdi-xalına,
gül camalına heyran oluram. Bu nəfəslərdə
nələr yoxdur. Sözün böyüklüyü, dərdin
dərinliyi, sevginin müqəddəsliyi, həyatın
şirinliyi, odun istisi, suyun sərinliyi, torpağın bərəkəti,
yurdun unudulmazlığı, qərib şəhərlərin
qürubu, ana itkisinin ağırlığı, bir ananın
gözüyaşlı qalan balaları, Qaraçöpün
dünya qədər böyüklüyü, qürbətlə
barışa bilmək bacarığı, içini
yandıran, çölünü üşüdən,
duyğuların tufanı, şair dostları daha çox sevmək
hünəri, türk dünyasını qucaqlamaq eşqi...
Bunların hamısı canında söz gəzən
şairin yaşadığı kövrək və əbədi
duyğulardır. Bu duyğuların işığında
yük var – sözün yükü, şeirin yükü, nəfəsin
yükü, fikrin yükü. Sənin
şeirlərin mənim üçün yurd yeridi, yaylaq
genişliyidi, dağ havasıdı, havaya qalxan ocaq dilləridi,
bulaq suyudu.
Gəlmişəm,
barmağım göynəsin yenə,
Döşdə bulaqları qazım təzədən.
– dediyin dünyadı. “Hanı məndə
elə yığval, qucağında ölüm, dağlar”
dediyin aləmin gözəlliyidi.
Böyük
qardaşın Vilayətin sözlərini xatırlayıram:
“Xaqani haqqında yazmaq mənim üçün asan olduğu
qədər də çətindir. Yəni o həmişə
mənim yanımda, yanımda olmayanda, yadımda, yadımda
olmayanda canımda-qanımdadır”. Bu
sözlər təkcə sənin üçün deyil, həm
də səni sevənlər üçün, oxucuların
üçün, doğmaların üçün deyilib.
Hey
boşalıb dolan – torpaq,
Bizi bizdən
alan – torpaq.
Mənə
Vətən olan torpaq,
Ölsəm kəfənim olacaq.
Əzizim,
Xaqani!
Mənim
üçün müqəddəslik rəmzi olan
Qaraçöpün şairləri, aşıqları,
saz-söz adamları, qaçaqları, qoçaqları, mərdləri,
alimləri, həkimləri, ziyalıları Dədə Qorqud
qəhrəmanları kimidir və nə yaxşı sən
öz yaradıcılığını bu müqəddəsliklərdən
götürmüsən.
Bu maya, bu xəmrə qədimliklərdən yoğrulub,
qəhrəmanlıqlardan gəlib. Onun
yaşadığı duyğular keçmişdən gəlir,
lap keçmişdən.
Seçkin
bir yol seç özünə,
Dünya beş günlükdü, oğlum.
– deyibsən.
Bu beş günlük dünyada ömrü
gözəl yaşamaq hamıya qismət olmur. Kimə
qismət olursa o, dünyanı genişləndirir, zamanı
ucaldır, vaxta şöhrət gətirir, tarixə
çevrilir, yaddaşlara hopur.
“Quş olmaq istəyirəm” şeirin sənin
üçün və çoxlarımız üçün
gözəl bir tərcümeyi-haldır.
Qanadları
qərib,
Səmalara hakim.
Qırdılar
qanadımı,
Əydilər inadımı.
Ayrı
saldılar məni,
O gözəlim
quşumdan.
Beləcə
gözümü çəkdim səmalardan,
Sığındım
sözün içinə,
Səmaları içimə çəkdim.
Yana-yana,
alışa-alışa,
Yaza-yaza, danışa-danışa.
Bir
gün söz vurdu məni,
Yıxıldım
sözün yelinə...
Sözün yelində nə vardı ki, sən Söz tərəfə
yıxıldın. Necə oldu ki, sənin üçün
söz hər şeydən güclü çıxdı.
Sözün yelində hava var, hava insanı havalandırır,
bir udum su var, insanı saflaşdırır, dəli dağ
çayı var, insanı dəli eləyir, zirvənin
dümağ qarı var, insanı təmizləyir, göylərin
genişliyi var, insanı böyüdür, sözdə
ucalıq var, sözdə azadlıq var, sözdə məşhər
günü var, məşhər günü...
Əzizim,
Xaqani!
Bu kitabda gedən şeirlərin əksəriyyətindən
gözəl misallar gətirmək olar. Hamısı
ayların, illərin, dəqiqələrin, saatların
süzgəcindən keçib, kövrək xatirələri
oyadıb, yaddaşları dilə gətirib, dünəndən
bu günə, Vətəndən qürbətə
körpülər salıb, Türk dünyasını
dolanıb, Azərbaycan deyə-deyə
alışıb-yanıb. Ancaq
açığını deyim ki, Ana itkisi ilə
bağlı yazdığın
“Görüş-ayrılıq” şeirlər silsiləsini
oxuyanda mən uçundum, üşüdüm,
sarsıldım, sözlər məni qarsıladı. Bu şeirlər analar üçün abidədir,
poetik abidə.
Ölümü
haqlaya bilmədim,
Köçünü
saxlaya bilmədim,
A Ana,
qolların arasında,
Yıxılıb
ağlaya bilmədim,
Bu
görüş nə görüşdü, a
Ana.
Torpaq anam
kimi doğma göründü,
Anamı torpağa tapşırdığım gün.
Belim elə
qırıldı,
Bir də
dikələməz, a Ana.
Bircə ətri
qaldı əllərimdə anamın,
Bir də
anamın əkdiyi çiçəklərin...
A Ana, əhədimi
kəsdi qara yel,
Sənə
qovuşmaq istərəm,
Haraylaram, ölüm gəlmir.
Ana haqqında yazdığın şeirləri, Əli Kərim
demiş, bütünlükdə dəftərimə
köçürmək istəyirəm. Ancaq bu qəmi,
hıçqırığı, gözyaşını,
ayrılığı, həsrəti, fəryadı, yası,
iliyini soran sözü dilə-qələmə gətirmək
olmur. İliyini soran söz dillə deyilə
bilməz. Dağda da, daşda da, yerdə
də, göydə də, torpaqda da, ocaqda da, hər yerdə,
hər şeydə ana görürsən. Budur
ananın böyüklüyünü göstərən
qüdrət. Çox şeirlərini
oxuyanda kövrəlsəm də, “Ölüm
qılığına girdi bu gecə” şeiri məni
ağlatdı. Allahın altında bir
möcüzə olaydı, mənim göz yaşlarımı
görəydin. “Şeir vəhy kimi gəlir,
hisslə sözün arası”. Bu şeirlər
də sənin vəhyindir. Ana haqda
parça-parça göydən enib yerdə onun məhəbbətini,
oğul sevgisini əbədi yandırmaq üçün.
Sən bu şeirləri yazanda dəftərlə, qələmlə
əlləşməmisən. Bir quş kimi bir
ağacın budağında oturub oxumusan. Üzünü
dan yerinə tutub bülbül kimi ötmüsən, canı
sözdə olanların sözünü demisən.
Ömrün
yarısını qürbətdə keçirən, qürbətin
görünməyən tərəflərini görən,
“Ensin gözünə qara su, Ağsu vətən oldu deyən”
şairimizin taleyini xatırladan dünyanın gözəl
günlərini həsrətlə xatırlayan:
Atam ola, kəmər vura belimə,
Anam ola, sığal çəkə telimə.
Yarım ola, naz eyləyə gülümə,
Harda qaldı o günlərim, a dünya.
deyən,
qardaşım. İlk dəfə yalın
ayağını basdığın Qaraçöp çağırır
səni. Son anında müqəddəs torpaqların
gözlərinə töklümək arzusu
çağırır səni:
Bir biləsən
uzaqlarda
Sənsiz
darıxmaq necədir,
Çaşıb
adını çağırmaq,
Sonra karıxmaq necədir.
– harayı çağırır səni. “Mən qürbətdə deyiləm, qürbət mənim
içimdə” deyən böyük Türk şairinin
sözünə qüvvət, qürbəti vətənləşdir,
qardaşım.
Sənin xoşbəxtliyin odur ki, qürbətdə də
böyük vətənə xidmət edirsən. Aşıq
Veysəlin dediyi kimi, dostlar həmişə səni
xatırlayır, ona görə ki, sən papağını
günə yandırmadın. İş gördün,
böyük iş. Türk dünyası ilə
bağlı gördüyün işlər mübarək
olsun. Bu, ayrıca bir mövzudur. İnşallah, zaman bu zəhmətin qiymətini verəcək.
Əzizim,
Xaqani!
Əli Kərim
demiş, gözləyərəm mən səni, lap qocalana
kimi. Yeni poetik görüşlərini, yeni
kitablarını gözləyirəm. Yaz,
yaşa, yarat, öpürəm səni.
Ömür
bir göz qırpımı,
Sevəcəyin kimsə yox.
Yüz il yaşasan belə,
Səni
gördüyüm anı
Dəyişmərəm min ilə.
Səni gec-gec görürəm. Üç ildən bir, beş ildən bir. Ancaq həmişə
qəlbimdəsən, ruhumdasan.
Gedən
yollar,
Yar gəlib-gedən yollar.
Gələn
müjdə gətirər,
Bəd xəbər, gedən yollar.
Səninlə hər görüş mənim
üçün müjdədir. Qürbətdə
işlərin, qayğıların çox olsa da, Vətəni,
Azərbaycanı, Qaraçöpü, Borçalını
unutma. “Kimdənsə amanat
aldığın ömrü, bir umut yolunda ərit”,
qardaşım. Ürəklərə səfərin
mübarək olsun. Yol üstündə
olan ömrün bu mübarək yollardan kəsilməsin.
Mənim novrəstə şairim. Mənim ahəstə şairim.
Ədəbiyyatımızın mənzərəsini təxmini
əks edən adları xatırlamağı özümə
borc bilirəm.
Səməd Vurğun, Rəsul Rza, Fərman Kərimzadə, Məmməd
Araz, Füzuli, Yunis Əmrə, Zahid Şəmirli,
Aşıq Musa, Dilqəm Osmanlı, Tofiq Abdin, Vaqif Səmədoğlu, Hüseyn
Cavid, Fərhad Xubanlı, Əjdər Ağayev,
Böyükağa Mikayıllı, Eyvaz Əlləzoğlu,
Rafiq Hümmət, Rəşad Məcid, Xanəmir, Məti
Osmanoğlu, Vaqif Cəbrayılzadə, Xəlil
Qaraçöp, Qulu Ağsəs, Aşıq Həvəskar,
Allahverdi Təhləli, Əlisəmid Kür, Etmad
Başkeçid. Bir şairin ürəyində
bu adlara məhəbbət varsa, bu yetər ki, Vətənin
böyüklüyünü dərk edəsən.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”,
Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş”, Vaqif Səmədoğlunun
“Mən burdayam, İlahi”, Bəhlul Abdullanın, Afaq Məsudun
əsərlərini eston dilinə çevirmək ədəbiyyatımıza
böyük xidmət deməkdir. Arzu edirəm ki, həm
orijinal, həm də tərcümə əsərlərinin
sayı və keyfiyyəti çoxalsın. Bu iş həm
azərbaycanlı oxuculara, həm də eston oxuculara
lazımdır. Bu zəhmətə – gözə işıq
verən, ürəyə qüvvət verən zəhmətə
eşq olsun!
Çıxar
gədikləri, diz ağrı çəkməz,
Baxar üfüqlərə, göz ağrı çəkməz.
Xaqani eldəsə,
söz ağrı çəkməz,
Xaqani eldəsə,
söz bayram
eylər.
Sözün böyük mənasında bu kitab böyük dərdin, həsrətin və qürbətin Vətənin və onun müqəddəsliyinin kitabıdır. Bu müqəddəslik mübarək olsun!
04.06.2014
Zəlimxan Yaqub
Xalq şairi
525-ci qəzet.-
2014.- 14 iyun.- S.16;31.