Azərbaycanın böyük
dostu və tərənnümçüsü
- Georgi Leonidze
"Böyük bir
dərd imiş şair yaranmaq..." - Azərbaycanın Xalq şairi Səməd Vurğunun bu qanadlı sözləri şair-vətəndaş ömrünü
çox doğru və xarakterik əks etdirir. Həqiqətən də şair yükü daşımaq olduqca məsuliyyətlidir.
Əsl şair sağlığında
da özünə qəlblərdə abidə
ucaldır, idealları
könüllərə yol
açır, sətirləri
dillər əzbəri
olur, ölümündən
sonra isə ömrü yazıb-yaratdığı
əsərlərin ömründə
yaşanır, mənəvi
həyatı ölməzliyə
qovuşur.
Görkəmli gürcü şairi və ictimai xadimi, Gürcüstanın
Xalq şairi Georgi Leonidzeni, tərəddüdsüz, məhz
yaradıcılıq taleyi
uğurlu olan şairlər cərgəsinə
aid etmək olar.
Heç təsadüfi deyil ki, XX əsrin birinci yarısında gürcü poeziyasının
ağır yükünü
öz çiyinlərində
daşıyanlar sırasında
G. Leonidze birincilər
sırasında durur. Gürcü sovet
poeziyasının inkişafına
onun töhfələri
əvəzsizdir. Klassik gürcü
şairlərinin yaradıcılıq
ənənələrini davam
etdirərək onu yeni zirvəyə ucaldan istedadlı şair milli kökə bağlı olduğunu, mənsub olduğu xalqın ədəbi-bədii dil normrlarını, adət-ənənələrini,
təfəkkür tərzini
çox gözəl bildiyini odlu şeirləri ilə öz oxucusuna çatdırdı. Şairin
gürcü xalqının
Qurucu David, Tamara, Ş.Rustaveli,
S. S.Orbeliani, D.Guramişvili,
N.Barataşvili, İ. Çavçavadze,
A.Sereteli, V.Pşavela,
onlarca digər dövlət və ictimai xadiminə, şair və vətəndaşına şeirlər
həsr etməsi dediklərimizin əyani təsdiqidir.
G. Leonidze vətənpərvər
şair idi: doğulduğu Gürcüstan
torpağının hər
qarışını ürəkdən
sevir,onun füsunkar təbiətini
mədh edir, qədim Mesxetini, Kaxetiyanın üzüm bağlarını, Qərbi
Gürcüstanın əsrarəngiz
gözəlliklərini tərənnümdən
vəcdə gəlirdi.
Bütün bunların nəticəsi
idi ki, nəinki
təkcə Gürcüstanda,
eləcə də ittifaq miqyasında ümumxalq məhəbbəti
qazanmışdı. Sovet
yazıçılarının ikinci qurultayında poeziya barəsində məruzəsində şairin
yaradıcılığına yüksək qiymət verən Səməd Vurğun deyib: "Böyük sənətkar
ancaq milli zəmində yüksələ
bilər. G. Leonidze
belə şairlərdəndir".
G. Leonidzenin Böyük Vətən müharibəsi
dövrü yaradıcılığı
xüsusilə məhsuldardır.
Şairin bu illərdə yazılmış
"Qəm eləmə,
ana", "Vətən
qəhrəmanlarına", "Geri dönməyən", "Hardasan?",
"Gürcü döyüşçüsünün
dedikləri" və
s. şeirləri Vətən
övladlarını qılınca
sarılmağa və
yağı düşməndən
qisas almağa çağırırdı. Bu şeirlərdə vətənpərvərlik
ruhu olduqca güclüdür.
G. Leonidze yaradıcılığında
poema janrı xüsusi yer tutur. Şairin "Samqori", "Tbilisi", "Portoxala", "Kaxetiya şəfəqləri", "Berşoula" və s. poemaları oxucular tərəfindən maraqla
qarşılanmış və
bu tarixi lirik əsərlərin bədii məziyyətləri
son dərəcə yüksək
qiymətləndirilmişdir. G. Leonidze istər tarixi, istərsə də müasir mövzuda yazdığı
hər bir şeir və poemasında yalnız və yalnız vətəndaşlıq mövqeyindən
çıxış etmiş,
milli ənənələrə
sadiq qalmış, zamanın sərt sınaqları dövründə
belə yaradıcılıq
sahəsində heç
bir güzəştə
getməyərək ölməz
sənət nümunələri
yaratmağa müvəffəq
olmuşdur. Tarixi mövzuda yazılmış
"Berşoula" poemasında
xalqın yenilməz mübarizliyinin tərənnümü
güclüdür.
Mərhum şairimiz Əhməd Cəmil "Berşoula"
poemasını Azərbaycan
dilinə çevirmiş
və bu gözəl əsər Azərbaycan oxucuları tərəfindən də
rəğbətlə qarşılanmışdır.
Şairin anası Sofiyaya həsr etdiyi "Portoxala" poeması üzərində bir qədər ətraflı
danışmaq istərdik. Əvvəlcə onu deyim ki,
G. Leonidze zəhmətkeş,
sevimli anasına bir neçə şeir həsr etmişdir. Bu şeirlərdə anaya məhəbbət Vətənə
məhəbbətlə eyniləşir,
bir-birini tamamlayır və gözlərimiz önündəcə Ana-Vətən
obrazı canlanır.
Lakin "Portaxala"
poemasında zəhmətkeş
gürcü qadınının
- ananın obrazı daha güclü, əlvan boyalarla qələmə alınmış
və poema az bir müddət ərzində
böyük şöhrət
qazanmışdır. Poema rus
dilinə tərcümə
olunaraq "Drujba narodov" jurnalında dərc edilmişdir.
Jurnalda qələm dostunun poemasını oxuyub vəcdə gələn
S. Vurğun əsərdən
aldığı təəssüratı
məktub vasitəsilə
şair dostuna çatdırmağı lazım
bilmişdi. Gürcü-Azərbaycan
ədəbi əlaqələrinin
yorulmaz tədqiqatçısı,
filologiya elmləri doktoru mərhum Dilarə Əliyevanın xidməti sayəsində milyonların malı
olmuş həmin məktubda oxuyuruq: "Sənin poemanı oxuduqdan sonra gözüm önündə
xatirəsinə çox
şeir həsr etdiyim acı taleli doğma anam Məhbubə xanımın surəti canlandı. Mən ona çoxlu
şeir həsr etmişəm, ancaq etiraf etməliyəm ki, mənə doğma olan bu mövzunu mən sənin kimi ümumiləşdirmə
səviyyəsinə qaldıra
bilməmişəm. Mən həmişə
sənin poeziyanı onda olan hikmətlərə
və aforizmə görə sevmişəm. Lakin bu poemanı oxuduqdan sonra sənin şeirini daha çox sevməyə başladım,
çox sağ ol, əziz dost, qoy sənin yeni gözəl nəğmələrin yeni
poetik simfoniyalarla qovuşsun". Yalnız
S. Vurğun kimi həqiqi sənətkar, böyük qəlb şairi əsl sənət nümunəsinə
belə yüksək və layiqli qiymət verə bilərdi!
G. Leonidzenin "Qardaşlıq
sərkərdəmizdirsə...", "Sovet Azərbaycanı şairlərinə", "Şair
həmişə bayraqdardır",
"Şairlər, bəs
nə edək",
"Şairə" şeirləri
məhz qardaşlıq
duyğularının güclü
təsiri ilə yaradılmışdır. Bu şeirlərdə bir tərəfdən şair
yaradıcı məsuliyyəti,
vəzifə borcu, digər tərəfdən
isə dostluq və qardaşlığı
qoruyub möhkəmlətmək
arzuları öz əksini tapmışdır.
Şairin "Sovet Azərbaycanı şairlərinə" şeiri
mərhum Əflatun Saraçlı tərəfindən
Azərbaycan dilinə
çevrilmiş və
"Bir sinədə iki ürək" toplusuna daxil edilmişdir. Şeirdə xalqımızın tarixi keçmişinə ötəri
bir nəzər salınır, azadlıq uğrunda vuruşlar da qazandığı qələbələrdən söhbət
açılır və
bu günü tərənnüm edilir:
Ey Bakı, al tarı, al kamançanı,
Aşıq da kökləsin sədəfli sazı.
Azadlıq nəğməsi gəzsin
dünyanı,
Ellər
salamlasın bu xoş avazı...
Dillən
sədəfli saz, din şirmayi tar,
Vəsf
elə bu yurdu, bu doğma
eli!
Oxuyaq, necə ki, qəlbən
oxuyub
Nizami Gəncəvi
və Rustaveli.
Şair azadlıq uğrunda vuruşlarda birgə çıxış edən
gürcü və Azərbaycan xalqlarını
yenə də bir olmağa, qardaşlıq əlaqələrini
daha da möhkəmləndirib,
ona yeni məna çaları verməyə çağırırdı.
G. Leonidze Azərbaycan
xalqına, onun qədim ədəbiyyat və mədəniyyətinə
dərin hörmət
bəsləyir, bunun əyani təzahürü
olaraq Odlar Yurdunun bir şox
şair və yazıçısı ilə
səmimi dostluq əlaqələri saxlayırdı. Bu cəhətdən onun S. Vurğunla dostluğu, xüsusilə böyük
şairin haqqında dediyi sözlər ibrətamizdir.
"S. Vurğun yalnız Azərbaycan ədəbiyyatının deyil, çoxmillətli sovet ədəbiyyatı xəzinəsini zənginləşdirmişdir. S. Vurğun Azərbaycan sovet poeziyasının çörəyi, duzu, balı, südüdür. O xalq ruhunun canlı mücəssəməsidir. Ecaskar Nizami, Nəsimi, Vaqif şeirinin bu günə qədər hökmfərma olduğu bir yerdə nüfuzlu şair olmaq çox çətindir. Lakin S. Vurğun yalnız öz ölkəsində deyil, ondan çox-çox uzaqlarda belə ümumxalq hörməti qazanmışdır".
G. Leonidze həmçinin S. Rüstəm, M. Hüseyn, R. Rza, M. Rahim, Ə. Cəmil, O. Sarıvəlli və digər azərbaycanlı şair, yazıçılarla da dostluq əlaqələri saxlamış, şeirlərində xalqımıza, musiqimizə, musiqi alətlərimizə, çoxşaxəli mədəniyyətimizə həmişə səmimi münasibət bəslədiyini nəzərə çarpdırmışdır.
G. Leonidze nəsr sahəsində də qələmini sınamış və 1962-ci ildə oxucuların mühakiməsinə verilmiş "Dilək ağacı" hekayələr toplusu ilə nəsrdə də istedadlı yazıçı olduğunu təsdiq etmişdir. Görkəmli gürcü kinorejissoru T. Abuladze 1976-cı ildə həmin əsər əsasında eyni adlı film çəkmiş və əsər tamaşaçıların böyük rəğbətini qazanmışdır.
G. Leonidze 1966-cı ildə həyata əbədi göz yummuş və özündən sonra zəngin irs qoyub getmişdir. Elə buna görədir ki, G.Leonidzenin yubileyləri şairin adına layiq qeyd edilir. Azərbaycan xalqı da hər dəfə öz yaxın dostunun yubileyini bayram edir. Gürcüstanın azərbaycanlı məktəblərində S. Vurğunla G.Leonidzenin dostluğuna həsr olunmuş əbədi-bədii gecə keçirmək gözəl ənənəyə çevrilmişdir. Belə tədbirlərin keçirilməsi iki xalq arasındakı dostluğun parlaq nümunəsidir. Axı, yazıçı və şairlərin şəxsi dostluğu xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin güclü amillərindəndir. Bax, bu baxımdan munis duyğular şairi Georgi Leonidze ilə Səməd Vurğunun dostluğu gürcü və Azərbaycan xalqları üçün əsl örnəkdir.
Almaz KOXALI
525-ci qəzet.- 2014.- 18 iyun.- S.7.