Qabil Hüseynli: "QHT-lərin birinci vəzifəsi
Azərbaycanın milli maraqlarına xidmət etməkdir"
Azərbaycanın
ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə
respublikada hakimiyyətə gəldikdən sonra digər sahələrdə
olduğu kimi vətəndaş cəmiyyəti quruculuğuna
da böyük diqqət ayırdı. Ölkəmizdə bu
istiqamətdə əsaslı tədbirlər həyata
keçirilməyə, qanunvericilik bazası yaradılmağa
başladı. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda
müxtəlif istiqamətlərdə fəaliyyət göstərən
3000-dən artıq qeyri-hökumət təşkilatı
mövcuddur. Bu təşkilatlar ölkədə vətəndaş
cəmiyyətinin formalaşması, insan
hüquqlarının qorunması, sosial, mədəni,
humanitar və digər sahələr
üzrə maarifləndirmə işləri, mühüm layihələr
həyata keçirirlər. Görülən işlərə
nəzər salarkən bir daha təsdiqlənir ki, QHT-lər
ötən müddət ərzində səmərəli fəaliyyət
göstərib, vətəndaş cəmiyyətinin
inkişafı naminə dəyərli töhfələr veriblər.
1992-ci ildə "İctimai birliklər haqqında",
2000-ci ildə "İctimai birliklər və fondlar
haqqında" qanunların qəbulu bütün dünyada qəbul
olunmuş QHT anlayışını Azərbaycana gətirməklə
yanaşı, bu sahəyə diqqəti xeyli artırdı.
Qısa zamanda humanitar və sosial sahədə fəaliyyət
göstərən çoxsaylı cəmiyyətlər,
peşə birlikləri, ekoloji və hüquq-müdafiə təşkilatları
yaradılaraq qeydiyyata alındı.
Onlar ilk
növbədə ölkəmizdə vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində demokratik və hüquqi
dövlətin formalaşmasına, Azərbaycanın dünya
birliyinə inteqrasiyasına, insan hüquqlarının
qorunmasına, sosial-iqtisadi, qaçqın və məcburi
köçkün problemlərinin həllinə yardım etməyə
çalışırlar.
Vətəndaş
cəmiyyətinin inkişafında QHT-lərin rolunu önə
çəkən dövlət başçısı
İlham Əliyevin fərmanı ilə "Qeyri-hökumət
təşkilatlarına Dövlət Dəstəyi
Konsepsiyası" təsdiqlənib. Bu Konsepsiyaya uyğun
olaraq dövlət başçısının sərəncamı
ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası yaradılıb. Həmin vaxtdan müsabiqə
yolu ilə müxtəlif sahələr üzrə qrantlar elan
edilib və qarşıya qoyulan məqsədə nail olmaq
üçün böyük məbləğdə vəsait
ayrılıb. Müxtəlif mövzularda yüzlərlə
QHT layihələri Prezident yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının köməyi ilə həyata
keçirilir. Bu da QHT-lərin xarici donorlardan
asılılığını xeyli azaldıb.
Politoloq
Qabil Hüseynli Azərbaycan müstəqillik qazandıqdan
sonra vətəndaş cəmiyyəti quruculuğu istiqamətində
atılan addımlara diqqət çəkib. Onun sözlərinə
görə, bu istiqamətdə nəzərəçarpan
uğurlar var, lakin Azərbaycanın müharibə şəraitində
olması bu sahəyə də təsirsiz ötüşməyib:
"Bu səbəbdən vətəndaş cəmiyyətinin
formalaşdırılmasında arzu edilən nailiyyətləri
tam şəkildə qazanmaq hələ mümkün
olmayıb. Bu isə qeyd etdiyim kimi sırf obyektiv səbəblərlə,
yəni müharibə şəraiti ilə
bağlıdır. Lakin bununla yanaşı xüsusilə son
illərdə vətəndaş cəmiyyətinin
formalaşdırılması istiqamətində daha pozitiv və
praktik addımlar atılmağa başlayıb. Hazırda
respublikamızda vətəndaş cəmiyyətini təmsil
edən kifayət qədər qeyri-hökumət təşkilatları
var. Bu qurumlar vahid koordinasiya altında, Azərbaycan Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasında birləşiblər". Onun
sözlərinə görə,
dövlət
QHT-lərin maliyyələşməsi istiqamətində ən
mühüm layihələrə dəstək verir.
Politoloq
qeyd edib ki, bütün bunlar həm vətəndaş cəmiyyəti
haqqında təsəvvürlərin cəmiyyətin daha
geniş kütlələrinə sirayət etməsi, həm də
bu stukturların cəmiyyətin özünə təsirli
kömək etməsi üçün geniş imkanlar açır: "Məsələn,
bu gün kimsəsiz uşaqlara, yaxud ailə
başçısını itirmiş ailələrə, aztəminatlı
ailələrə yardım məqsədilə yaradılan
QHT-lər çox yaxşı işləyirlər, yüksək
göstəricilərə malikdirlər. Bununla yanaşı cəmiyyətdə
vətəndaş cəmiyyəti şüurunun
formalaşdırılması istiqamətində geniş təbliğat
aparan, bu cəmiyyətin modelini, strukturunu, onun ayrı-ayrı
elementlərini adi, nəzəri şüur səviyyəsində
formalaşdırmağa çalışan QHT-lərin də
sayı az deyil. Yəni, sosial cəmiyyətin, demokratik cəmiyyətin
ayrılmaz elementi olan vətəndaş
cəmiyyətinin formalaşdırılması istiqamətində
atılan addımlar bu gün daha da surətlənib və bu vəziyyət
bizdə belə bir ümid yaradır ki, Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğu qarşıya qoyulmuş vəzifələrin yerinə
yetirilməsinə xidmət edəcəkdir".
Azərbaycanda
QHT-lərin üçüncü sektor olaraq yaranması və
inkişafının hansı zərurətdən
qaynaqlanmasına toxunan Q.Hüseynli deyib ki, dünyanın
bütün ölkələrində bu gün sosial dövlət
quruculuğy ön plandadır: "Bununla bağlı müxtəlif
təcrübələrdən istifadə olunur, amma sonda belə
bir qənaət formalaşıb ki, cəmiyyətin təşkilinin
ideal forması sosial yönümlü cəmiyyət və
orda vətəndaşların aktiv mövqeyə sahib
olmaları, eyni zamanda vətəndaşların cəmiyyətdən
və dövlətdən aktiv yararlanmaları uğurlu cəmiyyət
quruculuğunun başlıca meyarı hesab edilir. Yəni
dövlət və hakimiyyətin müəyyən
funksiyalarının cəmiyyət üzvləri ilə
paylaşması prosesi məhz vətəndaş cəmiyyətinin
vacib göstəricilərindən biridir ki, bu da QHT-lər
vasitəsilə həyata keçirilir. QHT-lər vasitəsilə
insanlar bu və ya digər formada dövlətin, cəmiyyətin
idarə işlərinə cəlb edilir, eyni zamanda özləri
yaratdıqları bu təşkilatlar vasitəsilə dövlətin
müəyyən funksiyalarını öz üzərlərinə
götürürlər.
Beləliklə,
cəmiyyət tədricən sərt mərkəzləşmədən
uzaqlaşır, əks mərkəzləşmə prosesi
gedir və idarəetmə prosesləri daha geniş kütlələr
tərəfindən həyata keçirilməyə
başlayır. Bu isə cəmiyyətin
təşkilinin ideal olmasa da, mükəmməl
formalarından biridir".
Politoloq
hesab edir ki, vətəndaş cəmiyyəti strukturları nə
qədər inkişaf edirsə, cəmiyyətdə, təşəbbüsə,
özünü ifadəyə və özünü realizəyə
o qədər çox meydan
açılır nəticə etibarilə cəmiyyətin hər
bir üzvünün potensialından daha səmərəli
istifadəyə geniş perspektivlər yaranır.
Azərbaycanda ictimai proseslərdə və sosial problemlərin həllində
QHT-lərin rolunu vurğulayan Q.Hüseynliyə görə,
ictimai proseslər və sosial problemlər bir-birinə
yaxın olsa da, amma əlbəttə ki, ictimai proseslər daha
vacib və cəmiyyətin bir növ özəyini təşkil
edən prosesdir. Onun sözlərinə görə, QHT-lər
bu gün Azərbaycanda sosial problemlərlə bağlı məsələlərdə
daha fəaldırlar. "Amma ictimai məsələlərin həllində
onların fəaliyyəti hiss ediləcək dərəcədə
təsirli deyil. Bunu da QHT-nin təşəbbüs göstərməməsi
ilə izah etmək olar".
Ekspert
düşünür ki, QHT-lər bu gün cəmiyyət
üçün aktuallıq kəsb edən bir sıra sosial
problemlərlə bağlı daha fəal olmalı, təşəbbüslər
irəli sürməlidirlər: İctimai münasibətlərlə
bağlı problemlərdə QHT-lər özünüidarə
proseslərinin geniş yayılmasında daha fəal
iştirak etməlidirlər. Bu gün Azərbaycanda bələdiyyələr
özünüidarəetmənin bir forması kimi meydana
çıxıb. Amma bələdiyyələr
özünün klassik formalarına çata bilməyiblər. Onların səlahiyyətlərində hansısa kəsir var, yaxud da öz
funksiyalarını tam səriştəli həyata keçirmək
iqtidarına malik olan kadrlarla təmin olunmayıb. Ümumiyyətlə,
bələdiyyəçilik şüru Azərbaycanda o qədər
də yayğın deyil. Bu məsələnin
bir tərəfi, digər tərəfdən cəmiyyətdəki
bir
sıra sosial problemlərlə bağlı QHTt-lər ciddi
şəkildə mübarizə aparmalıdırlar.
Onun
sözlərinə görə, söhbət təkcə
kriminal məsələlərdən yox, cəmiyyətdə
yayılmaqda olan və demoqrafik proseslərə təsir edən
boşanma hallarının artması, uşaqlara kifayət qədər
təhsilin verilməməsi, erkən nikahlar, milli mentalitetimizə
tamamilə uyğun gəlməyən insan alveri
hallarının artmasından gedir. "Mən ən ümdə
problemlər kimi insan və onun vacib problemlərinin QHT-lərin fəaliyyətinin mərkəzində
dayanmalıdır fikrinə tərəfdaram".
(Ardı var)
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 18 iyun.- S.6.