Əbülfəz Qarayevlə Gürcüstanın mədəniyyət nazirinin görüşü olub

 

Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə gürcüstanlı həmkarı Quram Odişariya arasında görüş keçirilib.

Ə.Qarayev ilk növbədə, gürcüstanlı naziri salamlayıb və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə etdiyini bildirib.

Daha sonra Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Görüşün sonunda Q. Odişariya Ə.Qarayevə  Azərbaycana səfərinin yüksək səviyyədə təşkil edilməsinə görə öz təşəkkürünü bildirib. İki  ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişləndirəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, həm də ustad yazıçı olan Q. Odişariya Azərbaycan Yazıçılar Birliyinin qurultayı və 80 illik yubiley tədbirləri çərçivəsində Bakıya gəlib və burada onun Azərbaycan dilində nəşr edilmiş “Prezidentin pişiyi” kitabınıntəqdimatı olub.Sumqayıtdakı “Bilik”nəşriyyatının mətbəəsində nəşr olunmuş 288 səhifədən ibarət kitab gürcü dilindən Əyyub Quyas tərcümə edib.Kitabın redaktoru Ehtiram İlhamdır.

Q. Odişariya iyirmidən artıq şeir və nəsr kitablarının müəllifidir.Bir neçə ədəbi və dövlət mükafatlarının laureatı olan yazıçının əsərlərinin başlıca üstünlüyü həyat darmatizminin bədii çalarlarla  əks etdirilməsi və insan obrazlarının   səmimiyyətidir.Bədii qəhrəmanları əsasən sadə suxumililər və bu şəhərin ecazkar, eqzotik təbiəti olan əsərləri oxucular arasında populyardı.

Xalqımızın yaxın dostu olan  Quram Odişariyanın Azərbaycan oxucularına təqdim etdiyi bu kitab Gürcüstan-Azərbaycan ədəbi əlaqələrini daha da genişləndirə, ədəbiyyatlarımız arasında yeni bir körpü sala bilər.

 

525-ci qəzet.- 2014.- 19 iyun.- S.7.