Milli dövlət quruculuğunda
sınaq anı - Qayıdış
Dünya tarixinin ən həyəcanlı epizodlarını
göz önünə
gətirərək Heydər
Əliyevin hakimiyyətə
qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək
olar. Çünki bütün xalqların
tarixində ən ağır sınaq qarşısında birləşmək
və təhlükəyə
qarşı özünün
ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması
mümkün görünməyən
real təhlükə ərəfəsində
bu instinkt siyasi baxışlarından asılı
olmayaraq cəmiyyətin
bütün təbəqələrini
yeganə ümid ətrafında birləşmək
üçün sonuncu
cəhdə səfərbər
edir. Yenə də bir qayda olaraq, yeganə
ümid rolunda toplumun ən müdrik şəxsiyyəti
çıxış edir
və cəmiyyətin
bir müdrik şəxs ətrafında
kütləvi səfərbərliyi
həlledici gücə
çevrilir. Belə bir
monolit güc o zamanadək qeyri-mümkün
görünən bütün
sədləri aşır,
çıxılmazlıqdan çıxış yolları
tapır, cəmiyyətin
və dövlətin varlığını təhdid
edən ən böyük təhlükəni
bir an içində böyük məsafəyə
uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn,
Birincici Dünya müharibəsində didilib
parçalanmış və
tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan
Türkiyə ən çətin sınaq məqamında öz ümidini türk dünyasının böyük
şəxsiyyəti Mustafa Kamal
Atatürkün zəkasına
və məharətinə
bağladı və məhz onun şəxsiyyəti üzərində
səfərbər olan
ümummilli mübarizə
əzmi Türkiyəni
qələbəyə apardı.
İkinci Dünya müharibəsində
ingilis xalqının alman faşizminə qarşı mübarizə
ruhu Çörçilin
şəxsiyyəti üzərində
öz təcəssümünü
tapdı. Yenə də
İkinci Dünya müharibəsində işğal
altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində
Şarl de Qol şəxsiyyəti dayandı.
1990-cı illərin əvvəllərində Azərbaycanda
yaranmış hərbi
- siyasi vəziyyət
sadaladığım hadisələrdən
daha gərgin və daha təhlükəli
idi. Zaman da dəyişmişdi.
Mürəkkəb siyasi texnologiyaların
təşəkkül tapdığı,
ifrat dərəcədə
differensiallaşmış çoxqütblü
qlobal siyasi məkanda hadisələrin
axarını istənilən
səmtə yönəltmək
artıq o qədər
də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə
xalqın azadlığını
və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər
Əliyevə nəsib
oldu. Bu dövrün mürəkkəbliyi
ondan ibarət idi ki, dünyanın
təşkil olunduğu
iki qütblü qlobal siyasi sistem
özü dağılmışdı.
Bu dağıntılar içərisində xalqların
öz azadlığına
qovuşmaq və öz dövlət müstəqilliyini əldə
etmək arzularıyla
o zamanadək dünyada
söz sahibi olan supergüclərin məqsədləri bir-birinə
tərs mütənasib
idi. Doğrudan da, böyük
güc sahibləri üçün dünya siyasi xəritəsində
çoxsaylı xırda
dövlətlərin meydana
gəlməsi və onlarla ayrı-ayrılıqda
işbirliyi qurmaq və ya mübarizə
aparmaq məcburiyyətində
qalması böyük
dövlətlərin marağında
deyildi.
Bir tərəfdən,
xalqların azadlıq
ideallarını, onların
müstəqilliyə qovuşmaq
arzularını təqdir
edərək onların
demokratik dünya birliyinə can atmasını
alqışlasalar da, digər tərəfdən
gündən-günə sayı
çoxalan milli dövlətləri
öz təsir dairələrində saxlamağın
çətin olacağını
bilərək böyük
dövlətlər bu
prosesləri
dəstəkləməyə o qədər də tələsmirdilər. Digər tərəfdən,
sovet imperiyası hələ özünün
dağılma prosesinin
içində ikən
özündən qopan
milli dövlətlətin
yenidən hansı yolla itaət altına salınmasının
yollarını düşünürdü. Bu məqsədini
heç olmasa gələcəkdə həyata
keçirmək üçün
son nəfəsində olan
imperiya müstəqilliyə
qovuşmaq arzusunda və ərəfəsində
olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır,
onları imperiyadan asılı saxlaya biləcək bütün
ipləri əlində
saxlamağa çalışırdı.
Bu ziddiyyətlər özünü SSRİ-nin
bütün periferiyasında
baş verən lokal müharibələr şəklində göstərirdi.
Sovet imperiyasının
perifieriyasında yenicə
yaranmaqda olan milli dövlətlərdə
imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq
qədər zəngin
təcrübə, dərin
siyasi düşüncə
və siyasi iradə sahibləri çox az
idi. Moldovada, Gürcüstanda, Qazaxıstanda
və Baltikyanı ölkələrdə baş
verən hadisələrlə
yanaşı Azərbaycanda
cərəyan edən
hadisələr daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək
baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində
hər cür kömək göstərilməkdən
məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin
müxtəlif hissələrində
separatçılıq fəaliyyətinin
qızışdırılması və hərtərəfli
dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində
imperiya cəsuslarının
ölkəni vətəndaş
müharibəsinə sürükləməsi
Azərbaycan dövlətçiliyinin
mövcudluğunu ciddi
sual altına qoymuşdu.
Məhz belə bir təhlükə
qarşısında bütün
xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan
siyasi qüvvələr
nəzərlərini xalqın
yetişdirdiyi ən müdrik şəxsiyyətə
- Heydər Əliyevə
yönəltdilər. Xaosun miqyasından dəhşətə
gələn və xalqın yekdil tələbi qarşısında
başqa çıxış
yolu qalmayan o zamankı hakimiyyət israrla
Heydər Əliyevi hakimiyyətə dəvət
edərək daşıya
bilmədikləri yükün
məsuliyyətindən yaxalarını
qurtarmaq üçün
hakimiyyəti buraxıb
qaçdılar.
Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunardı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar, əksinə, Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər. Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi - siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı. Bu prosesin özü də rahat keçmədi. Heydər Əliyevin qayıdışından sonra onun hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər diqqəti yayındırır, gərginlik vəziyyətini aradan qaldırmağa və ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqdidasi, mədəni, sosial inkişafına görə İttifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində olsa da Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tuturdu. Bütün bunları zamanında həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanın sonrakı inkişafın yolunu düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı. Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq və bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu. Son 20 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır. Heydər Əliyev bir şəxsiyyət kimi qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi. Zamanın sınaq anında o, bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır, Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.
Cavanşir Feyziyev
525-ci qəzet.- 2014.- 19 iyun.- S.6.