"Cəmiyyətin inkişafına mane olan adət-ənənələrdən, köhnəlikdən əl çəkməliyik 

 

“Müsəlman aləminin keçmişi nə qədər möhtəşəm olsa da, bu keçmişin əsirinə çevrilmək olmaz”

Millət vəkili, professor Gövhər Baxşəliyevanın “525”-ə müsahibəsi

- Gövhər xanım, Ailə Məcəlləsinə dəyişikliklər hər zaman cəmiyyətin, o cümlədən parlamentin əsas diqqət mərkəzində və gündəmində olan məsələlərdəndir. Məsələn, belə təkliflər də var və yəqin ki, Siz özünüz də rastlaşmısınız ki, Ailə Məcəlləsinə nikah, mülkiyyət müqaviləsinin bağlanması, nikaha girən cütlüklərin bir-birilərinə sağlamlıqları barədə arayış təqdim etmələri ilə və sair məqamlarla bağlı müddəalar salınsın. Siz bir millət vəkili olaraq, bu haqda nə fikirdəsiniz?

 

-Əvvəla, nikah müqaviləsi bir çox ölkələrdə tətbiq olunur və bildiyim qədər bu,  könüllüdür. Hesab edirəm ki, bizdə də nikah müqaviləsi məcburi olmamalıdır. Kimlər istəyir, bağlasın müqaviləni, hətta, notariusda təsdiq edib,  tətbiq etsinlər. Bilirsiniz, insanlar  nikaha girəndə o niyyətlə girirlər ki, bir ömür xoşbəxt həyat sürəcəklər və bu baxımdan,  nə vaxtsa ayrılmaqları və o ayrıldıqları zaman mülkiyyəti necə böləcəkləri haqda düşünmürlər. Fikrimcə, həmin o nikah müqaviləsində öncədən mülkiyyətin bölüşdürülməsini müəyyənləşdirmək psixoloji cəhətdən nikaha girənləri gələcək boşanmaya hazırlayacaq. Odur ki,  bizim mühitdə bu, bəlkə də, heç lazım deyil. Amma mən, məsələn, istərdim ki, həmin o nikah müqaviləsində nikaha daxil olan  tərəflərin vəzifələri və hüquqları dəqiq müəyyənləşdirilsin. Yəni, ailə həyatında kişinin və qadının üzərinə hansı vəzifələr düşür və onların hər birinin bu zaman hüququ nədən ibarətdir. Çünki həyat göstərir ki, bir çox hallarda gənclər nikaha girirlər, amma həmin o nikahın ciddiliyin, ailə həyatında öz məsuliyyətlərini tam dərk etmirlər...

 

 

- Nə mənada?

 

- Məsələn, bu, bizim hətta dinimizdən də irəli gəlir, bütün insanı münasibətlərdən də irəli gəlir ki, kişi, əgər nikaha girirsə, deməli, həm cəmiyyət qarşısında, həm Allah qarşısında üzərinə həmin o qadının gələcək taleyi üçün məsuliyyət götürür. Eynilə də sabah dünyaya gətirdiyi uşaqlar üçün. Qadın da, məsələn, ailə qurursa, o da bilməlidir ki, həyat yoldaşının qulluğunda durmalıdır, ailəsini - ocağını qorumalıdır, körpələrinə baxmalıdır, onlara nəvaziş göstərməlidir. Ata və ana birgə uşaqları boya-başa çatdırmalıdırlar. Yəni, bu hüquq və vəzifələri hər iki tərəf tam bilməlidir. Düşünürəm ki, bəlkə nikaha girənlər üçün qısamüddətli kurs təşkil olunsun, hansısa mühazirələr oxunsun ki, nikah nə deməkdir, xoş günləriniz də olacaq, çətin günləriniz də, qarşıya çıxan çətin sınaqlardan yalnız qarşılıqlı dözüm və hörmət şəraitində itkisiz çıxmaq mümkündür. Yəni, kişi xanımına hörmət etməlidir, xanım yoldaşına, kişisinə hörmət etməlidir. Bu istiqamətdə  istərdim ki, maarifləndirmə işləri aparılsın. Çünki həqiqətən də baxırıq ki, son illər çox ailələr dağılır və nəticədə   uşaqlar ortada qalır.

 

“Hər iki tərəf biri-birinin səhhəti haqqında tam məlumatı bilməlidir, sonra isə seçim onlarındır, qəbul edirlərsə, ailə qursunlar”

 

 

- Bəs tibbi arayış məsələsinə necə baxırsınız?

 

- Tibbi arayışın tələb edilməsinin tam tərəfdarıyam. Çünki təcrübə göstərir ki, bir sıra hallarda gənclər bir-birinin səhhəti haqqında tam məlumatı əldə edə bilmirlər, bir-birindən nələrisə gizlədərək, nikaha girirlər, sonra yenə də müxtəlif fəsadlar üzə çıxır. Məsələn, elə xəstəliklər var ki, heç o xəstəliklərlə nəslin davamı qəbuledilməzdir. Məsələn, psixi xəstəliklər. Yaxud, elə xəstəliklər var ki, sonra uzun illər müalicə tələb edir. Elə xəstəliklər var ki, yoluxucu olur. Yəni, hər iki tərəf biri-birinin səhhəti haqqında tam məlumatı bilməlidir, sonra isə seçim onlarındır, qəbul edirlərsə, ailə qursunlar.

 

 Amma vəziyyətin bütün ciddiliyini dərk etməlidirlər, bir-biriləri haqqında tam məlumat əldə etməlidirlər. Qanun çərçivəsinə salınmayıb deyə, bəziləri, istəsə belə, utanır, çəkinir ki, qarşı tərəfin  səhhəti ilə maraqlansam, arayış istəsəm, bu, münasibətləri korlayar. Amma qanun çərçivəsinə salınsa, artıq bu problemlər aradan qalxar və hər iki tərəfin nikaha girdiyi insan haqqında ətraflı məlumatı olar. Bu da həm onların izdivaclarının, gələcək ailə həyatının daha möhkəm olmasına xidmət edər, həm də yeni dünyaya gələn nəslin sağlamlığına təminat verər.

 

 

“Əgər valideyn bilirsə ki, övladı çox ciddi xəstəlik daşıyıcısıdır, o zaman  mütləq o valideyn bunu qarşı tərəfə deməlidir...”

 

- Burada həmçinin valideynlər də çox böyük məsuliyyət daşıyır və daşımalıdırlar, ancaq çox təəssüflər olsun ki, bəzən bunun əksini müşahidə edirik...

 

 

- Heç şübhəsiz, valideynlər   çox ciddi məsuliyyət daşıyırlar. Əgər valideyn bilirsə ki, övladı çox ciddi xəstəlik daşıyıcısıdır, o zaman  mütləq o valideyn bunu qarşı tərəfə deməlidir,  qarşı tərəfə vəziyyəti tam aydınlıqla bildirməlidir. Əgər valideyn övladının xəstəliyini gizlədirsə, o məsuliyyət daşımalıdır. Çünki elə xəstəliklər var ki, sabah həmin o insanın da, qarşı tərəfin də həyatını korlayır. Yəni, bu məsələ hər iki tərəfdən çox böyük məsuliyyət tələb edir.

 

 

“Qərbdə kişi cinsi ilə qadın cinsi arasında kəskin fərqlərin bir növ aradan götürülməsi prosesi bizə də təsir edir...”

 

- Yeri gəlmişkən, öz milli mental-əxlaqi dəyərləri ilə seçilən Azərbaycan cəmiyyətində oğlan uşaqlarının son illər  bir növ incə ruhda, belə demək mümkünsə, az qala qız kimi böyüdülməsi və bundan irəli gələn bir sıra neqativ halların ortaya çıxması da müşahidə edilməkdədir...

 

- Dediyiniz proseslər, mən deyərdim ki, daha çox qloballaşma məsələləri ilə bağlıdır. Yəni, bir növ ölkələrin, virtual da olsa, sərhədsizləşməsi prosesi gedir.  Yəni sərhədlər, reallıqda olmasa da, virtual aləmdə götürülür və bütün dünya vahid bir sosial-mədəni məkanda inkişaf edir. Bu zaman istər-istəməz insanlar, xüsusən uşaq və gənclər müxtəlif təsirlərə məruz qalır. Qərbdən həmin o dediyiniz təsirlər, yəni, kişi cinsi ilə qadın cinsi arasında kəskin fərqlərin bir növ aradan götürülməsi prosesi bizə təsir edir. Şərqdən gələn bəzi neqativ meyllər, təmayüllər  öz təsirini göstərir. Düşünürəm ki, biz bunlardan kənarda qala bilməyəcəyik. Bu proses gedir   getdikcə güclənəcək. Bu təsirləri mümkün qədər zəiflətmək, qarşısını almaq üçün ənənəvi mədəniyyətimizi geniş təbliğ etməliyik. Yəni, cəmiyyətimizin inkişafı üçün müsbət xarakter daşıyan adət-ənənələrimizi qoruyub saxlamalıyıq.

 

“Cəmiyyətin inkişafının tormozuna çevrilən adət-ənənələrdən, köhnəlikdən əl çəkməliyik”

 

Bu zaman digər problem yaranır: qədimdən, dədə-babadan gələn adət-ənənə heç də həmişə bu günümüzlə səsləşmir, bəzən isə cəmiyyətin inkişafını ləngidir. Cəmiyyətin inkişafının tormozuna çevrilən adət-ənənələrdən, köhnəlikdən əl çəkməliyik. Biz istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin, modern, müasir, mütərəqqi dövlət olsun. Odur ki, müsbət adət-ənənələri qoruyub saxlamalıyıq. Tariximizdən, dədə-babalardan, qədim türklərdən gələn adət-ənənələri, müsbət meylləri mütləq saxlamalıyıq. Məsələn, elə qədim türklərdən götürək. Qadını ailəsinin xanımı kimi qəbul etmək, ona hörmət etmək, ona böyük ehtiramla yanaşmaq, qayğı göstərmək, onunla hesablaşmaq. Qədim türklərdə qadına belə gözəl münasibət olub. Yaxud da dinimizdən götürək, məsələn, sağlam həyat tərzi, yüksək mənəviyyat, halal-haram məsələsi. Müasir həyatda yer alan müxtəlif neqativ hallar, narkotiklər, alkoqollu içkilər, bunlardan uzaq olmaq, halal yaşamaq, harama getməmək üçün, bax, dediklərimi qoruyub saxlamalıyıq və təbliğ etməliyik.

 

“İslam aləminin problemi, onun geridə qalma səbəbi daim mühafizəkarların islahatçılara, yenilik tərəfdarlarına qalib gəlməsindədir”

 

 Digər tərəfdən, hamımız bilirik ki, İslam dini sonuncu din və dinlərin ən gözəlidir.  Bu din VII əsrdə yaranıb. Yəni, Quran nazil olanda onun ehkamları o dövrün ictimai, siyasi və mədəni münasibətlərinə hesablanıb. İndi nə qədər düzgündür həmin o ehkamları əsrlər boyu saxlayıb, hətta XXI əsrdə yaşatmaq? Bu zaman nə baş verir? Bu zaman cəmiyyətin inkişafı ləngiyir. Bax, biz buna yol verməməliyik. Bu, təkcə bizə yox, bütün müsəlman aləminə aiddir. Müsəlman aləmi inkişaf etmək istəyirsə, istəyirsə Avropa ölkələri ilə ayaqlaşsın,  bu məsələlərə xüsusi diqqət yetirməlidir. Yəni, VII əsrdə yaranmış o dinin  bugünümüzlə uzlaşan, bugünümüz üçün müsbət xarakter daşıyan, cəmiyyətin inkişafını stimullaşdıran cəhətlərini, qayda-qanunu, adət-ənənəni saxlamaq lazımdır, amma eyni zamanda, bugünümüz ilə uzlaşmayanları bir qədər kənara qoymaq lazımdır. Bunun uğrunda əsrlər boyu mütərəqqi islam ilahiyyatçıları, fikir adamları, alimləri çıxış ediblər. Amma təəssüf ki, onlar azlıqda olublar və sərt təqiblərə məruz qalıblar. Dəriləri soyulub, dar ağacına çəkiliblər, əl-qolları kəsilib və ilaxır. Yusif ibn Həllacdan başlayaraq günümüzəcən bir qədər başqa formada da olsa bu proses davam edir. İslam aləminin problemi, onun geridə qalma səbəbi daim mühafizəkarların islahatçılara, yenilik tərəfdarlarına qalib gəlməsindədir. Budakı son nəticədə bütün islam aləminin inkişafının ləngiməsinə və bugünkü acınacaqlı vəziyyətin yaranmasına səbəb olub.

 

“Din faktoru Avropa ölkələrinin siyasətində aparıcı rolundan  mərhum edildi...”

 

-Belə hallar Avropada, Qərbdə də yaşanmayıbmı?

 

- Təbii ki, yaşanıb.   Avropa, xristian cəmiyyəti də çox ciddi sınaqlardan keçib. Kafirlikdə, dini doqmalara qarşı çıxmaqda ittiham edilən insanların mühakiməsi üçün kilsə tərəfindən inkvizisiya adlanan məhkəmələr qurulurdu. Məsələn, inkvizisiya hökm etdiyi vaxtlar kilsənin ehkamlarına azacıq etiraz edən minlərlə insanı diri-diri yandırdılar, zindarlarda çürütdülər. Cordano Brunonu yandırdılar, Koperniki də elə hala saldılar ki, ağlın itirdi. Yaxud, katoliklərlə protestantların uzun müddət mübarizəsini götürək.  Parisdə Varfolomey gecəsi adlanan bir gecədə katoliklər minlərlə protestant qırdı. Yəni, bütün bu sarsıntılardan sonra Avropa cəmiyyəti, xristian aləmi köklü dəyişikliklərin labüd olduğunu  tam anladı. Bunun nəticəsi olaraq Reformasiya – XVI-XVII əsrin əvvəllərində Qərbi Avropada katolik  kilsənin özbaşınalıqlarına qarşı yönəlmiş dini və ictimai-siyasi hərəkat başladı. Fəlsəfi əsərlər çoxaldı, maarifləndirmə işləri geniş vüsət aldı. Mövcud vəziyyətlə mübarizə gücləndi və bütün bu mübarizənin - mütərəqqi insanların, hətta, mütərəqqi kilsə xadimlərinin mübarizəsinin nəticəsi olaraq, bütün sahələrdə,  o cümlədən,  din sahəsində, kilsə sahəsində islahatlar başlandı. Əsas nəticəsi ondan ibarət oldu ki, din faktoru Avropa ölkələrinin siyasətində aparıcı rolundan  mərhum edildi. Bu yeni yaranan burjua cəmiyyətinin kilsə tərəfindən müdafiə olunan köhnə feodal quruluşuna qarşı mübarizənin təzahürü idi.  Yəni din cəmiyyətdə yeni yaranan ictimai-siyasi, iqtisadi və mədəni münasibətlərə adaptasiya olundu və beləliklə də cəmiyyətin inkişafı qarşısında maneə funksiyasını itirdi. Nəticəsi isə dünyəvi üsul idarəsi ilə idarə olunan milli dövlətlərin yaranması oldu.

 

 

“Arzu edərdim ki, sonuncu səmavi din olan bizim gözəl İslam dinimiz cəmiyyətin inkişafını stimullaşdıran faktora çevrilsin”

 

Demək istəyirəm ki, məhz bundan sonra Avropanın çox güclü inkişafı başladı. Bu baxımdan istənilən cəmiyyət oxşar prosesdən keçməlidir. Din cəmiyyətin inkişafında tormoza çevrilməməlidir. Mən çox arzu edərdim ki, müsəlman aləmində də mütərəqqi islam xadimləri, alimlər, filosoflar bu istiqamətdə iş aparsınlar və sonuncu səmavi din olan bizim gözəl İslam dinimiz cəmiyyətin inkişafını stimullaşdıran faktora çevrilsin. Bu bütün müsəlman ölkələri üçün çox aktual məsələdir. İslam yaranandan sonra bütün müsəlman aləmi möhtəşəm intibah dövrü yaşadı, böyük islam mədəniyyəti yarandı, elmin bir çox sahəsi sürətlə inkişaf etdi, ecazkar musiqi, ədəbiyyat və poeziya ərsəyə gəldi, bir sözlə, həyatın bütün sahələri sürətlə irəlilədi. X əsr müsəlman mədəniyyətinin Qızıl dövrü adlanır. İnersiya ilə bu inkişaf XII əsrə qədər davam etdi. Daha sonra isə müsəlman aləmi böyük durğunluq dövrünə qədəm qoydu və məhz bu zaman bugünkü geriliyin əsası qoyuldu. Bəli, müsəlman aləmin keçmişi – VII – XII əsrləri ehtiva edən  dövr – çox möhtəşəm olub. Amma onu da anlamalıyıq ki, müsəlman aləminin keçmişi nə qədər möhtəşəm olsa da, bu keçmişin əsirinə çevrilmək olmaz. Ona rasional yanaşaraq bu günümüzlə səsləşməyən, müsəlman aləminin inkişafını ləngidən, müasir  dünyadan geridə qoyan dini ehkamları tarixdə qoymaq lazımdır.XXI əsrdə  VII əsrdə yaranan qayda-qanunla yaşamaq nonsensdir. Dünyaya açıq gözlə baxmalıyıq. Özümüzə sual verməliyik: nədir müsəlman aləminin bugünkü çoxsaylı problemlərinin səbəbi? Nə üçün XXI əsrdə müsəlman müsəlmanı təriqət, məzhəb ayrı-seçkiliyinə görə öldürməlidir? İŞİD, Taliban, Hezbollah və onlarla digər radikal islami cərəyan və qruplaşmalarının fəaliyyəti artıq tarixin arxivində qalmalıdır. Bu günlərdə İraqda, Tikrit şəhərində 1700 polisin yalnız şiə mənsubiyyətinə görə güllələnməsi vəhşilikdir. Bu mövzuda saatlarla danışmaq olar. Qısası, demək istəyirəm ki, XXI əsrdə bu kimi hallara yer olmamalıdır.Müsəlman aləmi irəliyə  doğru addım atmalıdır. Bunun üçün də mütləq həmin o Reformasiya, islahatlar müsəlman cəmiyyətində də baş verməlidir. Təbii ki, dinimizin və cəmiyyətlərimizin spesifikasını nəzərə almaq şərtilə. Dinə artıq yeni baxışla yanaşmaq, yeni təfəkkürlə baxmaq lazımdır. Təkrar edirəm, bu istiqamətdə  mübarizə əsrlər boyu olub. Bu yolda mütərəqqi insanlar çox böyük təqiblərə məruz

qalıblar, canlarından belə keçiblər. Amma artıq XXI əsrdir və Şərq də anlayır ki, öz inkişafında Qərb ölkələrindən çox geridə qalıb.  Bunun səbəbi aydındır. Din cəmiyyətdə yeni yaranan ictimai-siyasi və mədəni münasibətlərə uyğunlaşdırılmalıdır. Odur ki, bu gün müsəlman aləmi, nə qədər çətin də olsa, özündə güc-təpər tapıb həmin o islahatlara getməlidir. Bu zaman nəzərə alınmalıdır ki, islam insan fəaliyyətinin bütün tərəflərinə sirayət edib.

 

O həyat tərzi, davranış qaydaları, adət-ənənələri müəyyənləşdirir. İslam həm mənəviyyatdır, həm də hüquq - mülki, cinayət, dövlət hüququ. O dini ehkamlarla bahəm ali hakimiyyət konsepsiyasını da müəyyənləşdirir, insanların qarşılıqlı münasibətlərini -  ailə, məişət,  mülkiyyət və s. qaydaları tənzimləyir. Məhz bu səbəbdən müsəlman ölkələrində dinin dövlətdən ayrılması çox çətin başa gəlir. Amma vəziyyətdən çıxış yolu var və bu zaman müsəlman ölkələri dünyəvi dövlət quruculuğunda böyük uğurlar əldə etmiş ölkələrin təcrübəsindən bəhrələnməlidirlər.Şükürlər olsun ki, vətənimiz Azərbaycan dünyəvi dövlətdir   müsəlman Şərqinin ilk dünyəvi dövlətinin hüquqi varisidir. Bu yolla ölkəmiz inamla irəliləyir. Bununla belə müstəqillik əldə edəndən sonra ölkəmiz dünyaya açılıb   bu zaman  müxtəlif təsirlərə məruz qalır. Kim  zəmanət verə bilər ki, qonşu müsəlman ölkələrində gedən çox mürəkkəb proseslər Azərbaycandan yan keçəcək, bizim vətəndaşlar bu proseslərə cəlb olunmayacaq? Oğlan uşaqlarının tərbiyəsinə gəldikdə bir məqamı da vurğulamaq istərdim. Hələ qədim türklərdə bəzən oğlan uşağı dünyaya gələndə onu öz doğma anasından ayırırdılar və başqa qadına verirdilər. Hesab olunurdu ki, doğma ana uşağı əzizləyəcək və onu gələcəyin əsgəri kimi böyütməyəcək. Yəni, o vaxtdan nəzərə alınırdı ki, oğlan gərək kişi kimi böyüyə, kişi kimi tərbiyə ala. Yəni, o cəmiyyətdə oğlan uşağını gələcəyin əsgəri, atın belində fateh bir insan kimi görürdülər. Bu gün də oğlanı gələcəyin kişisi kimi böyütmək vacibdir. Qızı isə qız kimi və o ilkin tərbiyə ailələrdə aşılanmalıdır ki, sən qızsan, ev işləri ilə məşğul olmalısan, təmizliyə baxmalısan, evdə səliqə-sahman yaratmalısan, sən böyük qardaşının, atanın sözünə baxmalısan, dediklərinə riayət etməlisən və sair. Eyni zamanda, oğlan gələcəyin kişisi, ailə başçısı kimi böyüməlidir. Ancaq burada problem nədən yaranır? Ondan yaranır ki,  atalar daha çox işlə məşğul olurlar,  ailəni dolandırmaq üçün çörək qazanır, maddi ehtiyaclarını təmin etmək haqqında düşünürlər. Bu zaman oğlan uşağı qalır ananın öhdəsində və qadın nə qədər istəsə belə, övladına bəlkə də o kişinin, atanın verəcəyini verə bilmir. Odur ki, nə qədər vaxtları az, nə qədər başları qarışıq olsa da,  oğlanın tərbiyəsi ilə ata daha çox məşğul olmalıdır. Müəyyən səciyyəvi xüsusiyyətlər var ki, onu körpəlikdən uşağa ata aşılamalıdır.

 

“Qız uşaqlarına da atalar vaxt ayırmalıdır, çünki elə məsələlər var ki, onları övladlarına atalar daha yaxşı aşılaya bilər”

 

- Bu gün orta məktəblərdə kişi müəllimlərinə çox az rast gəlinir ki, bu da oğlan uşaqlarının tərbiyəsinə mənfi təsir göstərir. Bu baxımdan, müəllim işləyən kişilərə daha artıq məvacib verməklə müəllimlik təhsili alıb, ancaq kənar ixtisaslar üzrə peşələrdə çalışanları-oğlanlar nəzərdə tutulur - yenidən öz peşələri üzrə çalışmalarına stimullaşdırmaq olmazmı?

 

- Bəzi ölkələrdə elə əvvəllərdən kişiyə məvacib  qadına nisbətən daha çox verilirdi. Amma sonradan həmin o cəmiyyətlərdə qadınlar uzun müddət mübarizə aparmalı oldular ki, kişilərlə hüquqları eyniləşsin və eyni işə görə eyni məvacib alsınlar. Bu gün qadınlarla kişilər arasında  məvacibin eyniliyi mütərəqqi addım hesab olunur və gender bərabərliyindən irəli gəlir. Yoxsa, bu gün durub kişilərə daha çox məvacib vermək ki, sən kişisən və bu sahədə daha çox lazımsan, bu, bir növ geriyə doğru addım olacaq, qadınların hüquqlarını pozacaq. Amma istənilən halda geniş maarifləndirmə işləri aparılmalıdır ki, oğlan uşağının tərbiyəsi ilə  atalar da məşğul olsun. Hətta qız uşaqlarına da atalar vaxt ayırmalıdır.  Çünki elə məsələlər var ki, onları övladlarına atalar daha yaxşı aşılaya bilər.Bəzən evdar qadın olan  ananın cəmiyyətdəki reallıqlar haqqında tam təsəvvürü olmur. Amma ictimai həyata fəal inteqrasiya etmiş ata müasir həyatı daha yaxşı anlayır, cəmiyyətdəki münasibətləri daha yaxından görür.  Bu baxımdan, hesab edirəm ki, atalar qızlarına da vaxt ayırmalı, onların tərbiyəsi ilə məşğul olmalıdırlar. Şəxsən mən özüm  rəhmətlik  atamdan çox şey öyrənmişəm. Yəni, həyatda güclü olmaq lazımdır, yaxşı oxumaq lazımdır, yaxşı təhsil almaq lazımdır. Atam həmişə deyirdi ki, oğlan oxumasa da olar, gedib daş daşıyar,  amma qız gərək həyatda heç kimdən asılı vəziyyətə düşməsin. Gələcək həyata qızı tam müstəqil hazırlamaq lazımdır və şükürlər olsun ki, həmin o öyüd-nəsihətlər həyat boyu şəxsən mənə çox gərəkli olub.

 

Bu yerdə bir məsələ üzərində dayanmaq istədim. Bu yaxınlarda Bakı kəndlərinin birində yaşayan tanış ailədə qız 9-cu sinfi bitirən kimi, ata onu məktəbdən çıxardı, evdə oturtdu, nişanladı. Amma qız təhsilini davam etməyə çox həvəsli idi. Qızın anasından soruşdum ki, niyə belə etdiniz, cavab verdi ki, bizim kənddə qız uşaqlarının məktəbə getməsi ayıb sayılır. Kənd camaatı bizi qınayar. Bu kənddə elə ailələr var ki, qız uşağını hətta daha erkən yaşlarından məktəbdən  çıxarırlar. Bu çox narahatedici haldır və bu kimi hallarla aidiyyatı  orqanlar ciddi məşğul olmalıdır. Qızlarımız yaxşı təhsil almalıdırlar, gələcək müstəqil həyata tam hazır olmalıdırlar. Şərq maarifçilərinin məşhur şüarları olub: «Millətin anası savadlı olmalıdır. Yalnız savadlı ana cəmiyyət üçün faydalı vətəndaş böyüdə bilər».

 

 Mən istəməzdim ki, qızlarımız gələcək həyatlarını təkcə ailə, ev, uşaqla məhdudlaşdırsın.  Həyatda müxtəlif situasiyalar yarana bilər və o zaman qadının köməyinə aldığı təhsil gəlir. O, layiqli işlə təmin olur, problemlərdən çıxış yolu tapa bilir. Əlbəttə, ana ilk növbədə uşaqlarını böyütməlidir, amma əgər potensialı, enerjisi varsa, niyə də işləməsin, niyə də ailə büdcəsinə gəlir gətirməsin? Yəni, namuslu, qeyrətli qadın istənilən zaman, istənilən yerdə işləyə və ailə büdcəsinə  köməklik edə bilər. Müasir dövr belədir ki, bəzən kişinin malik olduğu ixtisas lazım olmur, ancaq qadının ixtisası lazım olur. Niyə də işləməsin, niyə də ailəsinə köməklik etməsin? Əlbəttə, bunlar  hamısı ailədə qarşılıqlı razılaşma və hörmət əsasında olmalıdır.

 

“Qız uşaqlarının öldürülməsi Allah qarşısında çox böyük günah hesab olundu...”

 

- Qızların ana bətnindəykən məhv edilməsi də son illərin narahatçılıq doğuran məsələlərindəndir...

 

- Sizinlə tam razıyam.  Mən bunu əvvəllər də demişdim, indi də təkrarlamaq istərdim. Bildiyiniz kimi, cahiliyyə dövrü adlanan islamaqədər bir dövr olub, dünyaya təzə gələn qız uşaqlarını çox hallarda diri-diri torpağa gömürdülər. Nəyə görə? Çünki qəbiləyə oğlan uşağı, əsgər lazım idi. Bədəvi ərəblər qonşu qəbilələri qarət etməklə dolanırdılar. Amma Peyğəmbərimiz gələndən, Quranımız nazil olandan sonra buna  qəti surətdə son qoyuldu.  Birmənalı şəkildə, bu Quranda da əksini tapıb,  təzə doğulmuş qız uşaqlarının torpağa diri-diri basdırılması  qadağan edildi.  Qız uşaqlarının öldürülməsi Allah qarşısında çox böyük günah hesab olundu.  Eyni zamanda, baxmayaraq ki,  Peyğəmbərimizin  oğlan övladları oldu, amma onlar körpə yaşlarında dünyaların dəyişdilər, qızları qaldı. Yəni, Peyğəmbərimizin nəsli qızı Fatimeyi-Zəhranın, onun övladları - İmam Həsən və İmam Hüseyn vasitəsilə davam etdi.

 

“Bəzən kişi özünə naqislik hesab edir ki, necə yəni, mənim qızım var, amma oğlum yoxdur. Bu cür yanaşma artıq geridə qalmalıdır”.

Hətta, hədislərdə Peyğəmbərimizin dedikləri zəmanəmizə çatıb ki, “oğlan və qız uşaqları arasında seçmək lazım gəlsəydi, mən qız uşaqlarını seçərdim”.  Bunu bizim kişilər   bilməlidir. Bəzən kişi özünə naqislik hesab edir ki, necə yəni, mənim qızım var, amma oğlum yoxdur. Bu cür yanaşma artıq geridə qalmalıdır. Bunu bizim cəmiyyət anlamalıdır. Qız ya oğlan uşağının heç bir fərqi yoxdur. Zənnimcə, qız uşaqlarının ana bətnində məhv edilməsi faktiki həmin o cahiliyyə dövründə qız uşaqlarının məhvinə bərabərdir. Buna yol vermək olmaz! Bu, Allah tərəfindən də məqbul hesab edilmir. Bununla belə, çox təəssüflər olsun ki, nəinki Azərbaycanda, bütövlükdə Şərq cəmiyyətlərində bu cür xoşagəlməz hallar var. Məsələn, Hindistanda artıq həyəcan təbili çalınır. Yaxud, Çində bu məsələdə  çox böyük problem yaranır. Nəyə görə? Əhali çoxluğuna görə qanunla  bir ailə - bir uşaq” prinsipi həyata keçirilir.O bir uşaq da, valideynlər hesab edirlər, daha yaxşı olar oğlan uşağı olsun. Bu baxımdan, artıq Çin cəmiyyəti  həyəcan təbili çalır ki, illər keçib, o uşaqlar böyüyüblər və onlar özlərinə həyat yoldaşı tapa bilmirlər, qızlar çox azdır. Demək istəyirəm ki, artıq bizdə də həmin o demoqrafik müvazinət pozulur. Bunu məktəbə təzə gedən uşaqların sayı da göstərir. Yəni, bizdə də gərək bu sahədə təbliğat, maarifləndirmə işləri aparaq ki, qızların ana bətnində məhv edilməsinin qarşısını alaq.

 

 

“İnsan potensialının artırılması bizim üçün də vacib məsələdir”

 

 

- Əhali artımı, insan resursu həm də bir güc deməkdir, bəzən silahdan belə güclüdür...

 

- Ümumiyyətlə, insan potensialı istənilən cəmiyyətin böyük sərvətdir. Bu baxımdan, insan potensialının artırılması bizim üçün də vacib məsələdir. İndiki müasir cəmiyyətdə müxtəlif faktorlar üzündən, xüsusən şəhər yerlərində, ailələrdə bir, iki, çox nadir hallarda üçüncü uşaq olur. Bu, heç də düzgün deyil. Ona görə  ailələrdə uşaqların sayının azalmasının qarşısını almaq üçün gənc ailələrə əlavə imtiyazlar nəzərdə tutulmalıdır. Düzdür,  biz qanuna düzəliş etdik ki, 5 uşaqdan sonra ailələrə əlavə müavinətlər verilsin. Mən hesab edirəm ki, 3 uşaqdan sonra ailələrə əlavə müavinətlər verilməsi nəzərdə tutulmalıdır. Həm də nəzərə alsaq ki,  Azərbaycanda müharibə hələ qurtarmayıb,  torpaqlarımızın  20 faizi işğal olunub və  biz mütləq o torpaqları qaytarmalıyıq, o zaman  Azərbaycana çox güclü insan potensialı lazımdır. Hesab edirəm ki,  ailələrdə uşağın sayı  nə qədər çox olsa, bir o qədər yaxşıdır və cəmiyyət də,  dövlət də  bunun üçün şərait yaratmalıdır.

 

Kamil Həmzəoğlu

525-ci qəzet.- 2014.- 19 iyun.- S.4.