Naxçıvan Teatrında "Kuklalar evi"nə ictimai baxış olub
Cəlil
Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının
böyük Norveç
dramaturqu Henrik İbsenin "Kuklalar evi" üçpərdəli
psixoloji dramı əsasında hazırladığı
tamaşaya ictimai baxış keçirilib.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan
Muxtar Respublikasının
(MR) Əməkdar rəssamı
Əbülfəz Axundov,
musiqi tərtibatçısı
isə Fətəli Axundzadədir.
Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji
dramın banisi kimi tanınan Henrik İbsenin "Kuklalar evi" əsərində insanın
daxili aləmi, sosial ziddiyyətləri, ümumbəşəri problemləri
real hadisələrin inkişafı
fonunda ortaya qoyulur.
Bu tamaşa son dörd
ildə teatrın klassik Avropa dramaturgiyasından səhnəyə
qoyduğu ikinci əsərdir. Teatr 2010-cu ildə böyük
alman dramaturqu Q.E.Lessinqin "Müdrik Natan" tamaşasını
səhnəyə qoyub.
Tamaşadan sonra Naxçıvan MR-in mədəniyyət
və turizm naziri Sarvan İbrahimov,
Ali Məclis Aparatının
sektor müdiri Turqayə Əliyeva, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının
Əməkdar artisti Xəlil Hüseynov, Naxçıvan MR-in əməkdar
mədəniyyət işçisi,
şair-dramaturq Həsənəli
Eyvazlı, Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Kamran Quliyev, tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov çıxış
edərək bu səhnə əsəri haqqında fikir və rəylərini bildiriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 20 iyun.- S.7.