Azərbaycanlı qaçqınlarla bağlı "Yarımçıq arzular" Parisdə

 

Azərbaycan-Avropa Cəmiyyətinin təşkilatçılığı, VII Agentliyin və "Josef" qalereyasının birgə əməkdaşlığı ilə Parisin məşhur "Jozef" qalereyasında tanınmış amerikalı fotoqraf Ed Koşinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlının həyatından bəhs edən "Yarımçıq arzular" mövzusunda fərdi fotosərgisi açılıb. Azərbaycan-Avropa Cəmiyyətindən verilən məlumata görə, 20 İyun-Dünya Qaçqınlar Günü ilə bağlı keçirilən sərgini açan "Josef" qalereyasının direktoru xanım Melissa Reqan fotoqraf Ed Koşini iştirakçılara təqdim edib və sərgidə onun 46 fotosunun nümayiş etdirildiyini bildirib. Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin yeni rəhbəri Mari- Leatisiya Kurdən çıxışında azərbaycanlı qaçqın və məcburi köçkünlərin gündəlik həyatının əks olunduğu fotolardan ibarət sərginin aprel ayında Londonda nümayiş etdirildiyini xatırladıb. O, Ed Koşinin fotolarının müxtəlif beynəlxalq mükafatlara layiq görüldüyünüonun yeddi kitab çap etdirdiyini bildirib.

Mari-Leatisiya Kurdən Dağlıq Qarabağona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının qaçqın və məcbri köçkünə çevrildiyini bildirib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığnın məlumatına görə, dünyada daha çox qaçqın və məcburi köçkünün Azərbaycanda yaşadığı, Azərbaycan dövlətinin onların həyat şəraitini yaxşılaşdırmaq istiqamətində mühüm işlər gördüyü diqqətə çatdırılıb. Fotolarda əks olunan qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqları və məhz buna görə də sərginin "Yarımçıq arzular" adlandırıldığı vurğulanıb.

Ed Koşi çıxış edərək Azərbaycan haqqında ilk dəfə ötən əsrin 80-cı illərinin sonlarında - Dağlıq Qarabağ münaqişənin başlandığı vaxtlarda eşitdiyini bildirib. 2013-cü ildə ölkəmizə səfər etdiyini deyən fotoqraf 20 ildən artıq bir müddətdə öz doğma vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlıların hələ də ata-baba yurdlarına qayıtmaq arzusunda yaşamalarının onu həddindən artıq təsirləndirdiyini, rahat həyatdan məhrum olan bu insanlar haqqında fotoları vasitəsilə dünya ictimaiyyətinə dolğun məlumat verməyi özünə borc bildiyini diqqətə çatdırıb. Sərginin açılışında Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, sənət adamları, diaspor təmsilçiləri və jurnalistlər iştirak ediblər. Sərgi iyunun 25-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 20 iyun.- S.7.