Qabil Hüseynli: "QHT-lərin birinci vəzifəsi Azərbaycanın milli maraqlarına xidmət etməkdir"

 

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə respublikada hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti quruculuğuna da böyük diqqət ayırdı. Ölkəmizdə bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilməyə, qanunvericilik bazası yaradılmağa başladı. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 3000-dən artıq qeyri-hökumət təşkilatı mövcuddur. Bu təşkilatlar ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması, sosial, mədəni, humanitar  digər sahələr üzrə maarifləndirmə işləri, mühüm layihələr həyata keçirirlər.

 

 

(Əvvəli 18 iyun sayımızda)

 

Politoloq Qabil Hüseynli hesab edir ki, QHT-lərin Azərbaycanın ən ümdə problemi olan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya yayılmasında, çatdırılmasında çox böyük rolu, töhfəsi ola bilər: "Ermənilər indiyə kimi qondarma "soyqırımdan" tutmuş , özlərinin mövcud olmayan problemlərinin hamısını beynəlxalq şurda lobbiçilik təsirləri ilə formalaşdıra biliblər. Yəni, "zülm",  "məşəqqətlər" çəkmiş erməni obrazını bütün dünya ictimai şüruna yeridə biliblər bunun nəticəsində öz yalanları ətrafına kifayət qədər tərəfdar toplaya biliblər. İndi Azərbaycanda da bu istiqamətdə çalışan QHT-lər var. Birincisi, hesab edirəm ki, səriştəli insanlar bu problemlə məşğul olmalıdırlar. Yəni beynəlxalq münasibətlər sistemini dərindən bilən, bu sistemə təsir rıçaqları tapmaq iqtidarına  qadir olan, ən başlıcası isə Dağlıq Qarabağ problemini dərindən bilənlər bu prosesdə iştirak etməli, QHT Şurası da bu istiqamətdə təşəbbüsləri ciddi dəyərləndirməlidir. Burada söhbət dünyanın aparıcı QHT-ləri ilə əlaqələrin qurulması, müəyyən lobbiçilik fəaliyyətlərinin yaranmasına dəstək verilməsi, QHT üzvlərinin Qarabağ probleminin mahir təbliğatçısına çevrilməsi, tez-tez keçirilən müxtəlif simpozium beynəlxalq konfranslarda yaxından iştirak edilməsi, bir sözlə, Azərbaycanı onun bədnam qonşuları tərəfindən yaradılmış problemlərini ölkə sərhədlərindən kənara çıxarıb, dünya ictimai rəyinə çevirmək bacarığına malik QHT-in formalaşdırılması onların işinə lazımi şəraitin yaradılması prioritet istiqamət olmasından gedir. Ermənilərin bu istiqamətdə yalan təbliğat maşınları illərdir ki, bizim əleyhimizə sürətlə işləyir. Azərbaycanda da bu sahədə  müəyyən uğurlar əldə olunub. Münaqişələr istiqamətində çalışan aktiv QHT-lərimiz var. Onların işinə dövlət tərəfindən, QHT Şurasının dəstək verməsi çox təqdirəlayiqdir. Çünki bilirsiniz ki, xarici donorlar bu sahəyə, xüsusilə taəbliğata vəsait ayırmırlar".

Politoloq xatırladıb ki, münaqişələrin nizamlanmasında QHT-lərin iştirakı roluna dair dünya təcrübəsi mövcuddur, Azərbaycan QHT-ləri həmin təcrübəni öyrənib, tətbiq edə bilərlər: "Bu təcrübə özünü Fələstin problemində göstərib, Gürcüstanda bu işin qoyuluşu nümunəvi səviyyəyə qaldırılıb onlar öz problemlərini dünyaya daşıya biliblər.  Yaxud da, bu problemlərin səmərəli aparılması işində öz ölkələri haqqında pozitiv imic yaratmağa çalışan Rusiya QHT-nin təcrübəsindən yararlanmaq olar. İnkişaf etmiş ölkələrin, məsələn, Türkiyə QHT- ləri bu istiqamətdə çox fəaldırlar. Ona görə hesab edirəm ki, görülən obyektiv işləri, həqiqətləri, faciələrimizi dünya ictimai rəyinə daşımağın yollarını digər  faciəni yaşamış ölkələrin, dövlətlərin təcrübəsini öyrənməklə etmək olar".

Başqa bir məqam kimi isə Q.Hüseynli xalq diplomatiyasında QHT-lərin rolunu qeyd edib: "Hazırda xalq diplomatiyası beynəlxalq təcrübə informasiyanın yayılmasında daha aktiv rol oynayır. Bir sıra QHT-lər bu istiqamətdə görüşlər, debatlar keçirir. Biz çox zaman ermənilərin bu cür görüşlərdən, müzakirələrdən yayınmalarını müşahidə edirik. Yaxud da onlar çox aqressivlik nümayiş etdirirlər ki, bu da normal müzakirələrə onların hazır olmadığını nümayiş etdirir".

Politoloq hesab edir ki, belə görüşlər həm də tərəflərin ortaq mövqe arayışında olması istiqaməti ilə fərqlənir: "Məsələn yuxarıda qeyd etdiyim çoxluq təşkil edən aqressiv ermənilərlə yanaşı, bəzən onalrın içində sağlam düşüncəli insanlar olur ki, onlar da Dağlıq Qarabağ münaqişəsinə yanaşmada radikal, millətçi dairələrin düşüncəsindən nisbətən fərqli yanaşma nümayiş etdirirlər. Belə olan təqdirdə xalq diplomatiyası yolu ilə bu cür tədbirlərin keçirilməsi ermənilərin özlərinin də tutduqları yolun yanlış olduğunu göstərir və Azərbaycan haqqında yaratdıqları  "vəhşi millət", "gəlmə millət" kimi mifləri darmadağın edir.  Təbii ki, ermənilər bu cür yaratmaqda erməni müqayisəsizdir. Həmin steoritipləri, mifləri sındırıb dağıtmaq üçün bəzən erməni QHT-ləri ilə, onların tanınmış və nisbətən  obyektiv mövqedə dayananlarla-onların obyektivini tapmaq çətindir, debatlara çıxmaq məncə əhəmiyyətli ola bilər".

Politoloq  Azərbaycanın milli dövlətçilik  maraqlarının qorunmasında QHT-lərin rolunu önə çəkib: "Kim olursansa ol, hətta hansı milli mənsubiyyəti daşıyırsansa daşı, Azərbaycan vətəndaşısansa, Azərbaycanın milli, geosiyasi, strateji maraqlarını qorumaq sənin birinci dərəcəli vəzifən olmalıdır. Yəni bu ölkənin çörəyini yeyib, suyunu içib, verdiyi imtiyazlardan bəhrələnərək normal həyat tərzi keçirən, post sovet  məkanındakı hər hansı bir ölkə ilə məsələn,  Gürcüstan, Ermənistanla müqayisədə daha yaxşı həyat tərzi keyfiyyətlərinə malik insanlar Azərbaycanın haqq işini birmənalı şəkildə müdafiə etməyə borcludurlar. Bu baxımdan mənim zənnimcə QHT-lər qarşısında duran birinci vəzifə  Azərbaycanın milli maraqlarına xidmət etməkdir. Bizim milli maraqlarımız başqa millətlərin istismarını tələb etmir, başqa xalqların öz köləliyi altına salmağı tələb etmir. Bizim milli maraqlarımız ərazi bütövlüyümüzü təmin etmək, daxildə sabitliyi qoruyub saxlamaq,  bütövlükdə Azərbaycan cəmiyyətinin  potensialını maddi rifahın yüksəlməsinə, cəmiyyətin daha xoşfiravan yaşamasına yönəldiyindən bu dəyərləri müdafiə etmək həm QHT-lərin, həm də hər bir vətəndaşın borcu olmalıdır".

Politoloq QHT-lərin zamanla daha da inkişaf edib, peşəkar fəaliyyətlərini artıracaqlarını qeyd edib: "QHT-lər üçüncü sektor təmsilçiləri olaraq bütün fəaliyyətlərində ilk növbədə dövlət maraqlarından çıxış etməli, xüsusilə, xarici ölkələrdə iştirak etdikləri beynəlxalq tədbirlərdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ barədə həqiqətləri təqdim etməlidirlər. Fərqi yoxdur, tədbirin mövzusu nəyi əhatə edir. Bu gün bizim istənilən problemimiz məhz Qarabağ münaqişəsinin həll edilməməsindən qaynaqlanır. Ona görə bu məsələ hansı fəaliyyətlə məşğul olmağımızdan asılı olmayaraq bizim üçün əsas olmalıdır".

 

PƏRVANƏ

525-ci qəzet.- 2014.- 20 iyun.- S.6.