“Tarixi keçmişi dərk etmədən
gələcəyi görmək mümkün deyil”
Tanınmış jurnalist, "Qızıl Qələm" mükafatı laureatı Şərif Kərimli ilə müsahibə
Şərif Həmid oğlu Kərimli 1954-cü ildə
Gürcüstanın Marneuli rayonunun Baydar kəndində anadan
olub. 1977-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) jurnalistika fakültəsini
bitirib. Əmək fəaliyyətinə 1978-ci
ildə "Yazıçı" nəşriyyatında
başlayıb. 1984-1987-ci illərdə
"İşıq" nəşriyyatında, "Gənclik"
("Molodost") jurnalında, "Azərbaycan" qəzetində
məsul katib, baş redaktor, rəsmi dövlət qəzeti
"Azərbaycan"da şöbə redaktoru, baş
redaktorun müavini, baş redaktorun birinci müavini, 1993-cü
ildə müəyyən müddət baş redaktor vəzifəsini
icra edib. "Sabah" qəzetində baş
redaktor olub. 2014-cü ildən Azərbaycan
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin İnformasiya təminatı şöbəsində
işləyir.
"Sali
Süleyman" , "Rəşid pəhləvan", "Pəhləvan Müsəllim",
"8712 ¹li əsir" adlı
publisistik və nəsr
kitabları çapdan çıxıb. Borçalının
XX əsrin sonlarındakı durumundan bəhs edən
"Qaytarılan köç karvanı" kitabının tərtibçisi
olub. Azərbaycan -
Gürcüstan əlaqələri" monoqrafiyası çap mərhələsindədir.
-Şərif
müəllim, 90-cı illərdə Sizin "Azərbaycan"
qəzetində bir yazınızı oxumuşdum:
"Üç ilin yorğunuyuq biz..." O vaxtdan iyirmi ildən
artıq müddət keçib. Maaşallah, yorğun
adama oxşamırsınız. Onda niyə
belə demişdiniz?
-Mən həmişə
II Dünya müharibəsi iştirakçılarına
onların dözümlülüyünə, mətanətinə,
çətinliklərə sinə gərmələrinə, həyatda
haqsızlıqlara qarşı barışmaz olmalarına
görə pərəstiş etmişəm. Sinəsi orden və
medallarla dolu bir veteran görəndə onları təkcə
qazandıqları igidliklərə görə deyil, ən
çox göstərdikləri rəşadətlər fonunda
hələ də əyilməz, gümrah qaldıqlarına
görə bağrıma basmaq istəmişəm! Görünür, insan nə qədər ki,
mübarizədədir, xəstəlik, depressiya ondan uzaq olur,
elə ki, mübarizəni dayandırırsan, əl-qolun
boşalır, bax onda ən kiçik parazitlər belə
insanı diz çökdürür. Adını
çəkdiyiniz yazı, əlbəttə ki
yadımdadır. Bu, "Azərbaycan"
qəzetinin üç illiyi münasibətilə
yazılmışdı. Səmimiyyətimə
inanın, o üç ildə bizim çəkdiyimiz
acılar, ağrılar miqyasına görə o qədər
böyük idi ki, bəlkə otuz illik enerjimizi
almışdı.
-O dövrdə siz
qəzetin baş redaktoru idiniz?
-Bəli,
məndən əvvəl "Azərbaycan"ın baş
redaktoru Sabir Rüstəmxanlı idi. Sabir müəllim
mətbuat və informasiya naziri təyin olunduqdan sonra kollektiv məni
bu vəzifəyə layiq bildi. Bilirsiniz ki, 1989-cu il oktyabrın 4-də qəzetin ilk nömrəsini
Sabir müəllimlə mən buraxmışam. Elə
adını çəkdiyiniz yazıda demişdim:
"Redaksiyada Sabir müəllimdən başqa heç kim Xalq Cəbhəsinin üzvü deyildi.
Çünki "Azərbaycan" özü ayrıca bir cəbhə
idi..." Sabir Rüstəmxanlı çox
demokratik redaktor idi. Yeri gələndə qəzetin
onun təmsil olunduğu siyasi təşkilata qarşı
çıxmasına da mane olmurdu.
- "Azərbaycan"dan
qabaq "Gənclik" vardı...
-"Gənclik"
bir başqa dünyaydı... O, vizual jurnal idi. "Azərbaycan"ın
sovet imperializminə qarşı mübarizəsinin,
milli-azadlıq məfkurəsi uğrunda
çarpışmalarının ilk
cığırdaşı "Gənclik" jurnalı idi.
-Dövrünün
və yarandığı andan etibarən özündən
sonrakı dövrlərin ən populyar mətbuat
orqanlarında çalışmısınız, Sizcə,
onları belə məşhurlaşdıran nə idi -
redaktorları, yoxsa?
-Tarixdə
şəxsiyyətlərin rolu böyükdür. Lakin "Böyük şəxsiyyət"
epitetini o kəslər şərəflə və uzun müddət
daşıya bilirlər ki, onlar istedadsız insanlar kimi öz ətrafında
cılızları deyil, nəhəng şəxsiyyətləri
toplayırlar. Nəhənglərin içərisində
o daha nəhəng görünür. Böyük
şəxsiyyətlər öz xalqlarının arzu və
ideallarını əks etdirdikləri üçün
böyük işlər görə bilirlər. "Gənclik"ə qədər Məmməd
İsmayılla mən "Yazıçı" və
"İşıq" nəşriyyatlarında bir yerdə
işləmişik. O, "İşıq" nəşriyyatına
direktor göndərilərkən məni də oraya dəvət
etdi. Bilirdim ki, Məmməd İsmayıl çox tələbkar
və idarəçilikdə sərt adamdır,lakin
mən bu dəvəti qəbul etdim, çünki ən
başlıcası Məmməd İsmayıl obyektiv və
prinsipial insan idi. Bu, mənim prinsiplərimə
də uyğun gəlirdi. Yeri gəlmişkən,
"Gənclik" ("Molodost") jurnalının
lisenziyasını da 1987-ci ildə Moskvadan bir yerdə
almışdıq.
Hələ
"İşıq" nəşriyyatında işləyərkən
iş prosesində mütəmadi konfliktlərimiz olurdu, lakin
respublika komsomol təşkilatının orqanı olan "Gənclik"
("Molodost") jurnalına baş redaktor təyin olunan Məmməd
İsmayıl məni özünə müavin vəzifəsinə
dəvət edəndə məmnuniyyətlə bu təklifə
müsbət cavab verdim. Məmməd İsmayıl Məti
Osmanoğlu, Səfər Alışarlı, Yevgeni Juravlyov,
Akif Əhmədgil, Çingiz Sultansoy, Gündüz Əlizadə,
Hüseyn Əfəndi kimi, o dövrdə gənc olmalarına
baxmayaraq, kifayət qədər tanınmış,istedadlı
qələm sahiblərini başına topladı və... 80-ci
illərin bir nömrəli jurnalını buraxdıq. Jurnal az müddət ərzində bütün
SSRİ məkanında məşhurlaşdı.
Uzunçuluq
olmasın, bir dəfə MK-nın Birinci Katibi Əbdürrəhman
Vəzirov şəxsən özü Məmməd
İsmayıla zəng vurub belə dedi:
"Mamed
muallim (mətni eşitdiyim kimi danışıram - Ş.K.), moi rabotniki
stolumun üstünə bir jurnal polajili, baxdım, dedim,
sluşayte, kakoy-je krasivıy jurnal, a poçemu u nas ne
izdayotsya takoy krasivıy jurnal? Dedilər, Abdurraxman
Xaliloviç, bu jurnal elə bizdə çıxır da...
Dedim, sluşay, ne mojet bıt. Dedilər, bu da
telefonları. İndi sənə zəng
edirəm, doğurdan da ya ubedilsya, şto deystvitelna takoy jurnal
bizdə suşestvuyet. Ya tebya ot
duşi pozdravlyayu! Tak derjat! Bu bizim fəxrimizdir!"
-Bəs,
necə oldu ki, "Azərbaycan" qəzetinə
keçdiniz?
-Mən
dinamikanı xoşlayan adamam. 1978-ci ildən,
"Yazıçı" nəşriyyatında əmək
fəaliyyətinə başladığım gündən,
daha operativ orqanlara can atmışam. Bu
sarıdan mən Məmməd İsmayıla və Sabir
Rüstəmxanlıya minnətdaram ki, mənim bu arzumun həyata
keçməsinə səbəb oldular.
1987-1989-cu illərdə "Gənclik" jurnalında
işləmək üçün MK-dan belə
özünü tapşırdanlar yüzlərlə idi. Lakin Məmməd
İsmayıla hər işçini "sırımaq"
mümkün deyildi... Ona görə də Sabir
Rüstəmxanlının dəvətini qəbul edib "Azərbaycan"a
keçmək istədiyimi Məmməd müəllimə
bildirəndə... o, çox pərt oldu. Lakin... mən
getməliydim, çünki "Azərbaycan"ın
qarşısında daha geniş üfüqlər
parlayırdı! Yenidənqurma və
aşkarlığın nəticəsində oyanan xalq kütlələri,
güclənən milli-azadlıq hərəkatı, mərkəzi
hakimiyyətə itaətsizlik, müstəqillik arzuları, Təbriz,
Borçalı, Dərbənd nisgilləri... mətbuatın
qarşısında vacib və böyük məsələlər
qoyurdu. Bu mənada qəzet hadisələrə
daha tez və operativ müdaxilə etmək imkanına malik
idi.
Əlbəttə ki, tarixin mərkəzində kütlələr
deyil, həmişə fərdlər dayanıb. Sabir Rüstəmxanlı
da kütlələrin mərkəzində dayanan şəxslərdən
idi. Biz Sabir müəllimlə
"Yazıçı" nəşriyyatından
tanışıq - altı il bir yerdə
işləmişik- rəhmətlik Əjdər Xanbabayevin
vaxtında. Onu sözü bütöv, mərd,
millətin, xalqın yolunda heç nəyə və heç
kimə güzəştə getməyən, ən
başlıcası, səmimi və ürəyiyumşaq insan
kimi tanımışam. O vaxtlar onun öz
silahdaşlarından ən böyük fərqi onda idi ki,
baş verən hadisələrə təkcə
inqilabçı gözü ilə baxmır, həm də
şair təbiətindən irəli gələn humanist
münasibət göstərirdi, konfrantasiyanı
yumşaltmağa çalışırdı və ən əsası,
məqamında ambisiyalarını cilovlaya bilirdi. Meydan təşkilatçılarının və
ümumilikdə bütün xalqın bir düşməni
vardı - partiya-sovet idarəçiliyi və erməni
daşnakları. Lakin Sabir Rüstəmxanlı
ümumi düşmənlərlə vuruşmaqla
yanaşı, baş redaktoru olduğu qəzetin təsisçisi
və o dövrdə yaranan müxtəlif hərəkat liderləri
ilə də mübarizə aparmalı olurdu. Ona görə də biz hər tərəfdən
vurulurduq. Redaksiyanın bu mövqeyi nəticədə
gətirib ona çıxardı ki, qəzet 500 min tirajla
çıxmağa başladı. Əlbəttə,
bu, rəsmi rəqəm idi, lakin qəzetin oxucusu onun
tirajından qat-qat çox idi.
-Şərif müəllim, "Azərbaycan" qəzetində
dil və əlifba məsələsi gündəmi ən
çox zəbt edən məsələlərdən idi. Qəzetin
özündə buna necə əməl olunurdu?
-Əslində, bu məsələlər sistemli şəkildə
"Gənclik" jurnalında da qoyulurdu. Hətta biz orada ilk dəfə
əski (Ərəb əlifbası) və latın
əlifbalarını da digər əlifbaların
qarşılığı ilə çap edirdik. "Azərbaycan" qəzeti isə bu işi daha
çox milli dövlət ideologiyası kimi müstəqillik
atributları sırasına çıxardı. O vaxtlar
Azərbaycan milli ideologiyası problemi ilə bağlı
mübahisəli məsələlərdən biri də milli
kimlik və milli dilin adı ilə bağlı idi. Onu necə
adlandırmalı: türk, yoxsa Azərbaycan dili? Bildiyiniz kimi, bu mübahisələrə
son nöqtəni Azərbaycan Konstitusiyasının qəbulu
ilə bağlı Heydər Əliyev qoydu: "Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir".
Qaldı qəzetdə dilin təmizliyinin qorunması məsələsinə,
bu sarıdan əməkdaşlarımız və xüsusilə
korrektorlar qarşısında çox ciddi tələblər
qoymuşduq. Və bu gün fəxrlə deyə
bilərəm ki, "Azərbaycan" qəzeti sovetlərdən
sonra müstəqillik dövrünün ilk qəzetiydi ki,
"əlvan qəzet dili" ilə çıxırdı!..
Mətbuat dilimiz bu gün bərbad gündədir. Bu, şəksizdir.
İndi dilin təmizliyinin qorunması, eləcə
də onun inkişafı ancaq təhsil işçilərinin
üzərinə düşür. Qəzet
və jurnallar, televiziya dəfələrlə deyilən
iradlara baxmayaraq, onu məhv eləməkdən yorulmurlar.
Unutmaq lazım deyil ki, dil insan beyninin, dərrakənin
saxlandığı, qorunduğu xəzinədir, məkandır.
Dil kollektiv düşüncənin keyfiyyət
göstəricisidir. Dil keçmişlə
indi arasında körpüdür, keçmişdən gələn
səsdir.
Vaxtilə
dilin bir nömrəli keşikçisi nəşriyyatlar idi -
"Azərnəşr", Azərbaycan Ensiklopediyası,
"Yazıçı", "Gənclik",
"Maarif", "İşıq". İndi sıradan
çıxan bu nəşriyyatların əvəzində
çoxlu sayda yeni "nəşriyyat"lar
açılsa da onların çoxu ancaq qrif satmaqla məşğuldur.
-Dövlət
tərəfindən qəzetə yardım olunurdumu?
-Əgər
maddi yardımı nəzərdə tutursunuzsa, belə bir
şey yox idi, çünki "Azərbaycan" respublika mətbuatı
tarixində bəlkə də yeganə qəzet idi ki, öz
tirajı hesabına maliyyələşirdi, üstəlik
Qarabağa Xalq Yardımı Komitəsinin işçilərinin
əmək haqları da qəzetin büdcəsindən ödənilirdi.
Mənəvi
yardıma gələndə isə... dövlət peşman
olmuşdu ki, belə bir qəzetin nəşrinə icazə
verib...
-25 il bundan əvvəlki kollektivinizi necə
xatırlayırsınız?
-Sualınızın
incə məqamını başa düşdüm. Bu il həm də "Azərbaycan"ın ilk
müstəqil qəzet kimi yenidən bərpasının 25
ili tamam olur... Bir az
kədərləndirici də olsa deməliyəm ki, "Azərbaycan"nın
25 il əvvəlki gənc kollektivi indi yaşa dolub, ancaq hələ
də ön cəbhədədir! 1989-cu il oktyabrın 4-də
gördüyüm 43 yaşlı Sabir indi 68 yaşında, 35
yaşlı Şərif indi 60 yaşında, 26 yaşlı
Mirşahin indi 51 yaşında, 32 yaşlı Behrudi indi 57
yaşında, 23 yaşlı Kəmalə indi 48
yaşında, 36 yaşlı Fəridə indi 61
yaşında, 32 yaşlı Fikrət indi 57 yaşında, 30
yaşlı Nərgiz indi 55 yaşında, 42 yaşlı Nicat
indi 67 yaşında, 33 yaşlı Mahizər indi 58
yaşında, 21 yaşlı Arzu indi 46 yaşındadır...
44 yaşlı Şaiq Bəhramoğlu, 42 yaşlı Əhməd
Elbrus, 35 yaşlı Eyvaz Həsənov, 45 yaşlı Oqtay
Abbasov, 30 yaşlı Gülməmməd Məmmədovun...
ruhları isə indi narahat dünyamızdan çox-çox
uzaqlardadır. Ancaq bu qəzet Azərbaycanın mətbuat
tarixində şanlı bir səhifədir! Bəzən mənə
elə gəlir ki, qəzetin 1918-1920-ci illərdəki
kollektivi günahlarımızın olmadığı müqəddəs
yerlərdə oturub bizi gözləyir...
-Mətbuat
tariximizlə bağlı maraqlı söhbətlərinizə
görə təşəkkür edirik.
-Mən
şadam ki, sizi az müddətdə də
olsa keçmişə eksklüziv səyahətə apara
bildim. Çünki tarixi keçmişi dərk
etmədən gələcəyi kəşf etmək
mümkün deyil.
D.Osmanlı
525-ci qəzet.- 2014.- 20 iyun.- S.5.