"Bələdiyyələrə ciddi
problemləri həll etmək səlahiyyəti vermək məqsədəuyğun
deyil"
Milli Məclisin Regional məsələlər
komitəsinin üzvü Tahir Rzayevin "525"ə
müsahibəsi
- Azərbaycanda
bələdiyyə institutunun yaradılmasından düz 15 il
ötsə də, bu institutun insanların güvənə biləcəyi
yerli özünüidaretmə orqanına çevrilməsi təəssüflər
olsun ki, hələ də tam mümkünləşməyib.
Bu, özü tək bizim fikrimiz deyil, cəmiyyətin əksər
kəsiminin fikri, iddiasıdır. Bəs Siz bir millət vəkili
və tanınmış bələdiyyə mütəxəssisi
kimi bu haqda nə fikirdəsiniz?
-
Düzünü deyim ki, bu yöndəki fikirlərin,
iddiaların müəyyən qismi ilə razılaşsam da,
amma böyük bir qismi ilə razı deyiləm və
razılaşammaram. Eyni zamanda, mən də o fikirlə
razıyam ki, yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi
və inkişafı ölkədə vətəndaş cəmiyyətinin
formalaşması, demokratik hüquqi dövlətin möhkəmlənməsi
çox vacibdir. Bu, bütün demokratik ölkələr kimi
müstəqil Azərbaycan Respublikası üçün də
xarakterikdir. Bu da təbiidir. Ölkəmizin müstəqil,
hüquqi dünyəvi dövlət quruluşu, beynəlxalq
aləmlə, dünya dövlətləri ilə gündən-günə
genişlənən və möhkəmlənən əlaqələrimiz,
həm də ölkəmizdə gedən sürətli
sosial-iqtisadi, regional inkişaf, insan hüquqlarına hörmət,
əksmərkəzləşdirmə siyasətinin həyata
keçirilməsi özü bunu tələb edir. İdarəetmə
fəaliyyətinin və ölkənin sosial-iqtisadi inkişaf
ilə əlaqədar müəyyən problemlərin həllinin
ağırlıq mərkəzinin yerlərə keçməsi,
əhalinin yerlərdə qalıb möhkəmlənməsi və
əməli fəaliyyətə yaxından cəlb olunması
vəzifəsi yerli hakimiyyət orqanlarının, eləcə
də bələdiyyələrin rolunun
artırılmasını zərurətə çevirir.
Hakimiyyətin
xalqa yaxınlaşması ideyasının reallaşması,
insanların gündəlik, təxirəsalınmaz tələbatının
yerinə yetirilməsi məsələlərinə ciddi əhəmiyyət
verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin
fəaliyyətinin genişlənməsinə zəmin
yaratmaqla bərabər, həm də onların üzərinə
böyük vəzifələr qoyur. Bu baxımdan, hər bir
seçkidən sonra bələdiyyələrin həyatında
baş verən müsbət dəyişikliklər irəliləyişin
göstəricisidir...
-Nə
baxımdan?
- O
baxımdan ki, hər seçkidən-seçkiyə yerli
özünüidarəetmə orqanları formalaşırlar.
Onlar ali təhsillilərin, mütəxəssislərin,
ziyalıların, fəal gənclərin, qadınların
hesabına möhkəmlənir, bələdiyyələr yerlərdə
söz sahiblərinə, əməli işin təşkilatçılarına,
insanların yaxın köməkçilərinə
çevrilirlər. Bununla belə, bələdiyyə institutu,
yerli özünüidarəetmə orqanlarının işi
ilə yaxından tanış olmayanlar haqsız yerə bələdiyyələri
səriştəsizlikdə, fəaliyyətsizlikdə
günahlandırırlar. Onların fikri reallıqları əks
etdirmir. Bəzi qeyri- hökumət təşkilatları,
ekspertlər, siyasətlə məşğul olanlar bələdiyyələrə
müstəsna səlahiyyətlər verilməsi təkliflərini
irəli sürməklə, bu orqanı tam müstəqil bir
qurum kimi görmək istəyir və icra strukturları ilə
əlaqələrinin aradan qaldırılmasını, paralel
tədbirlərin görülməməsini tövsiyə edirlər...
- Burada
axı, problem doğuracaq nə var ki?
- Problem
ondadır ki, həmin təklif və tövsiyədə
bulunan insanlar müstəsna səlahiyyət
anlayışının mahiyyətini düzgün izah edə
bilmir və təəssüflər olsun ki, bələdiyyələrin
icra orqanları, digər qurumlarla əlaqəli fəaliyyətlərini,
əməkdaşlığını, birgə tədbirlərini
yerli özünüidarəetmə səlahiyyətlərinin
pozulması, zəifləməsi kimi dəyərləndirirlər.
Bu, heç də düzgün yanaşma deyil və əksinə
bələdiyyələr ətrafdakı orqanlarla, təşkilatlarla
nə qədər çox qaynayıb qatışsalar bir o qədər
çox iş görmüş və hörmət
qazanmış olarlar. Yaxşı haldır ki, bu gün
ölkə bələdiyyələri dövlət siyasətini
dərindən başa düşən, qiymətləndirən
və ona dəstək verən bir orqana çevriliblər. Bələdiyyələr
reallıqları görür və öz fəaliyyətlərini
bu zəmin üzərində qururlar.Bələdiyyələr
yaxşı bilirlər ki, onlar demokratiyanın, zamanın
yetirmələridir. Buna görə də bələdiyyə
institutu da məhz zamanın gedişi prosesində real həyata
uyğun formalaşıb inkişaf etməlidir. İnkişaf
yolu keçmiş demokratik ölkə bələdiyyələrinin
fəaliyyəti, təcrübəsi bunu deməyə əsas
verir. Əsrlərlə yaşı olan bir çox xarici
ölkə bələdiyyələrində bu günün
özündə təkmilləşmə prosesinin baş verməsi
zamanın gedişindən, dövrün tələbindən
irəli gələn bir haldır. Bu gün Azərbaycan bələdiyyələrinin
qarşısında ölkənin sosial-iqtisadi həyatında
köklü dəyişikliklər etmək vəzifəsini
qoymaq və onlara ciddi problemləri həll etmək səlahiyyətləri
vermək məqsədəuyğun deyil...
- Sizcə,
yerli özünüidarəetmə orqanlarının öyrənməyə,
təkmilləşməyə heç bir ehtiyacları yoxdur?
- Təbii
ki var və heç kim bunu inkar etmir. Məsələn, elə
bələdiyyə institutunun səmərəli fəaliyyəti
üçün həyata keçirilən müəyyən
islahatlar - bələdiyyə assosiasiyalarının
yaradılması (kənd, qəsəbə və şəhər)
və bələdiyyələrin könüllü birləşməsi
prosesinin gedişi buna yaxşı nümunədir.Bələdiyyə
assosiasiyalarının fəaliyyəti özünüidarəetmə
işinin xeyli dərəcədə canlanmasına, ilk növbədə
maarifləndirmə tədbirlərinin genişlənməsinə,
beynəlxalq əlaqələrin, xarici ölkə bələdiyyələri,
qeyri-hökumət təşkilatları, dövlət qurumlar
ilə münasibətlərin daha da möhkəmlənməsinə,
respublika, regional əhəmiyyətli tədbirlərin
keçirilməsinə, kadrların fəallığının
yüksəlməsinə, bir çox mühüm əhəmiyyətli
layihələrin həyata keçirilməsinə kömək
edib. Bələdiyyələrin birləşmə amilini də
düzgün qiymətəndirmələri və
könüllü olaraq bu prosesə dəstək vermələri
onların xeyrinə olub. Belə ki, kifayət qədər
maliyyə bazası, mülkiyyəti, kadr potensialı olmayan
mindən çox bələdiyyə daha yaxşı,
lazımi iş bacarığı və maliyyə vəsaiti
olan bələdiyyələrə birləşməklə
çatışmamazlıqların aradan
qaldırılmasını təmin ediblər. Bələdiyyələrin
vergi sisteminin təkmilləşdirilməsində, mülkiyyətin
müəyyən edilməsində, bələdiyyə vətəndaş
münasibətlərinin qurulmasında da irəliləyiş
hiss olunmaqdadır. Faktları sadalamaq fikrində deyiləm.
Ancaq onu bildirmək istəyirəm ki, bu gün ölkə
Prezidenti cənab İlham Əliyev dövlət bələdiyyələrin
inkişafında maraqlıdır və bu sahəyə
lazımi diqqət yetirilir.
Yerli
özünüidarəyə həsr olunmuş 30 yaxın
qanun, bələdiyyələrin fəaliyyətinin istiqamətlərini
tənzimləyən 200-dən çox qərar, fərman, sərəncam
və əsasnamənin qəbul edilməsi bunu deməyə əsas
verir. Bununla yanaşı, əlbəttə bu gün bələdiyyələrin
fəaliyyətində bir çox nöqsanlar,
çatışmamazlıqlar, həllini gözləyən
problemlər mövcuddur. Ancaq bəzi insanların səsləndirdiyi
kimi bələdiyyələr tam səlahiyyətsiz, fəaliyyəti
nəzərə çapmayan, kimdənsə asılı
orqanlar deyillər. Əgər yerli özünüidarəetmə
orqanları əsaslı qanunlarla tənzimlənən səlahiyyətlərə
və imkanlara malikdilərsə, onların səmərəli
işləməsi üçün ölkədə lazımi
şərait yaradılıbsa mövcud nöqsanları
dövlətin adına yazmaq olmaz.
- Belə
olan halda, fikrinizcə, bu gün bəs Azərbaycanda bələdiyyə
institutunun qarşılaşdığı ən
başlıca problem nədir və yaxud nədədir?
- Azərbaycanda
bələdiyyə institutunun
qarşılaşdığı ən birinci problem bələdiyyə-vətəndaş
münasibətlərinin düzgün qurulmaması və bu
sahədə fəaliyyətin səmərəli istiqamətləndirilməməsidir.
Əsas nöqsanlar - yerli özünüidarəetmə
orqanlarında şəffaflığın və
aşkarlığın dolğun təmin edilməməsi,
vergi və ödənişlərin lazımi səviyyədə
toplanılmaması, müəyyən layihələrin həyata
keçirilməməsi, bəzi neqativ hallara yol verilməsi və
sair bu amillərlə bağlıdır.
Vətəndaş
cəmiyyətinin bir forması kimi bələdiyyələr
insanlarla, seçicilərlə sıx təmasda olmalı və
birgə işləməlidir. İstər dövlət, icra
strukturları, istərsə də qeyri-hökumət təşkilatları,
sahibkarlar olsun fərqi yoxdur bu qurumlarda
çalışanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır,
seçicidir və onların hər biri bələdiyyələrə
münasibətdə dövlət mövqeyindən
çıxış etməyə borcludurlar. Sözsüz ki,
hər bir qurumun, vətəndaşın digərinə
sağlam münasibəti həm ölkənin inkişafı,
həm də insanların rahatlığı, mənafeyi
baxımından əhəmiyyətlidir.
Bu gün hansı ərazidə icra strukturları ilə bələdiyyələrin birgə fəaliyyəti səmərəli qurulubsa orada yaxşı nəticələr nəzərə çarpır və bu insanlar tərəfindən qiymətləndirilir. Bu, bələdiyyə- vətəndaş münasibətlərinə də aiddir. Müəyyən qurumların, sahibkarların, iş adamlarının bələdiyyələrə münasibəti köklü şəkildə dəyişilməli, əlaqələr qanunvericiliyə uyğun sağlam əsaslar üzərində qurulmalıdır. Çünki bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi ilk növbədə vətəndaşlarla münasibətin qurulmasından və nəticədə yerli özünüidarəetmə orqanlarının maliyyə bazasının möhkəmlənməsindən asılıdır.
Əlbəttə ki, lazımi maliyyə vəsaitinə malik olmayan bələdiyyə bir iş görməyə, eləcə də vətəndaşların etimadını doğrultmağa qadir deyil. Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Nəinki iqtisadiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, sosial həyatımızda köklü dəyişikliklər baş vermişdir və bu gün sosial-iqtisadi inkişaf durmadan sürətlənir. Ölkə ərazisində yüzlərlə istirahət- əyləncə mərkəzləri, turizm bazaları, şadlıq evləri, otellər, restoranlar, sağlamlıq guşələri, ictimai-iaşə obyektləri və sair fəaliyyət göstərir. Qanunvericiliyə görə bələdiyyə ərazilərində fəaliyyət göstərən bu kimi obyektlər öz gəlirlərindən bələdiyyələrin hesabına müəyyən ödənişlər etməlidirlər. Təəssüf ki, onların çox az bir hissəsi bələdiyyə hesabına vəsait köçürür. Halbuki bu obyektlərin çoxunun gediş-gəliş yolları, əraziləri çox vaxt bələdiyyələrin hesabına təmizlənir, qaydaya salınır. Yerli vergilərin toplanılmasında da bələdiyyələr belə hallarla tez-tez rastlaşırlar. Vətəndaş torpaq və əmlak vergisini verməkdən imtina edir və özünün seçdiyi orqanı çıxılmaz vəziyyətdə qoyur. Vətəndaş həm də seçicidir və o, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. O, öz bələdiyyəsinin yığıncaqlarında iştirak edib müəyyən təkliflərini verməklə bərabər, həm də ondan görülən işlərə dair hesabat tələb edə bilər. Ancaq vətəndaş-seçici laqeydliyi bu sahədə də özünü göstərir. Əksər seçicilər bələdiyyə seçkilərində iştirak edib bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir və sonrakı beş ildə bir dəfə də olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda bələdiyyə tamamilə seçici nəzarətindən kənarda qalır. Faktlardan göründüyü kimi bu gün bələdiyyələrimizin əsas problemi onlara daha yüksək səlahiyyətlərin verilməsində, külli miqdarda maliyyə vəsaitinin ayrılmasında deyil, əsas problem bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin normal, yüksək səviyyədə qurulmamasındadır. Məncə bir çox nöqsanların səbəbu budur. Biz vətəndaş, həm də seçici olaraq seçdiyimiz orqanın-bələdiyyələrin fəaliyyəti ilə müntəzəm olaraq yaxından maraqlanmalı, ona yardımçı olmalı və nüfuzunu qorumalıyıq. Bələdiyyə institutunun inkişafı dövlətin, həm də vətəndaşın xeyrinədir. Dövlət bu sahədə üzərinə düşən vəzifənin dəyərini yaxşı bilir. Seçkilərin demokratik şəraitdə, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsini, qanunların aliliyini, bələdiyyələrin fəaliyyəti üçün lazımi imkan və şəraitin yaradılmasını, yerli özünüidarəetmə orqanlarında müəyyən islahatların keçirilməsini təmin edir. Vətəndaş da bunun müqabilində öz üzərinə düşən vəzifənin məsuliyyətini qiymətləndirməli, seçdiyi orqanın səmərəli fəaliyyət göstərməsi üçün ona kömək etməlidir. Sözsüz ki, vətəndaşların bələdiyyələrə olan münasibətini dəyişmədən, normallaşdırmadan, lazımi səviyyəyə çatdırmadan, seçicilərdə seçdikləri orqanın nüfuzunun artırılmasına məsuliyyət və inam oyatmadan yerli ozünüidarəetmə orqanlarını inkişaf etdirmək çətindir.
- Yeri gəlmişkən, 2014-cü il həm də növbəti bələdiyyə seçkiləri ilidir...
- Elədir ki, var. Seçki həm bələdiyyə institutunun fəaliyyətinə qiymət vermək, seçim etmək, həm də gələcək vəzifələri dəyərləndirmək, qüvvələri bir məqsəd uğrunda səfərbərliyə almaq baxımından əhəmiyyətlidir. Buna görə də hər bir seçici səs verdiyi insanı yaxşı tanımalı, qabiliyyətinə, savadına, təşkilatçılığına bələd olmalı, xalqa, vətənə sədaqətinə arxalandığı namizədə səs verməlidir. Düzgün seçim gələcək müvəffəqiyyətin əsasıdır. Bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardır. Yaxşı gələcək bu orqanlardan beynəlxalq təcürbəyə və yerli reallıqlara əsaslanaraq formalaşmanı tələb edir. Çünki bələdiyyələr ölkəmizin sürətli inkişafı və əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz fəaliyyətlərini düzgün qurmaq və qarşıya çıxan məsələləri həll etmək baxımından çevik bir orqana çevrilməklə bərabər, həm də öz strukturlarını daim təkmilləşdirməlidirlər. Kiçik, maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı iş təcrübəsinə və bacarığa malik bələdiyyələrlə birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsaslı dönüş yarada bilər. Bələdiyyələrin birləşməsi inzibati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, kadr qıtlığının aradan qaldırılmasına və işə nəzarətin daha yaxşı həyata keçirilməsinə imkan yaradar. Digər tərəfdən bələdiyyələrə öhdəsindən gələ biləcək əlavə səlahiyyətlərin verilməsi də vacibdir. Bu kommunal xidmət, yaşıllaşdırma, təmizlik-abadlıq, suvarma və sair sahələr ola bilər. Bələdiyyə büdcəsinin artırılmasından və formalaşdırılmasından ötrü vergidən yayınanlara qarşı, eləcə də mədən və əmlak vergilərinin, küçə reklamları üzrə ödənişlərin hesablanması və yerli verginin alınması üçün təkmil təsir mexanizminin yaradılması çox əhəmiyyətlidir. Bəzi bələdiyyələrə öz əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi də narahatlıq doğuran haldır. Azərbaycan bələdiyyələri öz fəaliyyətlərini ölkə Konstitusiyasının, mövcud qanunlarımızın, "Yerli özünüidarəetmə" haqqında Avropa Xartiyasının tələblərinə uyğun qurmağa və ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə qadirdilər. Yerli özünüidarəetmə orqanlarının gələcək səmərəli fəaliyyəti, əhali ilə sağlam, işgüzar münasibətlərin yaradılması, faydalı işin təşkili, seçicilərin etimadının qazanılması bələdiyyələrin özündən çox asılıdır. Bunun üçün hər bir bələdiyyə üzvündən təşkilatçılıq bacarığı, işə doğma münasibət, operativlik və prinsipiallıq tələb olunur. Elə bilirəm bələdiyyələrimiz onlara yaradılan imkan və şəraiti düzgün qiymətləndirəcək, gələcəkdə də seçicilərin onlara göstərdiyi etimadı doğruldacaqlar.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2014.- 20 iyu.- S.4.