əsərləri V cild
(1918 – aprel
1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd
Hüseynov.
Transliterasiya redaktorları:
professor Şamil Vəliyev
elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Siyasi vəziyyətimiz
Getdikcə ingilislərin Qafqasiya cümhuriyyətləri
həqqindəki siyasətləri aşkar oluyor.
General Tomsonun ikinci bəyannaməsini
üçüncüsü Azərbaycan hökumətinin Azərbaycan
ərazisi üzərində yeganə məşru bir hökumət
olduğu həqqindəki bəyannanməsi təqib elədi.
Bu kərə də müttəfiqlərin Şərq
orduları komandanı əlahəzrət İngiltərə
kralı hökumətinin nümayəndəsi general Miln rəsmi
surətdə Azərbaycan hökumətini tanıdığını
bildirmişdir.
General
Milnin hökumət rəisi Fətəli Xan Xoyski həzrətlərinə
vaqe olan bəyanatında Azərbaycan hökumətini
“hökuməti-məhəlliyyə” təbiri ilə degil, “ələletlaq”
tələffüz olunmuşdur.
General, Fətəli Xan Xoyski həzrətlərinə
dedigini Tiflisdə dəxi Gürcüstan rəisi-hökuməti
Jordaniya həzrətlərinə söyləmişdir.
Demək ki, Qafqasiyadakı cümhuriyyətlərin
sülhi-ümumi konfransınca qəbuluna İngiltərə
hökuməti səy edəcəkdir.
Səlahiyyətdar ingilis generallarının müttəfiqlər
naminə hərəkət edən sahib kəlməsinə
siyasət ricalının Qafqasiya məsələsi həqqində
söyləmiş olduqları bu sərih bəyanları
heç şübhəsiz ki, Qafqasiya məsaili həqqində
söyləmiş olduqları bir sərih bəyanları
heç şübhəsiz ki, Qafqasiya millətlərinə kəndi
başlarına təyini-müqəddərat etmələrini
istəməyən qızğın qafalı siyasət kərdənlərə
soyuq su vəzifəsini görmüşdür.
Fətəli Xan həzrətləri general Miln ilə
vaqe olan müsahibəsini Məclisi-Məbusana təbliğ edərkən
məbusan bunu böyük bir məmnuniyyətlə tələqqi
elədi. Divani-riyasətə tapşırdı ki, general təkrar
şəhərimizdədirkən fürsətdən istifadə
edərək məbusan naminə kəndisinə təşəkkür
və məmnuniyyət izhar eləsin.
Məbusanın bu təşəkkürü Azərbaycanın
təşəkkürüdür. Bu təşəkkürə
istiqlalını göz bəbəyi kibi saxlamaq əzmində
olan millət də iştirak eylər.
Müttəfiq dövlət nümayəndələrinin
bu surətlə rəftarı şübhəsiz ki, cəmaətimizdə,
cəmaət xadimlərimizə ruh verəcək, əzm və
cəsarətlərinin birə on artmasına səbəb
olacaqdır.
İngilis qüvvəsinin tərzi-hərəkətindəki
bu sərahət, paytaxtımızda bulunub da başqa havalar tərənnüm
edən bir para rusiyaçı partiyalarla, mətbuatın dəxi
xətti-hərəkətlərini dəgişməyə səbəb
oldu.
Sosial-demokrat və sosial-revolyusioner firqələrinə
mənsub olan qəzetələr təğyiri-lisan edərək
Azərbaycan istiqlalına təhəmmüllərindən, Azərbaycan
parlamanına girmək istədiklərindən bəhs etməgə
başladılar. Hətta “S-R”lər parlamana girmək
arzusunda olduqlarını divani-rəyasətə
yazdıqları bir müraciətnamə ilə dəxi bildirdilər.
Sosial-demokratların
“İskra” adlı qəzetəsi millətlərin kəndi
müqəddəratlarını kəndiləri təyin etməgə
həqli olduqları əsasına “hər zaman tərəfdar ola gəldigindən” bəhs elədi. Əsas
etibarilə Azərbaycanın Rusiya ilə birlikdə
qalmasını Azərbaycan demokratiyasının mənafeinə
daha faidəli görüyorsa da hal-hazırda Azərbaycan
hökumətinin (olmuş bir iş) bir əmri-vaqe olduğunu
da nəzərə aldığını söylədi. Azərbaycan
Rusiya ilə meyli və arzusu ilə birləşsin, bu onun faidəsidir
– dedi. Yoxsa Azərbaycan buna icbar edilməsin, icbar edilərsə
bu böyük bir həqsizlik olur! Bu həqsizliyə
isə hər kəsdən ziyadə sosial-demokratlar
qarşı qoyarlar – deyə bəyanatda bulundu.
“İskra” daha iləri gediyor. Diyor ki, Azərbaycan
istiqlalı bu gün onlardan ötrü bir şüardır.
Çünki müstəqil Azərbaycanın
yaxın bir istiqbalda öz meyli və arzu-rizası ilə təkrar
Rusiya demokratiyası ilə bir muxtariyyət və ya federasyon əsası
üzərinə birləşməsi ehtimal daxilindədir.
Halbuki müstəqil degil, xarici bir Avropa dövlətinə
mərbut olursa, o zaman Azərbaycan əbədiyyən Rusiyadan
ayrı qalacaqdır.
Demək ki, bu gündən etibarən Azərbaycan
istiqlalının müdafeləri zümrəsinə bir də
sosialist partiləri daxil oluyorlar.
Bismillah, daxil olsunlar. Həqiqi sosialist
olsalar bundan başqa rəftar edəməzlər. Bu rəftarə onlar imdi degil, çoxdan süluk etməlidilər.
–
Heçdənsə gec!..
M.Ə.
“Azərbaycan”,
28 qanuni-sani (yanvar) 1919, ¹99
Ələletlaq
– bütünlüklə, mütləq, tam
Süluk
– hərəkət tərzi, rəftar
Tədbir
gərəkdir
Əql və tədbirin hökmü üstün gəldi. Əmələlər
hissiyyata degil, əqliyyata görə rəftar etdilər.
Hökumət ilə mədənçilərin
mümkün edə bildikləri güzəştə razı
olub tətil etmədilər.
Mədənçiləri mədənin düçar
olduğu müşkülatına rəğmən bu güzəştlərə
getməgə bir tərəfdən əmələlərin tələbi,
bir tərəfdən də Azərbaycan hökumətinin
mötədilanə və aqilanə təsiri səbəb
oldu.
Hökumət bu işdə göstərdi ki, əmələlərin
mənafei, hüquqi onun üçün yabançı bir
şey degildir.
“Kollektivnı doqovor”ı mədənçilər
qəbul etmiyordular. Hökumət bunu
müvəqqətən olsa da verdigi əmrlə icra etdirdi.
Evli, subay məsələsinin aradan
qaldırılıb da bütün əmələlərə
360 manat məvacibin artırılması üçün
hökumət nümayəndə və parlaman vəkilləri
səy etdilər, təsirləri oldu.
Fəqət əmələlərin almış
olduqları 360 manat əlavə ilə ehtiyacları rəf olunacağını
düşünmək doğru olamaz.
Daha əmələ konfransında əmələlər
özləri diyorlardı ki, “bu əlavə bizə degil,
dükançılaradır”.
Doğrudur. Məvacib artınca dükançılar
da mətahın, bilxassə ərzağın qiymətini
artırıyorlar. Həyat yenə də
bahalaşır, su yenə də köprüdən o tayda
qalır.
Buna qarşı tədbir eləməlidir. Bu tədbiri
hökumət görməlidir. Hökumət
bütün əmtəəyi olmasa da, heç olmasa ərzaq
üçün bir tədbir görməli, əmələ
rayonlarında ucuz qiymətlə çörək
satdırmağa səy eləməlidir.
Bu xüsusda hökumət ticarət və sənaye nəzarətindəki
üsulsuz hərəkətlərə bir nəhayət verərək
başqa məmləkətlərlə mal dəgişdirməsi
işini yoluna qoya bilməklə bəlkə də Ukraynadan
“cövhər” müqabilində buğda gətirə bilər.
Bu yol ilə şəkər gətirmək dəxi
mümkündür.
Eyni zamanda hökumət səy etməlidir ki, İngiltərədən
bizə yeni mallar gəlsin, bazarda mətah
çoxlaşsın. Mətah çoxlaşırsa, o zaman qiymətlər
təbiətilə aşağı düşər.
Hökumət bu kibi tədbirlərə qətiyyən təvəssül
etməlidir. Yoxsa bu gün növbədən
götürülmüş tətil məsələsi təkrar
bütün təhdidi ilə meydana çıxar. O zaman
əql və məsləhətin göstərdigi yollar degil, hərəkəti-hissiyyat
və ehtiyacın çox da məntiq tanımayan rəhbərligi
hakim olar.
Azərbaycan sənaət və ticarət həyatını
hər növ intizar olunmayan hadisələrə qarşı
mühafizə etmək hökumətin borcudur.
Bu borcunu hökumət ərzağı
bollaşdırmaq yolunda tutacağı hərəkət və
görəcəgi tədbirlərlə ifa edə bilər.
Oyanıq olmalı, tədbir görməlidir.
M.Ə.
“Azərbaycan”,
29 qanuni-sani (yanvar) 1919, ¹100
Ciddiyyət
gərək!
Hər bir hökumət, bilxassə yeni bina tutmaq üzrə
olan hökumətlər üçün hər şeydən əvvəl
həyat və fəaliyyət əsəri göstərəcək
bir meydan vardır.
Asayiş və əmniyyət meydanı.
Hüquqi-milliyyə, ixtiyariyyati-ammə bunlar mənəviyyatdır. Bu mənəviyyat
hər yanda olduğu kibi, bizdə də cəmaətdən
yalnız bir qisminin, idraklı bir qisminin ruhunu, zehnini
işğal edə bilər. Əhalidən
fədakar bir qismi keçirdigimiz müşkülatın bir
haldan digər hala keçmək zamanına aid müvəqqəti
bir hal olduğunu dərk ilə, o qədər narazılıq
göstərmədən hər növ məşəqqətlərə
təhəmmül edə bilər. Fəqət
xəlqin əksəriyyəti təbiidir ki, bu halda olamaz.
Xəlq hər şeydən əvvəl hökuməti
onun hərəkətləri, fəaliyyətləri ilə
tanıya bilər. Bu hərəkətlər arasında
asayiş ilə əmniyyət birinci dərəcədə
mühümdür.
Xəlqi əmniyyət və asayiş etibarilə
razı salan bir hökumət heç şübhəsiz ki,
yarı-yarıya bəqasını təmin eləmiş, deməkdir.
Hökumətimiz Məclisi-Məbusan kürsüsündən
irad elədigi bəyannaməsində bu nöqtəyi iyi dərk
elədigini izhar eləmişdi. Fəqət burada bir
qeyd etmək məvburiyyətindəyiz ki, bu xüsusda
hökumət lüzumi dərəcədə əsəri-fəaliyyət
göstərməmişdir.
Dəmir yollarında hadis olan vaqeələrin təkrar
vücudə gəlməməsi üçün hökumət
tədbirlər görüyor. Biz bu tədbirlərin bir an əvvəl səmərədar
olmasını istəriz. Fəqət bununla bərabər
şəhərimizin dəxi əmniyyət və
asayışınə baxmalıdır. Biliyoruz
ki, şəhərimizdə bir çox fasid ünsürlər
var. Bu ünsürlər bizə xaricdən gətirilmiş,
istəmədigimiz halda bizimlə həmşəhrilik həqqini
qazanmışlardır. Hökumət
başqa bir vəziyyətdə, başqa bir imkanda olsaydı,
onsuz da bikarı çox olan bir şəhri yeni-yeni bikar dəstələri
ilə doldurmazdı.
Fəqət bu kibi səbəblər hökuməti təbiidir
ki, daha ciddi tədbirlər görməgə vadar etməlidir.
Şəhərdə oğurluq çoxalmış,
dün heyrətəngiz bir cinayətə şahid olduq. Canilik
yavaş-yavaş artmağa başladı. Polis
vəzifəsi ilə mütənasib bir dərəcədə
degildir.
Demək istiyoruz ki, polis idarəsində bir növ zəif
idarə görülməkdədir.
Bu zəifin bir səbəbi şəhərdə olan bir
çox nadinc ünsürlərin vücudi isə də, digər
cəhətdən polis nəfəratının, milislərin
kimlərdən ibarət olduğuna dəxi diqqət və
etina edilməlidir.
Polisin başında Azərbaycan mənafei ilə mənən
əlaqədar adamlar olmalı, əxlaqı düzgün məmurlar
bulundurulmalıdır. Bununla bərabər hökumət məqamati-aliyəsi
əli altındakı məmurların üstündə daimi
gözətçi olduğunu asarilə göstərməlidir.
Xəlqin əmniyyət və asayişi kəndilərinə
tapşırılmış olan adamlar hər saət və hər
dəqiqədə öhdələrinə götürdükləri
məsuliyyəti xatırlamalıdırlar. Onları sorğu və suala çəkəcək
qüvvəti daima başları üstündə görməlidirlər.
Bununla bərabər bir şeyə də hökumətin
nəzər-diqqətini cəlb etmək istiyoruz. Polis zabitəsinin
aldığı məvacib kəndisindən tələb olunan
vəzifə ilə mütənasib degildir. Adi bir əmələnin
1000 manatdan ziyadə məvacib aldığı bir şəhərdə
700 manat məvacib alan bir məhəllə
pristavından vəzifəşünaslıq tələb etmək
pək də məntiqə gəlir bir şey degildir.
Hökumət hər şeydə qənaət edirsə-etsin,
fəqət məmləkətin əmniyyət və
asayişinə aid xüsuslarda xəsislik göstərməsin. Çünki
bu xissət, qüvvəti-layəmutundan qənaət edən
adamın halıdır ki, vəqtilə ət və əkməgə
əsirgədigini sonra təbib ilə dərmana vermək məcburiyyətində
qalar.
Biz daxiliyyə nəzarətindən ciddi tədbirlər,
kəskin hərəkətlər, tərəddüdsüz əzmlər
istəriz. Bunu bütün məmləkət, bütün əhali
istiyor.
Bu
xüsusda adam lazımsa adam, para lazımsa
para vermək millətin borcudur. Bu borcunu millət əsirgəməz!
Əzm və fəaliyyət istəriz.
Himmətimiz artsın, ciddiyyətimiz çoxalsın!...
M. Ə.
“Azərbaycan”,
31 qanuni-sani (yanvar) 1919, ¹102
Xissət
– alçaqlıq, ədnalıq
Layəmut
– ölməz, əbədi
İki
konfrans
Mənən olmasa da maddətən bu günün hakimi
olduqları kimsə tərəfindən inkar olunmayan qalib
dövlətlərin mərifətilə Parisdə “Versal”da
dövlətlərin nümayəndələrindən ibarət
bir konfrans açılmaqdadır.
Bu konfransla bərabər maddətən olmasa da, mənən
bu günün hakim əfkarı olan demokratiya naminə
ümumdünya sosialistləri tərəfindən
İsveçrədə Bern şəhərində digər
bir konfrans, sosialistlər konfransı toplanmaqdadır.
Dünyanın cahangirləri qarşı-qarşıya gəldilər. Dünya alt-üst oldu, qiyamət
qopdu!
Cahangirlərdən bir zümrəsi qalib, digəri məğlub
oldu. Toplar dayandı. Hesab günü
gəldi.
Divani-mühasibat quruldu.
Bu divana yalnız qaliblərlə məğlublar degil,
bütün dünya gəliyor. Bütün millətlər
ərzi-hesab ediyorlar.
Təbiətdə itlaf yoxdur. Hər şey nisbidir.
Bu divana ərz olunan hesablar bir ədaləti-səhnə
üzərinə görüləcəkmidir? Görülə
biləcəkmidir?
Bu bir məsələdir.
Biz Parisdə
toplanacaq sülh konfransından bahis “Hesab günü”
ünvanilə yazdığımız məqalədə bu
divandan çıxacaq hökmlərin kimidən ötrü “cənnət”,
kimidən ötrü “cəhənnəm”, kimidən
ötrü “bərzəx” qərarını verəcəgini
təsəvvür etmişdik.
Fəqət bunu təsəvvür edərkən oxucular
bilərlər ki, “Versal” divanının adili-mütləq
olacağına çox da iman etməmişdik.
Müsəlman
sosialistlərinin naşiri-əfkarı bulunan “Al bayraq”ın
isnad elədigi kibi bu konfransı biz “günah”ları “səvab”ları
adilanə ölçə bilər qiyamət “Allah”ı deyə
tələqqi etmədik.
Böylə
tələqqi etmiş olsaydıq o məqalədə bu sətirləri
yazmazdıq:
“Məhkəmənin bu üç hökmdən birisini
verməsinə oradakı nümayəndələrimizin, təbiri-digərlə,
dəva vəkillərimizin məharəti, ciddiyyəti, səy
və çalışqanlığı təsirsiz olmayacaq. Fəqət bu kifayət etməz!
Lazımdır ki, biz də burada
çalışaq, kəndimizi idarə edək. Behiştlik dərəcədə idarəyə
istehqaq qazanmış olduğumuzu isbat edək.
Bu vasitə ilə işin yarısı
görülmüş olsa da, məhkəmə
hökmünün xırda millətlər həqqində
tamamilə müvafiq çıxarılması
üçün Avropa və Amerika demokratiyasının bu
hökmlər üzərinə həqiqi bir nüfuz icra eləməsini
arzu etməliyiz. Bu nüfuz vaqe olursa, o zaman bütün
cahana qarşı elan olunan prinsiplər az-çox safiyyətini
saxlar. Onların saflıqlarının məhfuz
qalması isə bizim kibi xırda millətləri
qurtarıyor. Dirilik yarlığı əllərimizə
irişir”.
Müsavat
başçılığından əvvəl bir mühərrir
olan Rəsulzadənin “yanıldığını” isbat edən
“sosialist” qəzetə görünüyor ki, münaqişə
həvəsilə pürşur kəsilərək tənqid
etdigi məqaləyi diqqətlə oxumağa, aradan bir
çox zaman keçmişsə də vəqt
bulamamışdır.
“Al bayraq” Berndəki sosialist konfransının toplanmaq
üzrə bulunduğu xəbəri çıxdıqdan sonra
beynəlmiləl demokratiyanın Azərbaycan müqəddəratına
təsirbəxş olacağından bəhs ediyorsa, biz daha
böylə bir xəbər yoxkən Avropa və Amerika
demokratiyasının Versal konfransı üzərinə icrai-təsir
etməsini arzu eləmişdik. Və “bu nüfuz vaqe
olursa, xırda millətlər qurtarır” demişdik. Bu
məqsədlə dəxi “Paris konfransını təbrik”
degil, Parisə qibtə edərkən kəndisinə xitab
etmiş, demişdik ki:
“Sakın:
möhtərəm salonlarından birisində ehtimal ki,
“Versal”ın tarixi binasında, iniqad edəcək bəşəriyyət
qarşısındakı məsul ricala təlqin et ki, məğrur
olmasın, mövqe və iqtidarlarını suyi-istemal etməsin.
Yalnız bəşəriyyəti və yalnız istiqbali-bəşəri
düşünsünlər, hökmlərini verərkən
bütün demokratiyanın tələbini nəzərə
alsınlar: məzarlarından qalxmış və diriligə
təşnə olmuş millətləri təkrar məzarlarına
gömməsinlər!!”.
Arzu etdigimiz “demokratiya nüfuzu” deyək ki, təşəkkül
etmək istiyor. Beynəlmiləl sosialist konfransı
toplanıyor.
Berndən
sədası gələn bu konqrenin Versal divanı üzərinə
az-çox nüfuzu olacağını inkar edənlərdən
degiliz, əvvəla, millətimizin kəndi ciddi-cəhdindən
və saniyən, dəxi bu “nüfuz və təsir”dən
istifadə edəcəgini zatən “Hesab günü”ndə
söyləmişdik.
Əvvəlcə
dəxi yazmışdıq:
“Bu hesab gününün nəticəsində dəxi
bütün dünya millətlərinin “behiştlik”
olacaqlarına hökm verə bilmək üçün həddindən
artıq nikbin olmaq lazımdır”.
Diqqət olunursa daima hesab divanında degil, hesab
günündən bəhs olunuyor. Bu günün divan mühasibatı
biri “Versal”, digəri “Bern”də olmaq üzrə iki məclisli
ola bilər.
Birincisi
adili-mütləq olamazsa, ikinci məclis hakimi-mütləq ola
biləcəkmidir?.. Zənn
etməm. Bir kərə araya toplaşacaq
sosialistlər Versaldakı diplomatlar cinsindən olmasalar da,
onlarla birlikdə hərbi-ümumiyə iştirak eləmiş
partiyalara mənsub adamlardır. Binaənileyh
onların kamilən bitərəf və “Al bayraq”ın istədigi
adili-mütləq adamlar olduğunu düşünmək
üçün dəxi fəzlə nikbin olmaq gərək.
Bernin Versala müqabiləsini Rusiya inqilabındakı əmələ
şurası ilə müvəqqəti hökumətə
qiyas edənlər vardır.
Rusiya mühitində Əmələ Şurasını
icrai-nüfuz dərəcəsini keçib hökmdarlıq mərhələsinə
çıxdı. Maddi və mənəvi bütün
qüvvəti əlinə aldı.
Fəqət
nəticədə Milyukovun almaq istədigi İstanbul üzərində
“israr” etmədisə də kadetlərin “Moskvadan ziyadə
mühafizə edəcəkləri” Bakıdan dəxi
kolaylıqla əl çəkmədi. Qafqasiya imperatorların
gövhər tacı idi: demokratların tacı yox. Fəqət mədələri var, iştahları kəsiyordu.
Qafqasiyayı bir gövhər kibi degilsə də,
bir malikanə kibi saxlamaq istədilər.
Nə məlum ki, Berndəki sosialistlər Rusiyadakı
insanlardan degil, başqa bir növ məliklərdən
olacaqlar.
Məəmafihə bununla biz Bern konfransının Versal
üzərindəki xırda millətlər nöqteyi-nəzərindən
pək faidəli təsir icra edəcəgini inkar etmək istəmiyoruz. Yalnız istəriz
ki, həqiqəti olduğu kibi görərək pək də
xəyalatə qapılmayalım. Biləlim
ki, bügünki amil qüvvətlərin tənasübi son qərarın
Versala aid olduğunu göstərməkdədir.
Məgər
ki, yarınki gün başqa bir hökm, başqa bir hikmətlə
zühur edə!...
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
2 şubat (fevral) 1919, ¹103
İtlaf
– tələf etmə, atma, boşama
Bərzəx
– əzablı yer
Qiyas –
müqayisə
Bahis – bəhs
edən
Pürşur
– çox coşqun, həyəcanlı
Məclisi-Məbusan
və müxaliflər
Azərbaycanın siyasi vəziyyəti nə qədər
ki, müəyyən degildi, türklərdən olmayan
bütün siyasi firqələr, bolşevik ruhlu menşevikdən
tutub monarxist ruhlu kadetinə qədər Azərbaycan
istiqlalı ilə Azərbaycan parlamanına qarşı
barışmaz bir vəziyyət almışlardı.
Onlar bu vəziyyətləri ilə Azərbaycan türklərini
bir növ mühasirəyə almış, təslimə məcbur
etmək istəmişlərdi.
Zənn ediyorlardı ki, xaricdən gəlmə müttəfiqlər
qüvvəti də onlara kömək olacaq, əqillərincə
türklər tərəfindən qurulmuş olan Azərbaycan
hökumətini yer dibində atacaqlardır.
Azərbaycan türkü ilə bərabər bu
türkün ruhundan doğan idealları tərvic edən, onun
yolu ilə gedən Azərbaycan xadimləri isə qəflətən
üzərlərinə atılan qüvvətlərə
qarşı mətanət göstərdilər, durdular. Azərbaycan
fikrinin “İstanbuldan” degil, Bakıdan doğmuş olduğunu
isbat etdilər.
Bu sübutla hər kəsdən əvvəl bitərəf
bir qüvvət olması həsəbilə ilk əvvəl
ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın
daxili müxaliflərini düşündürdü.
Türk olmayan müxaliflər düşündülər,
daşındılar. Xətti-hərəkətlərini dəgişmək,
nöqteyi-nəzərlərini əvəz etmək məcburiyyətində
qaldılar.
Eserlər, əslən milliyyət əsasına əhəmiyyət
verən idealist və indualist bir firqə olduqlarını
xatırladılar. Azərbaycan parlamanı bir “əmri-vaqe”dir,
olmuş bir işdir – dedilər.
Menşeviklər dəxi “qalu bəla”dan millətlərin
kəndi müqəddəratlarını kəndiləri təyinə
həqli olduqlarını qəbul edənlərdən
olduqlarını etiraf etdilər.
Həmkarlar ittifaqı dəxi Azərbaycan parlamanına
getmək həqqindəki qərarına tazədən baxmaq məcburiyyətində
qaldı.
Erməni milli komitəsi dəxi daşı ətəgindən
tökməgə başladı. Yalnız parlamana degil,
hökumətə də girmək meylini izhar elədi.
Bir də yalnız bir rus komitəsi qaldı.
Rus komitəsi yalnız tüfəng təsirilə
olmalıdır ki, o da əvvəlcə mövcud olan qərarını
tazədən bir “götür-qoy” elədi. Anladı ki,
“Rusiya millətlərinin son şəkli Rusiyanın iradəsilə
bilaetilaf təyin edilmək üzrə kəndi
başlarına idarə qurmaq həqləri vardır və bu
həqlə parlaman da qura bilərlər və bu parlamana
yalnız siyasi bir minbər qazanmaq üçün degil, vilayətə
əmin və asayiş vermək işində şərakət
etmək üçün dəxi getmək lazımdır”.
Bunu anlamaqla bərabər rus komitəsi özünün
parlamana girməsini yalnız bir mətləblə əlaqədar
görüyor.
Əvvəlcə bəzi mühüm məsələlər
aşkar olmalıdır. Bu məsələlər
aşkar olmayınca parlamana girmək, onlarca faidəsizdir.
Çünki burada Rusiyanın mənafei-aliyəsinə
mərbut olan nöqtələr var ki, onları
örtülü olaraq keçmək bərabər işləməgi
qeyri-mümkün edər.
Məsələ Azərbaycanın Rusiyaya əlaqəsini
təyin etməkdədir.
Zatən yalnız rus komitəsindəki kadetlər degil,
digər firqələrdə olan ruslar – rusiyaçılarla
bizim aramızda və digər türk partiyalarının
arasında olan ixtilafi-nəzər dəxi bu nöqtə
üzərində idi.
Biz Azərbaycanı müstəqil bir dövlət tələqqi
ediyoruz. Bu tələqqisini Azərbaycan demokratiyası əksəriyyəti-əzimə
təşkil edən türk xəlqinin idarəyi-aliyəsi ilə
bütün dünyaya elan eləmişdir.
Bu bir əmri-vaqedir.
Azərbaycan hökuməti, Azərbaycan parlamanı, Azərbaycan
siyasi firqələrinin bəyannaməsi, Azərbaycan xəlqinin
bu əsasları qəbul və tərvic eləməsi bu əmri-vaqenin
xarici əlamətləridir.
Azərbaycan hökuməti bütün firqələrinin
müməssilligi beynəlmiləl münasibatə girişmiş,
felən müttəfiqlər tərəfindən
tanınmışdır. Ondan başqa bu topraq
üstündə, bu əhali üzərində başqa nafiz
və tanınmış bir hökumət yoxdur.
Bizimlə
bərabər çalışmaq, türklərlə birlikdə
“əmniyyət və asayişin təmini” və yaxud “fevral
hürriyyətlərinin bəqası” üçün
işləmək istəyən firqələr hər şeydən
əvvəl bu cəhəti nəzər-diqqətə
almalıdırlar: Azərbaycan bir əmri-vaqedir – bunu səmimi
bir surətdə qəbul etməlidirlər.
Azərbaycanın Rusiya ilə iləridəki əlaqəsinə
gəlincə, bu əlaqəyi iləridə azərbaycanlıların
rusiyalılarla dostluqla, azadlıqla, tərəfinin rizası
ilə həll olunacaq bir məsələ kibi görməlidirlər.
Parlamana gələcək müxalif, “Siz Rusiyadan
ayrılmışsınız, bu
ayrılışınızla faidəli bir iş görməmişsiniz,
yaxşı olar ki, onunla birləşəsiniz” dersə onu
dinləriz. Fəqət “Siz Rusiyanın bir
parçasısınız, nə həqlə ondan
ayrılmışsız” dersə, ona təhəmmül etməz,
kürsüdən salarız.
Azərbaycan
parlamanına, Azərbaycan istiqlalı bayrağını
yüksək qaldırmış olan bu müəssisəyə
hər kəs gələrsə, bu parlamanın felən təsis
etmiş, olmuş-bitmiş bir hökumətin Məclisi-Məbusanına
gəlmiş və bununla o, Azərbaycan istiqlalını
fikirdə degilsə də, işdə tanımış, deməkdir.
Rusiya ilə əlaqəyə gəlincə, bunu
müxaliflər bilməlidirlər ki, müvafiqlər
heç bir zaman fikirdə Rusiyanın düşməni
olmayıb, Rusiya demokratiyası ilə ədavət bəsləməmişlərdir.
Azərbaycan parlamanının bütün firqələri
kəndi bəyannamələrində bu fikri zikr eləmişlərdir. Müxaliflər
nöqteyi-nəzərindən ən müdhiş bir milliyyətçi
və iftiraqçı təsəvvür olunan “Müsavat”
firqəsi belə kəndi bəyannaməsində fikrən təbii
və mötədil bir halə gələcək Rusiya ilə əqdi-ittifaq
etmək fikrinə yabançı olmadığını
bildirmişdi.
Fəqət buna biz öz meylimiz, öz xahişimiz ilə
gedəcəgiz. Bu məsələyi Rusiya Məclisi-Müəssisanı
degil, Azərbaycan Məclisi-Müəssisanı həll edə
bilər. Bu səlahiyyət
başqalarının degil, bizimdir. Çünki
milliyyət həqqi yalnız bu surətlə müdafiə
oluna bilər.
Yoxsa bir
“menşevik” çıxar da “biz sizə Rusiyadan ayrılmaq həqqini
vermiyoruz” dersə və bu məqsədinə yetişmək
üçün müsəlman sosialistləri ilə birlikdə
bizə qarşı mübarizə edə biləcəginə
güvənərsə, biz öylələrinə güləriz,
zira öylə düşünən bir türk parlaman firqəsi
təsəvvür edəməyiz!
Rusiyadan ayrılmaq, Rusiyaya qoşulmaq və yaxud başqa
bir şəkil ilə kəndi müqəddəratını
təyin eləmək həqqi Azərbaycan xəlqinin müqəddəs
bir həqqidir.
Bu həqqi ona təbiət bəxş eləmiş.
Bu həqqi o nə kadetlərin ala gözlərinə, nə də
sosialistlərin yağlı dillərinə fəda edəməz!
Müxaliflər bunu bilsinlər, qulaqlarına
sırğa etsinlər və bu beləcə Azərbaycan
istiqlalını əmri-vaqenin qəlləm həlqə
beguşi olaraq parlamana buyursunlar.
Başqa məsələlərdə keyfləri istədigi
müxalifəti etsin, tənqidatda bulunsun, təbliğatında
olsunlar. O
onların həqqi və vəzifələridir.
Biz heç bir zaman onların parlaman firqələrinin
müvafiqləri cərgəsində oturacaqlarını zatən
təsəvvür eləməmişdik.
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
3 şubat (fevral) 1919, ¹104
Qalu bəla
– çoxdan, lap əvvəldən, ata-babadan
İftiraq
– ayrılma, fəraq
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 21 iyun.- S.26-27.