Qardaşı
generaldı
Bu üç metr parçanı bilirsən nə zillətlə tapmışdım?! Özü də od qiymətinə. Amma rənginə, keyfiyyətinə görə verdiyim pula, çəkdiyim zəhmətə dəyərdi. Zil qara, yüz faiz də xalis yun! Məgər əsl baston parça hələm-hələm tapılırdı?! Onu da dostluğnan-tanışlığnan birtəhər... İşığa tutanda əfil-əfil yanırdı. Di gəl ki, ha fikirləşirdim ağlıma babət dərzi gətirə bilmirdim ki, bu parçadan özümə layiqli bir kostyum tikdirim. Düzdür e, nə çoxdur tanış-biliş dərzi! Ancaq bu cür bahalı parçanı xam ustanın əlinə salmaq olmazdı. Özüm də geyim-kecim barədə bir az vasvasıyam. Düşünürdüm ki, xeyir-şər kostyumudur, bunu elə ustaya tikdirim ki, ürəyimə yatsın. Baxanlar da desin ki, bəh-bəh! Kişinin əməlli-başlı zövqü var.
Bir axşam məndən üç-dörd yaş böyük olan, yaxın dostum Ziyafəddinlə ordan-burdan söhbət salıb, çay içdiyimiz yerdə bu məsələni atdım ortalığa. Ziyafəddin qəddini irəli verib əlini qoydu sinəsinə və:
– Yaxşı dərzi məndə! – dedi və baş barmağını şeşərdərək: – Özü də belə oğlandır! – əlavə etdi. – Qardaşı da adlı-sanlı generaldı. Əlləri də qızıldır. Ancaq sənətkarın ad çıxarması da yaxşı şey deyil. O qədər müştərisi olur ki... Aylarla növbəsinə dayananlar var. Hər adamın da sifarişini qəbul etmir. Ona ancaq tanışlıqla yol tapmaq olar. Adı da Simyardır. Simyar Şabanov. Xatirimi dağlarcan istəyir. Sifariş göndərsəm, başını əsirgəməz. Qardaşı da ki, bayaq dediyim kimi məşhur adamdır. Sərxan Şabanov. Moskvada hansı nazirlikdəsə böyük vəzifədədir. Orduda bir az da qalıb xidmət eləsəymiş, indi çoxdan marşalımış...
Ziyafəddinin sözləri məni xeyli yüngülləşdirdi. Elə bil üstümdən ağır yük götürdülər. İşlərinin çox olmasına baxmayaraq birtəhər yola gətirib, boynuna qoydum ki, elə günü sabahdan parçanı da götürüb həmin dərzinin yanına gedək.
Düz səhər saat onda vədələşdiyimiz yerdə görüşdük. İstədim yanımızdan şütüyüb keçən maşınların birini saxlatdırıb əyləşək. Ziyafəddin razı olmadı. Dedi ki, atelye çox da uzaqda deyil. Piyada söhbət edə-edə gedək. Etiraz etmədim, razılaşdıq. Ancaq qulağım Ziyafəddində olsa da, fikrim-zikrim yenə də qoltuğumdakı parçanın yanındaydı. Fikirləşirdim ki, onu necə tikdirəcəyəm. Ziyafəddinin təriflədiyi dərzi məni yarıdacaqmı?! Odur ki, özümü saxlaya bilmədim, dostumdan sözarası soruşdum:
– Sən o usta Simyara yaxından bələdsən?!
– Nə danışırsan, qardaş kimiyik!
Ötən bazar da bizə gəlmişdi. Yerin məlum, adama yüz
qram da vurduq.
– Ona
neçə dəfə paltar tikdirmisən? Ziyafəddinin
alnındakı qırışlar sıxlaşdı və tərəddüdlə:
–
Düzü, ona birdən-ikiyə paltar tikdirməmişəm
– dedi. – Mən elə əzəldən hazır paltar geyməyi
xoşlayıram, xasiyyətim belədi. Ancaq
Simyarın barəsində çox eşitmişəm. Bilirəm ki, dərzilikdə tayı yoxdur.
Dinmədim, hesabı içəri verdim. Ziyafəddin
üzünü mənə tutaraq:
– Bəlkə
dediklərimə şəkk-şübhən var?! – İncikli baxışları ilə məni təqib
elədi.
– Yox, yox,
nə danışırsan – cavab verdim. –Yəni... Yaxından bələdçiliyin...
Etika xatirinə, fikrimi tamamlayıb daxili tərəddüdümü
açıqlamağa üzüm gəlmədi.
Ziyafəddin
mənə istehza edərək:
– General Sərxan
Şabanovu tanımayan yoxdur – dedi. – Bizim fəxrimizdir. Hamı onun başına and içir. Öz fərasəti ilə sıravi əsgərlikdən
generallığacan yüksəlib. Heç
bilirsən, müharibədə neçə təyyarə,
tank vurub?! Sərraf da topçu olub.
Simyar da onun atabir, anabir doğmaca qardaşıdı də!
İrəlidəki
küçəni keçib sola burulanda Ziyafəddin köhnədən
tikilmiş hündür binanın, birinci mərtəbəsindəki
iri pəncərələri, təzəcə rənglənmiş
qapıları olan atelyeni göstərərək:
– Həmin
generalın qardaşı bax burda işləyir – deyib bir
addım qabağa keçdi, mən də onun arxasınca.
Ziyafəddin
atelyenin girəcəyində boynundan metr sallanan, əlində ağ tabaşir və uzun qayçı olan
yaşlı dərzilərə başının hərəkəti
ilə salam verdi. Sonra yuxarı keçib dib tərəfdəki
tikiş maşınının yanında dayanan alçaq
boylu, dolu bədənli, girdəsifət dərziyə ərklə:
– Privet,
Simyar lələ, səni xoş gördük, – dedi. – Kefin,
zadın?!
Simyar sol
barmaqlarının arasında tüstülənən filtrli
siqaretini damağına qoyub, sağ əlini şəstlə
Ziyafəddinə uzatdı və:
– Pis deyiləm,
gileylənməyə əsas yoxdur, – cavab verdi.
Ziyafəddin
dərin maraqla:
– De
görüm Sərxandan nə xəbər? – soruşdu
və əlavə etdi. – Moskvadan bir yoldaş gəlmişdi,
ondan yaman razılıq eləyirdi. Dedi ki, general fəxrimizdi.
Boylu-buxunlu... Heç bir əlaqə-zad
saxlayırsan?
Simyar qiymətli
üzük taxdığı çeçələ
barmağının ucu ilə alnındakı
sızağı qurdalaya-qurdalaya:
– Yeni il qabağı getmişdim. Telefonla da hərdənbir
danışırıq, – laqeyd cavab verdi, –
xırda oğlu bir balaca nasazlamışdı, indi
yaxşıdır, durub ayağa.
Başqa dərzilər general barədə gedən
söhbətlərin onlara dəxli yoxmuş kimi başlarını
aşağı salıb hərəsi öz işi ilə məşğul
idi. Əslində elə mən özüm də general
barədə yox, kostyumun necə çıxacağı barədə
düşünürdüm. Ziyafəddin
generalın qardaşı ilə yaxınlığını
faş edib, ətrafdakıları təəccübləndirmək
üçün onun Simyara verdiyi yerli-yersiz suallar məni lap
bezikdirdi. Axır ki, mətləb
üstünə gəldik. Ziyafəddin məni Simyara təqdim
edərək:
–
Uşaqlıq dostumdur, – dedi, – bir evli kimiyik. Bircə
yatıb-duracağımız ayrıdır. Əla bir atrez alıb, xalis yundu. Tikdirmək
üçün etibarlı usta axtarırdı, səni nişan verdim.
Başları dazlaşmış yaşlı dərzilər
bu sözü eşidəndə eyhamla bir-birlərinə
baxıb, oğrun-oğrun gülümsündülər və
öz aralarında – Dəllək Simyar yaman moddadı, – kəlməsi
də işlətdilər. Bu sözü eşidəndə
bir balaca dalağım sancdı, ancaq onlara fikir vermədim,
düşündüm ki, yəqin paxıllıqdandı.
Usta Simyar
əvvəlcə dilini sürüdü:
– Vallah
Ziyafəddin, o qədər sifariş götürmüşəm
ki, işim başımdan aşır. Özün
də xasiyyətimə bələdsən də, üzüm
yumşaqdır, gələnlərə “yox” deyib, geri qaytara
bilmirəm. Atkaz eləyəndə də
inciyirlər.
Ziyafəddin
əlini onun çiyninə qoyub ərklə:
– Usta,
daha gəlmişik də... Bizim bu Mövlud da
ki, canlara dəyən oğlandır, – dedi, – haqq itirən
deyil. Bunun kostyumunu birtəhər araya sal.
Simyar
çıxılmaz vəziyyətə
düşürmüş kimi, boynunu yana əyib
çiyinlərini qaldırdı və:
– Bir halda
ki üz vurursan... Bəri ver görüm, – deyib
qəzetə bükülü parçanı əlimdən
aldı.
Pərdənin arxasındakı aynanın qabağına
keçdik.
Usta ölçünü götürəndən sonra
fikirli-fikirli çənəsini ovuşdurub zəndlə
üzümə baxdı və:
– Sizə
haçana lazımdır? – soruşdu.
– Nə qədər
tez olsa...
O
başını bulayaraq:
– Yoox, əzizim...
– dedi, – əgər istəyirsənsə, kostyum yaxşı
çıxsın, onda gərək məni tələsdirməyəsən.
Ziyafəddin
söhbətə qarışaraq ustanın dediyini təkrar
etdi:
– Düz
deyir, kişini tələsdirmək olmaz.
– Nə
deyirəm, sözüm yoxdu, onda bəs nə vaxt?!
Usta gözünü qıyıb fikrə getdi,
dodağının tərpənməyindən hiss olunurdu ki,
öz-özünə nə isə hesablayır. Nəhayət,
gözümün içinə baxdı:
– Hə,
– dedi – çalışaram tez olsun. Bu gün
ayın neçəsidir? – soruşdu.
Ziyafəddin
məndən qabaq dilləndi:
– Ayın
yeddisidir, – dedi:
Usta dolu
sifətinə qayğılı ifadə verərək:
– Gərək,
ayın başınacan məni dindirməyəsən. İşim başımdan aşır. İmkan ver əlimdəkiləri qurtarım. Müştərilərə yalan satmaqdan
yorulmuşam. Gələn ayın
dördündə, gərək ki bazara düşür.
Gələrsən primerkasını eləyərik,
sonrası asandır. Amma astarı ilə,
düyməsini özün tapmalısan.
İstədim ağzımı açıb birdəfəlik
qiymət məsələsini də dağ eləyim. Ziyafəddin ətəyimi
çəkib, qulağıma pıçıldadı ki,
ayıbdır, bu heylə sən görən dəllal-məllal
ustalardan deyil. Qiymət söhbəti
salsan, xətrinə dəyər. Ola bilsin
ki, heç bizdən pul almasın. Aramızda dünyacan
xətir-hörmətimiz var. Hələlik elə-belə beş yüz manat beh ver. Sonrasın mən
özüm onnan ayrılıqda danışıb dil taparam.
Ziyafəddin “elə-belə beş yüz manat beh ver” deyəndə
bədənimdən isti gizilti keçdi. Çünki
o vaxt şəhərdə adlı-sanlı və ən
bahacıl ustalar kostyumun birinə dörd yüz manatdan
artıq almırdılar. Nə isə... Beş-on
manatdan ötrü çürükçülük eləmək
istəmədim. Əlimi cibimə salıb, nağd beş yüz manatı sayıb qoydum stolun
üstünə. Zalım oğlu dilindən
qıfıl götürüb mənə bircə kəlmə
quruca “sağ ol” demədi. Mən isə
özümü o yerə qoymadım. Fikirləşdim
ki, yüyürən yıxılmağına baxmaz. Cəhənnəmə
ki! Təki kostyum yaxşı
çıxsın.
Usta ilə
xudahafizləşib qapıdan çıxhaçıxda Ziyafəddin
geri dönüb:
– Simyar,
generalla danışanda mənim də salamımı
çatdırarsan ha! – dedi. – Ona xüsusi balet eləyirəm!
Atelyedən
beşcə addım aralaşmamışdıq ki, Ziyafəddin
yenidən generalın şücaətindən
danışmağa başladı:
–
Müharibə vaxtı faşistlərə od
qoyub! Döşündə orden-medaldan yer yoxdur.
Bu günlərdə böyütməlidirlər.
Düzdür, Simyar təvazökarlıq edir,
boynuna almır, amma eşitdiyimə görə Sərxan
Şabanovu harasa nazir müavini qoyurlar. Artıq
söhbətdən-zaddan keçib. Bu
gün-sabah ukazı verilməlidir. Düzdür
ee, general çoxdur, ancaq Simyarın qardaşı onlardan
deyil. Yuxarılarda Sərxan Şabanovun
nüfuzu böyükdür. Qardaşı
da ki, maşallah, göz dəyməsin şəhərdə
bir nömrəli dərzidir. Belə
adamlarla gərək həmişə münasibət saxlayasan.
Gördün də, işi başından
aşır, ancaq sağ olsun, bizə atkaz eləmədi.
Tanımadığı adam olsaydı, sən
öləsən heç yaxın da buraxmazdı.
Ziyafəddin
söhbətinin axırında:
– Ona əlavə
beş yüz manat da verərsən,
qurtarıb gedər. Pul əl çirkidir, amma belə
karlı dost tapmaq çətindir.
Kostyum mənə iki-üç qat baha başa gəlsə
də, xırdaçılıq etmək istəmədim. Fikirləşdim
ki, neçə deyir verərəm. Bundan
ötrü Ziyafəddinlə söz güləşdirməyə
dəyməz. Təki kostyum yaxşı
çıxsın.
Neçə həftə gözlədim. Lap səbrim
tükənmişdi. Simyarın vəd
etdiyi gün gəlib çatanda özümü yetirdim həmin
atelyeyə. Lakin onu yerində görməyəndə
pəjmürdə oldum. Simyarın yerini soruşanda, əlindəki
tabaşirlə parçanın üzərində müxtəlif
xətlər çəkən yaşlı dərzi
başını yuxarı qaldırmadan:
– Məzuniyyətə
gedib, – dedi, – üç həftədən sonra gəlməlidir.
Bu sözü eşidəndə yerimdəcə quruyub
qaldım. Əlac nədir, səbrimi basıb, üç həftədən
sonra yenə atelyeyə getdim. Bu dəfə Simyarı
iş başında görəndə keyfim duruldu. Ancaq Simyar
elə bil həmin xoş xasiyyət adam
deyildi. Hərəkətlərindən hiss olunurdu ki, möhkəmcə
vurub. Özünü, sözünü bilmirdi.
Ondan nə soruşdumsa, düz əməlli
cavab ala bilmədim. Mənə axır sözü də
bu oldu:
–
Əşşi, sən də lap altıaylıqsanmış
ki... Görürsən ki, vaxtım yoxdur! Get sonra gələrsən!
İstəmirsən, parçanı da götür...
O biri
ustalar bir-birinə baxıb hırıldadılar. Dişim bağırsağımı kəsirdi.
Adi dərzi olsaydı, dərsini verərdim.
Lakin generalın qardaşı olduğu üçün... Bir də ki, sərxoş adama baş qoşmağa dəyərdimi?
Hirsimdən başım gicəlləndi. Kor-peşman atelyedən çıxıb, birtəhər
özümü evə çatdırdım. Həyat
yoldaşım mənə bir ürək dərmanı verdi...
Üç gündən sonra yenə üz qoydum atelyeyə. Simyarın
yeri boş idi. Yoldaşları dedi ki, xaricə vizası
varıydı. Dünən yola düşüb, on beş günə gəlməlidir. Yenə əhvalım pozuldu, qan təzyiqim qalxdı.
Ziyafəddini tapıb, nə giley-güzarım vardı
hamısını bir-bir üzünə deyib, ürəyimi
boşaltdım. Ziyafəddin isə yenə pişik kimi arxasını
yerə vurmadı:
–
Canım, nə danışırsan, elə şey olmaz! Yəni
o boyda generalın qardaşı...
On beş gün də gəlib keçdi. Xoşbəxtlikdən bu dəfə Simyarı yerində ağlı başında tapdım. İnsafən mənə dil-ağız edib, hələ desən üzr də istədi. Üstəlik də maşının ağzındakı parçanın kəsiklərini göstərib:
– Sənin kostyumundur, – dedi – şalvarını
sabah qurtarıram. Pencəyi
də ki, Allah qoysa on günə...
Simyarın vəd etdiyi on gün, ay yarım oldu. Atelyeyə
gedib-gəlməkdən qıçlarıma su enmişdi.
Bu işi tezləşdirməkdən ötrü Ziyafəddin
də bir-iki dəfə Simyara ağız açdı...
Çox get-gəldən sonra axır ki, bir gün usta Simyar tikdiyi kostyumu səliqə ilə büküb verdi qoltuğuma. Könlümdən keçdi deyəm ki, ay usta, qoy kostyumu geyim, birlikdə yoxlayaq, bəlkə əyər-əskiyi... Ancaq o, bu sözün üstünə gəlmədiyi üçün, mən də üzüyumşaqlıq edib dillənmədim... Düşündüm ki, yəqin usta özünə arxayındır.
Atelyedən çıxanda nə sirdirsə, o yaşlı dərzilər yenə bir-birinin üzünə baxıb bic-bic güldülər. Evə çatanda tez-tələsik yan otağa keçib güzgünün qabağında kostyumu geyindim. Nənəm təzə kostyuma xeyir-dua verəndən sonra zənlə kostyuma baxıb:
– Ay oğul, gözüm də nurdan düşüb, yaxşı görmürəm! Məni qınama, elə bil şalvarın sağ balağı, solundan enlidir axı?! – vaysındı.
Həyat yoldaşım söhbətimizə müdaxilə edib nənəmin sözünü təsdiqlədi və sonra təəccüblə əlini üzünə ataraq:
– Bıy! Başıma xeyir, ay Mövlud! Pencəyin bir qolu, o birindən
qısadır! Sən də şəhərin
gözünü töküb dərzi tapmısan! Gör o
bahalıqda parçanı nə günə salıb e...
Təkcə Ziyafəddin axşam bizə gələndə
kostyumu təriflədi. Dedi ki, təzə olduğundan sizə elə gəlir. Bir neçə dəfə geyiləndən sonra
yerinə oturacaq. Dərzinin işinə söz ola bilməz.
Məni toya çağırmışdılar. Fikirləşdim
ki, təzə kostyumu geyinim. Çal-çağırda
onun əyər-əskiyinə fikir verən kimdir?!
Toybaşı əlimdən tutub oynamaq üçün
məni zorla ortaya çəkdi. Oyun havası
sümüyümə düşməsə də, qol
götürüb həvəssiz ortada bir-iki dövrə
vurdum. Onu gördüm ki, ovurdunu dombaldan gənc
balabançının çəpəki gözləri
kostyumuma dikilib. Ayaq üstə dayanan
iki-uç nəfər cavan oğlan da mənə baxıb
pıçıldaşırdı. Şübhəsiz
ki, kostyumun qüsurları onların da diqqətindən
yayınmamışdı. Pul kimi
qızardım. Çırtma vursan,
qanım çıxmazdı. Bir bəhanə
ilə sivişib aradan çıxdım və arxama baxmadan
üz qoydum evə. Bir özümü, bir
də Ziyafəddini söyə-söyə kostyumu
çıxarıb, murdar əski kimi atdım evin bir
küncünə. Başqa dərzi olsaydı, onnan
hesabı çoxdan çürütmüşdüm... Ancaq
Simyarla üz-üzə gəlmək... fikirləşdim ki, hər
necə olsa, qardaşı generaldı...
1992-ci il
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 21 iyun.- S.25;31.