Qadınlar zamanın yaddaş cədvəlində

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

  

Onlar yalnız öz fədakarlıqlarına görə məşhurlaşmışdılar. Onlar ani şəraitin diqtəsi ilə deyil, öz ailə borclarını, nikahın müqəddəsliyinə itaət etdiklərini ön plana çəkərək, belə qəhrəmanlığa əl atmışdılar. Rus şairi Nikolay Nekrasov onları “Rus qadınları” poemasında tərənnüm etmişdi. Onların mənəvi obrazları bəlkə də Homerin füsunkar Yelenasından da daha cazibədar idi.

Qadınlar təkcə mərhəmətlilik nümunəsi deyillər, onlar qisas almaq fikrinə düşdükdə, zəhəri ilə düşməni məhv edən ilandan da qəddar hərəkət etməkdən çəkinmirlər. Onlar heç də qətlə əl atmırlar, lakin kiminsə ömrünə zəhər qatmaqla, onu qəbirə gömülməyə qədər izləyir, zərbələrinin ardını kəsmirlər. Belə qadınlardan biri olan peterburqlu əcnəbi qızı İdaliya Poletika, Puşkinin həyatına son qoyulmasında bilavasitə iştirak etməsə də, Jorj Dantes kimi onu ölümcül yaralayan gülləni atmasa da, bu atəşin açılmasını reallaşdırmaq üçün çox iş görmüş, bütün məkr “dühasını” işə salmışdı.

A.S.Puşkin arvadı Natalya Nikolayevna ilə Dantesin yaxınlığı barədə şayiələrə görə, xanımının və özünün şərəfini qorumaq üçün Dantesi duelə çağırmışdı. Bu şayiələrin yayılmasında, həm də Danteslə Natalyanın münasibətlərini “qaydaya” salmaq üçün İdaliyanın “zəhməti” az olmamışdı.

Dantes həm də Puşkinin bacanağı, Natalya Nikolayevnanın bacısının əri idi. Bir sıra səbəbləri nəzərə alaraq dueldən imtina etməyə çalışmışdı. Lakin şairin təkidi ilə 1837-ci ilin yanvarında həmin dueldə Puşkin ağır yaralanmış və az sonra ölmüşdü.

Sonra vicdanlı şəxs kimi tanınan Lanskoyun başçılıq etdiyi zabit şərəfi məhkəməsi bu ölüm hadisəsində Dantesin təqsirsiz olduğu qənaətinə gəlmişdi. Bu həmin Lanskoydur ki, sonralar Natalya Nikolayevnaya evlənmiş, onların övladları da olmuşdu.

Rus tədqiqatçıları, səriştəli puşkinistlər də Natalya Nikolayevnanın şərəfinin ləkəsiz olduğu qərarına gəlmiş, bu qadının xatirəsinə kiminsə daş atmasını, hətta buna cəhd etməsini bağışlanmaz bir qəbahət hesab etmişlər.

Lakin Puşkinin Dantesi duelə çağırması da sadəcə şıltaqlıq əlaməti deyildi, şayiələr onun mənliyini əzirdi. Bu şayiələri yaymaqda İdaliya kimi öz çirkin məqsədlərini güdənlərin də mövcudluğunu inkar etmək olmaz. Bəs İdaliyanı buna sövq edən, düşmənçiliyə gətirib çıxaran səbəb nə idi?

Həmin dövrlərdə Peterburqda kübar qızlar, qadınlar əylənmək üçün evlərində ballar təşkil edirdilər. Bu ballara çox vaxt Puşkin də dəvət olunurdu, onun istedadı artıq hamıya yaxşı bəlli idi. Balı keçirən sahibələrin albomlarına o, bədahətən qoşduğu panegirik şeirlər yazırdı və bu parçalar sonralar ən yüksək poeziya nümunələri kimi məşhurlaşırdı. İdaliya Poletika da ənənəyə müvafiq olaraq, digər rəfiqələri kimi belə bir bal təşkil etmişdi. Məclisin qonağı olan Puşkinə albomunu təqdim edib, ora nəsə bir şey yazmağını xahiş etdi. Şair xahişdən imtina etməyib, özü üçün ən bəlalı yolu seçdi. O, alboma tərif dolu, mədhiyyə xarakterli poetik sözlər yazdı, İdaliyanı bu şeirdə ən gözəl və nəcib qız kimi təsvir etdi. Ev sahibəsi çox razı qalmışdı və albomu lovğalıqla digər qonaqlara göstərmişdi. Birdən salonda bərkdən səslənən gülüş səsləri eşidildi. İdaliya gülənlərə yaxınlaşdıqda, onlar albomda şairin imzasının altındakı tarixi göstərdilər. Puşkin həmin günün dəqiq tarixi əvəzinə “1 aprel” sözlərini yazmışdı. İdaliya buna əvvəlcə diqqət verməmişdi, belə işarə isə yazılanların hamısının yalan olduğunu bildirirdi. Puşkinin belə hədyan, təhqiramiz hərəkətini olduğu kimi qəbul edən İdaliya bu vaxt ondan qisas alacağına and içdi.

Beləliklə, Puşkin yolverilməz acı bir zarafatla, özünə təsəvvür edə bilmədiyi dəhşətli bir düşmən qazandı. İdaliya qisas üçün hər şeyə hazır idi. Nataliya Nikolayevna ilə Dantesin öz təxəyyülundəki yaxınlığına nail olmaq üçün dəridən-qabıqdan çıxırdı. Şayiələrin böyüməsi üçün də hər şeyə əl atırdı. Puşkin isə bu şayiələrin qurbanına çevrilməkdən yayına bilmədi və ən bədbəxt qərarını verib, Dantesi duelə çağırdı.

İdaliyanın qəzəbi Puşkin öləndən sonra da soyumadı. Odessada şairə Rusiyada ilk dəfə olaraq heykəl qoyulmuşdu. Bir dəfə İdaliya Poletika həmin abidənin yanından keçəndə, nifrətlə ona tüpürmüşdü.

  

XX əsrdəki bəzi qadınlar

  

Polyak xalqı Kleopatraya bənzəyən, vətəni naminə Fransa imperatoru Napoleon üçün məşuqəliyə razı olan Mariya Valevskayaya, əlbəttə, hörmətlə yanaşmalıdır. Lakin Polşanı daha məşhurlaşdıran bir qadın elmdə böyük kəşflər etmişdi. Mariya Sklodovskaya-Küri XIX əsrin sonunda Parisdə işləməyə başlamış, lakin XX əsrdə daha böyük şöhrət qazanmışdı. Görkəmli fizik və kimyaçı olmaqla Mariya Sklodovskaya-Küri radikativlik təliminin yaradıcılarından biri idi. Əri Pyer Küri ilə birlikdə polonium və radium elementlərini kəşf etmiş, birincini öz vətəni Polşanın şərəfinə belə adlandırmışdı. O, radioaktiv şüalanmanı tədqiq edərkən, “radioaktivlik” terminini elmə gətirmişdi. 1903-cü ildə əri ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü. 1910-cu ildə kimya elmi üzrə ikinci dəfə Nobel mükafatı almışdı. Onun qızı İren Küri və qızının əri Fredrik Jolio- Küri də sonralar Nobel mükafatına layiq görülmüşdülər. Kürilər ailəsindən olan dörd nəfər dünya şöhrətli alim beş Nobel mükafatının sahibi olmuşdu.

İkinci Dünya müharibəsində Hitler Almaniyasına və militarist Yaponiyaya qarşı vuruşan Müttəfiq dövlətlərin – İngiltərə, SSRİ və ABŞ-ın rəhbərləri – baş nazir Uinston Çörçillin, sosialist ölkəsinin lideri İosif Stalinin və prezident Franklin Delano Ruzveltin ailələrində də müxtəlif vaxtlarda müəyyən  çətinliklər yaranmış, yəqin ki, bundan onların özləri də əziyyət çəkməmiş deyildilər. XX əsrin 30-cu illərində Çörçill ancaq İcmalar Palatasının üzvü kimi siyasi fəaliyyət göstərirdi, bu vaxt onun arvadı Klementina bir varlı adama qoşulub, gəmi ilə Sakit okeana uzunmüddətli səfərə çıxmışdı. Səfərdən qaydan arvadını görən Çörçill buna çox sevinmişdi, deyəsən arvadının ailəsinə qayıdacağına da ümidini itiribmiş. Stalinin arvadı Nadejda Alilluyeva 1932-ci ilin noyabrında tapança gülləsi ilə özünü öldürmüşdü. Ruzveltin xanımı Eleanor beş uşaq anası olmaqla yanaşı, onun dörd oğlu İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuşdu, bir jurnalist qadınla yaxınlıq etdiyinə görə, onun lesbiyalı şairə Sapfonun ardıcılı olması barədə söz-söhbətlər gəzirdi.

Maraqlı və ziddiyyətli şəxsiyyətlərdən biri də Filippin prezidentinin arvadı İmelda Markosdur. Bu qadının öz ölkəsində mədəniyyətin, səhiyyənin inkişafında, müvafiq sosial infrastrukturanın yaradılmasında böyük xidmətləri olmuşdu, axı o, həm də bir müddət ölkənin paytaxtı Manilanın qubernatoru olmuşdu.

İmelda 18 yaşı olanda gözəllik kraliçası hesab edilmiş, “Miss Filippin” tituluna layiq görülmüşdü. 1954-cü ildə siyasətçi Ferdinand Markosla evlənmiş, on bir il sonra əri Filippinin prezidenti seçilmişdi. Birinci ledi kimi bir çox sosial və mədəni proqramların təşəbbüsçüsü və himayəçisi olmuşdu. Filippin baleti xeyli dərəcədə onun səylərinə borcludur. Onun təşəbbüsü ilə bir çox mühüm binalar tikilmişdi. Filippin kardioloji mərkəzi, pulmonoloji mərkəz, nefroloji (böyrək xəstəlikləri) institutu, beynəlxalq konqres mərkəzi, folklor teatrı, tarix və mədəniyyət parkı, Manila kino mərkəzi onun adı ilə bağlıdır. Milyonlarla sadə filippinlilər onu sevirdilər.

Ərinin tərcümeyi-halındakı kölgəli cəhətlər onun da nüfuzuna müəyyən qaydada öz təsirini göstərmişdi. Markosun İkinci Dünya müharibəsi illərində yapon işğalçılarına qarşı qəhrəmancasına mübarizə aparması barədəki iddiaların sonralar saxta olduğu aşkar edilmşdi. O, 1986-cı ildə vaxtından əvvəl keçirilən seçkilərdə qalib gəlmiş Korason Akinaya uduzduqdan bir il sonra ölkədən qovulduqda, Havay adalarında yaşamış, iki il sonra isə orada 72 yaşında vəfat etmişdi.

İmelda Markosun özünə qarşı olan iddialara dəfələrlə məhkəmələrdə baxılmış və o, hər dəfə bəraət almışdı. Ona görə də vətəninə qayıtdıqdan sonra üç dəfə ölkə parlamentinə üzv seçilmişdi.

Xarakterinin gücünə və sərtliliyinə görə, həm də bunlar onun gözəlliyi və zərifliyi ilə vəhdətdə olduğundan, İmelda Markosa bəzən “polad kəpənək” deyirdilər. Bu qadının şəxsi əşyalar əldə etməyə və mülkiyyətə sahib olmağa aludəçiliyi də qeyd olunurdu, onun tuflilərinin üç rəqəmli sayda olduğu misal gətirilirdi. Bunlar da onun ölkəsi qarşısındakı xidmətlərinin üstündən xətt çəkə bilmədi.

 

Epiloq

  

Qadınlar haqqında indiyədək çox sayda odalar yazılmış və söylənmiş, dünyanın ən məşhur yazıçıları, rəssamları, bəstəkarları zərif cinsə mənsub olanların gözəlliyi və onların döyüş səhnəsi olan məhəbbət aləmindəki qəhrəmanlarını vəsf etmək üçün istedadlarını işə salmış, qələmlərini və fırçalarını sınamışlar. İlk dəfə dünya poeziyasının banisi Homer özünün “İliada”sında füsunkar Yelenanı tərənnüm etməklə, min illər boyu ona pərəstiş hisslərinin meydana gəlməsinə səbəb olmuşdu. Homer qeyd edirdi ki, ahıl kişilər də Yelenaya baxıb deyirdilər: “Əgər bu səadət bizə gənclik illərimizdə nəsib olsaydı, onda yaşamağa yenidən başlamağa dəyərdi. Bu qadın bütün Elladada dillərdə əzbərdir, hətta lallar başlarını tərpətməklə bir-biri ilə onun gözəlliyi haqqında danışırlar”.

Övidı özünün “Məhəbbət sənəti” poemasında qadınların məhəbbət döyüşündə qalib gəlib, sonra da təslim olmaq üçün sayı-hesabı olmayan silahlardan istifadə etdiklərini yada salır. Füzulinin Leylisi İbn Salama ərə getsə də, ona vurulan Məcnunu unuda bilmir. Şekspirin Cülyettası isə Romeo ilə məhəbbətin şirinliyini bir də dadmaq üçün ən qorxulu fədakarlığa əl atır, Romeonu ölmüş gördükdən sonra, özünü də ölümün pəncəsinə atır. Dantesin Beatriçası, Petrarkanın Laurası təxəyyülün bəhrəsi, platonik məhəbbətin rəmzləri olsalar da, təsir gücündən məhrum olan minlərlə qadınlardan daha real, daha cazibədar görünürlər. Bayron şairin qeyri-real məhəbbətinə haqq qazandıraraq yazırdı ki, “Siz fikirləşirsiniz ki, Laura əgər Petrarkanın arvadı olsaydı, məgər o, bütün həyatı boyu ona sonetlər yazardımı?”

Əfsanəvi heykəltəraş Piqmalion mərmərdən yonduğu Qalateyasının gözəlliyinə elə vurulmuşdu ki, allahlardan ona nəfəs, canlı həyat verməyi xahiş etmişdi. İlahə Afrodita Qalateyanı diriltmiş və Piqmalion ona evlənmişdi. Məhəbbətin gücü belə möcüzələrə də səbəb ola bilir.

Təəssüf ki, səcdə obyekti olan qadın gözəlliyi də az ömürlüdür, axı zanbaq da əbədi çiçək açmır, qızılgül isə ləçəklərini töküb quruyanda, öz tikanlarını göstərir. Lakin bu da yaxşı məlumdur ki, gözəl baharın mülayim də payızı olur və bu, labüd olaraq yaxılaşan qışı da ləngidə bilir. Gözəl qadın təbiətin ona bəxş etdiklərini bütünlüklə qoruyub saxlaya bilməsə də, axı illər də öz amansız işini, dağıdıcı, məhvedici fəaliyyətini görməmiş qalmır, gözəllik bütünlüklə yoxa çıxmır, onun zəngin keçmişi yada salan hansısa kölgəsi özünü saxlamaqda davam edir.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2014.- 21 iyun.- S.23.