Film kimi...
“Ulduz”
jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi
...Sənətin
yoluxdurduğu xəstəlikdi; bəzən ətrafında nə
baş verirsə,
hamısına film kimi “baxırsan”, bədii əsər
kimi “oxuyursan”. Sanki bütün olanların
iştirakçısı yox, tamaşaçısı,
oxucususan. Bu gün Türkiyədə,
Əskişəhərdə Kitab sərgisində də həmin
hissləri keçirirəm. “Xəstəliyin”
fəsadları lap səhər tezdən özünü
göstərir. Hava küləklidi, bir az
da tutqun. Hələ sərgiyə getməzdən
öncə otelin önündə sarı tikan yumağı
yamyaşıl nəm qazonun üstündən yumalana-yumalana
keçəndə başlayır o halım və axşama
kimi əl çəkmir məndən. Gördüyüm,
müşahidə elədiyim nə varsa, hamısı film təsiri
bağışlayır. Özü də
bu filmi bütöv hadisələrdə yox, kiçik
detallarda, balaca kadrlarda görürəm. Sevdiyim
yazıçıların əsərləri, bəyəndiyim
rejissorların filmləri düşüncələrimi
alıb və baş verənlərə real hadisə kimi
baxmağa imkan vermir. Əsas üstünlük Anarın
yaradıcılığındadı... Hekayələrindən,
povestlərindən, romanlarından müxtəlif
parçalar, filmlərindən hansısa kadrlar beynimdə
dolaşır. Görünür, sevdiyim
yazıçıyla “Benefis” layihəsi üçün
söhbətə hazırlaşdıqca
qarışdırmışam aləmi bir-birinə. Fikrimi Anar yaradıcılığındakı
Türkiyəyə yönəltməyə
çalışıram. Məncə, bu, ayrı bir
Türkiyədi... Anarın Türkiyəsi! Şeirində
dediyi kimi “Minarəli İstanbulda hər gün Bakını
yada sala-sala” yaşadığı, işlədiyi Türkiyə...
“Muhakkak görüşürüz” hekayəsində zərif,
incə yumoru ilə, sevgiylə tənqid elədiyi Türkiyə...
“Otel otağı”nda təbiətini,
yollarını, adamlarını, küçələrini təsvir
etdiyi, yazdığı Türkiyə. “Kərəm
kimi” romanında Nazım Hikmətini, ümumiyyətlə
poeziyasını, ədəbiyyatını incələdiyi, təhlil
etdiyi Türkiyə. Hələ neçə-neçə
səfərləri, çıxışları, tədbirləri,
görüşləri, ayrı-ayrı yazılardakı
parçaları demirəm. Bu mənada
Anar və Türkiyə mövzusu xeyli maraqlıdı. Onun “Benefis” üçün söhbətimizi məhz
burda, Türkiyənin qədim şəhəri olan
Əskişəhərdə etməyə razılıq verməsi
məncə təsadüf deyil. Bu ölkənin,
onun müxtəlif şəhərlərinin, xüsusən də
İstanbulun Anarın həm şəxsiyyətinə, həm
də yaradıcılığına necə təsir etməsini
bir azdan daha yaxşı anlayacağam. Əvvəlcə
kitab sərgisində, sonra da parkda gəzə-gəzə
söhbət edəndə.
Əskişəhər valiliyinin önündəki parkda
təşkil olunub kitab fuarı. Türk
dünyasının müxtəlif ölkələrindən nəşriyyatlar
iştirak edir burda. Ümumiyyətlə,
kitab sərgilərinin qəribə aurası olur, insanda bayram
ovqatı yaradır. Nəşriyyat
işçilərinin təlaşı, reklamlar, kitab imzalayan
müəlliflər, stendləri bəzəyən rəngarənglik
maraqlı gəlir adama. Amma Anarla bu sərgidə
gəzmək çətin məsələdi. Elə qapının ağzındaca tatar gənclər
yaxalayırlar onu. Kitabına avtoqraf
alırlar, şəkil çəkdirirlər. İki addım getməmiş hansısa universitetin tələbələri,
bunlardan birtəhər qopub söhbətə başlamaq istəyirik
ki, nəşriyyatlardan birinin işçisi
yaxınlaşır, “gedək bizim stendin yanına, orda mənim
bilgisayarımda sizə aid video var, ona baxın...” – deyir.
Gedib baxırıq. Yazıçının
şəkillərindən, video kadrlarından istifadə edib
maraqlı material hazırlayıblar. Qarşılıqlı
təşəkkürlərdən, fotosessiyadan sonra “yolumuza”
davam edirik. Hər stendin
qarşısında saxlayırlar, nəsə soruşurlar, əsərlərindən
danışırlar, heyranlıqlarını bildirirlər.
Anar müəllimlə bir-iki saat gəzsən,
professional fotoqrafa çevrilə bilərsən. Hər
yanaşan adam telefonunu, ya kamerasını
uzadıb şəkillərini çəkməyimi xahiş
edir. Mən də fotoqraf kimi “püxtələşdikcə”
həm sevinir, həm də qürur duyuram.
Düşünürəm yəqin bu qədər qeyri-adi, dərin
adam ola-ola, həm də bu cür qəbul
olunmaq, sevilmək özü də xüsusi bacarıq, istedad
tələb edir. Bunun sirri maraqlıdı mənə.
– Azərbaycanda
sevilməyiniz, məşhurluğunuz təbiidi. Amma demək
olar bütün türk dünyasında bu qədər
tanınmağınızın sirri maraqlıdı... Sizcə, nədi buna səbəb?
Yenə həmişəki təvazökar ahəngində cavab verir: “Türkiyədə tanınmağım təbiidi. Uzun illərdir ki, burda tədbirlərdə, görüşlərdə, kitab fuarlarında iştirak edirəm, çıxışlarım olur. Müxtəlif nəşriyyatlar kitablarımı türkcəyə çevirib yayımlayırlar. Amma başqa türkdilli ölkələrdə məşhurluğum özümə də maraqlı gəlir bəzən. Bəlkə də bu, sovet dövründə əsərlərimin ruscaya tərcümə olunmağı, jurnallarda çapı ilə bağlıdı. Orta və yaşlı nəsil o zamandan tanıyır. Ona görə gənclərin yaxınlaşması, əsərlərimdən danışması daha maraqlı gəlir mənə və etiraf edim ki sevindirir”. Anar müəllimin sözlərini dinlədikcə, başa düşürəm ki, onun qeyri-adi cəhətlərindən biri də son dərəcə təvazökarlığıdı. Və bəlkə də məhz bu cəhəti onu bəzi məqamlarda bir az da qəribə göstərir (indiki özünəaşiqlərin yanında lap qəribə!!!). Yadımdadı ki, Astanada Türk Dünyasında İlin Ədəbiyyat Adamı ödül törənində, Əskişəhərdə Türkdilli Ölkələrin Yazarlar Birliyi başqanı seçiləndə diqqətlə müşahidə etmişdim onu. Və öz uğurlarına belə soyuqqanlı, sakit yanaşan adamın bu reallıqda varlığına təəccüblənmişdim bir az. İndi fürsət düşmüşkən soruşuram bu haqda. Deyəsən bir az təəccüblənir sualımdan. “Əlbəttə diqqət mərkəzində olmaq da, mükafat almaq da xoş olur. Amma sevinməyim... heç xatırlamıram son vaxtlarda nəyə ürəkdən sevinmişəm?! Görünür, o yaş dövrünü keçmişəm. Zaman, illər bu hissləri korşaldır, adiləşdirir”. – deyir. Və mən bu yerdə onun bəzi yaşıdlarının adi işləri az qala özündən müştəbeh gənc kimi necə şişirtməsini misal çəkirəm, gülür. Məncə, məsələ yaşda deyil heç. Hansısa daxili bütövlük, təmkin, tamlıq hissi əlavə parıltılara ehtiyac qoymur. Uğurlara təbii yanaşırsan, təriflərdən gicəllənmirsən, “dahiyəm” xəstəliyinə tutulmursan. Bu mənada Anar nümunədi hər birimizə. Deməli belə də olmaq mümkünmüş...
Kitablara baxa-baxa davam edirik söhbətimizə. Bengü yayımlarının stendindən Nigar Rəfibəylinin, Rəsul Rzanın türkcəyə çevrilmiş kitablarını götürüb baxırıq. Anar müəllimin ata-anası haqqında sağ adamlar kimi danışması bir az mistik görünür mənə. Əlbəttə, “Sizsiz”i oxuyandan sonra bu mövzuda çox şeylər aydın olur. Bu əsərdə Anar valideynləri, ailəsinə aid düşüncələrini, hisslərini kifayət qədər yazıb. Ancaq hər halda məhz Türkiyə və türk ədəbiyyatı haqda ailəsində olan söhbətləri soruşuram. “Anamın qardaşı Türkiyədə mühacir olduğu üçün Domokl qılıncı hər zaman ailəmizin başı üstündən asılı idi. Ona görə bu mövzu, yəni Türkiyə mövzusu bizim üçün xüsusilə yasaq idi. Amma buna baxmayaraq, anam türk şeirlərini çox oxuyurdu bizə, atam da türk ədəbiyyatından danışırdı. Sadəcə bilirdik ki, kənarda, yad adamların yanında bu haqda danışmaq olmaz”. Anar müəllim bunları danışdıqca, “Otel otağı”ndan bir epizod yadıma düşür. Əsərin qəhrəmanı Kərim uşaqlığını yadına salır; atası radioda Türkiyəni tutub qulaq asır, sonra radionu keçirəndə həmişə dalğanı dəyişir, əqrəbi Bakının ya Moskvanın üstünə qoyur. Bir dəfə də atası dalğanı dəyişməyi unudanda Kərim edir bunu... İlk dəfə əsəri oxuyanda da, filmə baxanda da mənə avtobioqrafik görünmüşdü bu məqam. İndi Anar müəllim ailəsindəki qadağan olunmuş Türkiyə sevgisindən, o dövrün yasaqlarından danışdıqca həmin parça yadıma düşür. Amma bunu necə soruşmağı düşünürəm. Çünki Anar insanı, reallığı nə qədər dəqiq, həm də özünəməxsus yazsa da, ədəbiyyatı həyatdan yuxarıda, bir az da adi həyat hadisələrinin fövqündə görən yazıçıdı və istənilən bu tipli suallara, yəni “filan hadisə doğrudan da olubmu”, yaxud “filan qəhrəmanınızın proobrazı varmı” suallarına bəzən əsəbi, bəzən ironik cavab verir. Hətta Təhminənin telefon nömrəsini, faksını soruşan müxbiri hekayəsində gülüş hədəfinə də çevirib. Ona görə bu mövzuya xüsusi “incəliklə” yanaşıb sadəcə həmin epizodu danışıram. Anar müəllim sualımı qabaqlayıb özü də bilmədən təsdiqləyir fikirlərimi: “Bu, uşaqlıqda özümün yaşadığım hadisədi. Xatırlayıram ki, o zaman radio dalğanı çevirəndə atam başımı sığallayıb – sən nə tez böyüdün... demişdi”. Görünür, bu da insan psixologiyasının daha bir incəliyi, qeyri-adiliyidi. Dərd, qorxu, qəliz həyat insanı tez böyüdür. Qayğısız uşaqlığı bəzən bir günün içində itirə bilirsən. Bəzən bir hadisəylə 10 il böyüdüyünü, yaşa dolduğunu hiss edirsən. Ona görə həmin qəliz zamanda o dövrün uşaqlarının bizlərlə müqayisədə daha sürətlə böyüməsi, müdrikləşməsi təbiidi. Amma bütün çətinliklərdən, qorxulardan, mübarizələrdən, qovğalardan, mübahisələrdən keçə-keçə bu cür – özünü, sözünü itirməmək, prinsiplərinə sadiq qalmaq Anar kimi fərqli insanlara məxsus bacarıqdı. Bu mənada mənə belə gəlir ki, Anar müəllim nə uşaqlığı, nə yeniyetməliyi, nə də gəncliyi ilə tamam vidalaşmayıb. Onların hamısı onun xarakterində, iti reaksiyalarında, yumorunda, əsərlərində, çıxışlarında özünü göstərir. Elə Türkiyə mühiti haqda yazdığı “Muhakkak görüşürüz” hekayəsində də uşaq məsumluğunu, yeniyetmə çılğınlığını, gənclik enerjisini, iti, bir az da xəfif iynəli yumorunu hiss edirsən. Əsərin qəhrəmanının qarşısına çıxan hər bir obraz öz-özlüyündə xarakterdi. Və Türkiyədə azı bir dəfə olan adam bu əsərdə təsvir edilən müxtəlif məqamlarla mütləq üzləşir. Bunlardan danışaraq dolaşırıq “kitabların arasında”. Qarşıdakı stendlərdən Anar müəllimin türkcəyə çevrilmiş “Kərəm kimi”, “Sizsiz” kitablarını götürüb vərəqləyirəm. Məncə hər iki əsər ağır, düşündürücü ədəbiyyatdı və bu əsərlər haqda ayaqüstü söhbət düzgün olmaz bəlkə. Ona görə bu mövzuları sonraya saxlayıb “Muhakkak görüşürüz” hekayəsindəki türkləri xəbər alıram: “Bəzi məqamlarda bir az da sərt, qəddar yumor var o əsərdə. Hətta mən oxuyanda düşündüm ki, türkiyəli dostlarınız inciyə də bilərlər bu hekayəyə görə. Düzdü, giriş hissədə izah edirsiz yazılma səbəbini. Amma hər halda... ” Gülür, hekayəni ithaf etdiyi İldəniz Qurtulanın əsərə reaksiyasından danışır: “Yadımdadı ki, ilk dəfə hekayəni ona oxuyanda əsərin əvvəlində, ortasında gülmüşdü. Sonuna çatanda çox sevindi, durub qucaqladı məni. Elə türkcəyə də özü tərcümə elədi. Amma kiminsə burda yazdıqlarımdan inciməsi yadıma gəlmir. Bəlkə də özümə deməyiblər. “Otel otağı” ilə bağlı xatırlayıram ki, nəşriyyat əsərdə yazdığım “Vardan” otelində kitabın təqdimatını təşkil etmişdi. Və orda otelin meneceri dedi ki, “iyi bir reklam yapmışsınız bizim üçün. Oxuyanlar gəlib soruşurlar ki, o adamların ölməyə gəldiyi oda hansıdı?” Şübhəsiz ki, yazanda bütün bu məsələləri nəzərə almırsan. Ancaq sonradan müxtəlif reaksiyalar maraqlı olur...” Anar müəllimdən yaradıcılıq sirrlərini elə yenicə öyrənməyə, soruşmağa başlayıram ki, birdən səsgücləndiricidən möhkəm səslə oynaq bir musiqi gəlir. Təşkilatçılar fuar ziyarətçilərini əyləndirmək də istəyirlər yəqin. Üzbəüzdən təmizlik servisinin işçiləri sapsarı, yekə tozsoranları darta-darta gəlirlər. Musiqi sədaları altında yerişləri, tozsoranın sarı rəngi ilə, geyimlərinin yaşıl rənginin harmoniyası səhərdən tutan “xəstəliyimi” şiddətləndirir. Film kadrı kimi görünür səhnə mənə. Heç bir şərh vermədən xidmətçiləri göstərib soruşuram: “Kinodu?” Sualımı o qədər təbii qəbul edir ki, özüm də çaşıb qalıram. “Hə, kinodu” – deyir. Və mən birdən başa düşürəm ki, o hamının baxdığı yerə baxır, amma tamam başqa detalları görür. Və istənilən səhnəni kino, hadisəni bədii əsər kimi hiss eləmək ondan ötrü xəstəlik, yaxud xüsusi ovqat yox, adi haldı. Xidmətçilərin arxasınca biz də çıxırıq sərgidən. Çünki bu qalabalıqda və hay-küydə danışmaq çətinləşir. Valiliyin qarşısındakı parkda gəzişib davam edirik söhbətimizə. Yenə bir neçə dəqiqə fotoqraf vəzifəmi yerinə yetirməli oluram. Bu dəfə də Qazaxıstandan gələn yazıçılar “Anar aqa, Anar aqa” deyə-deyə yarırus, yarıqazaxca nəsə danışırlar, gəzirlər yanımızca, fotolar çəkdirirlər. Bir az sonra Anar aqanın müsahibə verdiyini anlayıb uzaqlaşırlar.
... Xatırlayıram ki, türk dostlarımızdan biri “Anarın yazdığı Abşerona valeh olmuşdum. Oxuduqlarımın reallıqda necə olmasını gəlib görmək istəyirdim...” – demişdi. Hansısa ölkəni, məkanı əsərlərdən oxuyub tanımaq maraqlıdı. Söhbətimizin əvvəlində ilk dəfə Türkiyəni Nigar xanımın oxuduğu türk şeirindən, Rəsul Rzanın qulaq asdığı radio verilişlərindən, etdiyi ədəbiyyat söhbətlərindən tanıdığını demişdi. Axı valideynlərin dilində hər şey gözəl, şirin gəlir adama... Görəsən, sonralar özünün tanıdığı Türkiyə çoxmu seçilirdi “əvvəlkindən”? Bir az fikrə gedir. Mənə elə gəlir ki, kövrəlir də. Səsinin ahəngi dəyişir... “Bizim nəsil üçün çox əlçatmaz arzu idi Türkiyəyə gəlmək. Bəlkə kosmosa getmək bundan asan gəlirdi bizə. Xatırlayıram ki, ilk dəfə yoldaşımla gəmi ilə kruizə çıxanda bir günlük İstanbulda olacaqdıq. Həmin gecəni səhərə kimi yatmamışdım. Əvvəlcədən dayım oğluna teleqram vurub İstanbula nə zaman çatacağımızı bildirmişdik. Onda artıq əlaqələrimiz vardı. Səhər tezdən durub gəminin göyərtəsinə çıxdıq. Sahilə yaxınlaşırdıq. Gördüm bir oğlan durub sahildə. Zemfiraya dedim ki, odu, dayım oğlu Aydın. Qəribədi ki o zamana kimi görməmişdim onu. Amma görən kimi Rəfibəyli cizgilərini tanıdım. Onda cəmisi bir gün olduq İstanbulda. Sonra atamgil yazıçılarla Türkiyəyə getdilər, Kamil dayımla da görüşdülər. Amma bir müddət sonra mən iki dəfə cəhd edib çətinliklə də olsa Türkiyəyə səfər üçün icazə ala bildim. Yazıçı Simonovun başçılığı ilə gənc yazıçı kimi gəldim Türkiyəyə. Onda anam “o ölkə səni sərxoş edəcək” demişdi. Doğrudan da eləydi. Çingiz Bektaş öz maşınıyla Türkiyənin müxtəlif şəhərlərini gəzdirdi məni. Elə Əskişəhərdə də ilk dəfə onda oldum. Ankarada yazıçılarla, şairlərlə tanışlığım da o zamandan başladı. Yazmışam bunu – doğrudan da Türkiyəni ikinci vətənim bilirəm. Şəhərləri içərisində İstanbulu daha çox sevirəm. Orda yeddi ay yaşamışam... Memar Sinan Universitetində dərs demişəm”. Anar müəllim bunları danışdıqca Emin Sabitoğlunun mahnısını “eşidirəm”. Özü pianoda ifa edib oxuyur: “Gəl qoşulaq durnalara, vətən sarı uçaq-uçaq...” Müxtəlif vaxtlarda eyni şəhərdə, İstanbulda yaşayıb vətənindən ötrü qəribsəyən, darıxan iki dostun Emin Sabitoğlu və Anarın birgə əsəridi bu mahnı. Anar müəllim öz şairliyini “azar”, “həvəs” hesab edir. Amma məncə, onun şeirlərinin başlıca özəlliyi səmimiliyidi. Həmin şeirində də məni ən çox bu misralar riqqətləndirir: “Göy Bosforda gəmi üzər, yada düşər mavi Xəzər...” Məncə, o İstanbulu nə qədər sevsə də, şeirdə dediyi kimi Bosforun gözəlliyinə valeh olsa da, fikri-zikri Bakıdı, xatirələri Xəzərlə bağlıdı. İnsan vətənindən kənarda, hətta çox sevdiyi şəhərdə olsa belə qürbətdədi, qəribdi. Həmsöhbətim də bunu təsdiqləyir: “93-cü ildə ölkədə vəziyyət çətin idi. Memar Sinan Universitetindən təklif aldım. Bir müddət burda işləməyə razılaşdım. Yadımdadı ki, birinci gün, birinci gecə ürəyim partlayırdı. Balaca bir oteldə nömrə götürmüşdük. Orda yaşayırdıq Zemfira ilə. Elə gəldiyim gün düşünürdüm ki, səhər bilet alıb qayıdaq geri. Çox darıxırdım, acı çəkirdim. Sonralar getdikcə öyrəşdim, amma yenə də kədərlənirdim Azərbaycanı düşünəndə. Xoş münasibətə, burdakı dostlarımızın qayğısına baxmayaraq, tənha hiss edirdik özümüzü. Qarabağ da bir yandan ağrıdırdı məni. Yadımdadı bir gecə “Şuşam” mahnısına qulaq asıb necə kövrəlmişdim...”
– “Otel otağı”nda Kərim də bu mahnıya qulaq asıb ağlayır, yadımdadı... – deyirəm və eyhamımı anındaca duyub gülümsəyir. Hətta zərif yumoruyla atmaca da atır mənə: “Görünür, əsərlərimi belə bilən adamla söhbət eləmək “kolay” deyil...” Elə bil ətrafımızdakı adamlar da bunu gözləyirdilər, söhbəti yekunlaşdırmağımızı, növbəti “dalğa” həmsöhbətimi dövrəyə alır, avtoqraf alan kim, müsahibə götürmək istəyən kim... Anar müəllimi heyranlarıyla bərabər qoyub asta-asta uzaqlaşıram. Parkın girişində iri bir qlobus var, dövrəsində Yunis İmrənin “Sevelim sevilelim, dünya kimseye kalmaz” sözləri yazılıb. Anar müəllimin müxtəlif türk şairlərinə, yazıçılarına, Nazım Hikmətə, Orxan Vəliyə, Yunis İmrəyə, Mövlanə Cəlaləddin Rumiyə, Əziz Nesinə, Fazil Hüsnü Dağlarcaya, Çingiz Bektaşa, Ataol Bəhramoğluya, Orxan Pamuka aid yazılarını xatırlayıram. Düşünürəm bunlara aid də ayrıca söhbət eləmək olar onunla, yaxud da elə bu söhbətimizi davam eləmək olar. Çevrilib baxıram, adamların arasında görünmür. Təkliyə, bir ağac kölgəsinə çəkilib durub. Başa düşürəm ki “işləyir” indi! Təriflərdən, heyranlıq dolu etiraflardan “qaçıb” bir tərəfə, gizlinə çəkilməsi maraqlı görünür mənə. Bir az müşahidə edib sual verirəm öz-özümə: “Kinodu? Hə, kinodu!”
PƏRVİN
525-ci qəzet.-
2014.- 21 iyun.- S.20-21.