“Yazıçılar Birliyində azad, kreativ, intellektual gənclik var və həmişə olacaq”

 

 

Azərbaycan Yazıçılar Birliyində guya gənclərə meydan verilmədiyi, gənc yazarların irəli çəkilmədiyi barədə bəzi fərdlər tərəfindən səsləndirilən fikirlərin əsassızlığı XII qurultayda bir daha ortaya çıxdı. Bir neçə gənc yazarın qurultayda çıxış etməsi və onların səsləndirdikləri faktlar, mülahizələr AYB-də gənclərə göstərilən qayğının aşkar göstəricisidir.

 

Buna nümunə kimi üç gənc ədəbiyyat adamının çıxışlarını “525”in oxucularına təqdim edirik. 

PƏRVİN:    

Hörmətli Qurultay nümayəndələri! Əziz qonaqlar! İlk öncə mən hamımızı bu möhtəşəm hadisə münasibətiylə təbrik edirəm. 80 yaşlı Azərbaycan Yazıçılar Birliyinin həyatında 12-ci qurultaydı. Yaşlı yazıçılar, uzun illərdi bu qurumun üzvü olan yazarlar üçün bu, sadəcə növbəti hadisədi. Yəqin ki, hamının bu gündən  müəyyən gözləntiləri də var. Amma məncə, bu hadisə hər kəsdən çox gənclər üçün maraqlıdı, əlamətdardı. Çünki bizim iştirak etdiyimiz ilk qurultaydı... Bu gün bu zalda baş verənləri qələm adamı kimi də müşahidə eləmək bizlərə xeyli qeyri-adi təsir edir və əminəm ki, müşahidələrimiz nə zamansa yazılarımızda da, yazıçı taleyimizə də iz buraxacaq. Amma indi mən başqa silinməz izlərdən, Yazıçılar Birliyinin, onun rəhbərliyinin sayəsində qazandığımız uğurlardan söz açmaq istəyirəm.

Xoşbəxtlikdən oxuduğum və daha sonralar çalışdığım Pedaqoji Universitet Yazıçılar Birliyinin qonşuluğunda yerləşir. Və uzun illər bu binanın həndəvərindən, önündən keçərək bəlkə əsərlərini sevdiyim, yaradıcılığının heyranı olduğum yazıçıları, şairləri həyatda görərəm deyə fikirləşirdim. Və hər dəfə o binaya yaxınlaşanda bu düşüncənin həyəcanı içində baxırdım ora. Amma Anar müəllimin müsahibələrində, çıxışlarında “Yazıçılar Birliyinin qapısı gənclərin üzünə açıqdır” fikirlərini oxuduqca ürəklənir, “bəlkə bir gün mən də...” – deyə xəyallar qururdum. Nəhayət, günlərin bir günü AYB-nin Mədəniyyət Nazirliyi ilə birgə layihəsi, Gənc Ədiblər Məktəbi yarandı və mən də bir az ürkək, bir az çəkinə-çəkinə o açıq qapıdan keçən gənclərdən oldum. Amma o qapının sehrini, möcüzələrini zamanla daha çox hiss etdik. İllərdir ki, kitablarını, əsərlərini söz-söz oxuduğumuz sənətkarlar bizlərə ustad dərsləri, master-klasslar keçdilər. Sənətin sirrlərini, yazı texnikasını bu sənətkarlardan canlı, üzbəsurət öyrənməkdən düşdüyümüz eyforiyadan çıxmamış üzümüzə növbəti qapı, “525-ci qəzet”in qapısı açıldı. Gənclər üzrə katib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin həmişə gənclərin tərəfində olması, bəzən hətta bizləri daha tez tanıtmaq üçün yazılarımızı Anar müəllimin, Vilayət Quliyevin, Şirməmməd Hüseynovun əsərləri ilə yanaşı səhifələrdə verməsi başımızı bir az da artıq gicəlləndirdi. Əlbəttə, böyüklərin bizlərə inamını, yazılarımıza diqqətini görmək özümüzə güvəni artırırdı. Amma birdən-birə onların kitablarımızın çapına da köməkləri, haqqımızda məqalələr yazmaları, Anar müəllimin, katiblərin, başqa nüfuzlu yazıçıların kitab təqdimatlarımızda iştirak edib söz demələri, məsləhətlərini vermələri bəzən bizlərə yuxu kimi gəlirdi. Və biz bu yuxudan ayılmamış kitablarımız mükafatlara təqdim olunur, mükafatlar da alırdıq. İndiyə kimi mən də başqa gənc həmkarlarımla bərabər Yazıçılar Birliyinin xətti ilə Rusiyada, Latviyada, Litvada, Türkiyədə gənc yazarların toplaşdığı müxtəlif forumlara, tədbirlərə qatılmışam. Həmişə xaricdə öz həmyaşıdlarımızla söhbətlərdə onları Azərbaycanda gənclərə münasibət, əsasən də  mükafatlar təəccübləndirir. Əlbəttə, mükafatlar heç kəsin istedadını, peşəkarlığını artırmır, yazı texnikasını itiləmir. Amma məhz bu mərhələdə mükafatlara layiq görülməyimiz cəsarəti artırır, müəyyən dərəcədə təsdiq olunmağımıza inam yaradır. Bu məqamda mən Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat mükafatını, Rəsul Rza adına ədəbiyyat fondunun Rəsul Rza Beynəlxalq mükafatını, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə”, Gənclər və İdman Nazirliyinin “Gənclər” mükafatlarını xüsusi vurğulamaq istərdim. Məhz AYB-nin təqdimatı ilə hər il bir neçə gəncin Prezidentin xüsusi təqaüdünə layiq görülməsi də bizlərə stimul verir, yeni işlərə, yazılara həvəsləndirir.  Əslində, AYB-nin gənclər siyasəti, gənclərə münasibəti dövlətin gənclər siyasətinin tərkibidir. Dövlətin gənclərə qayğısından uzun-uzadı danışmaq olar. İndi sadəcə bir tezisi qeyd etmək istəyirəm ki, ötən il Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatının təsis olunması Azərbaycan gəncliyindən ötrü xüsusi əlamətdar hadisəydi. Bu il müxtəlif nominasiyalar üzrə altı gənc bu ada layiq görüldü. Mən də məhz Yazıçılar Birliyi katibliyinin qərarıyla bu mükafata təqdim olunmağımla qürur duyuram.

Əlbəttə, geri çevrilib baxanda biz gənclər nə qədər şanslı olduğumuzu bir daha dərk edirik. Amma təəssüflər olsun ki, ötən müddət ərzində Yazıçılar Birliyinin əleyhinə olan, ona qərəzli münasibət bəsləyən bəzi qüvvələrin qarayaxmaları bizlərə də yönəlmiş oldu. Aydındır ki, məqsəd cəmiyyətdə “AYB və gənclik” mövzusunda səhv düşüncə formalaşdırmaqdı.  Gülünc fikir isə budur ki, Yazıçılar Birliyində  azad, istedadlı, kreativ, intellektual gənclik ola bilməz. Amma zaman hər şeyi yoluna qoyur. Və ölkənin ən qalmaqallı ədəbiyyat müsabiqəsi olan Milli Kitab Mükafatında məhz Yazıçılar Birliyinin yetişdirdiyi, Gənc Ədiblər Məktəbi məzunlarının uğur qazanması, birinci dəfə Elxan Qaraqanın “A” romanının qalib olması, sonuncu dəfə də mənim “Balerina” povestimin ikincilik qazanması bu əssassız dedi-qoduların cavabıdır.

Yazıçılıq həm də dözüm, iradə tələb edir. Amma həyat göstərir ki, təkcə çətinliklərə, pisliklərə yox, yaxşılıqlara, xoş münasibətə də dözüm lazımdır. Təəssüflər olsun ki, aramızda Yazıçılar Birliyi rəhbərliyinin, şəxsən Anar müəllimin qayğıkeşliyinə, yaxşılığına dözməyən üzvlərimiz də oldu. Ucuz şöhrət, qalmaqal arxasınca qaçan həmkarlarımız o yolu seçdilər. Sanki böyüklərin əleyhinə şər, böhtan yazmaqla özlərinin fərqli olduqlarını nümayiş etdirmək istədilər. Təəssüf ki, bəzən nankorluq “cəsarət”, tərbiyə qüsurları “üsyankarlıq”  adlandırılır. Amma bu cür “cəsarət” və “üsyankarlıq” müasir, demokratik cəmiyyətdə yalnız ironik gülüş doğura bilər.

Sevindirici haldır ki, bütün bunlara baxmayaraq böyüklərimizin bizlərə münasibəti dəyişilmir, yenə də istedadlı gənclərə diqqət, qayğı göstərilir.  

Anar müəllimin bir neçə gün əvvəl “525-ci qəzet”də çap olunmuş “XII Qurultayımız” adlı yazısında “...ədəbiyyatımızın gələcəyi  gəncliklə bağlıdır, amma bu gəncliyi qayğı və tələbkarlıqla yetişdirmək, qarşıdakı  daha məsul işlərə hazırlamaq da bizim – yaşlı nəslin borcu və vəzifəsidir”. – deməsi onun yüksək humanizminin, ziyalılığının, gənclərə qayğıkeş münasibətinin daha bir göstəricisidir. Biz gənclər də öz növbəmizdə bu etimadı doğrultmağa çalışmalıyıq.

Yazıçılar Birliyi Gənclər Şurasının 21 üzvü var, Gənc Ədiblər Məktəbinə 100-də çox gənc toplaşıb. Azad, kreativ, intellektual gənclik həmişə olacaq Yazıçılar Birliyində. Amma mən son olaraq öz həmyaşıdlarıma üzümü tutub demək istəyirəm ki, gəlin ilk dəfə o qapıdan keçəndə necə olduğumuzu və qısa vaxtda Yazıçılar Birliyinin sayəsində nələr qazandığımızı unutmayaq. Mən Unutmayacam! Diqqətinizə görə minnətdaram! 

Elnarə Akimova:

Bu gün burda çox möhtərəm ziyalılar zümrəsi, dünyanın müxtəlif ölkələrindən təşrif buyurub gələn qonaqlar əyləşib, öncə o sədarəti salamlayıram! Dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat! Maraqlı bir qanunauyğunluq diqqəti cəlb edib. Ayrı-ayrılıqda biz hamımız ədəbiyyat yönündə üzərimizə düşən irili-xırdalı missiyanı realizə etməklə məşğuluq, amma ədəbiyyatın da öz növbəsində onu yaradanlar qarşısında öz öhdəliyi var sanki... Lazım olan məqamlarda o da bizləri bir yerə toplamağı bacarır. Və o şeyi ki, yazarlar əsrlər boyu mənəviyyat məsələsi kimi ədəbiyyatda daim önə çəkir, yəni insanların Nazim Hikmət demiş, “bir orman kibi qardeşcesinə” yaşamasını, çalışmasını təməl prinsip kimi qabardır, ədəbiyyat bu işi səssizcəsinə yerinə yetirir.  Bu günkü toplantı bunun bir daha canlı sübutudur.

Mən burada AMEA Rəyasət Heyətinin Gənc Alim və Mütəxəssislər şurasının və AYB Gənclər şurasının üzvü kimi təmsil olunuram. Və elə təkifim də bu iki yaradıcılıq ocağının vəhdət prinsipinə əsaslanacaq. Bəşər tarixinin inkişaf dialektikasına nəzər salsaq görərik ki, bütün düşüncə sferalarında təşəkkül o zaman başlayıb və baş tutub ki, orada elmin nüfuzu dərinləşib, elm bütün sahələrin qoşa qanadı kimi onun pərvazlanmasına vasitəçi olub. Beş əsr öncə ustad Füzulinin söylədiyi: “Elmsiz şeir əsası yox divar olur,/ və əsassız divar qayətdə bietibar olur” – misrası bütün zamanlarda öz funksionallığını qoruyub saxlamaqdadır. Ədəbiyyat zaman səmərə verir ki, bədii istedad gərgin intellektual zəhmətlə qaynayıb qovuşa bilsin. 

Bu xüsusda iki əlamətdar hadisəni qeyd etməyim yerinə düşər. İki ay öncə, aprel ayında iki konfransın, yaradıcılıq müşavirəsinin iştirakçısı oldum. Səmərəsini gördüyüm üçün bu qədər əminliklə bəhs edirəm. Bunlardan biri AMEA Nizami adına  Ədəbiyyat İnstitutunda keçirilən “ötən ilin ədəbi yekunları” müşavirəsidir ki, bütün janrlar üzrə məruzələr dinlənildi, çıxışlar səsləndirildi, yazıçılar və alimlər tərəfindən ədəbiyyatımızın yaradıcılıq problemləri aktuallandı. Bir ilin bədii materialı elmi-nəzəri düşüncənin predmetinə çevrildi. Digəri isə “Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi” konfransı idi ki, Azərbaycan və Türkiyədən təşrif buyuran alimlərlərlə birgə hər iki ölkə ədəbiyyatında erməni məsələsinin işlənməsi, məsələyə münasibətlə bağlı faydalı təklif və fikirlərlə tanış olduq, məruzələr dinlədik. Məncə, bu cür konfransların, yaradıcılıq görüşlərinin yayılma arenasını genişləndirmək lazımdır, mövzunu daha geniş müstəvidə, beynəlxalq səviyyədə müzakirə etməyə ehtiyac var. Bununla həm Qarabağ mövzusuna diqqət çəkməklə problemin təbliğatına xidmət etmiş olar, həm də bu mövzuda yazılan mətnlərin bədii-estetik şərhinə nail olarıq. Bir də yaxşı olardı ki, AYB-də də Tənqid seksiyası yaradılsın. Ədəbi prosesə daha fəal müdaxilə etmək, meydana qoyulan nümunələrin təhlili baxımından belə bir bölmənin yaradılması ümumi işin xeyrinə olardı. Ədəbiyyat İnstitutu ilə AYB-nin əməkdaşlığını bu müstəvidə görmək istərdim. Çünki bu gün çağdaş dəyərləri, prosesləri, insanı və zamanı öyrənmək üçün bədii düşüncə ilə elmin və informasiya texnologiyalarının inkişafını vəhdətdə tədqiq eləmək lazımdır. Hal-hazırda qloballaşmanın stixiyadan qanunauyğunluğa çevrilməsi bəşər sivilizasiyasının inkişafının perspektiv proqramlarını hazırlamağı tələb edir. Bu perspektivin müəyyən edilməsində isə müasir bədii düşüncənin elm və informasiya texnologiyaları ilə konvergensiyası şəraitində öyrənilməsinə ehtiyac var. Maddi mövcudluq mənəviyyatsız düşünülə bilmədiyi kimi, mənəviyyata xidmət edən ədəbiyyat da elmdən kənar uzağa gedə bilməz. Təbii ki, təklif səsləndirmək, işin başlanğıcıdır, əsas məsələ təkliflərin ardınca əməllərin realizəsinə çalışmaq, səy göstərməkdir. Bu isə şübhəsiz, özünü ədəbiyyatda görən hər bir kəsin əməyi ilə hasilə gələcəkdir.

Elşad Ərşadoğlu:

Hörmətli xanımlar və cənablar, əziz yazarlar, əziz qurultay iştirakçıları!

İlk öncə Azərbaycan yazıçılarının XII qurlultayı və Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibəti ilə bütün ədəbi ictimaiyyəti təbrik edirəm və bu yüksək kürsüdən yaradıcı gəncliyə çıxış imkanı yaratdığına görə başda Anar müəllim olmaqla Yazıçılar Birliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

Azərbaycan Yazıçılar Birliyi hörmətli Xalq yazıçımız Anar müəllimin rəhbərliyi ilə sonuncu qurultayından keçən dövr ərzində bir ictimai təşkilat olaraq ölkəmizin istər ədəbi mədəni, istərsə də ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Yazıçılar Birliyi daim inkişafda olan, ədəbi prosesi yönləndirən canlı orqanizm funksiyasını həyata keçirib və keçirməkdədir.

Bu gün yaradıcı gənclər olaraq, bizim cəmiyyətə təsir etmək, eyni zamanda cəmiyyətdən təsirlənmək şansımız var. Əlbəttə, belə bir imkanı bizə Azərbaycan dövləti və dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyev yaradıb. Yəqin siz də mənim bu fikrimlə razılaşarsınız ki, Yazıçılar Birliyinin bütün tarixi ərzində gənclərə indiki qədər diqqət və qayğı heç vaxt olmayıb. Sözün yaxşı mənasında gənclərin nazıyla indiki qədər oynamayıblar.

Yazıçılar Birliyi fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, gənclərlə bağlı siyasətində də son illər ərzində bir çox uğurlu layihələrə imza atmış, təqdirəlayiq işlər görmüşdür. Birliyinin gənclər siyasətində atdığı ilk uğurlu addım kimi Rəşad Məcidin gənclər üzrə katib gətirilməsini və onun gənclərlə işin daha səmərəli şəkildə qurulmasına, ölkənin müxtəlif bölgələrindən istedadlı gənclərin aşkara çıxarılıb ədəbi prosesə cəlb edilməsinə, onların çap olunma və digər problemlərinin həllinə nail olmasını qeyd etmək olar.

Konkret olaraq gənclərlə bağlı ən uğ

urlu layihələrdən biri kimi isə Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təşkil etdiyi və 2008-2010-cu illərdə Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərən Gənc Ədiblər Məktəbini yada salmaq olar. Ətrafında 100-dən çox gənci birləşdirən Gənc Ədiblər Məktəbində fəaliyyət göstərdiyi 2 il ərzində  bir çox tanınmış şair və yazıçılarla, sənət adamları ilə görüşlər, ustad dərsləri keçirilmişdir. 2010-cu ildə xüsusi fərqlənən 50 gənc yazara sertifikat verilmişdir. Gənclərin bir qismi Yazıçılar Birliyinə üzv qəbul edilmiş, Prezident təqaüdünə layiq görülmüşlər. İlk baxışdan sadə görünən bu ideyanın reallaşması ilə məncə, ədəbi gəncliyin özünütəsdiqi ən azı on il sürətləndi. Təsadüfi deyil ki, bu gün ədəbi mühitdəki istedadlı gənclərin böyük əksəriyyəti  məhz Gənc Ədiblər Məktəbinin məzunlarıdır.

Bu uğurlu layihəyə dəstək verdiklərinə görə hörmətli nazirimiz Əbülfəs Qarayevə, Xalq yazıçımız Anar müəllimə, əlbəttə ki, məktəbimizin rəhbəri Rəşad Məcidə, bizə qoynunda səxavətlə sığınacaq verən Milli Kitabxanaya gənc yazarlar adından təşəkkürümü bildirirəm.

Bu layihənin əhəmiyyətini və ona olan ehtiyacı nəzərə alaraq, 2013-cü ildə ikinci Gənc Ədiblər Məktəbi təşkil olunmuşdur. Hazırda fəaliyyətini davam etdirən ikinci Gənc Ədiblər Məktəbinin 150-yə yaxın üzvü var. Onların bəziləri Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşlər.

Təqaüddən söz düşmüşkən, çıxışımın bu yerində hər il 70 yazara, o cümlədən 20 gənc yazara xüsusi təqaüdlər verilməsi ilə əlaqədar imzaladığı Fərmana görə cənab Prezident İlham Əliyevə təşəkkür etməyi özümə borc bilirəm. Etiraf etməliyik ki, Azərbaycan dövlətinin yaradıcı insanlara olan qayğısı dünyanın heç bir ölkəsində yoxdur.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası ilə bağlı da qısa məlumat vermək istəyirəm. Birliyin gənclərlə bağlı həyata keçirdiyi ən mühüm islahatlardan biri bu ilin əvvəlində Gənclər Şurasının yeni tərkibdə təsis edilməsi oldu. Ədəbi mühitdə kifayət qədər tanınan 21 nəfər AYB üzvündən ibarət yeni Gənclər Şurası yarandığı gündən öz gələcək fəaliyyətini müəyyən edərək, konkret istiqamətlərdə işə başladı. Şura ilkin olaraq gəncliyin düşünən beyni olan ali məktəblərdə ədəbiyyatın təbliği, xüsusən gənc yazarların ali təhsil ocaqlarında tanıdılması məqsədiylə ali məktəblərdəki tələbə gənclər təşkilatlarının sədrlərinin iştirakı ilə dəyirmi masa keçirdi. Tədbirdə gənclərlə ali məktəblərdə aparılacaq işin fəaliyyət istiqamətləri müzakirə olundu, mütəmadi olaraq ali məktəblərin tələbə və müəllim heyəti ilə görüşlərin, kitab təqdimatlarının və sair bu kimi tədbirlərin keçirilməsi qərara alındı.

Təsis olunduğu gündən başlayaraq fəaliyyət göstərdiyi qısa müddət ərzində Gənclər Şurası ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak etmiş, Xocalı Soyqırımı, 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı şura tərəfindən anım tədbirləri keçirilmiş, Quba Soyqırım abidəsi ziyarət olunmuşdur.

Bundan əlavə, hazırda Gənclər Şurası gənc yazarlarla mütəmadi olaraq bölgələrdə görüşlərin keçirilməsi, ustad yazarlarla görüşlərin təkili, uşaq evlərində, orta məktəb və məktəbəqədər müəssisələrdə uşaqlarla bağlı tədbirlərin keçirilməsi, ali məktəblərdə və bölgələrdə ədəbi mühitdən kənarda qalmış istedadlı gənclərin aşkar edilərək ədəbi prosesə cəlb olunması  və sair istiqamətlərdə layihələr həyata keçirməyi qarşısına məqsəd qoyub.

Bizdən əvvəlki nəslə mənsub yazarlar gənclərin o dövrdə “Ulduz” jurnalında necə çətinliklə çap olunduqlarını yaxşı xatırlayır. Bu gün isə Yazıçılar Birliyinin mətbu orqanlarında, eləcə də hər hansı qəzet-jurnalda, saytda çap olunmaq problemi demək olar ki, araqdan qaldırılıb. Düzdür, təəssüf ki, bəzən bu çap olunma azadlığı maklaturaya da yol açır. Ötən dövr ərzində “Ulduz” jurnalının bir neçə nömrəsi titul vərəqindən, nəşriyyat lentinə qədər gənc yazarlar tərəfindən hazırlandı. Məncə, bu gənclərlə işləməyin son illərdə müşahidə edilən ən uğurlu formalarından biridir və gələcəkdə də davam etdirilməsi vacibdir.

Əlbəttə, qurultay problem qaldırmaq, ədəbi-nəzəri məsələləri dərindən təhlil etmək meydanı deyil, burada əsas hesabat verilir, təşkilati və yaradıcılıq məsələlərinin gələcək perspektivləri müəyyənləşir. Bütün hallarda düşünürəm ki, qarşıdan gələn beş ildə həm sürətli inkişaf edən ölkəmizin, həm də bizim birliyin həyatında yeni mənzərənin şahidi olacağıq. Ona görə də gənclərin yaradıcılığına müsbət təsir göstərə bilən bir neçə təklif səsləndirmək istəyirəm:

1. Yazıçılar Birliyi yaranandan 90-cı illərə qədər demək olar ki, hər il gənclərin poeziya və nəsr almanaxları işıq üzü görüb. Mənə elə gəlir, bu ənənənin bərpasına ehtiyac var.

2. Hesab edirəm ki, gənc yazarlarımızın dünyanın müxtəlif ölkələrində keçirilən, ədəbiyyatla bağlı tədbirlərdə, festivallarda iştirakına kömək göstərilsə bu onların dünyagörüşünə və yaradıcılığına çox müsbət təsir göstərər.

3. Yaxşı olardı ki, ölkənin televiziya kanallarında gənc şair və yazıçıları geniş ictimaiyyətə tanıdan verilişlər açılaydı.

4. Yazıçılar Birliyinin tərkibində, dünyasını dəyişmiş və hazırda yaşayan ustad sənətkarlarımızın şəxsi əşyalarından ibarət muzeyin yaradılması çox yaxşı olardı.

5. Bəzən müxtəlif ədəbi nəsillər arasında gərginlik yaşanır. Bunun isə müxtəlif səbəbləri var. Ədəbi örnəklərə münasibət bildirərkən hər iki özü-özlüyündə özünü haqlı görünür, ancaq hər iki tərəfin haqsız olduğu məqamlar da yox deyil. Ona görə də təklif edirəm ki, ayda bir dəfə təcrübəli sənətkarlarla ədəbiyyata yeni gələn gənclərin dəyirmi masası, forumu keçirilsin. Bunu internet məkanında da təşkil etmək olar.

6. Və nəhayət, məncə, Azərbaycanda Yazıçılar Birliyinin nəzdində Dünya Ali Ədəbiyyat İnstitutunun yaradılması bu gün ədəbiyyatımız üçün çox vacibdir.

“Ədəbiyyat” qəzetinin son saylarından birində Hemenqueyin belə bir fikri başlıq çıxarılmışdı: “Dahiyanə əsərlər yazmağa ölümdən başqa heç nə mane ola bilməz”. Çıxışımı bu misalla tamamlayır və gənc qələm dostlarımı hər cür eqoizmdən, paxıllıqdan, ucuz qalmaqallardan, tənbəllikdən uzaqlaşıb dərin mütaliəyə, ədəbiyyatın və həyatın sirlərini öyrənməyə və əlahəzrət ədəbiyyatın yaddaşında qalacaq əsərlər yazmağa dəvət edirəm.

Diqqətinizə görə sağolun!

 

525-ci qəzet.- 2014.- 21 iyun.- S.18-19.