“Ulduz” jurnalının
iyun sayı nəşr edilib
Bugünlərdə “Ulduz” jurnalının iyun buraxılışı
işıq üzü
görüb. Dərgi Yazıçılar Birliyinin
katibi Rəşad Məcidin “Ulduz”: 5-2-5” adlı ekspert yazısı ilə açılır: “Qeyd elədiyim kimi, jurnalın ötən sayının dizaynı məni də bir xeyli sevindirmişdi.
Amma vərəqləyəndən sonra
ilk reaksiya kimi “bəs nəsr hanı?” sualını vermişdim. Ağsəs “yönnü” nəsr tapmadığını desə
də razılaşmamışdım.
Bir yandan da “Ulduz”un
yeni sayı barədə müxtəlif
yerlərdə söhbət
düşəndə fikrim
bu olmuşdu ki, ədəbi jurnalı keyfiyyətli bədii nəsr olmadan sanballı etmək mümkün deyil! Nə qədər eksperimentlər
edirsən et, nə qədər “hoqqa” çıxarırsan
çıxar, ədəbi-bədii
jurnalın mayası, özəyi bədii materiallardı...” R. Məcid
Pərvinin “Benefis” layihəsindəki növbəti
yazısı, Təranə
Vahidin aparıcılığında
“Naşir” jurnalıyla
birgə “Diskussiya klubu”, Fərid Hüseynin essesi, eləcə də nəsr əsərləri
ilə bağlı fikir və rəyini
ifadə edib: “Üzvü olduğum jurnalist qurumlarının keçirdikləri yazı
müsabiqələrində ara-sıra ekspert oluram. Yazıları 10 ballıq sistemlə
qiymətləndiririk. İndi ürəyimdən
keçdi ki, adət etdiyim kimi, “Ulduz”un
bu sayını da 5 balla qiymətləndirim!
Sərlövhənin məntiqində də
bu var. Amma arzulayıram ki, bu “5”i neçə ballıq şkalayla verdiyimi daha vacib ekspertlər –oxucular ayırd etsinlər!”
Ekspert rəyini
Yazıçılar Birliyinin
Gənclər Şurasının
sədri, şair Elşad Ərşadoğlunun
“Özüylə söhbət”i
izləyir.
Pərvin Nurəliyeva bu dəfə “Benefis” layihəsində Xalq yazıçısı Anarla
“Film kimi” söhbətini
təqdim edib.
Jurnalın “Ədəbiyyat qəzeti”
ilə birgə layihəsi – “Variasiya”da Alla Axundovanın “Qısqanc” şeirinin dilimizə ən yaxşı tərcüməçisi
yazıçı Yaşarın
dəyərləndirməsi ilə məlum olub: Nəsir Əhmədli. Jurnalda qalibin tərcüməsi
ilə yanaşı “Qısqanc”ın digər tərcümələri də
öz əksini tapıb.
Təranə Vahidin təqdimatında “Yerdə axtardığımız
göy şairi” yazısında Hüseyn Cavidin ev-muzeyindən reportaj qələmə alınıb.
Dərginin bu sayında Varisin “Apokalipsis”, Günel Treunun “Böhtan” hekayələri
çap olunub.
Sevinc Mürvətqızının “Sənə
olan eşqimi sənə də alçaltmaram” yazısında
bu il 40 yaşını tamamlayan
“Baladadaşın ilk məhəbbəti”
filmi ilə bağlı ekran əsərinin yaradıcı
heyəti – baş rol ifaçıları Şamil Süleymanov, Ruhəngiz Musəvi, rejissor Fikrət Əliyev və kinoşünas Aygün Aslanlı ilə söhbətlər təqdim
edilib.
Əyyub Qiyasın “Darıxmaq...və adamı darıxmağa qoymayan adamın portreti” yazısı dərginin “Rəngarəng” rubrikasında
oxucuların ixtiyarına
verilib.
İlqar Fəhminin tərcüməsində
Jan de Labruyerin aforizmləri,
maksimaları və düşüncələri əsasında
variasiyalar “Qısa fikirlər xəzinəsi”
başlığı altında
yer alıb.
“Ulduz” jurnalı
ilə ayb.az saytının
birgə layihəsində
İlham Abbasov bu dəfə ədəbiyyat üzrə
Nobel mükafatçısı Karl Şpittelerdən bəhs edib.
“Dərgidə kitab” layihəsində Şəhriyar
del Geraninin yaradıcılığı oxuculara
təqdim olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 21 iyun.- S.15.