Tək Anar, təkcə
Anar və ya gecikmiş məktub
Yazıçılar Birliyinin yubileyinin keçirildiyi Muğam Teatrında dünən əlinizi sıxıb, təbriklərimi bildirdim.
Amma tədbirdən
sonra evə gələrkən yolboyu
son iki günün məndə yaratdığı
ovqat və aldığım təəssürat
bu məktubu yazmaq istəyini oyandırdı. Sözlərimi Sizə zəng
edib telefonla da çatdıra bilərdim. Amma elə olan halda söyləyəcəklərimi
sadəcə Siz eşidəcəkdiniz. Mən isə
düşündüklərimə milyonların şahid olmasını istədim.
İstədim bu yazını
oxuyan hər kəs bilsin ki, Siz bir
əsilzadəlik, nəcabət
timsalısınız. İstədim bu yazını
oxuyan hər kəs bilsin ki, Siz alicənablıq
və mərdlik ünvanısınız. İstədim bu yazını oxuyan hər kəs bilsin ki, Siz sadəcə
qələminizlə deyil,
bütün varlığınızla
ziyalısınız. İstədim bu yazını
oxuyan hər kəs bilsin ki, siz ədəbiyyatımızın
vuran ürəyisiniz.
Bu yazını oxuyanların
bunu da bilməsini
istəyirəm ki, mənim bu məktubuma
əsla ehtiyacınız
olmadığı qənaətindəyəm. Haqqınızda ən böyük sözu elə öz əsərləriniz
deyib. Ən uca abidənizi
elə öz qələminiz yüksəldib.
Ən ali
nüfuzunuzu elə öz əməyiniz qazandırıb. Bir insanı onun özundən yaxşı
heç kim
tanıya və tanıda bilməz. Yazdıqlarınız Siz özünüzsünüz.
Etdikləriniz Siz özünüzsünüz.
Deməli Siz yaxşıların
yaxşısısınız.
Niyə sizə dillər uzananda o dillərə cavab vermədim? Niyə onlara
yetər, içinizdəki
bu kini, bu özünü bəyənmişliyi, bu həsədi boğun, yox edin, dünyaya
əsl insan gözləriylə baxın
demədim? Niyə hər
kəs dünyaya bir missiya ilə
gəlir və ulu Tanrı hər kəsi eyni yaratmır, hamıya eyni payı vermir, demədim? Sadəcə, bir dəfə
bir müsahibəmdə
Sizinlə bağlı
bir sualı cavablandırarkən, atılan
daşları qaldırmamağı,
Sözünüzün qarşısında
çox zəif görünən o sözcüklərə
cavab verməməyi istədim Sizdən, vəssalam bu qədər. Görünən kəndin bələdçisi
olmaz, deyib atalar.
“Aydındır şeirin dili, elə aydındır bu dil, nadan min il oxusun, anlamaz”,
bunu da atanız
demişdi bundan 70 il əvvəl.
Sizin də əməliniz, qələminiz
o qədər aydındır,
o qədər təmizdir
ki, nadan ha çalışsın, ha vuruşsun
Sizə çata bilməz, Sizi yenə bilməz. “Yel qayadan nə
aparar” misalı.
Elə yəqin həmin düşüncə ilə
də mən Sizi müdafiə etməyə ehtiyac görməmişdim o zamanlar.
Bir də ki, hansımız
Sizdən daha güclü, daha sərrast, daha mühüm bir söz deyə bilərik ki?
Deyirlər ki, bir insanın
formalaşmasında ədəbiyyatın
rolu böyükdür. Buna şübhəmiz yoxdur.
Yüzdə yüz doğrudur.
Mən
“Ağ liman”in ağappaq dalğalarında
böyümüşəm, “Macal”da sevdiklərin üçün zamanında
macal tapmağın vacibliyini anlamışam,
“Dantenin yubileyi”ndə
Kəbirlinskiyə həm
gülmüşəm, həm
üzülmüşəm, “Yaxşı padşahın
nağılı”nda həqiqi
yaxşı padşah
axtarmışam, “Beşmərtəbəli
evin altıncı mərtəbəsi”nə yüksələn
və sonra heç vaxt olmayan bir mərtəbədə
bir anda yox olan Təhminənin
dünyanı yalnız
beşmərtəbə hüdudunda
dərk edənlər
tərəfindən heç
bir zaman anlaşılmayacaq böyük
kədərinə ağlamışam,
“Gürcü familiyası”nda
uşaqlığımı axtarmışam, “Adamın
adamı”nda adamsız
adam olmağın istehzasını dadmışam
, “Anlamaq dərdi”nizi sizinlə birlikdə paylaşmışam...
Bir yeniyetmənin formalaşmasında
bir əsər, bir yazıçı nə qədər önəmli ola
bilərsə, mənim
ədəbi duyumumun şəkillənməsində və dünyanın gərdişindən baş
açmağımda yüz
o qədər payınız
var. Mən və mənim ədəbiyyat oxuyan nəslimə hələ yeniyetməlik yaşımızda oxucunuz
olaraq təqdim etdiyiniz əsərlərinizlə
dünyanı dərindən
dərk etməyə köməkçi olmuş,
zəngin ədəbiyyat
zövqü aşılamısınız.
Ən əhəmiyyətlisi
odur ki, siz heç bir zaman yazdıqlarınızı
zorla təlqin etməmisiniz, zorən qəhrəman yaratmamısınız. Personajlarınız özləri kumirə çevriliblər, seviliblər,
oxunublar, yol göstəriblər.
Bu yaxınlarda bir
tədbirdə mənim
haqqımda dediniz ki, gənclərimiz analarını sevməyi Jalədən öyrənməlidirlər.
Amma siz
yəqin ki, bilmirsiniz ki, mən valideyn sevgisini, valideyn
yanğısını sizdən, sizin
“Sizsiz”inizdən öyrənmişəm. Siz təbii ki,
bunu da bilmirsiniz
ki, atanız Rəsul Rzanın ölüm xəbərinin gəldiyi gün mən, onu heç bir zaman həyatda görməyən, amma “Çinar ömrü”nü, “Ağ fil”ini,
“Ezop”unu, “Anamın
laylası”nı, “Nigaran suallar”ını,
“Rənglər”ini, “Anamın gəlin qızı”nı əzbər
bilən 14 yaşlı bir qız, üzümü divara çevirib saatlarla hönkür-hönkür ağlamışdım.
Dünyanın yalan günündə, 1
apreldə gələn bu xəbərin yalan olmasını arzulamışdım. Siz ötən
həftə oğlunuz, mənim tələbə
yoldaşım Turala (yeri
gəlmişkən ölkəmizi çox
böyuk bir ləyaqətlə
Ərəbistanda-Küveytdə təmsil edən oğlunuz Tural Rzayev yeganə Səfirimizdir ki,
Azərbaycanın dövlət bayramlarında, milli
günlərində bizləri unutmur, uzaq qürbətdən vətənə
göndərdiyi təbrik teleqramları ilə sevincimizə sevinc qatır, damarında bir
sədaqət və nəcabət qanı
axdığını hər davranışıyla isbat edir) əlli
yaşı münasibətilə yazdığınız məktubda
belə 33 il əvvəl
dünyasını dəyişən valideynlərinizi
onları itirdiyiniz ilk
günlərdə olduğu kimi nisgillə anırsınız. Məncə,
valideyn sevgisini,
onları yaşatmağı, haqq
dünyasına qovuşduqdan sonra da onları hər an canlı tutmağı çoxları sizdən
öyrənməlidirlər. Eynilə,“Min-min ana içində Anamı tanıyaram gözlərimi
bağlasalar belə. Tanıyaram, ayaq basdığı torpağın
qoxusundan, qəlbimə
dolub boşalan onu itirmək qorxusundan“-deyən Rəsul Rza kimi.
Sizə olan böyük məhəbbət və ehtiramımın kiçicik
bir ifadəsi olan bu məktubumu
sona çatdırarkən
deyirəm, Siz Anarsınız. Heç kim və
hec nə sadəcə iki kəlmədən ibarət
olan bu cümlənin
gücünü azaltmaq
imkanında deyil. Heç kim
və heç nə sadəcə iki kəlmədən ibarət olan bu cümlənin arxasında dayanan həqiqəti danmaq iqtidarında deyil.
Adınızı yaşıdım imişsiniz
kimi, eləcə, müəllimsiz-filansız yazdığım
üçün məni
hörmətsizlikdə günahlandırmayın. Əslində Siz mənim üçün ən böyük ustadsınız.
Sadəcə olaraq uşaqlığımdan
bu adı eləcə Anar olaraq eşitməyə alışmışam. Yaşıdlarınız da Sizi belə
çağırıb, Sizdən
sonrakı nəsil də, mənim nəslim də, məndən kiçiklər
də. Və heç bir
zaman hansı Anar sualına ehtiyac duyulmadığını
görmuşəm. Tək
Anar, təkcə Anar, yeganə Anar olaraq qəbul
etmişəm Sizi. Hər varlığı anan və hər dərdə yanan Anar.
İcazə verin bütün
yazıçılarımızın timsalında 12-ci qurultay və 80 illik yubiley, eyni zamanda
yenidən Azərbaycan
Yazıçılar Birliyinin
sədri seçilməyiniz
münasibətilə Sizi
bir daha təbrik edim, qismətiniz olan yazıçı və şəxsiyyət taleyinin
ən uca zirvəsində Sizə bundan sonra uzun
və sağlam ömür diləyim.
Bakı,
19 iyun 2014-cü il.
Jalə Əliyeva
525-ci qəzet.- 2014.- 21 iyun.- S.16.