Muğam dünyasının Sabir Novruzov
ucalığı
Tanınmış
xanəndə, Əməkdar artist Sabir Novruzov Azərbaycan xalq
mahnılarının, muğamlarının mahir
ifaçısı idi. Ağcabədidə dünyaya göz
açan xanəndə böyük sənətkarlardan Seyid və
Xan Şuşinskiləri, Zülfü Adıgözəlovu, Yaqub
Məmmədovu özünün müəllimləri
sayırdı. S.Novruzov bu sənətə
bağlanmağının səbəbi barədə
bunları deyərdi: "Orta məktəbdə oxuyarkən
"Pionerlər evi"nə gedərdim. Qarmon dərsi
almışam. O gözəl günlər indi də
yadımdan çıxmır. Toylarda usta sənətkar
Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim,
daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl
oxuyan idi. 1956-cı ildə bizi Bakıya gətirdilər,
"Neftçilər klubu"nda çıxış etdik.
Oxuyan zaman bir nəfər səhnəyə çıxdı,
dedi ki, bu oğlanın gələcəyi var. "Qarabağ
şikəstəsi" oxuyanda heyrətləndilər,
aparıb səsimi fonda yazdılar. Yadımdadır, 1957-ci il
idi, Şuşadakı istirahət evində gizlində
oxuyurdum. Sən demə, direktor mənə göz qoyurmuş,
oxuyan kimi məni apardı kluba, orada bir kişiyə göstərdi.
Sonra bildim ki, bu, məşhur tarzən Qurban Pirimovdur. Dedi ki,
Qurban əmi, bir uşaq gətirmişəm, buna qulaq as.
Ağsaç kişiydi, soruşdu ki, oğlum, nə
oxuyacaqsan? Dedim, "Bəyənmir məni"ni oxuyacağam.
Dedi, xalq mahnılarından nə bilirsən? "Bəh-bəh",
"Arazbarı" oxudum, bəyəndi. O zaman
Şuşanın ən gözəl, dinc vaxtları idi.
Oxuyandan sonra həlim səslə dedi ki, səsin gözəldir,
hədd-büluğa çatanda oxuma, bir az gözlə. Elə
həmin axşam Qurban əmi məni Şuşadakı
şeir-sənət məclislərindən birinə
apardı. Seyid əmini başındakı ağ papaqla gözəl
xatırlayıram. Cürət edib ona yaxın gedə bilməzdim.
Soruşdu, ay Qurban, bu uşaq kimdir? Dedi, ağa, bunun
yaxşı səsi var. Onun "Cahargah"ı indi də
qulaqlarımdadır".
S.Novruzov
belə sənətkarlardan
görüb-götürdüyünə görə
özünü xoşbəxt sayırdı: "O zamanlar
radio vardı, gecə-gündüz ona qulaq asardıq.
İndiki gənclər televizorun qabağından çəkilmirlər,
özü də ruhumuza yad olan verilişlərə daha
çox baxırlar. Zülfü əminin mahnıları
ruhuma keçib. Tanınmış xanəndələrin
plastinkalarına qulaq asmaqdan doymazdım. O vaxtlar indiki kimi
maqnitofon yox idi. Xan Şuşinskini, Seyid Şuşinskini,
Cabbar Qaryağdıoğlunu, Yaqub Məmmədovu,
Zülfü Adıgözəlovu müəllimlərim hesab
edirəm. Mən professional musiqi təhsili almamışam.
Amma musiqiyə bu dərəcədə bağlanmağım,
görünür ki, taleyimdə varmış. Radionun
"Qızıl Fondu"nda, televiziyada xeyli ifalarım qorunur.
1956-cı ildə televiziya açılan zaman orada canlı
oxumuşam. Keçmiş SSRİ-nin çox yerlərində
qastrollarda olmuşam. Azərbaycanda dövlət səviyyəsində
muğama qayğı var. Bu, məni çox sevindirir.
Heç bir oxuyanı qınamaq fikrində deyiləm. Mən
istəyirəm ki, qədimlərimizdən gələn ənənə
itməsin. Gərək xanəndə həmişə öz
halında qalsın. Xanəndə halında israrlı olarsa,
toydakılar onun inadının qarşısında dura bilməz.
Xalq mahnılarımızdan, muğamlarımızdan əbədi
hansı qüdrət var? Muğamlarımız insanı ruhən,
mənən təmizləyir, həyata,
yaşamağa-yaratmağa inamını artırır. Bu, bəşər
tarixində tayı-bərabəri olmayan ilahi bir musiqidir".
Muğamatda
insan ömrünün bütün mərhələləri
musiqinin ecazkar diliylə ifadə olunur. Xanəndə
özünə inanır və inamla oxuyurdu: "Mən
muğam ifaçılığında özünəməxsusluğu,
bənzərsizliyi əsas sayıram. Məsələn,
"Mirzə Hüseyn Segahı"nı dəfələrlə
tamam fərqli şəkildə oxumuşam. İnsanın səsi,
nəfəsi başqasınınkına qətiyyən
oxşamır. Gərək insanın
böyüklüyünü muğamatda ifadə etməyi
bacarasan. Muğamat başdan-ayağa sirdir, sehrdir. Xan əmi
heç yadımdan çıxmır. 1976-cı ildə
Filarmoniyada məşq edirdik. Dedi ki, Sabir, bala, məşqdən
sonra məni gözləyərsən, sənə sözüm
var. O zaman onun mənə dediyi söz indiki kimi
qulaqlarımdadır. Dedi ki, oğlum, bəxtinə belə səs
düşüb, aqibətinə xəyanət eləmə. Mən
onun məsləhətinə əməl etdim, səsimi qorudum.
Dilimə içki vurmuram, soyuqdan-istidən qoruyuram. Gərək
səs bulaq kimi çağlaya, heç vaxt qurumaya,
boğulmaya".
Xanəndənin
muğam oxuyarkən hansı şairlərin qəzəllərindən
və necə istifadə etməsi məsələsi son dərəcə
vacib amildir. Görürsən, hazırda bəzi xanəndələrin
repertuarında daha çox Əliağa Vahiddən oxumaq dəbdədir.
Amma Füzulidən oxuyanlar çox olsa da, nədənsə Nəsimidən
oxuyanlar azdır. Füzuli ilahi aşiqlik rəmzidir, Nəsimidə
insana sevgi cəngavərliklə birləşir. S.Novruzov daha
çox Füzulidən, Nəbatidən, Sabirdən, Vahiddən
və başqalarından oxuyub. "Əruz vəznində
yazılanları oxumaq həmişə ürəyimcə
olub. Əkrəm Cəfər kimi tanınmış əruzşünasla
söhbətlərimizi yaxşı xatırlayıram. Orta məktəb
illərində həmişə Seyid Əzim Şirvaninin
kitabı qoltuğumda olardı. Xalqımız çox incə
qəlblidir. Bu, onun həyatın, mədəniyyətin
bütün sahələrində dediyi böyük sözlə
bağlıdır".
Xanəndə
Güney Azərbaycanda da konsertlər verib: "Tehranda Yaqub Məmmədovla
verdiyimiz konsertlər indi də xatirimdən
çıxmır. Təbrizdə toyda iştirak etmişəm,
orada həmçinin ustad şairimiz Şəhriyarın
oğlu ilə tanış olmuşam, xeyli söhbətləşmişəm.
Güneydə yaşayan soydaşlarımız Azərbaycan
milli musiqisinin, muğamlarımızın vurğunudurlar. Orada
Savalan adlı tanınmış şairlə
görüşdüm, şairlər məclisində
iştirak etdim. Orada gözəl səsi olan xanəndələrimiz
var. Belə məqamları görəndə çox sevindim.
Ana sazımızın Güney Azərbaycanda bu gün də əvvəlki
möhtəşəmliyi ilə yaşaması məni həddən
artıq sevindirdi".
Muğamat
bütün Şərqdə geniş yayılıb. Bu,
danılmazdır ki, muğamları ən yaxşı şəkildə
Azərbacan türkləri qoruyub, saxlayıblar. Təbiidir ki,
farslarda da muğamat gözəl ifadə olunur, hər birinin
özünəməxsus xüsusiyyətləri mövcuddur:
"Azərbaycanda muğam ifaçılığının
zəngin ənənələri var. Bəli, digər tərəfdən
də hər bir xalq muğama öz ruhunun tələbinə
uyğun yanaşır. Elə muğamlar var ki, İranda
çox, bizdə isə az oxunur. Məsələn,
"Humayun", "Orta Mahur", "Bayatı-Qacar" bu qəbildəndir".
Qarabağdan
olan xanəndələr etiraf edirlər ki, indi əvvəlki
dövrlərdəki kimi qeyri-adi səslər yoxdur. Bunun da səbəbini
o torpaqlarda doğulan uşaqların didərginliyində
görürlər. Sabir müəllim deyirdi ki, bu amillər
danılmazdır: "Hərçənd ki, yurd itirmək
ağır dərddir, bu, heç bir sözə, ifadəyə
sığmır, amma mən inanıram ki, bütün itkilərimizə
baxmayaraq heç vaxt bu səslər xalqımızdan əskik
olmayacaq. Çünki bu xalqın halında o imkan var. Uşaq
həmin səsi ananın bətnindəcə alır,
doğulandan sonra anasının laylasını eşidir, deməli,
xalqın ruhu yaşayır, ölmür. Səs ölmür,
itmir, həmişəlikdir. Necə oldu ki, Seyiddən, Xandan
sonra bu qədər yeni səslər əmələ gəldi?
Bu o deməkdir ki, nə qədər dünya durur, muğamat
xalqımızın ruhunda qalacaq".
Zülfü
Adıgözəlovla qohumluğu olan atasının gözəl
səsi vardı. Ovçu idi, Səməd Vurğunla
dost olub. Anasının da, dayılarının
da gözəl səsi olub. Ana tərəfdən Yaqub Məmmədovla, Mütəllim Mütəllimovla
qohum olan S.Novruzov bu sənətin
ilkin sirlərini elə onlardan öyrənib. Qardaşlarının içində Qaçayın
səsi daha gözəl idi. Sənətə gələn isə
yalnız Sabir Novruzov olub.
Sənətkar 2007-ci ildə Əməkdar
artist fəxri adına layiq görülüb. 7 yanvar 2009-cu ildə uzun xəstəlikdən sonra vəfat edib. Ağcabədi Rayon İcra Hakimiyyəti
dəyərli xanəndə
Sabir Novruzovun muğam sahəsindəki mühüm fəaliyyətini
nəzərə alaraq,
Ağcabədi şəhərindəki
küçələrdən birinə onun adını verib.
Unudulmaz
sənətkarımızın ruhu şad olsun!
Məmməd MİRZƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
525-ci qəzet.-
2014.- 24 iyun.- S.8.