Ata

 

Atam Seyid Müzəffərin unudulmaz xatirəsinə

 

                                                 

Evinə çatanda kövrəldim yaman,

Əbədi ayrılıq nəyimiş, aman?!

Çökdü gözlərimə qaranlıq, duman,

Gələndə qarşıma çıxardın, ata.

 

Səhərlər günəşlə birgə durardın,

Nahaq danışanı sözlə "vurardın".

Hər kəsin qəlbində yuva qurardın,

Bulaqtək çağlayıb axardın ,ata.

 

Hamı cəm olardı, bircə sözünlə,

Həyata baxardıq sənin gözünlə.

Mehriban səsinlə, gülər üzünlə

Kədəri, möhnəti yıxardın, ata.

 

Hər vaxt öyünürəm əməllərinlə,

Ömrü başa vurdun öz ellərinlə.

Yaxşılıq eyləyib, öz əllərinlə

Namərdi yandırıb, yaxardın, ata.

 

Fələk alıb bizdən səni apardı,

Dostlar harda olsan, səni tapardı.

Sanki, yerişindən alov qopardı.

Şimşəktək səyriyib, çaxardın, ata.

 

Deyərdin,çıxma gəl,izimdən mənim,

Doymazdın şeirimdən, sözümdən mənim.

Gözünü çəkməyib üzümdən mənim,

Gedəndə arxamca baxardın, ata.

 

Yarandı      

 

Ürəyimdə istisi var bu gözün,

Baxışınla gözlərimi bük özün.

Qığılcımı bu ocağın, bu közün,

Bizim odlu sevgimizdən yarandı.

 

Vurğunuyam qara xallı, üz ağın,

Mənim üçün çiçəklərdən üz ağın.

Sərrast olur eşq gülləsi uzağın,

Ürəyimə dəyən sənin yarandı...

Baxçanızda həm bülbüləm,həm xaram,

Məhəbbətsiz insan ilə yox aram.

Pərvanətək eşq oduna yaxaram,

Təki, olsun mənim canım yar andı.

 

Qoyma uça eşqimizin tağları,

Gəl çəkmə sən bu sinəmə dağları.

Yar yolunda Büsutuntək dağları,

Seyid Əsgər Fərhad kimi yarandı.

 

Papaq gəzdirməyə yoxdur haqqımız

 

Vətəni yadlardan ala bilmirik,

Züy tutan olmasa, çala bilmirik.

Deyirik, bir olaq, ola bilmirik,

Əlimiz öyrənib böhtan yazmağa,

Varaq gəzdirməyə yoxdur haqqımız.

 

Əsirdir körpəmiz, qoca qarımız,

Talandı, dağıldı dövlət,varımız.

Danışıb- gülürük, yoxmu arımız?

Sığal haramıza yaraşır bizim,

Daraq gəzdirməyə yoxdur haqqımız.

 

Həm Əlidən, həm Vəlidən olmuşuq,

Ağıllıdan , həm dəlidən olmuşuq.

Düşmən gülür, gülməlidən olmuşuq,

Arxadan vururuq bir-birimizi,

Yaraq gəzdirməyə yoxdur haqqımız.

 

Hər başa keçənə çəpik vururuq,

Qazanı boşaldıb təpik vururuq.

Arxalı olana arxa dururuq,

Yaxşını seçmirik,  koruq,elə bil,

Çıraq gəzdirməyə yoxdur haqqımız.

 

Keçirdik yuxarı gədəni, qardaş,

Tapmadıq öləni, itəni,qardaş,

Qoruya bilmədik vətəni, qardaş,

Küsməyin, ay ellər, Seyid Əsgərdən,

Papaq gəzdirməyə yoxdur haqqımız.

 

Qorxuram

 

Can-can deyən yaman artıb bizlərə,

Hey uyuruq biz yalançı sözlərə.

Səpilirik səhralara, düzlərə,

Qoltuqlara sıxılmaqdan qorxuram,

Büdrəməkdən, yıxılmaqdan qorxuram.

 

Əldə oraq  otumuzu biçirlər,

Yaxşı var, üzləyirlər, seçirlər.

Çalxalayıb əridirlər, içirlər,

Nehrələrdə yağ olmaqdan qorxuram,

Qazanlarda dağ olmaqdan qorxuram.

 

Yad xor baxar yurdumuzun malına,

Özgə baxmaz köhlənlərin nalına.

Durub tez-tez bu millətin halına,

BMT- baxılmaqdan qorxuram,

Elə yanıb-yaxılmaqdan qorxuram.

Əlbir olub qarşımızda  hürürlər,

Sonra atı üstümüzə sürürlər,

Ayda bir yol fitrə-yardım verirlər,

Vallah, belə tox olmaqdan qorxuram,

Pay tutanlar çox olmaqdan qorxuram.

 

Araz bölüb, o taydadır paramız,

Həsrət ilə çəkilibdir aramız.

Çox dərindi qan fışqıran yaramız,

Mən loğmansız sağalmaqdan qorxuram,

Kəməndlərdə boğulmaqdan qorxuram.

 

Barmaq girir görənlərin gözünə,

Baxan yoxdur ağsaqqalın sözünə.

Uşaq-muşaq hədd qoymayır özünə,

Üzümüzə olmaqdan qorxuram,

Ona-buna lağ olmaqdan qorxuram.

 

Seyid Əsgər, düz kəlmələr dilində,

tapmısan qıjovların selində.

Yaxam qalıb onun-bunun əlində,

Hədər yerə sağılmaqdan qorxuram,

Sökülməkdən, dağılmaqdan qorxuram.

 

Ola

 

Kim yaşamaq istəyirsə,

Gərək qalın, qanmaz ola.

Eşidəndə ləng eşidə,

Hər bir sözü anmaz ola.

 

Çəkməyə heç dərdi-səri,

Axıtmaya alın təri,

Evdən, övladdan ötəri,

Atəşlərə yanmaz ola.

 

Heç baxmaya sağa,sola,

Əşi,deyib,düşə yola.

Özü üçün qanad çala,

Qohum-qardaş sanmaz ola.

 

Pis sözlər etməyə əsər,

Yıxdığını dərhal kəsə.

Əsgərəm, deyim müxtəsər,

Bir sözlə, utanmaz ola.

 

Hayıf!

 

Ünvanı biləcək ki, bu şeir kimin üçün yazılıb

 

Gövdənə aldandım, için boşuymuş,

Hayıf o tutduğun bədənə, hayıf!

Arxadan vurursan yeri gələndə,

Səninlə yoldaşlıq edənə, hayıf!

 

Tutduğun işlərdən bir utan barı,

Qayıt, gec olsa da bu yoldan yarı.

Tullayıb vicdanı, atmısan arı,

Səndən namus, qeyrət güdənə hayıf!

 

Sənə su vermərəm, alışıb yansan,

Keçmişi unudub, haqqı danansan.

Gör kimin oğlusan, düşünüb qansan,

Buxara papaqlı dədənə ,hayıf!

Özünü hörmətdən salmısan özün,

Dünya sərvətindən doymayır gözün.

Tamam baş-ayaqdır, düz gəlmir sözün,

Verdiyin əhdinə, vədənə, hayıf!

 

Sınıq könülləri hörə bilmirsən,

Mənalı bir ömür sürə bilmirsən,

Burnundan uzağı görə bilmirsən,

Gözündə qaraya, didənə,hayıf!

 

Əsgər tayın deyil, təmiz adı var,

Peyğəmbər nəslidir, əsli, zatı var,

Hayıf ki, sənintək zay övladı var,

Hayıf bu ölkəyə, vətənə hayıf!

 

 

Kölgə

 

Kölgə var, altına bir elat sığır,

Kölgə var, ölçüsü özü boydadır.

Kölgəyə sığınan var-dövlət yığır,

Mən günəş gəzirəm, o haydadır.

 

Mən günəş gəzirəm isidə məni,

Onda işıqlanıb şəfəq saçaram.

Axtarar dostumun pisi məni,

Bilər ki, çox bağlı qapı açaram.

 

Kölgənin düşəri, düşməzi olur,

Adam var saldığı kölgədən qorxur.

Bir gözü arxada, kölgəsindədir,

"Bəlkə mənim deyil", "bəlkə"dən qorxur.

 

Kölgəni güdənin nədir ki, özü,

Onun kölgəsinə sığınmaq ardır.

Tezcə külə dönər söyüdün közü,

Belə insanların qəlbi dardır.

 

Məndən kölgə uman, nədir diləyin?

De, özüm dərdinə şərik olaram.

Başımdan buludu qovsa küləyin,

Üstümə gün düşsə, kölgə salaram.

 

Bizim

 

Hər saqqal uzadan seyidəm deyir,

Düşübdü kəsərdən adımız bizim.

Çoxu qarışdırır əsli, kökünü,

Bilinmir doğma, yadımız bizim.

 

Ruzigar bəd gəlir, dəyişir zaman,

Qoymurlar yaşayaq, vermirlər aman,

Yalançı   seyidlər artıbdı yaman,

Gedib ləzzətimiz, dadımız bizim.

 

Əsli Seyidlərə deyirlər ağa,

Ay Əsgər, çöhrəndən gərək nur yağa.

Peyğəmbər nəslinə bağlıyıq qağa,

Möhkəmdir kökümüz, zatımız bizim.

 

Seyid Əsgər Müzəffəroğlu

525-ci qəzet.- 2014.- 24 iyun.- S.7.