QHT-lər müasir Azərbaycanda cəmiyyətin hərəkətverici qüvvələrindən biri kimi

 

 

Müstəqilliyin bərpasından ötən 23 il ərzində Azərbaycanda inkişafında bir neçə mərhələdən keçən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları (QHT) son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə keçidin, cəmiyyətin demokratik transformasiyası prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, üçüncü sektor formalaşıb. Bu illər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb. Ümumilikdə Azərbaycanda minlərlə QHT dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatından keçməyən, lakin üçüncü sektorda geniş fəaliyyəti ilə seçilən müxtəlif sahələr üzrə ixtisaslaşan yüzlərlə QHT fəaliyyət göstərməkdədir.

Bütün çətinlik və maneələrə baxmayaraq ölkəmizdə üçüncü sektor nümayəndələri irəli çıxmağa, onları qəbul etməyənləri özləri ilə hesablaşmağa məcbur etdilər, bir sözlə özlərini təsdiqləməyə nail oldular. Son 20 ildən artıq zaman kəsimini obrazlı şəkildə ifadə etsək, vətəndaş cəmiyyəti institutlarının məhz özünütəsdiq, cəmiyyətin aparıcı qüvvələrindən biri kimi qəbul edilmək və tanınmaq dövrü kimi xarakterizə etmək olar. Keçilmiş yola nəzər salsaq, görərik ki, vətəndaş cəmiyyəti institutları demək olar ki, bir çox istiqamətlərdə neqativ təsirlərə məruz qalır və bunlarla mübarizə aparmalı olurdular. Siyasi təsisatlar vətəndaş cəmiyyəti institutlarını onların ideyalarının başqa formatda müdafiəçisi və təbliğatçısı, dövlət orqanları öz qərar və addımlarının, mənafelərinin dəstəkləyicisi,  bəzi xarici qüvvələr özlərinin ruporu, nüfuz agentləri və PR təsisatları kimi görmək istəyirdilər. Təsadüfi deyildi ki, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin missiyası, məqsədləri, məramları ilə bağlı qızğın müzakirələr, diskussiyalar son zamanlara kimi gündəmdən düşmürdü. Bu müzakirələr və diskussiyalar bu gün də zaman-zaman davam etdirilməkdədir. Lakin artıq qəti şəkildə, inamla söyləmək olar ki, Azərbaycanda öz missiyasını və cəmiyyət qarşısında məsuliyyətini anlayan, hansı hədəfləri seçdiyini, cəmiyyəti hara səslədiyini, aydın şəkildə dərk edən və ictimai həyatın müstəqil vahidi kimi çıxış edən üçüncü sektor formalaşıb. 2007-ci ildə isə vətəndaş cəmiyyəti institutlarının, üçüncü sektorun özünütəsdiqləmə mərhələsinin sonu və növbəti, keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyan addım atıldı. QHT-lərin və bütövlükdə üçüncü sektorun möhkəmlənməsi onların dövlət orqanları ilə münasibətlərinin inkişafına da təsirsiz ötüşməmişdi. Ardıcıl və sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri, əməkdaşlığın inkişaf etməsi sahəsində müəyyən müsbət nəticələr və təcrübə əldə olunmuşdu. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi. Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yeni perspektivlər açan bu konsepsiyanın qəbul edilməsi üçüncü sektorun böyük tarixi uğuru, Azərbaycan dövlətinin isə demokratik inkişaf yolunda irəliyə atılmış mühüm addımı kimi qiymətləndirilə bilər.

Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var.

Zamanında və ən zəruri məqamda dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına tam dəstək ifadə edildi, üçüncü sektor tamhüquqlu tərəfdaş elan oldu.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoydu. Bu mərhələ bir sıra xüsusiyyətlər ilə əvvəlki dövrlərdən fərqlənir. Əvvəla, vətəndaş cəmiyyəti institutları - dövlət münasibətlərinin uğurlu modeli yaranıb. Bu model vətəndaş cəmiyyəti institutları və dövlətə bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir. İkincisi, ictimai fikirdə vətəndaş cəmiyyəti institutlarına olan münasibət bir qədər dəyişildi. Vətəndaş cəmiyyəti institutları ilə bağlı daha çox sovetlər sistemindən qalma ənənələri dağıtmağa imkan verdi. Hazırda QHT-lər cəmiyyətlə dövlət orqanları arısında etimadlı münasibətlərin yaradılmasında körpü rolunu oynayan əsas instituta, təsisatlara çevrilməkdədirlər. Bundan əlavə, QHT hərəkatı daha da genişlənib. Bu və ya digər səbəblərdən indiyə qədər xarici donorların dəstəyindən məhrum olan QHT-lər yeni imkanlar əldə ediblər. Üçüncü sektorun "kölgədə" qalmış tərəfi inkişaf üçün stimul əldə edib. Həmçinin, regionlarda QHT-lərin yaranması və fəaliyyət göstərməsi istiqamətində irəliləyiş müşahidə olunmaqdadır. Digər tərəfdən, QHT-lərin fəaliyyətində, ümumilikdə III sektor daxilində şəffaflığın, üzvləri, cəmiyyət və dövlət qarşısında hesabatlılığın artması istiqamətində müsbət meyllər müşahidə olunur. Həmçinin cəmiyyətin özündə vətəndaş cəmiyyəti institutlarına inam artıb. Vətəndaş cəmiyyəti ideyaları, bu institutların fəaliyyəti, nə istədikləri, hədəfləri cəmiyyət tərəfindən daha yaxşı aydın şəkildə qavranılmağa başlayıb.

Son 20 ildən artıq müddət ərzində vətəndaş cəmiyyəti institutlarının keçdiyi yol və əldə edilmiş uğurları göz önünə gətiriləndə görürük ki, əldə edilən uğurlar hər bir üçüncü sektor təmsilçisini sevindirir, eyni zamanda əldən verilən, istifadə edilməyən imkanlar barəsində də QHT nümayəndələri tərəfindən düşünülür və bunlarla bağlı diskussiyalar aparılır. Bu da təbiidir, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, mövcud imkanlardan daha səmərəli istifadə edilməsi üçün bu gün vətəndaş cəmiyyəti institutlarının üzləşdiyi problemlərin, onların həlli yollarının müzakirəsi olduqca vacibdir. Təbii ki, üçüncü sektor nümayəndələri bu zaman rasional düşünməli, mövcud situasiyaya obyektiv baxmalı və ən vacibi yalnız vətəndaş cəmiyyəti institutlarının inkişafının sürətləndrilməsini hədəf götürməklə çıxış yolları üzərində fikirləşməlidirlər.

Azərbaycanda dövlətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin uğurlu modeli vətəndaş cəmiyyəti institutlarına və dövlətə bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlığa imkan verir.  Ancaq bu da təbiidir ki, vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın dərinləşməsi prosesi davam etdirilməlidir. Bu proses "yuxarıdan" "aşağılara" doğru dərinləşməlidir. Dövlət orqanları sisteminin aşağı həlqələrində üçüncü sektor təmsilçiləri hələ də QHT-lərlə əməkdaşlığa maraq və meyl görmürlər. Həmçinin, bir sıra mərkəzi icra hakimiyyəti orqanları QHT-lərlə əməkdaşlığa özlərinin PR fəaliyyətinin bir komponenti kimi baxırlar. Yerli icra hakimiyyəti orqanları səviyyəsində isə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələlərində problemlər müşahidə edilir. Dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarının tərəfdaş elan olunmasına baxmayaraq, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanları hələ də sovet sisteminə xas bürokratik buxovlardan azad ola bilmirlər. Bu isə üçüncü sektor üçün əlavə problemlər yaradır, onlara fəaliyyət sferalarını, fəaliyyət coğrafiyasını genişləndirməyə imkan vermir. Eyni zamanda regionlarda QHT hərəkatının genişlənməsinə süni əngəllər yaradır.

Vətəndaş cəmiyyətinin böyüməsi və daha da inkişaf etməsi üçün bu sahədə də mövcud problemlər həll edilməlidir. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın institusional səviyyəyə keçməsi təcrübəsi daha geniş yayılmalıdır. Bunun üçün əlverişli siyasi mühit və əsasən qanunvericilik bazası mövcuddur. QHT-lər bu istiqamətdə təşəbbüskar olmalı və mövcud imkanlardan maksimum yararlanmalıdırlar. Dövlət orqanları tərəfindən isə xüsusilə regionlarda dövlət qulluqçuları üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq mövzusunda təlimlər, məlumatlandırma və maarifləndirmə kampaniyaları daha da genişləndirilməlidir.

Arzuolunmaz hallardan biri budur ki, vətəndaş cəmiyyəti institutlarının bütün səylərinə baxmayaraq, özəl sektor üçüncü sektorla əməkdaşlıq etməyə bir o qədər də maraq göstərmir. Müasir dünyada vətəndaş cəmiyyəti institutlarının maliyyələşdirilməsində özəl sektor böyük rol oynayır. Qonşu Türkiyədə dərnək və vəqflər əsasən özəl sektor tərəfindən dəstəklənir, son illər Rusiya Federasiyasında bu praktika çox böyük sürətlə genişlənməkdədir, həmçinin Avropa ölkələrində biznes üçüncü sektorun əsas donorlarından biri kimi çıxış edir. ABŞ-da özəl sektor və iş adamlarından daxil olan ianələr qeyri-kommersiya təşkilatlarının aldıqları maliyyənin 20 fazini, İtaliya və Almaniyada 4 faizni təşkil edir. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycanda bu praktika geniş yayılmış və dövlətin diqqətindən kənarda qalan sosial problemlərin həlli iş adamlarının dəstəyi ilə ictimai birliklər, dərnəklər tərəfindən həyata keçirilirdi. Çox təəssüf ki, biz bu gün bu ənənənin davamını görmürük və özəl sektor vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsində passiv mövqe tutur. Bu isə öz növbəsində vətəndaş cəmiyyəti institutlarını əlavə imkanlardan məhrum edir, onlara öz potensialını da geniş miqyasda nümayiş etdirməyə imkan vermir.  Milli özəl sektorla yanaşı Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər də ardıcıl olaraq, sistemli şəkildə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa və tərəfdaşlığa maraq göstərmirlər. Onlar bir qayda olaraq özləri tərəfindən seçilən ayrı-ayrı QHT-lərə qrantlar ayırırlar. Lakin onların dəstəyi yalnız konkret istiqamət və konkret QHT-lərə yardım göstərilməsi ilə məhdudlaşır. Transmilli şirkətlərin cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində, vətəndaş cəmiyyətinin özünün inkişafına yönəlmiş sərmayə proqramları yoxdur.

Müasir dünyada biznesin sosial məsuliyyətlə bağlı məsələlərə diqqətlə yanaşmasının nümayiş etdirilməsi rəqabət imkanlarını artırmağa kömək edən əsas vasitələrdən biri hesab olunmasına baxmayaraq milli özəl sektor və ölkədə fəaliyyət göstərən transmilli şirkətlər bu tendensiyaya laqeyd yanaşırlar.

Halbuki vətəndaş cəmiyyəti institutlarının yeni inkişaf mərhələsində daha böyük nailiyyətlər əldə etməsi xeyli dərəcədə özəl sektorla əməkdaşlıq imkanlarının genişlənməsindən asılı olacaq. Bu əməkdaşlıq özəl sektor üçün də böyük fayda verə bilər. QHT-lərin korrupsiyaya qarşı mübarizədən tutmuş biznes mühitin yaxşılaşmasına qədər ən müxtəlif sahələrdə təşəbbüsləri sonda özəl sektorun daha da inkişafına və genişlənməsinə gətirib çıxaracaq. Nəticədə bütün cəmiyyət bu əməkdaşlıqdan fayda götürəcək, özəl sektorun dəstəyi ilə QHT-lər tərəfindən sosial problemlərin həllinə yönəlik səyləri cəmiyyətdə harmoniyanın saxlanması, sosial gərginliyin azalmasıyla nəticələnəcək.

İnkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti institutları innovativ ideyalar irəli sürməklə və beyin mərkəzləri kimi çıxış etməklə ənənəvi problemlərin həllində (yoxsulluğun azaldılması, marginal qrupların məşğulluğu, sosial xidmətlər, kiçik biznesin inkişafı və s.) yeni üsul və vasitələr tapmağa nail olurlar. Bu isə öz növbəsində vətəndaş cəmiyyəti institutlarının sosial-iqtisadi inkişafa məxsusi töhfə verməyə imkanlar yaradır. Vətəndaş cəmiyyəti institutları "insan kapitalı"nın yaradılmasında müstəsna xidmətlər göstərirlər. Cəmiyyəti irəli aparacaq, həmçinin iqtisadi tərəqqiyə yeni impuls verəcək ideyalar bir çox hallarda vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülür və təşviq edilir.

Vətəndaş cəmiyyəti institutlarının məhz ölkənin sosial iqtisadi inkişaf proseslərində daha fəal iştirak etməsi III sektorun prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirilə bilər. Bu istiqamətdə vətəndaş cəmiyyəti institutları hələ ki, öz potensiallarından kifayət qədər istifadə edə bilmirlər. Bunun obyektiv və subyektiv səbəbləri var, lakin yeni inkişaf mərhələsində vətəndaş cəmiyyəti institutları əsas diqqəti buna mane olan səbəblərin aradan qaldırılmasına yönəltməlidirlər. Dövlət isə öz növbəsində bu məsələdə vətəndaş cəmiyyəti institutlarına fəal yardım göstərməlidir. Bu yardım vətəndaş cəmiyyəti institutlarına vergi güzəştlərinin tətbiqi, dövlət sifarişlərinin verilməsi istiqamətində ola bilər.

Həmçinin dövlət proqramlarının hazırlanması və icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi praktikası daha da genişləndirilməlidir. Hazırda vətəndaş cəmiyyəti institutları 20-ə yaxın dövlət proqramının icrasına müxtəlif istiqamətlər üzrə tərəfdaş kimi cəlb olunublar. Amma bir çox hallarda onların bu dövlət proqlamlarının həyata keçirilməsində iştirakı simvolik xarakter daşıyır. Gələcəkdə dövlət proqramlarının hazırlanması və həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu artırılmalıdır. Onlar yalnız tərəfdaş kimi deyil, ayrı-ayrı istiqmətlərdə tədbirlərin həyata keçirilməsində əsas icraçı tərəflərdən biri kimi nəzərdə tutulmalıdırlar. Vətəndaş cəmiyyəti institutlarının hazırkı inkişaf səviyyəsi və potensialı bu məsuliyyəti öz üzərlərinə götürməyə imkan verir. 

Azərbaycanda da vətəndaş cəmiyyəti institutları sosial problemlərin həllinə əhəmiyyətli töhfə verirlər, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yardım göstərilməsi, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi, əlillərlə, müharibə veteranlarına, yoluxucu xəstəliklərdən əziyyət çəkənlərə yardım edilməsi və digər sahələrdə QHT-lər kifayət qədər fəaldır. Lakin inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmiz bu sahədə çox geri qalır. Dünya təcrübəsi göstərir ki, sosial problemlərin həllində vətəndaş cəmiyyəti institutları böyük uğurlar əldə edirlər. Bu QHT-lərin fəlsəfəsi, çevikliyi və novatorluğu ilə bağlıdır. Sosial problemlərin həllində QHT-lər yeni ideyalar, mexanizmlər irəli sürməklə təbət etibarı ilə ləng və bürokratik buxovlardan əziyyət çəkən dövlət və yerli özünüidarəetmə orqanlarını üstələyirlər. Eyni zamanda könüllülərin cəlb olunması, ictimai dəstək və inam QHT-lərə bu məsələlərdə dövlət orqanları və özəl sektorla çox ciddi rəqabət aparmağa imkan verir.  Bu baxımdan Azərbaycanda  sosial problemlərin həlli ilə bağlı QHT-lərin dövlət orqanları tərəfindən daha geniş əməkdaşlığa cəlb edilməsi praktikası çox böyük nailiyyətlər əldə etməyə imkan verərdi. Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivlərindən biri də məhz onların sosial problemlərinin həllində dövlətin və özəl sektorun əsas tərəfdaşına çevrilməsidir. Artıq bu istiqamətdə ilkin təşəbbüslər edilməkdədir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə "Sosial sifariş haqqında" qanun layihəsi hazırlanır. Bu qanun layihəsinin hazırlanması və qəbulu sosial problemlərin həllində QHT-lər üçün yeni imkanlar açacaq. Sosial problemlərin həllində dövlət siyasətində yeni praktika tətbiq ediləcək. Bu isə vətəndaş cəmiyyəti institutlarının cəmiyyətdəki rolunun daha da artmasına şərait yaradacaq.

Sözügedən prosesdən əsas və ən lazımlı gözləntilər budur ki, vətəndaş cəmiyyəti ideyasının daha geniş yayılması, onların potensialının artırılması, üçüncü sektorun inkişafına mane olan problemlərin həlli, yaxın gələcəkdə və uzaq perspektivdə qarşıda duran hədəflər barədə ümumiləşdirilmələr aparılması və tövsiyələr verilməsi  vətəndaş cəmiyyətinin yeni inkişaf mərhələsi ilə bağlı gözləntilərin daha aydın ifadə edilməsində yardımçı olacaq. Yeni inkişaf mərhələsində vətəndaş cəmiyyəti bu günə kimi əldə etdiyi uğurları daha da möhkəmləndirməli və ictimai həyatda "üçüncü" qüvvə kimi dövlət və özəl sektorla yanaşı bütövlükdə cəmiyyətin inkişafı üçün məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirməlidir. Vətəndaş cəmiyyəti institutları bir sıra qüvvələrin təlqin etmək istədiyi kimi dövlətin, dövlət qurumlarının rəqibi kimi yox, cəmiyyəti narahat edən problemlərin həlli ilə bağlı daha faydalı alternativlər, novasiyalar irəli sürən, hər zaman bərabərhüquqlu tərəfdaşlığa hazır olan qüvvə kimi çıxış etməlidirlər. Yalnız bu halda Azərbaycanda üçüncü sektor istər dövlətdən, istərsə digər qüvvələrdən müstəqilliyini saxlamaqla, onların təsir dairəsinə düşmədən  özünəxas baza dəyərlərini saxlamaqla inkişaf edə biləcək. Təbii ki, yeni inkişaf mərhələsində vətəndaş cəmiyyəti daha böyük nailiyyətlər əldə etməsi üçün həm vətəndaş cəmiyyəti institutları, həm dövlət, eyni zamanda bütün cəmiyyət səviyyəsində bir sıra vacib problemlərin həlli üçün səy göstərilməlidir. Vətəndaş cəmiyyəti institutları, bütövlükdə üçüncü sektor  öz təsir dairəsi və potensialını artırmalıdır. Bu məqsədlə könüllülük fəaliyyətinin genişlənməsinə nail olmaq zəruridir. İnkişaf etməkdə olan ölkələrdə könüllülərin təmənnasız yardımı QHT-lərin fəaliyyəti üçün həlledici dəstək rolunda çıxış edir. Vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalı və onların dəyərlərini, ideallarını bölüşən insanları ümumi fəaliyyətə cəlb etməyin yolları üzərində ciddi düşünməlidirlər.

 

S.QULİYEVA

525-ci qəzet.- 2014.- 24 iyun.- S.6.