Azadlıq şairi Əli Tudə və
onun "Türklər" poeması
Əli Tudə (31.01.1924-26.02.1996) Azərbaycan mühacir ədəbiyyatının
görkəmli nümayəndələrindən biridir. O şimallı-cənublu Azərbaycanımızın
sevilən şairlərindən biri olmuş, ömrü boyu
azadlıq duyğuları ilə, Cənub həsrətilə
yaşayıb-yaratmış söz sənətkarlarımızdandır.
Bütün həyatı qaçhaqaç-qovhaqovda,
qadağalarda keçmiş şair illərlə gah
Şimalda, gah da Cənubda məskunlaşaraq ağır
mühacir ömrü sürüb və bu həyatı
"ayrılıq imtahanı" adlandırıb.Əli Tudə
məhəbbətdən, təbiətdən, sadə
insanlardan... cild-cild kitablar yazıb. Onun şeirlərinin,
poemalarının, povest və hekayələrinin qəhrəmanlarının
əksəriyyəti sadə azərbaycanlılardır.
Canlı həyat, sadə danışıq tərzi, təmiz
dil və anlaşıqlı üslub, hamının dərk edə
biləcəyi fikir və ifadə, nəhayət, səmimiyyət
Əli Tudə əsərlərinin "qanını",
"canını" təşkil edir. Bu əsərlər
şifahi xalq ədəbiyyatından, qədim adət və ənənələrimizdən
bəhrələnmiş, ən başlıcası isə
milli özünüdərk təfəkkürünə
söykənən bir xətdən keçmişdir. Onun
hekayələrinin süjeti yəqin ki elə öz həyatından
götürülmüşdür: nəsr əsərlərinin
əksəriyyətini ömrü mübarizələrdə
keçmiş bir azəri türkünün həyat
tarixçəsi adlandırmaq isə daha düzgün
olardı.
Əli Tudənin çoxşaxəli
yaradıcılığında Cənub mövzusu
qırmızı xətlə keçir. "Arazın o
tayında" (1954), "Yaralanmış nəğmələr"
(1964), "Mehabadlı tələbə" (1968), "Hicran
yolu" (1981), "Çanaxbulaq dastanı" (1984),
"Əbədi nisgil" (1984), "Gecikmiş vüsal"
(1988), "Ayrılmış sahillər" (1996) və
başqa poemaları məhz bu səpkidədir. Ayrılıq,
həsrət, hicran dolu həyat motivləri ilə
yanaşı şairin demokratik ruhlu azadlıq arzuları da həmin
əsərlərin əsas qayəsini təşkil edir. Ötən əsrin 50-ci illərindən
başlayaraq qələmə alınmış bu poemalar elə
bugünümüzdə də öz əhəmiyyətini
qoruyub saxlamışdır. Dünya
xalqlarının milli-azadlıq hərəkatının, demokratiya
uğrunda savaşın geniş vüsət aldığı
günümüzdə cənublu soydaşlarımız da
müxtəlif çətinliklərə, qadağa və məhrumiyyətlərə
baxmayaraq küçə və meydanlara axışır, arzu
və istəklərini, tələblərini bildirməyə
çalışırlar. Onlar bu gün
bizə çox adi görünən ən xırda
azadlıqlardan belə məhrumdurlar. Azərbaycandilli məktəblərin
olmaması, anadilli mətbuatın həddindən artıq məhdudluğu,
söz azadlığı və s. bu kimi insan haqlarına malik
olmayan cənublu soydaşlarımız vaxtaşırı
olaraq öz sözlərini hökumətə çatdıra
bilirlər.
Artıq
20 ildir ki, özünün dövlət müstəqilliyini,
milli istiqlaliyyətini bərpa etmiş Azərbaycan
Respublikasında iqtisadiyyatın sürətli inkişafı,
insanların həyat şəraitinin əhəmiyyətli dərəcədə
yüksəlişi 50 milyonluq dünya azərbaycanlılarını,
o cümlədən 30 milyonluq cənublu
soydaşlarımızı da ruhlandırmışdır. Onlar vaxtaşırı olaraq özlərinin haqq səslərini
ucaldaraq örnək kimi məhz müstəqil Azərbaycan
Respublikasından da çox şey
görüb-götürürlər. Bu gün ölkəmizdə
formalaşmış milli mənlik şüuru, azərbaycançılıq
ideologiyası, bu ideologiyanın tərkib hissəsi olan
türkçülük məfkurəsi özünün
minilliklərin dərinliklərindən gələn möhkəm köklərinə
qayıdır. Bu qayıdış müqabilində vaxtilə
yasaqlanmış mövzular, hətta XX əsrin sonlarınadək
az qala unutdurulmuş tarixi gerçəkliklər
üzə çıxır, tarixin qaranlıq məqamlarına
işıq salınır. İllər uzunu azərbaycanlıları
müxtəlif adlarla qələmə alan
üzdəniraq tarixçi və siyasətçilər
düşünülmüş şəkildə xalqa milli mənsubiyyətini,
tarixi köklərini unutdurmağa
çalışmışlar. Lakin
xalqımızın parlaq beyinləri öz milli mənliyini
qoruya-qoruya onu saf şəkildə, heç bir deformasiyaya
uğramayan bir formada indiki nəsillərə çatdıra
bilmişlər. Bu müqəddəs yolda
tarixçilərlə yanaşı ədəbiyyat fədailəri
də qoşa addımlamış, xalqın taleyüklü məsələlərini
ürəklərində yaşadaraq, heç bir qadağalara
baxmadan uğurla qələmə almağa müvəffəq
olmuşlar.
Bu mənada şair Əli Tudənin "Türklər"
poeması da diqqətçəkəndir. Əsərdə bəzi
üzdəniraq tarixçilərə:
Mən
türklərin içində
Azərbaycan
türküyəm.
- deyə tutarlı cavab verilərək azərbaycanlılara
aid edilən "mən kiməm" sualı poetik dillə
yerli-yataqlı
cavablandırılmış və türklərin mənəvi
birliyi tərənnüm edilmişdir:
Möhtəşəm
Türk dünyası
Fəxrimdir, qürurumdur.
Uğuru
uğurumsa,
Qüsuru
qüsurumdur...
Sevinci
sevincimdir,
Kədəri kədərimdir.
Şair
burada zaman-zaman düşmən fitvası ilə bir-birinə
qənim kəsilmiş türk sərkərdələrindən
söz açaraq İldırım Bəyazidlə Teymurləngin
döyüşünü xatırladır və düşmənləri
lərzəyə gətirmiş iki türkün bir-birinin
üzərinə yürüşünü "tarixdə bir
dəhşət" kimi qiymətləndirir. Əli Tudə əsrlərlə
param-parça edilən, pərakəndə vəziyyətdə
olan Azərbaycan torpaqlarını birləşdirməyə
can atmış, bu ali məqsədinə
çatmaq üşün ilahi eşqlə məşəqqətli
yürüşlərə çıxmış Şah
İsmayıl Xətai haqqında ayrıca bəhs edir. Xətai "bu başdan o başadək"
parçalanmış Vətəni birliyə səsləyir.
"Dövlətin əzəməti", "dar gündə
elin elə sədaqəti", "çayların, kəhrizlərin,
göllərin, dənizlərin qüdsiyyəti",
"sevilənlə sevənin məhəbbəti" məhz
elə bir olmaqda deyilmi? Elə dövlət
başçısını da yaşadan budur. Onu
... öz millətinə
Xidmətidir yaşadan.
Vətəni
birləşdirmək
Niyyətidir yaşadan.
Bəs Vətənin sərhədləri haradan
başlanır? Əli Tudə coğrafi koordinatları şeirə gətirərək
sanki Azərbaycanın xəritəsini çəkir:
Bir ucu Dərbənddədir,
Bir ucu Həmədanda.
Bir ucu Kərkükdədir,
Bir ucu İrəvanda.
Bir ucu
Göyçədədir,
Bir ucu Borçalıda.
Bir ucu
Mehridədir,
Bir ucu Xocalıda.
Bir ucu
Dilcandadır,
Bir ucu Zəngəzurda.
Bir ucu
Makudadır,
Bir ucu Dəstəfurda.
Dünya görmüş şahlarla döyüşən
gənc Şah İsmayılın saysız-hesabsız qələbələri
ilahinin sirridir.
Məğrur Azərbaycan övladı
qılıncı və qələmi ilə Vətənin
şənini göylərə qaldırdığı bir
zamanda Sultan Səlim Çaldıranda onunla döyüşə
başlayır. Vətən tarixində şanlı səhifələr
yazmış elə bir oğulla ki:
Şeirində
Azərbaycan
Məhrəm-məhrəm danışır.
Qürurla
dolu səsi
Lal tarixə qarışır.
Şah
İsmayıl Xətai də, Sultan Səlim də
türkdür; hər ikisi də şairdir; lakin Xətaidən
fərqli olaraq Səlim fars dilində
yazır və bununla fəxr edir. O, düşmənlərin
fitvasına uymuşdur. Canı, qanı,
torpağı, suyu və havası bir olan insanların -
sünni və şiə məzhəbli türk
qardaşların arasına nifaq salınmışdır.
Gücləndikləri əyyamda ümumi
düşmənlərimiz sünni-şiə məsələsini
ortaya atmış, zaman-zaman qardaşlar bir-birilə
vuruşmuşdur. Dava tükənir, yadlar
isə onu yenidən başlayırlar. Şair bu məqamı
dəyərincə anlada bilir və:
... türkün türklə
Döyüşü fəlakətdir.
Türk
türklə çarpışanda
Kim gələcək haraya?
- deyərək yadların ancaq tamaşaya
duracaqlarını bildirir. Aranı
qızışdıranlar elə onlar deyilmi? Adı çəkilən mənfur döyüş
zamanı namərd sultan toplardan atəş açır;
şah isə bunu kişilikdən sanmayaraq döyüşə
qılıncla atılır. Sultandan fərqli
olaraq o, əsirlərin sağ-salamat
saxlanılmağını əmr edir. Çünki
Xətai başqa bir düşüncənin sahibidir. Hətta
döyüş meydanında yaralanan zaman:
Həkim
şahı hücumdan
Saxlamaq
istəyəndə,
Qolunun
yarasını
Bağlamaq
istəyəndə,
Şah
deyir, siz şəfqətli
Əlinizi
saxlayın!
Siz mənim
yox, Vətənin
Yarasını
bağlayın!
Döyüş
sarıdan məğlub olan Xətai mərdlik sarıdan qalib gəlir!
Yadlar isə hər iki türkdən doyunca qisas
alır. Bu, bütün yer üzünə
səpələnmiş türklərə tarixin bir ibrət dərsidir.
Tarixin qatlarında möhtəşəm iz
qoymuş iki nəhəng imperiyanı məhz beləcə
susdurmağa müvəffəq oldular.
Qeyd etmək yerinə düşür ki, Azərbaycan məhz
Şah İsmayıl Xətainin dövründə qüdrətli
bir dövlət kimi təşəkkül taparaq tarixin səhnəsinə
çıxmışdır. Əhali doğma dildə
yazıb-oxuyur, bu dildə verilən məşhur şah fərmanları
milləti sevindirir. Bütün
varlığı ilə şair təbiətli olan şah
sözü ilə, silahı ilə döyüşə
yollananda ölüm təhlükəsinə görə
özüylə heç zaman heç bir sənətkar
aparmayaraq onların məhv edilməsinə qıymır. Əksinə, o ustadları təbliğ
etməyi də yaddan çıxarmır:
Şah
İsmayıl Qərbdə də
Tanıdır hər ustadı.
Gözü
üstdə saxlayır
Qurbanini,
Behzadı.
Təsadüfi
deyildir ki, dahi Füzulinin dünya şöhrətli sənət
inciləri, ustad Qurbaninin ürəkləri fəth edən
qoşmaları Kəmaləddin Behzadın ilhamla
yaratdığı ecazla dolu, bütün Şərqi heyran edən
rəsmləri məhz Şah İsmayılın
dövründə yaranmışdır.
Əli
Tudə Şah İsmayıl Xətainin atalardan çəkdiyi
"Dağ ətəyi peyğəmbər ətəyidir"
misalını ömrü boyu qulaqlarına sırğa edir və
qanlı döyüşlərdə də, özünü tək
sananda da:
Peyğəmbər
ətəyindən
Yapışmağa çalışdım.
O
olmadı... Savalan
Ətəyindən yapışdım.
- deyə məşəqqətli gəncliyini
xatırlayır...
Şair əsərin sonunda riyakar ermənilərin
"Böyük Ermənistan" xülyasından
danışır. Onu diqqətə çatdırır ki,
fitvalar bu gün də davam edir. Ermənilər Azərbaycanın
qərb torpaqlarını işğal altında saxlayır,
lakin dünya türkləri hələ də susur:
Nə bir
yerə yığılır,
Nə də
dünyaya deyir:
Azərbaycan dağılır!
Şair dünya türklərini əzəli və əbədi birliyə səsləyərək düşmən fitvasına uymamağa çağırır. Əsər tarixi qaynaqlardan mükəmməl yararlanmış, dövrün həqiqətləri ilə şair təxəyyülü bir -birini tamamlamışdır. Əsər boyu oxucunu ibrətamiz fikirlər müşayiət edir ki, bu da oxucunu addımbaşı düşünməyə vadar edir. 1993-cü ildə qələmə alınmış, ideya məzmunu ilə diqqət çəkən "Türklər" poeması proloqdan, "Mən kiməm", "Tarix danışır", "Musiqi məclisində", "Təzadlı döyüş", "Sevgi duyğuları", "Son məktub", "Əzəmətli dəfn", "Zamanın tövsiyəsi" bəlmələrindən və epiloqdan ibarətdir. Əsər maraqlı süjet xətti üzərində qurulmuşdur. İdeya-bədii xüsusiyyətləri, eləcə də texnikası ilə seçilən "Türklər" poeması Əli Tudənin poetik yaradıcılığında əksər əsərlərindən fərqli olaraq başdan-başa 7-lik heca üzərində qələmə alınmışdır. Poemada önə çəkilən məsələlər qarşıya qoyulan məqsədə müvafiq olaraq öz ideya-bədii həllini tapmışdır.
Vaxtilə "Azərbaycan" ("İnqilab və mədəniyyət") jurnalının səhifələrində tez-tez çıxış edən Əli Tudənin "Cənub nəğmələri" adlanan ilk kitabı 1950-ci ildə Bakıda çapdan çıxmışdır. Elə həmin ildə "Bakının işıqları", daha sonra isə "Vətən sevgisi" (1951), "Məhbusların son sözü" (1952), "Şimal həsrəti" (1953), "Arazın o tayında" (1954), "Şeirlər" (1955), "Şairin düşüncələri" (1956), "Qartal" (1959), "Qəzəb" (1959), "Şairin kitabxanası" (1962), "Buludlar" (1964) və başqa şeir kitabları nəşr olunur. İllərin ardıcıllığına diqqət yetirsək, şairin məhsuldar bir yaradıcı şəxsiyyət olduğunu görə bilərik. Şairin indiyədək 40-a yaxın kitabı işıq üzü görmüşdür.
Vaxtilə Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Balaş Azəroğlu, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Nəriman Həsənzadə, Hökumə Billuri, Cabir Novruz, Mirvarid Dilbazi, Qılman İlkin, Teymur Əhmədov, Şamil Salmanov, Sabir Əmirov, Nazim Rizvan, Mahmizər Mehdibəyova və başqaları Ə.Tudə şəxsiyyəti və onun yaradıcılığı haqqında elmi və elmi-publisistik məqalələrlə çıxış etmişlər. Fikrimizcə, bütün bunlar kifayət deyildir. Ə.Tudənin həyat yolu, yaradıcılığı müxtəlif istiqamətli, daha əhatəli tədqiqat əsərlərində öz əksini tapmalıdır. Onun ədəbi irsi neçə-neçə namizədlik və doktorluq işlərinin dolğun mövzusu ola bilər.
Əli Tudənin yaradıcılıq yolu nəsillər üçün örnəkdir. Onun ədəbi əsərlərindən, həyat və yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin - heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.
Ağahüseyn ŞÜKÜROV
525-ci qəzet.- 2014.- 25 iyun.- S.7.