"Mərasimlərin, adətlərin elə
tərəfləri var ki, məhz qanunla tənzimlənməlidir"
Millət vəkili, professor Rafael Hüseynovun "525"ə müsahibəsini təqdim edirik.
- Rafael
müəllim, parlamentin yaz sessiyası artıq başa
çatsa da, Sizin uzun müddətdən bəri
hazırladığınız bir çox qanun layihələri
- "Muğam sənəti haqqında", "Aşıq sənəti
haqqında" və "Adlar və soyadlar haqqında" və
başqaları sözügedən sessiyanın da müzakirələrinə
çıxarılmadı. Bu yubanma barədə
nə düşünürsünüz?
- Mənə
elə gəlir ki, deputatların o hissəsi ki, qanun
yaradıcılığı ilə daha çox məşğuldurlar,
onların əsas vəzifəsi bu qanunları hazırlamaq,
onların daha təkmil bir şəklə gəlib
çatmasına səy göstərməkdir. Mən də
öz növbəmdə bu istiqamətdə
bacardığım işləri görürəm. Məsələn, "Muğam sənəti
haqqında" qanundur ki, o, artıq müzakirə olunub. Azərbaycanın yalnız bu sahə ilə əlaqədar
hüquq mütəxəssisləri deyil, həm də
muğam sənətinin daşıyıcıları olan
insanların iştirakı ilə geniş müzakirələr
keçirilib və düşünürəm ki, uzun təhlillərdən
sonra normal bir qanun layihəsi yaradılıb. Eyni zamanda, "Adlar və soyadlar haqqında"
qanun layihəsi də vaxtilə komitəmizdə müzakirə
olunub, ona baxışlar aydınlaşıb. Həmçinin,
"Aşıq sənəti haqqında" ,
"Yazılı abidələr haqqında" qanun layihələri üzərində də iş
tamamlanmaqdadır. Ardıcıllıq zərurətin
özünün tələbinə əsasən bu
qanunları da günlərin hansısa yaxın birində
müzakirəyə çıxarmağa gətirib yetirəcək.
Amma qanun layihələrinin parlamentdə
açıq müzakirəyə çıxarılması
artıq o parlament rəhbərliyinin səlahiyyətində
olan məsələdir ki, görünür, o qanun layihələrinin
vaciblik dərəcəsini, hansının daha tez icraya
başlanması əhəmiyyətini nəzərə alaraq
bu ardıcıllığı düşünüblər.
Güman edirəm ki, buna mane olacaq elə bir səbəb
yoxdur və yaxın gələcəkdə bu qanun layihələri
də parlamentdə açıq müzakirəyə
çıxarılıb qəbul edilə bilər. Yəni, Azərbaycan qanun sistemi müstəqil
dövlət olaraq inkişaf edir. Görürsünüz
ki, biz haçansa qəbul etdiyimiz qanunlara da çoxlu dəyişikliklər,
əlavələr edirik, onlar üzərində korrektələr
də aparırıq, bu, bir prosesdir. O prosesin içərisində
hansının əvvəl, hansının sonra olmasını
isə o axının özü müəyyən edir. Ona görə düşünürəm ki, burada
hansısa səbəb axtarmağa ehtiyac yoxdur. Ardıcıllıq zərurətin özünün
tələbinə əsasən bu qanunları da günlərin
hansısa yaxın birində müzakirəyə
çıxarmağa gətirib yetirəcək.
-"Adlar
və soyadlar haqqında" qanun layihəsi ilə
bağlı müzakirələr intensivləşərkən
məlum oldu ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən
də bu
yöndə bir komissiya yaradılıb və onun
hazırladığı sənəd Nazirlər Kabinetinə təqdim
olunub. Bu baxımdan ola bilərmi ki, gələcəkdə
sözügedən komissiyanın və Sizin
özünüzün yaxından iştirakı ilə bu
yöndə son və təkmil bir qanun layihəsi
hazırlanıb ortaya qoyulsun?
- Əvvəla,
belə düşünürəm ki, "Adlar və soyadlar
haqqında" qanun layihəsini o zaman təsadüfən
hazırlamadım. Çünki uzun müddət bu yöndə
məsələlərin elə bir əsasnamə ilə idarə
olunması məsələsi ortada idi və bu gün də bəzi bu qənaətdə olan insanlar var.
Amma bu yalnız sırf ad və soyad dəyişikliyi məsələsi
deyil, bu, millətin taleyi ilə bağlı ciddi strateji, siyasi mənaları
olan bir hadisədir. Ona görə bu məsələyə
belə çox lokal, yalnız əsasnamə ilə idarə
olunan xırda problem kimi baxmaq düzgün deyil. Çünki hazırladığım o qanun layihəsində
problemin elə təfərrüatları nəzərdə tutulub
ki, bunu o əsasnamə həll etmir. Əsasnamə
2-3 ümumi problemi həll edir. Qanun layihəsi
daha geniş spektrləri, hədəfləri
götürür, yəni, uzun zaman üçün nəzərdə
tutulmuş-gələcək on illərin, yüz illərin
içərisində yaşayacaq xalqın adlar və soyadlar
sisteminin təkmil bir hala gəlməsini hədəf
götürür. Ona görə düşünürəm
ki, mütləq buna gəlib çatılacaq və ola bilsin
ki, hətta, mənim nəzərdə tutduğumdan da əlavə
fəsillərin gələcəkdə ora artırılması məsələsi
ortaya çıxsın. Amma biz indiki halda o qanun layihəsində
bütün aspektləri nəzərdə
tutmuşuq. Yaxud, "Muğam sənəti
haqqında" qanunu götürək. Muğama
bu gün Azərbaycanda dövlət səviyyəsində
qayğı var. Azərbaycan mədəniyyəti həm
ölkə içərisində və ölkə xaricində
təbliğ olunur, yüksək inkişaf edir. Amma
muğam sənətinin tarix içərisində üzləşdiyi çox
ciddi fəsadları da görmüşük. Ona
görə də bu xalq musiqisinin, mədəniyyətin ən
müxtəlif qanadlarında baş verən proseslər
yalnız ayrı-ayrı insanların iradəsindən,
yaxşı münasibətindən, xoş yanaşmasından
asılı olmamalıdır. Hər
şeyi qanunlar idarə etməlidir, çünki biz hüquqi
dövlət quruculuğunda irəliləyirik, bu istiqamətdə
çox böyük nailiyyətlərimiz var və bu nailiyyətlər,
əlbəttə ki, gələcəkdə də olacaq.
Bu, bizim xəttimizdir, sistemimizdir.
Əgər biz hüquqi dövlət qururuqsa, hüquqi
dövləti daha kamil etmək istəyiriksə, onda hər
bir səmtdə prosesləri idarə edən sabitləşmiş,
oturuşmuş qanunlarımız olmalıdır. Məsələn, əgər
xalça sənəti haqqında
qanunu qəbul etmişiksə, həmçinin, digər sənət sahələri,
o sənət sahələri ki, orada millətin
özlüyünü müəyyən edir və millətin
varlığı ilə bağlı olduğuna görə
bunlar yalnız mədəniyyət məsələsi deyil,
bunlar, həm də siyasi məsələdir. Ərazimizə
iddialar varsa, ərazimizi qəsb edirlərsə, bu, yalnız mənəviyyat
məsələsi deyil, bu, çox ciddi siyasi məsələdir.
Eyni şəkildə sənin muğamını da qəsb etmək
və mənimsəmə təhlükələri var. Sənin
xalçanı da mənimsəmə və özəlləşdirmə,
oğurlama təhlükələri var. Həmçinin, sənin
miniatür sənətinə də belə təhlükələr
var. O şeylərə ki, siyasi müdaxilə cəhdi, onu Azərbaycanın
əlindən qoparmaq, hansısa bir xalqın mədəni və
siyasi səbəblərlə özünə tərəf
çəkmək can atmaları var, o zaman biz o yerdə ayıq olmalıyıq və
bunu qabaqlayacaq siyasi təməlləri, hüquqi təməlləri
qurmalıyıq. Ona görə bu səmtlərin
hər biri ilə bağlı qanun layihələri
olmalıdır, mükəmməl qanunlar olmalıdır və
biz də bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
- Yeri gəlmişkən,
həm sədr müavini olduğunuz Mədəniyyət komitəsində,
həm də Sosial Siyasət Komitəsində ən çox
gündəmə gətirilən məsələlərdən
biri, heç şübhəsiz, toy və yas mərasimlərini
tənzimləyəcək qanun layihəsinin qəbulu məsələsidir.
Siz, bu haqda nə deyərdiniz?
- Mənə
elə gəlir ki, mərasimlər məsələni qanun
çərçivəsinə salmaq bir az
müşkül məsələdir. Çünki
bu, xalqın artıq yanaşması və zaman içərisindən
ələnərək keçən adətyaratmaq qabiliyyətinin
nəticəsi olaraq ortaya çıxır. Hətta, bir
kəndin içərisində, hətta, bir rayonun içərisində
olan ayrı-ayrı kəndlərin özlərində belə
müxtəlif adətlər ola bilir. Bir bölgənin bəzən
toy adətləri, yas adətləri, dəbləri, vərdişləri
bir cür olur, başqa yerinki baş cürə. Ona görə bunları bir ümumi sistem halına
salaraq hamıya tətbiq etmək düzgün olmaz. Amma
elə məsələlər var ki, bu meyarlar gərək
bütün ölkə ərazisində işləsin...
- Konkret
olaraq nəyi nəzərdə tutursunuz?
- Məsələn, mən vaxtı ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ekologiya Komitəsində bir məruzə hazırlamışdım və o da zahirən belə sadə görünən problem olsa da, amma Avropa ölkələrinin əksəriyyətindən olan deputatların çox ciddi marağına səbəb olmuşdu. Söhbət də səs və işıq çirkləndirmələrindən gedirdi. Səs və işıq çirkləndirmələri bu gün ekologiyanın, yalnız ətraf mühitin məsələsi deyil, həm də mənəvi ekologiya məsələsidir. O da çox vacib bir problem kimi ortaya çıxır. Sən gedirsən bir hansısa şadlıq sarayında, bir restoranda keçirilən toy mərasinə və artıq bu bir adətə dönüb, musiqinin həddi, səsin səsləniş səviyyəsi elə bir halda olur ki, ordan çıxandan sonra üç gün o musiqinin səsi, o hay-küyün uğultusu sənin beynindən getmir, o cümlədən, iki insan orda kəlmə kəsib, danışa bilmir.
Yaxud, sən gedib bir konsertə tamaşa edirsən, bir teatr tamaşasına baxırsan. Sənin özünün bir mədəni səviyyən olmalıdır ki, mobil telefonunu söndürəsən və ya onun səsini alasan. Ancaq konsert və ya tamaşa gedə-gedə bir telefon oradan səs salsın, bir telefon buradan cingildəsin, bir başqasının sədası oradan ucalsın, bu, artıq cəmiyyətə hörmətsizlikdir. Odur ki, bu halda mütləq qanunlar işləməlidir. Qanunlar tənzimləməlidir. Yəni, mərasimlərin, adətlərin, toplumda hamıya aid olan hadisələrin elə tərəfləri var ki, məhz qanunla tənzimlənməlidir.
Amma dediyim kimi, mərasimləri bir qanun çərçivəsinə salmaq çətindir. O mərasimlərin ifrat olan tərəflərinin qabağını almaq, yaxşı olan tərəflərini təbliğ etmək həm qanun vasitəsilə mümkündür, həm də burada artıq Azərbaycanın mətbuatı, Azərbaycanın televiziyaları çox böyük işlər görməlidir. Onlar sadəcə, o ucuz şou verilişlərini təşkil etməkdənsə, ağıllı adamları, cəmiyyətin müxtəlif təbəqələrinin, ruhani təbəqəsinin, alim təbəqəsinin, ziyalı təbəqəsinin, yazar təbəqəsinin, elə o jurnalist təbəqəsinin, o insanlar ki, insanlarla daimi ünsiyyətdədir, seçmə şəxsiyyətlərini dəvət edərək daimi müzakirələr keçirməlidirlər.
Bu da təbii
ki, camaata bir
dərs olacaq. Axı, məktəbdə insana
illərlə dərs verə-verə yetişdirirsən.
Bu baxımdan televiziyaların , mətbuatın ən vacib vəzifələrindən
biri də təbii ki, cəmiyyətin o yaralı tərəflərini
dərs verməklə, bilgini, səviyyəni artırmaqla,
müəyyən məsələlərdə qınaqları
ictimailəşdirməklə müalicə etmək
olmalıdır. Düşünürəm ki, mərasimlər
məsələsində ifratların qabağını almaq,
yaxşıları təbliğ etmək məhz bu yolla getsə,
daha yaxşı olar.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2014.- 25 iyun.- S.5.