Səmimiyyət yazıçının
ürəyidir
Bir qələm
sahibi kimi
yaradıcılığımın təməli
böyük yazıçımız İlyas Əfəndiyevin
əsərləri ilə qoyulub. Ötən əsrin
50-ci illərinin sonlarında 8-ci sinifdə oxuyarkən yeni
çapdan çıxmış "Söyüdlü
arx" romanına həsr olunmuş kənd kitabxanası
oxucularının konfransında məruzə mənə
tapşırılmışdı. Sonralar
özümə ideal seçdiyim o böyük insanla
1964-cü ilin dekabrında üzbəüz oturmaq xoşbəxtliyi
qismətim oldu. Universitet qəzetinin tələbə
əməkdaşı kimi onunla görüşüb
intervyü aldım. Onun sirli-sehrli yazı
masasının üstündə əski ərəb əlifbası
ilə yazılmış səhifələri
görmüşdüm... O illərin ədəbi hadisəsi
sayılan "Sən həmişə mənimləsən"
səhnə əsərinin ilk tamaşaçılarından
biri olmuşdum. Onun əsərlərinin birini də
ötürmürdüm.
Yazıçıdan ikinci intervyünü 1982-ci ilin
avqustunda o dövrün nüfuzlu "Bakı" qəzeti
üçün almışdım. Düşünürəm
ki, illər sonra bu müsahibələri "525-ci qəzet"in
oxucuları maraqla qarşılayacaqlar.
Hörmətlə
Fazil
Güney (Abbasov)
Azərbaycanın
Xalq yazıçısı İlyas Əfəndiyevlə onun
iş otağında görüşdük. Gözüm
stolun üstündəki nəfis tərtibli kitaba
sataşdı. Başqa dildə yazıldığı
üçün ancaq 1982-ci il tarixini və
müəllifin adını oxuya bildim. Yazıçı
özü mənim köməyimə çatdı:
- "Söyüdlü arx"la
"Körpüsalanlar"dır. Çexoslovakiyadan təzəcə
göndəriblər.
Bu, müəllifin Çexoslovakiyada nəşr
olunmuş ikinci kitabıdır. Birincisi iyirmi il əvvəl,
1962-ci ildə çapdan çıxıb.
Mən yazıçının əsərlərinin bir
sıra xarici dillərə tərcümə olunduğunu
bilirdim. Elə buradaca bir əhvalat yadıma
düşdü. Təxminən on il əvvəl
Dəməşqdə işləyirdim. Suriya
yazıçısı, ərəb mədəniyyət mərkəzinin
direktoru Saleh Dəhni ilə söhbət zamanı o,
"Qırçı və qırmızıçiçək"
hekayəsinin ərəbcə tərcüməsini
mənə göstərib dedi: "Çox gözəl
yazılıb. Elə bu hekayədən
görünür ki, nəsrdə bizdən xeyli
qabaqdasınız".
Hekayə ölkənin nüfuzlu qəzetində dərc
edilmişdi. Həmin qəzeti mən Bakıya göndərməsəydim,
bəlkə də müəllifin bundan xəbəri
olmazdı. Demək istəyirəm ki,
yaxşı əsərlərin haralarda dərc
olunmasını izləmək çətindir. Bu, xüsusi tədqiqat tələb edir.
İlyas
müəllimin əsərləri hamı tərəfindən
sevilir: istər ərəb, çex, bolqar, ingilis, istərsə
də rus, ukrayna, eston, latış oxucusu olsun... Orta Asiyadan,
Baltik sahillərindən, Uzaq Şərqdən və s. yerlərdən
gəlmiş yüzlərlə məktubda oxucular
yazıçının laboratoriyası ilə maraqlanır,
onun qəhrəmanları ilə mübahisəyə
girişir, kimisi də sadəcə öz ürək sözlərini,
sevincini, kədərini yazıçı ilə
bölüşür. Bir neçə il əvvəl
Moskvada çıxan "Radio i televiziya" jurnalında
verilmiş maraqlı yazını xatırlayıram. Orada göstərilirdi ki, "Sən həmişə
mənimləsən" tamaşası Moskva radiosu ilə
translyasiya edildikdən sonra redaksiya 200-dən çox məktub
alıb. Bunların xeylisi xarici ölkələrdən
gəlib. Jurnal bu məktubların təhlilinə
xüsusi məqalə həsr edərək əsərin belə
təsir gücünə malik olmasının səbəblərini
izah edirdi.
- İlyas müəllim, sizin əsərlərinizin
oxunaqlı olmasının, yaş fərqindən asılı
olmayaraq, geniş tamaşaçı, oxucu kütləsi tərəfindən
sevilməsinin sirrini nə ilə izah etmək olar? - deyə
soruşuram.
Yazıçı
bir az duruxub deyir:
- Çətin
sualdır. Ancaq onu deyə bilərəm ki, hər
nə yazıramsa, səmimi yazmağa
çalışıram. Mütəəssir
olduğum hadisələri qələmə alıram. Duyduğum və duyaraq təsəvvür etdiyim həyati
təsvirə cəhd edirəm. Yazıçının
birinci meyarı səmimiyyətdir, yazıçının
ürəyidir! Yazıçı ürəyi, yazıçı
səmimiyyəti onun istedadıdır. Əgər əsərdə
səmimiyyət, təbiilik yoxdursa, demək, istedad da yoxdur və
yazılmış əsər heç bir təsir
gücünə malik ola bilməz.
Növbəti
sualımı məni həmişə düşü
ndürən bir məsələ ilə bağlayıram:
- Müasir Azərbaycan ədəbi, yazı və
danışıq dilinin bəzi məsələləri haqda
son zamanlar çox mübahisələr gedir. Bu barədə
sizin fikriniz necədir?
- Dilin
inkişafı xalqın inkişafı ilə
bağlıdır. Bizim qədim tarixə malik ədəbi
dilimiz inqilabdan sonra çox saflaşmış,
cilalanmış və zənginləşmişdir. Lakin bu sahədə hələ bəzi qüsurlar
var. Xüsusən bəzi gənc
yazıçılarımızın dilində məhəlliçilik
hallarına rast gəlirik ki, bu, çox ciddi nöqsan kimi pislənməli,
rədd edilməlidir. Bəzən
görürsən ki, yalnız obrazlar deyil, müəllif
özü də müəyyən bir rayonun, ya mahalın yerli
şivəsində yazır və çox zaman da digər
rayonlardan olan adamların başa düşmədikləri
sözlər, ifadələr işlədir. Belə vəziyyətlə
mübarizə lazımdır!
Mirzə Fətəlidən bəri bizim istedadlı
yazıçılarımız vahid Azərbaycan ədəbi
dilinin əsl yaradıcıları olmuşlar. Dildə məhəlliçilik
heç də xalq dilinə yaxınlıq demək deyil, əksinə,
vahid ədəbi dilimizi parçalamaq,
saxtalaşdırmaqdır. Xalq
danışığında olan gözəl sözləri,
ifadələri ədəbi dilə gətirmək, əlbəttə
ki, lazımdır, lakin yazıçı bunları həm
yerində və həm də elə məharətlə
işlətməlidir ki, hamı tərəfindən başa
düşülsün, hamı üçün maraqlı
görünsün. Xalq dilindən
lazımınca bəhrələnmək ədəbi dilin daha
zəngin, daha poetik olmasına xidmət edər.
Bir zaman gənc
nasirlər arasında dəb düşmüşdü:
heç dəxli olmadığı halda, yerli-yersiz
bütün mübtədalar axıra keçirilirdi. Niyə? Hətta müəllifin dilində də
məsələn, "bunlar" əvəzinə
"munlar", "səndən əvəzinə "sənnən",
işləyirəm" əvəzinə "işdəyirəm"
yazılırdı və s. Bu, novatorluğun nə demək
olduğunu anlamamağın nəticəsidir. Dərin
və sərrast ifadə qüdrətinə, poetik gözəlliyə
malik bədii dil yazıçı istedadının əsas
meyarlarındandır. Dilimizin
saflığını qorumaq, onun zənginliyinə
çalışmaq, qəzet, jurnal redaksiyasının, hər
bir qələm sahibinin borcudur. Bu cəhətdən
"Ozan"ın fəaliyyəti təqdirəlayiqdir. "Ozan" xalqımızın zəngin folklorundan
məharətlə istifadə edir, əsl, ümumxalq dilində
danışır. Mən istərdim ki,
televiziyanın digər redaksiyaları da qəzetçilərimiz
də dil məsələsinə diqqəti daha da
artırsınlar.
- İlyas müəllim, uzun illərdir ki, Dram
Teatrında və başqa teatrlarda sizin pyeslərinizə
tamaşa edirik. Ona görə də bilmək istərdik,
bizim səhnə dilimiz haqqında nə fikirdəsiniz?
- Akademik Teatrın səhnə dili bir zamanlar
tamaşaçılarımız üçün örnək,
nümunə sayılırdı. Ələsgər Ələkbərov,
Kazım Ziya, Sidqi Ruhulla, Süleyman Tağızadə,
İsmayıl Dağıstanlı kimi aktyorlarımızın
danışıq tərzindən, sözlərin tələffüzündən,
şeiriyyətindən gənclərimiz çox şey
öyrənirdilər. Gənc
aktyorlarımız yaxşı mənada onları təqlid etməyə
çalışırdılar. Səbəbi aydın
idi: sənətkarlar səhnə danışığına
aktyor məharətinin əsas təzahürü kimi
baxırdılar. Ona görə də hər
sözün, hər ifadənin üstündə çox ciddi
yaradıcılıq işi aparırdılar. Adil İsgəndərov,
Mehdi Məmmədov, Rza Təhmasib, Ələsgər Şərifov
kimi istedadlı rejissorlar da bunu birinci dərəcəli iş
hesab edirdilər (Mehdi indi də elədir). Lakin
açığını demək lazımdır ki,
hazırda Akademik Teatrın səhnə dili və onun üzərində
aparılan rejissor işi xeyli nöqsanlıdır, əvvəlki
səviyyədə, əvvəlki gözəllikdə deyildir.
Bunun əsas səbəbi odur ki, bəzi gənc
aktyorlar yaradacaqları obrazın dili, ifadə tərzi üzərində
ciddi işləmirlər, mətnin sözaltı mənasını,
hər hansı ifadə ilə müəllifin nə demək
istədiyini dərindən mənimsəyə bilmirlər.
Rejissorlar da bunun üstündən çox
sükutla keçirlər. Sual olunur: bəs, sənətkarlıq
harada qaldı?
- Sizin bir
fikrinizi də bilmək istərdik. Son zamanlar
tarixi romanlar yazmağa meylin güclənməsi barədə
nə deyə bilərsiniz?
- Tarixi
roman yazmaq müsbət hadisədir, həm də çox
lazımlıdır. Təəssüf ki,
tariximiz ədəbiyyatda öz əksini zəif
tapmışdır. Tarixi roman
yazmağın məsuliyyəti böyükdür. Həm də bu, zəhmətli işdir. Zəhmətlidir, ona görə ki, gərək
yazdığın dövrün tarixini dərindən, özü
də bütün incəliklərinə qədər öyrənəsən,
hətta mən deyərdim ki, tarixçilərdən də
artıq biləsən. Eyni zamanda
yazıçı gərək tarixi yalnız öyrənməklə
kifayətlənməsin, onu duymağı, ona müasir
gözlə baxmağı da bacarsın. Demək istəyirəm
ki, yazıçı tarixi əsər yazanda da bir an belə müasir olduğunu
unutmamalıdır! Təsadüfi deyil ki, Sov.İKP MK Siyasi
Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP
MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş öz
çıxışlarında
yazıçılarımıza xalqımızın
keçmişini layiqincə işıqlandırmağı,
onu qiymətləndirməyi tövsiyə edir.
Burada istər-istəməz
M.S.Ordubadinin "Dumanlı Təbriz" romanını
xatırlayıb soruşuram:
- İlyas müəllim, şah rejimi devrildikdən sonra
o taylı qardaşlarımızla ədəbi əlaqələrimizdə
xüsusi canlanma yaranmışdır. Bu canlanmanın perspektivini
necə görürsünüz?
Yazıçının
baxışları pəncərədən uzaqlara dikilir, bir
müddət susduqdan sonra sözə başlayır:
- Cənubi Azərbaycan əhalisi zəhmətkeş, mərd
və istedadlı xalqdır. Onun həyatı,
tarixi dramatik hadisələrlə doludur. Lakin çox təəssüf
ki, Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz",
Mirzə İbrahimovun "Gələcək gün"
romanları, Süleyman Rüstəmin “Cənub şeirləri”,
Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab
Tahir, Əli Tudə, Hökumə Bülluri kimi cənublu
yoldaşların əsərləri müstəsna olarsa, o
taylı qardaşlarımzın ağır həyatına,
böyük həsrətinə, mənfur şah rejiminə
qarşı mübarizəsinə həsr edilmiş əsərlər
yox dərəcəsindədir. Son zamanlar mətbuatımızda,
radioda cənublu oxucuların, dinləyicilərin məktubları
verilir, ara-sıra o taylı şair və nasirlər
haqqında yazılır, televiziya verilişləri
hazırlanır. Yaxşı olardı ki,
bu mövzulara daha çox və tez-tez müraciət edilsin,
daha sanballı əsərlər yaradılsın.
- Sonuncu, ənənəvi sual: nə üzərində işləyirsiniz? Qoca yenə geriyə baxacaqmı, Muradın sonrakı həyatını danışacaqmı? - deyə onun oxucular tərəfindən rəğbətlə qarşılanmış, yüksək sənətkarlıq və səmimiyyətlə qələmə alınmış "Geriyə baxma, qoca!" romanına işarə edirəm.
Xalq yazıçısı gülümsəyir:
- Murad kimi qocalar hələ çox olacaq və onlar tez-tez geriyə boylanacaqlar. Bu bir. Sualınızın ikinci hissəsini isə sirr saxlayıram. Çünki yazıçı laboratoriyası sirli-soraqlıdır. Hər halda oxucularımı intizarda saxlamaram. Sağlıq olsun.
Söhbəti apardı: Fazil Abbasov
Yeni il arzuları
“Universitet
ən böyük auditoriyadır”
Mən həmişə universitetin tələbə və
müəllim heyətinə dərin hörmət bəsləmişəm,
orada baş verən yeniliklərlə maraqlanmışam. İstər tələbələrin,
istərsə də müəllimlərin mətbuatdakı
çıxışlarını oxumuşam. Universitet bizim fəxrimizdir, ümidimizdir.
Mən istərdim ki, universitet tələbələrimiz
ixtisasından asılı olmayaraq müasir sovet ədəbiyyatının,
dünyanın mütərəqqi
yazıçılarının əsərlərini daha
çox oxusunlar. Bədii əsər oxumaq hər bir kəs
üçün vacibdir. Çünki
yaxşı bədii əsərlər insanın təsəvvürünü
genişləndirir, daxili aləmini zənginləşdirir, ona
həyatı daha düzgün dərk etməsinə kömək
edir. Mənə elə gəlir ki, universitet biz
yazıçılar üçün ən yaxşı auditoriyadır.
Yeni ildə gənc inşaatçıların həyatından
bəhs edən bir roman üzərində işləyəcəyəm. Romanı
artıq başlamışam. Orada gənclərimizin
ümumi idealımızla əlaqədar olaraq öz səadətləri
uğrunda necə mübarizə apardıqlarını, cəmiyyətimiz
üçün necə faydalı işlər gördüklərini,
onların hiss və həyəcanlarını təsvir etməyə
çalışacağam. Bundan başqa mən
1965-ci ildə ziyalılarımızın həyatını əks
etdirən yeni pyes yazacağam, müasir həyatımızdan
bəhs edən bir sıra hekayələr çap etdirəcəyəm.
Mən də
öz çıxışımı yeni il
təbriki ilə qurtarmaq istəyirəm. Arzu
edirəm ki, qış imtahan sessiyasını müvəfəqqiyyətlə
başa vurun. Həyatda çaşmamaq,
zamanın tələblərinə cavab vermək
üçün elmin əsaslarına dərindən yiyələnin.
İlyas Əfəndiyev,
yazıçı.
31 dekabr 1964-cü il
ADU-nun(BDU)"Lenin tərbiyəsi uğrunda" qəzeti
Fazil Abbasov
525-ci qəzet.-
2014.- 26 iyun.- S.7.