II Bakı Beynəlxalq Turizm
Filmləri Festivalının rəsmi
açılışı olub
"II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 7 Azərbaycan filmi nümayiş etdiriləcək".
APA TV-nin xəbərinə görə, bunu festivalın başlanması münasibətilə keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə başlayan festivalın seçim komissiyasına ümumilikdə 58 ölkədən 405 film göndərilib. İyunun 25-dən 29-dək davam edəcək festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir: "Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Artıq bu festival ənənə xarakteri daşıyır. Ölkədə turizmin inkişafı üçün çox işlər görülür. Festivalın keçirilməsi də bu işlərə xidmət edən tədbirlərdən biridir. II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına ötən dəfəkindən 2 dəfə çox filmlər təqdim olunub. İlk dəfə İran, Avstraliya, Yeni Zelandiyadan filmlər bu festivalda nümayiş olunacaq".
Festivalın münsiflər heyətinin sədri, kinorejissor, kinoşünas, prodüser Ayaz Salayev bildirib ki, festival rejissorlar arasında təcrübənin qarşılıqlı olaraq öyrənilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına imkan verəcək.
Müsabiqə üçün seçilən 31 ölkədən 68 film 6 kateqoriya üzrə yarışacaq. İyunun 26-27-28-də hər gün saat 14:00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə - Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə - Gümüş mükafat - diplom və mükafat, III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının informasiya dəstəyi APA Holdinqdir.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 26 iyun.- S.7.