Dövlət və ordu quruculuğu
tariximizin unudulmaz səhifəsi
Hər dəfə Azərbaycan Silahlı Qüvvələrinin
hərbi paradına baxanda böyük qürur hissi duyuram. Azadlıq
meydanı əsgər və matrosların, zabit və
kursantların nizami yerişindən titrəyir, hərbi
texnikanın keçişindən lərzəyə gəlir.
Ordu quruculuğu, müstəqilliyinə yenidən
qovuşmuş Azərbaycan Respublikasının
qarşısında duran ən mühüm və ümdə
vəzifələrindəndi. Bu yolda böyük
işlər görülmüş və görülməkdədir.
Qısa müddətdə ölkəmiz ən
müasir silahlarla təchiz olunmuş, yüksək
döyüş hazırlığına malik Milli Ordusunu
yarada bilmişdir. Bu günü hər
birimiz arzulayır və inanırdıq ki, belə bir vaxt-vədə
gələcək, Azərbaycan öz müstəqilliyinə
qovuşacaq, ölkəmiz güclü, qüdrətli orduya
malik olacaq. Məhz bu inamın təcəssümüydü
ki, 1970-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti
qurulmasının 50-ci ildönümü münasibətilə
keçiriləcək paradda Azərbaycan oğullarının
hərbi geyimdə iştirakı
planlaşdırılmışdı. Bu, Respublikanın yeni rəhbəri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyevin uzaqgörən
planıydı. O dövrdə belə bir addım atmaq asan məsələ
deyildi və bu addımın arxasında böyük ideyalar,
böyük amallar dururdu.
Həmin tarixi hadisənin yalnız şahidi deyil,
bilavasitə iştirakçısı olduğumdan deyə bilərəm
ki, bu hadisə gənclərdə hərbi vətənpərvərlik
ruhunun yüksəlməsində böyük önəm
daşımaqla yanaşı, onlarda sabaha, gələcəyə
nəsə başqa gözlə, fərqli nəzərlə
baxmağa inam oyatmışdı.
1970-ci
ilin sentyabrında yeni dərs ili tələbələrin
gözləmədiyi bir hadisəylə başladı.
Bakıdakı ali məktəblərin
ikinci kurs tələbələrinə hərbi geyim
payladılar. Tələbələrin bir
çoxuna, o cümlədən mənə hərbi dənizçi
forması daşımaq nəsib oldu. Qəribədir
ki, yeni qiyafəyə tez alışdıq, elə bil bu
günü çoxdan gözləyirdik. Hər
kəs özünü əsl əsgər sanır, vətənin
müdafiəçisi sayırdı. Azərbaycan
oğullarının paraddan hərbi formada keçməsi
tarixi bir hadisə olacaqdı. O illəri xatırlayanda
düşünürəm ki, müstəqil ölkəmizdə
ordu quruculuğuna aparan yol bəlkə də o hadisədən
başlayır. Heydər Əliyevin bu cəsarətli
addımına təbii ki, totalitar Sovetlər Birliyi rəhbərliyində,
Kremldə qısqanclıqla yanaşılırdı. Buna baxmayaraq, hərbi təlim məşqləri
başladı. İki aya yaxın bir
müddətdə biz gənclər əsgəri vərdişlərə
yiyələnməli, təntənəli nümayişdə
meydandan əsl hərbçilər kimi keçməliydik.
(L.Brejnevin Bakıya səfərilə əlaqədar,
bayram tədbirləri payıza keçirilmişdi.)
Hökumət evinin meydana baxan tərəfində,
hündür postament üstündə Leninin heykəli
ucalırdı. O vaxtların təbirincə desək, dünya
proletariatının rəhbəri əlini irəli
uzatmış halda təsvir edilmişdi, başını dik
tutub harasa uzaqlara baxırdı. Hələ
uşaq vaxtından bizi öyrədirdilər ki, guya
işıqlı gələcək - kommunizm Leninin əlini
tuşladığı səmtdədir, rəhbər kommunizmə
gedən yolu göstərir. Meydandan baxanda
Kirovun Dağüstü parkdakı nəhəng heykəli də
aydın görünürdü, o da şəstlə əlini
irəli uzatmışdı. Qəribə
buydu ki, əqidəcə həmfikir, həmkar, silahdaş olan
bu iki bolşevik başqa-başqa səmtləri göstərirdi.
Hərbi təlim məşqləri ovaxtkı adıyla
desək, Lenin meydanında keçirdi, fərəhimiz, ədamız
yerə-göyə sığmırdı. İlk
günlər meydandan nizami yerişlə keçmək asan
olmurdu. Tələbələr arasında
çətinliyə dözməyib tibbi arayış almaq
yoluyla canını qurtaranlar da oldu. Elələri az idi, barmaqla sayılası qədər. Biz belələrinə öz aramızda "papa-mama
uşaqları" deyirdik. "Papa-mama
uşaqları" dediyimiz tələbələrdən fərqli,
Əlimusa meydandan əl çəkmirdi ki, ona da hərbi forma
versinlər. Sağ ayağından şikəstliyi olan
Əlimusanın bu cəhdi nəticəsiz qaldı, təlim
keçən rus zabitləri ona qəti surətdə bildirdilər
ki, bu xam xəyaldan daşınsın, orduda fiziki
qüsurluların olması yolverilməzdir. "Orduda"
- bu söz sinəmizə məlhəm təki
yayılırdı.
Ciddi təlim məşqləri yavaş-yavaş öz bəhrəsini
verirdi. Həvəsliydik, yorğunluq nə olduğunu
bilmirdik. Təpik döyməkdən sızlayan
ayaqlarımın ağrısını belə hiss eləmirdim.
Günlər ötdükcə çətinliyə
alışır, davranışımızla seçilirdik.
Səliqəli, təmiz hərbi dənizçi
forması əynimizə qutu kimi otururdu, sanki neçə ilin
matroslarıydıq. Küçədə-bayırda,
tramvayda, trolleybusda adamların diqqəti bizə yönəlirdi,
xüsusən də qızların. Qoşa
lentli günlüksüz dənizçi furackasını
yanakı qoyur, əməllicə-başlıca təşərlənirdik.
Hərbi dənizçi formasını əsl hərbçilər
kimi fərəhlə daşıyır, bundan sonsuz qürur
duyurduq. Mərkəzi Komitə nümayəndələrinin
bu işə təhkim olunması, ciddi nəzarəti ölkə
rəhbərinin tədbirə necə böyük önəm
verdiyini göstərirdi və biz gənclər bunun məsuliyyətini
aydın dərk eləyirdik.
Təlim məşqləri zamanı dərsdən bir qədər
kənarlaşsaq da, axşamlar kitab-dəftər əlimizdən
düşmürdü, geri qalmaq istəmirdik.
Bizim yataqxana binası ilə qızlar yataqxanası
arasındakı məsafə qısalmışdı elə
bil, sanki bu iri, daş binalar ayaq açıb bir-birinə
yaxınlaşmışdı, o qədər
yaxınlaşmışdı, əl uzatsaydın,
çatardı. Qarşı binadakı qızlarla
ünsiyyətimiz lalhavasıydı, danışıqsız,
sözsüz-söhbətsiz idi. Qızlar
bir bəhanəylə balkona çıxır, boylanır, hərbi
geyimimizi maraqla süzür, çəkmələrimizi necə
silib parıldatdığımızı seyr etməkdən həzz
alırdılar. Bizim beşmərtəbəli yataqxana
binası qızların gözündə mavi dalğaların
qoynunda üzən ağ gəmiydi və
bu ağ gəmini uzaq bir səfərə yola
salırmış kimi, əl yelləyənlər də
olurdu. Biz də özümüzü hərbi gəminin
göyərtəsində hiss eləyir, fərəqət əmri
alıbmış kimi başımızı dik tutur, sağ əlimizi
gicgahımıza aparıb bizi "uzaq səfərə"
yola salan qızları əsgəri təzimlə
salamlayırdıq.
Təkcə tələbə qızların deyil,
küçədə-xiyabanda da insanların mehriban
baxışlarını duyurduq. Əslində, Bakı
liman şəhəri olduğundan və bir də burada
çoxlu sayda hərbi hissələr yerləşdiyindən
hər addımda hərbçilərlə qarşılaşmaq
olurdu, amma onların hamısı sarışın, slavyan
tipliydilər və nə qədər yaraşıqlı
olsalar da, yerli qızlar-qadınlar başlarını
qaldırıb baxmazdılar.
Birdən-birə şəhərdə azərbaycanlı
əsgər və matrosların görünməsi əhalidə
böyük maraq oyatmışdı. Ordu içində
ordu?
Paradın sonuncu təlim məşqləri
keçirilirdi. Hərbi geyimli tələbələr əsl
əsgərlərdən seçilmirdilər, səyimiz-zəhmətimiz
boşuna getməmişdi. Mətin
addımlarımızın səsi meydanı başına
götürürdü, həqiqi hərbçilərdən
geri qalmırdıq. Bizi sıxan bir məsələ
vardısa, o da meydandan əliyalın keçməyimiz idi.
Silahlı sarışın, göygöz rus əsgərlərin
rişxəndli baxışlarına tab gətirmək də
adamdan səbr istəyirdi. Hətta bir yol az
qaldı aramızda əməlli-başlı münaqişə
yaransın. Tələbələrin təlim məşqlərinə
baxmağa gələnlər çox olurdu, bulvarda gəzişənlər
maraqlanır, yollarını yaxındakı meydandan
salırdılar. Diqqət mərkəzində
olmağımızdan fərəhlənirdik. Tamaşaya yığılanların çoxu
qızlar olurdu - al-əlvan geyimli gözəl-göyçək
qızlar və hər kəsə elə gəlirdi bu
qızlar hərbi geyimli yüzlərlə oğlanın
arasında yalnız onu görür. Gözəl
bir rus qızı isə doğrudan da yalnız bir nəfəri
görür, bir nəfərə baxırdı - Qabilə.
Qabil meydana o qızla gəlirdi, məşqdən
sonra da birlikdə gedirdilər meydandan. Nataşa adlı
bu rus qızıyla Qabil dəmiryol vağzalında tanış olmuşdu. Odessadan gəlmiş
turist qatarındakı komsomolçu qızların arasında
gözü Nataşanı tutmuş, bir könüldən min
könülə vurulmuşdu ona. Fındıqburun,
sarışın qız ay parçasıydı, iki göz
istəyirdi, baxsın. İki nədir, bəlkə
də min göz baxırdı ona və
açıqdan-açığa həsəd ifadə edən
bu gözlər arasında qarası da vardı, alası da.
Əlisilahlı rus əsgərləri
qısqanclıqlarını gizlətmirdilər. Hətta
biri özünü saxlamayıb söz də atdı:
"Krasavitsa, çto tı naşla v nem, on ce ne nastoyaşiy
moryak…" Qız bu atmacanı boşboğazlıq bilib,
qulaqardına vurdu, necə yəni həqiqi moryak deyil,
yalançı moryak da olur ki?.. Göygöz soldatın atmacası Qabili sillə təki
tutmuşdu. Onu sakitləşdirmək
olmurdu, ipə-sapa yatmırdı. Zabitlər
araya girməsəydilər, bu söz-söhbət sonda hərbi
geyimli əliyalın tələbələrlə silahlı
rus əsgərlərinin dava-dalaşına gətirib
çıxaracaqdı.
Günəşli bir səhər
açılmışdı, amma göyün üzündə
adda-budda bulud topaları gəzişdiyindən, hərdən
havanın üzü dönürdü. Şəhər
ehtişam içindəydi, insan axını, izdihamı aramla
dalğalanan dənizi xatırladırdı. Bayram təntənələri zəhmətkeşlərin
nümayişilə başladı. Orkestrin
ifa etdiyi musiqi fonunda eşidilən şüarlar, "Uraa!
Uraa!" səsi-sədası meydanı
başına götürmüşdü.
Zəhmətkeşlərin keçişindən sonra hərbi
parad başladı, sovet ordusunun şıq geyimli əsgər
və dənizçiləri, zabitləri, kursantları nizami
yerişlə tribunanın önündən keçdilər. Təntənəli
parad hərbi texnikanın keçişi ilə sona yetdi.
Çox təəssüf ki, bizə bu təntənəni-təmtərağı
kənardan izləmək qaldı, azərbaycanlı tələbələrin
bayram nümayişində hərbi geyimdə iştirakına
son məqamda - parada bir neçə gün qalmış Moskva
razılıq verməmişdi...
Bu xəbər bizdən ötrü gözlənilməz
idi, kefimiz yamanca pozulmuşdu. Hamı dilxor halda
dağılıb getdi. Biz üç dost isə
yataqxanaya qayıtmağa tələsmirdik. Yorulub
əldən düşənəcən şəhəri gəzib-dolaşmaq
istəyirdik, hərbi dənizçi forması
daşıdığımız son gün idi və bu
günün bitməsini heç istəmirdik.
Payız günəşinin ilıq şüalarına
bürünmüş dənizkənarı bulvar
izdihamlıydı. Deyib-gülən, şənlənən adamların
arasında biz üç dost seçilirdik, qoşa lentli dənizçi
furackasını yanakı qoyub şəstlə yeriyir, pərtliyimizi
büruzə verməməyə
çalışırdıq. Bizi hərbi patrul
saxladı, sənəd tələb etdilər. Tələbə biletini verdik. Sarışın
zabit tələbə biletlərinə baxıb qaytardı,
soyuq bir tərzdə bildirdi ki, bu gündən hərbi
formaları qaytarmalıyıq. Üçümüz
də əlimizi gicgahımıza aparıb hərbi təzimlə
cavab verdik. Patrullar uzaqlaşdılar.
-
Stroevım şaqom! Ravnenie na pravo! - izdihamın
içərisindən səs gəldi. Sinəsi
orden-medallı müharibə veteranıydı.
Himə bənd idik, elə bil bayaqdan bu əmri gözləyirdik. Başımızı
dik tutub nizami yerişə keçdik. Adamlar
çəkilib yol verdilər, hamının gözü bizdəydi,
doğma övladlarını görürdülər sanki.
Mətin
addımlarımızın səsi sahil boyu yayılırdı,
yer ayağımızın altında titrəyirdi, meydandan
sanki üç nəfər yox, böyük bir alay keçirdi.
- Bizim Azərbaycan
əsgərləridi! Boyunuza qurban olum! - ağbirçək
bir qadın alxış elədi. O yaşlı qadının
titrək, fərəhli səsi indi də
qulağımdadır - "Bizim Azərbaycan əsgərləridi..."
Deyim ki, iki aya yaxın müddətdə hərbi forma
daşımağımız biz gənclərin həyatında
izsiz qalmadı. Ali təhsildən sonra hərbi sahəyə
gedənlər də oldu. Öz həyatımla
bağlı isə onu deyə bilərəm ki, 1976-cı ilin
mayında Azərbaycan Respublikasının hərbi
komissarı general-moyor Murtuz Quliyevin qəbuluna yazıldım,
əsgərə getmək istədiyimi bildirdim. O vaxtlar ali təhsillilər üçün hərbi
xidmət müddəti 1 il idi. On gündən
sonra mən artıq Moskvada SSRİ Silahlı Qüvvələrinin
Daxili Qoşunlarında sıravi əsgər kimi xidmətə
başladım. Təsadüfə bax - xidmət
etdiyim ehtiyat xüsusi batalyonu bir vaxtlar Martınovlara məxsus
olmuş malikanədə yerləşirdi. Hərbi
hissənin həyətində o sülalədən
olanların dəfnindən xəbər verən nişanələr
hələ də qalırdı. Nikolay
Martınov şair Lermontovu dueldə
öldürdüyünü özünə
bağışlamayıb və ömrünün sonunacan bu mənəvi
ağırlığı daşıyıb. Hətta vəsiyyət
edib ki, öləndə onu öz malikanələrində, amma
doğmalarının sərdabəsindən qıraqda dəfn
etsinlər, məzarının başdaşında isə
heç nə yazılmasın - nə ad-familiya, nə də
tarix...
Yadımdadır, hərbi xidmətə
başladığım ikinci gün idi, sıra təlimində
fərqlənməyim bölmə komandiri leytenant Fokinin diqqətini
çəkdi.
Məni sıradan çıxarıb maraqlandı, soruşdu
ki, sıravi Məmmədov siz yoxsa hərbi məktəbi
atıb əsgərliyə gəlmisiniz?.. Mən əhvalatı olduğu kimi
danışdım. Leytenant çiyinlərini
çəkdi. "Yoxsa ordu içində
ordu qurmaq istəyirdiniz?" - təəccübünü
gizlətmədi. Gənc leytenant bu sualı qəribə bir ədayla
verdi. Əsgərlik xidmətindən
sonra Daxili Qoşunlarda zabit olaraq qalmaq fikriniz yoxdur ki?"
- maraqlandı.
Tale elə gətirdi ki, mən hərbçi olmadım,
amma radio jurnalisti kimi Qarabağ cəbhələrində
döyüşən Azərbaycan əsgərlərinin
şücaətindən, onların keçdiyi
döyüş yolundan proqramlar hazırlamalı oldum. Qarşılaşdığım
o insanların arasında Vətən yolunda həlak olanlar da
var. Elələrini unutmamalıyıq, o qəhrəmanların
həyatını, cəbhədə göstərdikləri
igidlikləri bədii ədəbiyyata gətirməliyik,
bugünkü nəslə örnək olsun deyə. Gənclərdə vətənpərvərlik ruhunun
yüksəldilməsi naminə bədii ədəbiyyatın
personajlarına çevirməliyik o qəhrəmanları.
Bu
yazını qələmə alanda 44 il
bundan əvvəl baş vermiş o hadisənin
iştirakçılarını arayıb axtardım. Heydər
Orucov, Söhbət Zəkəriyəyev, Qabil Məmmədov o
günləri yaxşı xatırlayırlar. Yadımdadır,
hərbi təlim məşqlərinin getdiyi vaxtda eşitdik
ki, institutda qanvermə - donor aksiyası keçirilir. Biz
hərbi formadaca gəlib, lazım olandan da çox -
kursdakı qızların da əvəzindən qan verdik... Elə bil bütün bunlar dünən baş
vermişdi.
Heydər Orucov "Azərbaycan" jurnalında
çıxan "Daşlı qala" romanımı
oxuduğunu söylədi. Dedi, roman 70-ci illər gənclərinin
həyatına işıq salır. Tarixi
unutmamalıyıq. Tarixə - ötən
aylara, illərə bədii ədəbiyyatın təxəyyülündə
qayıtmaq daha maraqlıdı, şirindi. O hadisələri
sanki canlı olaraq yenidən yaşayırsan, qovuşursan o
niskilli dünyaya.
Bəli, bəzən ilk baxışdan o qədər də
mahiyyət vermədiyimiz bir hadisənin məğzindəki
böyük ideyaların, böyük məqsədlərin
mövcudluğu sonradan mövzunu bədii ədəbiyyatın
predmetinə, yazıçı qələminin məhsuluna çevirir. Böyük
yunan filosofu Aristotel özünün məşhur
"Poetika" əsərində yazır ki, ədəbiyyat
tarixi hadisələri tarixin özündən daha dəqiq əks
etdirir. Qısaca
danışdığım bu əhvalat da məhz belə
hadisələrdəndi və heç bir mübaliğəsiz
o hadisəni Milli Ordu quruculuğu ideyasının ilkin
nişanələri, bu yolda atılan ilk addım kimi dəyərləndirmək
olar.
Respublikanın
ovaxtkı rəhbəri Heydər Əliyevin bu sahədə
daha bir cəsarətli addımı 1971-ci ildə Cəmşid
Naxçıvanski adına hərbi məktəbi
yaratmaq oldu. Təbii ki, sovet dövründə
bu məsələyə də qısqanclıqla
yanaşılır və mərkəzdən hər cəhdlə
qarşı çıxırdılar. O vaxtlar SSRİ-də
cəmi iki hərbi təmayüllü orta məktəb
vardı - Naximov, Suvorov məktəbləri. Üçüncü
belə bir təhsil ocağının Bakıda
açılması Sovetlər ölkəsində
böyük narahatlıq doğurmuşdu, daha çox təşviş
keçirən isə ermənilər idi. Ermənistan
rəhbərliyi belə bir məktəbin Bakıda
açılmasının lüzumsüzluğunu sübuta
yetirməkdən ötrü dəridən-qabıqdan
çıxır, bu barədə Moskvaya yazır, təzyiq
göstərməyə çalışırdı.
Hərbi liseyin bağlanmasını təşkil etmək
məqsədilə SSRİ Müdafiə Nazirliyi
general-leytenant Topovu xüsusi tapşırıqla Bakıya
göndərdi. General Topov, necə deyərlər, dəridən-qabıqdan
çıxsa da, Heydər Əliyevin erudisiyası, tutarlı
dəlilləri qarşısında aciz qalaraq Moskvaya əliboş
qayıtmalı oldu.
Göstərilən aramsız təzyiqlərə baxmayaraq, Naxçıvanski hərbi liseyi fəaliyyətinə davam elədi. Bu gün Vətənin keşiyində sayıq dayanan hərbçilər arasında məktəbin məzunları da az deyil. Onlardan 10 nəfəri general, 1 nəfəri isə admiral rütbəsinədək yüksəlib.
Bu məktəbdə təhsil alan yeniyetmələrin, gənclərin həyatı, onların təlim-tərbiyəsi, təhsili ədəbiyyatın, bədii söz sənətinin: hekayələrin, povest və romanların mövzusu olmalıdır. Bu, gənclərdə hərbi vətənpərvərlik hissinin formalaşmasında, onların vətənin layiqli övladları kimi yetişməyində önəmli rol oynayar, böyük əhəmiyyət kəsb edər. Bu məsuliyyət, bu missiya necə deyərlər, düşür sənət adamlarının, o cümlədən yazıçıların üzərinə. Yeri gəlmişkən deyim ki, "Çadır" romanıma Cəmşid Naxçıvanski hərbi liseyilə bağlı fəsil daxil etmişəm. Qaçqınçılıq zamanı Arazı o taya adlayanda çayın qırağındaca dünyaya gələn körpənin adını Araz qoyurlar. Taleyin hökmüylə çadır şəhərində böyüyüb boya-başa çatan Araz hərbi liseydə oxuyur, arzusu zabit olmaqdır. Romandakı yeniyetmə Araz surəti ümumiləşdirilmiş obrazdır - hərbçi olmaq, Vətənin keşiyində durmaq eşqi-həvəsiylə yaşayan minlərlə, on minlərlə Azərbaycan gənclərinin bədii prototipidir. Hansısa yeni əsərimdə yəqin ki, bu mövzuya bir daha qayıdacağam. Məncə, biz Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşmalıyıq və bu mövzunu ədəbiyyata hissə qapılmadan, təmkinlə və elə ustalıqla gətirməliyik ki, yalnız özümüzə yox, dünya oxucusuna da maraqlı olsun. Bədii ədəbiyyatın sevmədiyi, qəbul etmədiyi cəhət müəllifin həyati gerçəkliyi təhrif etməsində, tərəfgirliyində, səbatsızlığındadır. Haqq bizim tərəfimizdədir və biz yazıçılar bunu söz sənətinə uğurla gətirməyi bacarmalıyıq. Bu mənada, bədii ədəbiyyatın öz üsulları, forma və metodları var. Bəzən hansısa tarixi bir hadisənin ədəbi fakta, ədəbiyyatın predmetinə çevrilməsi uzun illər sonra baş verir. Bu baxımdan, danışdığım o hadisəni düz qırx ildən sonra qələmə almaqda geçikmişəm, yoxsa? Ola bilər. Amma bir yandan da düşünürəm ki, bu mövzuya əvvəllər müraciət etsəydim, bəlkə də roman indiki təki dolğun və maraqlı alınmazdı. O əhvalatı, yadıma salan, xatirəmdə canlandıran həm də bir yadigar fotoşəkildir, o fotoşəkil ki, romantik duyğuların kövrək qanadlarında məni ötən illərə, niskilli dünyama qaytarır, gəncliyimə qovuşdurur.
Gələcəyə inamla addımlamaq üçün biz keçmişimizi unutmamalıyıq. Keçmişimizi bugünkü nəsillərə çatdıran həm də söz sənətidir, ədəbiyyatdır.
Özümdə mənəvi bir rahatlıq, arxayınlıq hiss eləyirəm, nə yaxşı ki, tarixin unutduğu, görmədiyi və ya görə bilmədiyi o hadisəni bədii ədəbiyyata gətirmişəm. "Daşlı qala" romanım 70-ci illər gəncliyinin romantikasıdır və bu gün əllərində silah mətin addımlarla "Azadlıq" meydanından keçən Azərbaycan əsgərləri də o gənclərin övladlarıdır.
Kamil Əfsəroğlu
525-ci qəzet.-
2014.- 26 iyun.- S.6.