Dağların dağlar oğlu

 

 

"Uca dağların başı həmişə qar olar",  "Arxamda dağlar durur", " Görünən dağa bələdçi lazım   deyil"  kimi atalar sözlərini eşidəndə fikirləşirsən ki, bunlar heç təsadüfən deyilməyib. Bəzən düşünürsən ki, belə söz misalların dağların yaşı qədər yaşı var. Bəlkə onlar da insanların dağların qoynunda məskən salıb, yaşadıqları vaxtlarda meydana gəlib. Dağlar da insanlara öz səxavətini heç vaxt əsirgəməyib, onlara həmişə arxa durub səngər kimi onları hərtərəfli qoruyub.

Möhtəşəm dağların qoynunda dünyaya göz açan insanların yolu dağ cığırlarından başlayır. Həyatın bu keşməkeşli yolunda bəziləri yolda qalır, bəziləri isə dözüm nümayiş etdirərək irəliyə doğru addımlayırlar. 70 ildir ki, Fərman müəllim bu yolla irəliləyir. Fərman Məmməd oğlu Rzayev 1944-cü ilin iyul ayının 1-də Gədəbəy rayonunun Kələman kəndində anadan olub. Orta məktəbi bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olub, oranı bitirdikdən sonra bir neçə il Gəncədə müəllim işləyib. 1982-ci ildə Gəncə avtomobil məktəbinin Gədəbəy filialına rəis təyin olunub. Məktəb 2001-ci ildən Texniki idman klubu, 2005-ci ildən isə müstəqil avtomobil məktəbi kimi fəaliyyət göstərir. Bu işlərin ərsəyə gəlməsində Fərman müəllimin çox böyük əməyi və zəhməti olub.  Ömrünün 40 ildən çoxunu bu məktəbin tikintisinə, inkişafına və müstəqil fəaliyyətinə sərf edib. Fərman müəllim bu doğma ocağı gözünün nuru saydığı nəvələri VüqarVüsal kimi sevir və əzizləyir. Hər gün həyətdəki gülləri sulayır, onlara qulluq edir. Milli zövqlə bəzədilmiş bu binaya baxanda adama hər şey aydın olur.

Səliqə-səhman, dərs kabinetləri , Heydər Əliyev guşəsi,  texnikanın sazlığı təlim-tədrisin yüksək səviyyədə olmasından xəbər verir. Fərman müəllim Gəncəbasar bölgəsində böyük hörmət və nüfuz sahibidir. Onun əmək fəaliyyəti həmişə yüksək qiymətləndirilib. O müxtəlif medal, döş nişanı, Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub. Onun həyat və əmək fəaliyyətini əks etdirən bir neçə kitab yazılıb. Respublikanın tanınmış insanları - ziyalılar, şairlər, yazıçılar müxtəlif peşə sahibləri onun haqqında öz ürək sözlərini söyləyiblər. 20 ildir ki respublikanın müxtəlif qəzet və jurnalları, televiziya kanalları məktəbin fəaliyyətindən, hərbi hissələrdəki görüşlərindən, rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirakından yazır, öz səhifə və verilişlərində bu işləri daim işıqlandırırlar.

Artıq o da bu 70 ildə bir dağ yaradıb. Həmin dağın Fərman müəllim adlı bir zirvəsi var. Bu zirvədə qar çox olanda, Fərman müəllim həyat işində ciddi, tələbkar, sərt olur. Qar az olub əriyəndə əksinə Fərman müəllim mülayim təbiətli olur, hətta bəzən incik küsgün görsənir. Bütün bunlar onun mayasının dağlardan yoğrulduğunun bariz nümunəsidir.

Böyük zəhmət alın təri bahasına başa gələn bu məktəb, artıq "Fərman müəllimin məktəbi kimi" tarixə düşüb .

Bu səmimi insanı 70 illik yubileyi münasibətilə təbrik edir, qalan ömründə dağ əzəməti, vüqarı-vüsalı mərdliyi ilə yaşamaq arzulayırıq.

 

Nəriman ZEYNALLI,

Musa MƏMMƏDOV

525-ci qəzet.- 2014.- 26 iyun.- S.2.