Əsərləri V  cild  (1918 – aprel 1920)

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi  Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

 

 “İstiqlal”

 

İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyəsinə istiqlal deyilir.

Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmui olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir.

Demokratik firqə proqramlarının hamısında hürriyyəti-şəxsiyyə əsas olduğu kibi, millətlərin istiqlalı da əsldir.

Böyük Dünya müharibəsi Böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişligi ilə meydana atdı.

Müharibə bitmək üzrə ikən millətlərin azadlığı ilə “Cəmiyyəti-Əqvam” fikri günümüzün ən məşhur və ən məqbul şüarını təşkil elədi.

Böyük Fransa inqilabı hürriyyəti-şəxsiyyəyi başqa bir təbirlə, bəşərin hüququnu elan eləmişdi.

Dünya inqilabından başqa bir şey olmayan aləmşümul müharibə dəxi istiqlalı, başqa bir sözlə millətin hüququnu elan elədi.

Bu həqqi qazanmaq, bu hüquqdan hissəyab olmaq üçün Azərbaycan dəxi elani-istehqaq eləmişdir.

Azərbaycan istiqlalı!

İştə bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfilə iftixar eylər!

Ah Azərbaycan! Biz sənin həqqini tələb etmək degil, yalnız adını söyləmək üçün nə qədər müarizlərə rast gəldik, nə töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq, soldan-sağdan hər növ hücuma məruz qalıyorduq.

Biz Azərbaycanın topraqlarını qızdıran atəşi-müqəddəsi kökslərimizdə bəsləmək istiyorduq. Bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz aləmi-mədəniyyətə kəndi dilimizin, kəndi mədəniyyətimizin ruh və rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyirdik: Bizə Ərəbistanı göstəriyorlardı.

Biz muxtariyyət diliyorduq, bizə xərabəzar vəd ediyorlardı.

Bizimlə onların arasında az zaman içində çox mübahisə, münaqişə və mübarizələr oldu. İki əvvəlincilər mülzəm, üçüncülər də məğlub oldular.

Vəqt vardı “Müsavat” azərbaycançılığı üçün xəlq düşməni, türkçiligi üçün nəuzübillah islam kafiri ədd olunuyordu.

Fəqət imdi onu başqalarından təfriq edən şüar bu degildir. Çünki Azərbaycanın istiqlalı yalnız Müsavatın degil, sosialistlərimizin də, islamçılarımızın da “göz bəbəgi” kibi saxlamağa əhd etdikləri ülvi bir məqsuddur. Bu məqsudi tərsim edən üç boyalı Azərbaycan bayrağını yüksək tutmaya artıq bütün azərbaycanlılar əhd etmişlərdir.

Azərbaycan fikri yalnız son günlərə qədər onu inkar edə gələn digər türk olmayan partiyalar tərəfindən də qəbul edilməkdədir.

Bir sosial-demokrat qəzetəsi Azərbaycan istiqlalını xarici nüfuz və hülulə qarşı azərbaycanlılardan daha ziyadə bir şiddətlə müdafiə edəcəgindən bəhs eləmişdi. Bu vəqtə qədər etina edilmək istənilməyən parlamana şimdi istidalarla girmək istiyorlar.

İngilislərin paytaxtımıza vürudi əndişələrlə tələqqi edilmişdi. Bu gün isə istiqlalımıza müəyyən və müzahir olacaqlarını rəsmi lisanlardan ögrəndik.

Əvvəlcə firqəmizə məxsus olan bir fikir, bu gün millətin şərik olduğu bir məqsəddir.

Bizim mənəvi zəfərimiz ruhani qələbəmizdir. Bu qələbəyə biz bilnisbə az bir zaman içərisində gəldik. Fəqət bu az zaman içərisində çox böhranlar keçirdik, zaman oldu ki, tamamilə məhrum oluyorduq. Vəqt oldu firqə tamamilə yalnız qaldı. Fəqət çox çəkmədi firqəyi yalnız buraxanlar nə qəbahət işlədiklərini anladılar.

Azərbaycan məfkurəsini firqə türk demokratiyasının idraklı qisminə istinad edərək irəlilətmişdi, bu düşmənlərimizin dedigi kibi xan, bəy və ağa fikri degil, türk demokratiyasının böyük idealı idi!

Bakı, Azərbaycan atəşgədəsinin ocağı olduğu kibi Azərbaycan fikrinin də mənbəyi idi.

Bolşeviklərlə daşnaqlar bu ocağı söndürmək, bu mənbəyi qurutmaq istədilər, mart hadisəsi meydana gəldi.

Fəqət Azərbaycanın atəşi kibi fikri də söndürüləməz idi.

Çünki:

 

Xuni-ərbabi-həmiyyət

qərq edər zalimləri,

Məşəli-əfkari-əhraranə

sönməz xunilə!

 

İştə bu qanlarla söndürüləməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdigimiz Azərbaycan istiqlalını müdafiə üçün “İstiqlal” nəşrə başlayır.

“İstiqlal” firqənin əvvəlcə nəşr etmiş olduğu mətbuatın getdigi yolu təqib edərək hökumətimizi xəlqin ehtiyacını anlamaya, xəlqimizi də hökumətin müşkülatını dərk etməyə çağırmaqla istiqlalımızın beynəlmiləl bir təsdiqə müvəffəq olmasını hazırlayacaqdır.

Bu xüsusda tutacağımız yol isə bittəbii Türk Ədəmi-Mərkəziyyət “Müsavat” yoludur ki, lisani-Tofiqdə:

“Millət yoludur, həqq yoludur

tutduğumuz yol,

Ey həqq yaşa, ey sevgili

millət yaşa, var ol!”

deyə tərif edilmişdir.

 

 M.Ə.Rəsulzadə

“İstiqlal” qəzeti, 4 şubat (fevral) 1919, ¹1

           

 

“Müsavat” Azərbaycan Məclisi-Məbusanında

        

Hökumətə xitabən vermiş olduğu sorğular çaharşənbə qanuni-saninin 7-ci iclasında Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” fraksiyası tərəfindən      Fəhlə məsələsi həqqində məsai naziri həzrətlərinə xitabən böylə bir sorğu vermişdir.

Məsai naziri yəqin biliyorlar ki, Bakı əmələlərinin halı olduqca müşkül bir vəziyyətdədirlər ki, əvvəlcə “Sovet syezd” tərəfindən təsis olunmuş xəstəxanələr imdi xarab bir haldadırlar. Əmələlər dava-dərman tapa bilmiyorlar. Əmələ mənzilləri hifzüssihhə nöqteyi-nəzərindən fəna bir haldadır. Zavod komissiyaları ilqa edilmiş, bu üzdən ərzaq paylamaq və sair bu kibi xüsuslarda fəhlələr bir çox təhsilatdan məhrum qalmışlardır. “Kollektivni doqovor” yoxluğu üzündən əmələnin məvacibini azaltmışlar, verilən gündəlik maaş zəmanəmizdəki bahalığa nisbətlə məsarifin yarısını belə ödəmiyor. Bundan əlavə ümumi işsizlik üzündən fəhlələr ac qalılyor, tədricən ölüyor, min cürə xəstəliklərə düçar oluyorlar. Əmələnin maddətən halı böylə pərişan ikən, mənəvi halı da qaranlıqdır. Gecə kursları, məktəblər, xəlq yurdları yoxdur. Əmələ mühiti qaranlıq bir aləm təşkil ediyor. Bu zülmətdən istiqlalımıza, hürriyyətimizə düşmən olanlar istifadə ediyorlar.

Əcəba, məsai nəzarəti əmələnin maddi və mənəvi ehtiyacını rəf eləmək, eyni zamanda da maaşını yoluna qoymaq və məsainin mənafeini qanunən mühafizə eləmək üçün nə kibi planlar və tədbirlər düşünməkdədir?

 

“Müsavat” şöbəsinin rəisi:

Məhəmməd Əmin Rəsulzadə

“İstiqlal” qəzeti, 4 şubat (fevral) 1919, ¹1

 

                 

Hökumət hər şeyi etməz!

        

Azərbaycan hökuməti təsisi ilə məəttəəssüf bizdə bir zehniyyətin də təsis elədigi müşahidə olunuyor.

Hər şeyi hökumətdən gözləmək, hökumət əlilə gördürmək.

Cümhuriyyət və məşrutiyyətlərlə idarə olunan hökumətlərdə əsl idarə edən xəlq özüdür. Xəlqi mütəşəbbüs olan millətlər, xəlqi cəmaət işi ilə məşğul və müxtəlif cəmiyyətlərə ayrılaraq əsəri-fəaliyyət göstərən cəmiyyətlərdir ki, hakimiyyəti-milliyyəyi təsis edə bilərlər.

Hər şeyi hökumətdən gözləyib duran bir cəmaət, nəhayəti hökumətindən məyus olur. Çünki heç bir zaman hökumət, nə cür hökumət olursa-olsun, cəmiyyətin güna-gün ehtiyaclarını rəf edə bilmək, hər şeyə vəqtində və zamanında yetişmək imkanında olamaz.

Bu hal bilxassə yeni təşəkkül etməkdə olan və inqilab məşiyyəsindən doğan yeni hökumətlərdə iki-üç qat bir əhəmiyyət alır.

Türkiyə kibi böyük və möhtəşəm bir tarixə malik olan qədim bir dövlətdə belə hər şeyi hökumətdən gözləmək zehniyyəti məmləkəti nə kibi müşkül hallara saldı. Bizim kibi hər şeyi yenidən, yoxdan var etmək məcburiyyətində bulunan bir hökuməti bu zehniyyət nə kibi xarab bir hala qoya bilər, bir kərə düşünülsün.

Şübhəsiz ki, hökumət məmləkətdəki hərəkati-ictimaiyyə və təşkilati-idarənin nazimi, naziri və ruhu olmalıdır. Onun nəşr elədigi müvafiq qanunları, qoyduğu tədbirli nizamları, təşkil elədigi ədalətli idarələri ilə dövlət makinasını yoluna qoymalıdır.

Fəqət bu kafimidir?

Dövlətə məmurlar lazımdır. Bu əski məmur kadrolarına malik bir hökumət degildir. Yeni adamlar bulmalı, namuslarına güvənməli, onları birər xidmətə təyin etməlidir. Bu yeni məmurları hökumət nərədən alacaq. Bunun üçün kimə müraciət eləyəcək, bu bir məsələdir.

Bu məsələnin həlli üçün mövcud olan firqələr az da olsa müavinət edə bilərlər. Hökumət məmuriyyətini ifa edə biləcək əzalarını və yaxud əzaları olmasa da etimad edə bildikləri əşxasın bir siyahısını tutar, bu siyahıyı nəzarətlərə verə bilərlər.

Bundan daha faidəli olaraq əhli-ürfan öz arasından bir cəmiyyət təşkil edə bilər. Tamamilə bitərəf bir cəmiyyət, zəhmətkeş ürəfa cəmiyyəti. Bu cəmiyyət hər yanda, hanki bir dövlət xidmətinə istedadı olan mütəxəssisləri, mütəfənninləri və ələlümum zəhmətkeş ürəfayı toplar, onları qeyd edər və hökumət idarələrinə məmur verməklə milli işə müavinət edə bilər.

Hökumətimiz olmadan əvvəl füqəramıza, qaçqınlarımıza, fəlakətzədələrimizə müavinət edən cəmiyyətlərimiz, nəşri-maariflə məşğul olan ürfan müəssisələrimiz var idi. Hökumət təşkil etdigimizdən sonra bu xüsusdakı ehtiyaclarımız azaldı degil, artdı. Halbuki bu cəmiyyətlərdən, bunların fəaliyyətindən bir əsər yox. Görünüyor ki, hər kəs artıq ümuri-xeyriyyə və səhiyyə nəzarəti var, maarif nəzarəti təsis edilmişdir – deyə cəmiyyətə bir vəzifə qalmadığını düşünüyor. Fəqət həqiqət hal böyləmidir?

Əskidən kooperativlər, köy cəmiyyətləri vardı. Bu cəmiyyətlərdə cəmaətin etimadını qazanmış adamlar çalışıyordu. Bu vasitə ilə xəlqə ucuz ərzaq paylamaq imkanı hasil oluyordu. İmdi ərzaq nəzarəti var. Fəqət əhaliyə lazım gələn ərzağı paylayacaq aparatlar yox. İş bəzi şəxslərin, kəndi məsuliyyəti üzərinə hərəkət edən fərdlərin öhdəsinə buraxılmışdır. Buna görə də bir çox suyi-istemallara meydan verilmişdir.

Hökumətimiz məcburi əskərlik elan eləmişdir. Əskər toplamaq öylə asan işlərdən degildir. Başqa sənaye və texnikaca iləriləmiş olan millətlərdən əskərliyə alınan nəfərlərin içində hər sənət ərbabı oluyor. Komandanlıq sənət sahibi olan nəfərləri bir tərəfə ayırıb onları əskərə lazım olan işlərdə işlədiyor. Məsələn, dərzilər tikiş işini, dülgərlər (kazarma) qışla yapısını, dəmirçilər dəmir işini, sairlər də kəndi xüsusiyyətlərinə aid olan cəhətləri ifa ediyorlar. Bu surətlə ordu kəndisinə lazım olan işlərin heç olmasa bir qismini öz ustaları vasitəsilə görmüş oluyor.

Halbuki bizdə öylə degildir. Əksərən orduya gələn nəfər yer əkmək və yaxud qoyun otarmaqdan başqa bir şey bilmiyor. Bunun üçün də komandanlıq ordunun hər bir ehtiyacını xaricdən görmək məcburiyyətində qalıyor.

Bu xüsusda cəmiyyət orduya böyük bir xidmət edə bilər. Bilxassə qadınlarımız təşəbbüs edərlərsə, orduya cəmaşır hazırlaya bilərlər. Bu nə qədər böyük bir xidmət, vətəni bir xidmət olur.

Oxuyucular bilirlər ki, müharibənin şiddətli zamanlarında ləvazimə möhtac qalan rus ordusuna rus cəmaəti nə qədər böyük xidmətlər etmişdi. Şəhərlər və zemstvolar tərəfindən təşkil olunan cəmiyyətlər, sənaye və ticarət ərbabı tərəfindən vücuda gətirilən müəssisələr orduyu nə dərəcədə qüvvətləndirmişlərdi.

Orduya alınanların ailələri var. Onların dərdləri var. Görüləcək işləri var. Onlar daha əskər övladı, əskər ailəsi olmağa adət etməmişlərdir. Bu “müqəddəs adət”ə ögrənmək nəsibi ilk dəfə onlara aid olmuşdur. Şübhəsiz ki, vətən müdafiəyi-ülvisi nə olduğunu dərk edən bir vətəndaş üçün böylə bir fədakarlıq nəsibi ilə hissəmənd olmaq böyük bir səadətdir. Fəqət bununla bərabər o ailənin maddi və mənəvi ailə ələmlərini dəxi digər vətəndaşlar anlamalıdırlar. Öz qardaş əlaqələri ilə göstərməlidirlər ki, xidmətə alınmış əskər və onun ailəsi cəmiyyət tərəfindən unudulmamışdır. Böylə bir məhəbbətli əlaqəyi qışlasında xəbər alan yeni əskər rahətlə vəzifəsini ifa elər, bundan da məmləkət, vətən böyük faidələr görər.

Əskər ailələrinin bir çox dərdləri var, onlara yetişmək, bəzən həqsiz olaraq qanunun kəndilərinə bəxş etmiş olduğu müsaidələrə təcavüz edilmişdir, onları rəf etdirə bilmək üçün kəndilərinə yol göstərmək üçün bir cəmiyyət olarsa azmı faidə verər?

Diqqət olunsun Gürcüstana, Ermənistana, orada hər şeyi hökumətmi ediyor?

Qətiyyən. Orada cəmaət, cəmaət müəssisələri, firqələr, cəmiyyətlər hökumətdən az iş görmüyorlar. Çünki bilirlər, görüləcək vətən işi, millət işi, bir sözlə, dövlət işi o qədər çox, o qədər güna-gündür ki, onları görmək üçün hər kəsə, hər cür cəmiyyətə iş vardır. Ta ki, işləyən olsun?

Gəncədə Azərbaycan hökuməti təsis edərkən böyük bir xəta irtikab edildi. Xəlq içindən doğma nə qədər milli müəssisələr varsa           ortadan qaldırıldı. Hər şeyi hökumət görəcək – deyə bir fikir verildi.

O gündən etibarən firqə həyatı, firqə təşkilatına zərərli bir iş kibi baxıldı, Bakıda “Türk Ocağı” cəmiyyəti müsaidə alıncaya qədər min müşkülata məruz qalmışdı.

Bu xəta parlaman təsis edildikdən, Gəncədə faidəsiz görülən Şurayi-Millinin həqqi və hakimiyyəti iadə edildikdən sonra anlaşıldı.

Fəqət bu xətayı hökumət və siyasi məhfillər anlamış olduqları halda görüyorum, cəmaətimizin kütləsi daha bunu anlamamışdır. Hələ hər kəs hər şeyi hökumətdən gözləyib duruyor.

Əlbəttə, hökumətə malik bir millətin həqqi vardır ki, hər şeydən həyati-ictimaiyyə və siyasiyyəsinin müdiri və nazimi olan hökumətin rəftar və göftarına, təşəbbüs və qərarlarına müntəzir olsun. Bu təbiidir. Fəqət təbii olmayan bir şey vardır ki, o da hər şeyi hökumətdən intizar edib də kəndisinin tamamilə atil və batil oturmasıdır.

Millətin fəal və zində qüvvətləri, haydı iş başına. Şimdi işləmək, yaratmaq və hökumətə kömək etmək zamanıdır.

Hökuməti yalnız sözlə olan irşadəngizlə degil, işlə göstərdiginiz təşəbbüsünüzlə də təyid etməlisiniz!

     

M.Ə.Rəsulzadə

      “Azərbaycan”, 5 şubat

(fevral) 1919, ¹106

 

 

Azərbaycan paytaxtı

        

“Quzğun dəniz”in sahilində, əski Albaniyanın mərkəzində, Şirvanşahların paytaxtında, Abşeron yarımadasının cənubunda 49-51 dərəcə tul, 40-21 dərəcə ərzində bir tərəfdən Bayıl, digər tərəfdən Zığ adilə suların bağrına qol uzatmış, qarşıdakı adaların himayəsilə pənahsız gəmiləri hər növ tufanlara qarşı qoruyan mərhəmətkar bir qucaq açmış liman var:

Bakı bəndəri!

Şöhrətli Azərgədəsi, “odunsuz yanar, sudan qorxmaz” münqəbədar atəşi uzun zamanlardan bəri məruf, tarix səhifələrini boyamış neft quyuları, hərdənbir fövran edər “yanardağ”ı ilə Azərbaycan isminin müsəmması həmişəyanar bir ocaq var:

Bakı bələdəsi!

Bakı – Azərbaycanın paytaxtı.

Bakı, bu gün istiqlalını elan etmiş olan Şimali Azərbaycanın mərkəz idarəsi olduqdan sonra degil, daha əvvəldən, qədim zamanlardan bəri Azərbaycan paytaxtı-paytaxtı degilsə də, mühüm mərkəzlərindən biri olmaq heysiyyətinə malik olmuşdur.

Azərbaycan kəlməsinin “Od” mənasındakı “Azər”dən ayrıldığını iddia edənlər, buradaki atəşgədələri göstərir, ona görə də bu yerlərə “Od abad edən” mənasında “Azərbaykan” və yaxud “Azər abad kan”, daha sonra müərrib olaraq “Azərbaycan”  denildiyini bəyan edərlər.

Şəmsəddin Sami bəy mərhum “Qamusi-əl-əlam”ında “Azərbaycan” kəlməsinin əvvəlcə Təbrizin özünə, sonra ətrafına, daha sonra vilayətinə ələm olduğunu qeyd ediyorsa da, bir az aşağıda Azərbaycanın toprağını və yerlərinin mürəkkəb olduğu məvaddi-tərif edərkən diyor ki: “Məmləkətin toprağı ərazi-bir kaniyyədən olub, qaz çıxarır yerləri və neft quyuları çox olduğu kibi, zəlzələləri dəxi pək sıx olub, qəsəbələri və ələlxüsus mərkəzi olan Təbriz şəhəri dəfəatla xərab olmuşdur. Zəmani-cahiliyyətdə atəşgədələrinin kəsrəti və bəlkə “Azərbaykan  təsmiyyə olunması dəxi bir atəşi-daimi halında olan bürkan və neftlərinin kəsrətindən iləri gəlmişdir”.

Görüyorsunuz ki, müəllifi-möhtərəm sizə tamamilə aşina bir mənzərə təsvir ediyor. Tərif tamamilə Bakıya və vilayətinə aid daimi bir atəş halında bulunan bir kan – Bakı, dəfəatla zəlzələyə məruz qalan da Şamaxıdır. Burada Təbriz və həvalisinə bənzəyən bir şey yox. Çünki o həvalidə nə qaz çıxarırlar, nə də neft quyuları vardır.

Bunu zikr etməkdən məqsədimiz təbii, Təbrizin Azərbaycan mərkəzi olduğunu inkar degil, əsl Azərbaykan isminin müsəmması olacaq nöqtənin Bakı ola biləcəgini göstərməkdir.

Əvət, Bakı yalnız bugünki Azərbaycan Cümhuriyyətinin paytaxtı degil, əski Azərbaycan qitəsinin də mühüm bir mərkəzidir. Vəqtilə bu mərkəz əski “Midiya” yerini tutan Azərbaycan sakinlərini müqəddəs atəşləri ilə qızdırmış; bu hərarətlə o, İrandan, Hindistandan  dünyanın sair yerlərindən zairlər cəlb eləmişdir.

Bakı bu gün də ziyarətgah, bu gün də məbəddir.

Bugünki Bakı zairləri əski atəşpərəstlər kibi din hissiyyatı və ruh ehtiyaclarını tətmin üçün degil, maddi həvəslərini təmin, artıq təmələrini doyurmaq üçün gəliyorlar. Buradakı sərvəti kəndi kəşanələrinə axıtmaq istiyorlar. Bu müasir zairlər tarixin hekayələrini oxurkən hind zairlərinin gəlib burada müqəddəs atəşlərə tapınmaqdan başqa bir faidə gözləmədiklərini heyrətlərlə tələqqi edər, o nur və hərarət sərgərdanlarını qətiyyən anlıyamazlar. Çünki onlar “eşqi” şəmin başına firlanıb da kəndisini yakan və yakılarkən səs çıxarmayan “pərvanə”dən degil, çəmənlikləri, çiçəklikləri birər-birər gəzib də güllərdən şirə çəkən “arı”lardan ögrənmişlərdir.

Onlar icab edərsə palçığa girər, hisə bulaşar, mazuta batar, fəqət atəşi tapmazlar. Çünki məbud olaraq onlar qazı, nefti degil, bunlardan hasil olan “Sarı mədəni” tanırlar.

Fəqət Bakının müridləri yalnız bu uzaq vilayətlərin zəvvarı degildir. Buranın maddi deyil, mənəvi atəşlərinə Hindistan məcusi və İran zərdüştlisindən daha şiddətli bir ehtiyac və daha qüvvətli bir imanla mərbut olan mücavirlər, mötəkiflər vardır:

– Azərbaycanlılar!

Əvət, Bakı əski məcusilərdən ötrü şöləsinə yakılır şəm; qomşu imperialistlərlə Avropa kapitalistlərindən ötrü şirəsi çəkilir gül isə, Azərbaycan türklərindən ötrü təvaf olunur əməl kəbəsi, etikaf olunur həyat məscididir.

Bu, bizə bir əməl kəbəsi və həyat məscidi olan Bakımızı, əcəba, heç bilirmiyiz?!...

Bu suala cavab almaq üçün mətbuatı-ümumiyyəmizin cavan hücrəsini ümumi bir surətdə gözdən keçirdim. Bakıya aid bir şey görmədim. Bu bana həvəs və cəsarət verdi. Müxtəsər də olsa, Bakının tarixi həqqində bir kaç yapraq qaralıyalım, dedim. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycan Cümhuriyyəti paytaxtının şan və heysiyyətı ilə mütənasib olamıyacaq. Çünki əl altında nə o qədər mənbə, nə də o qədər zaman və fürsət vardır. Fəqət Azərbaycan mətbuatında bü xususda daha heç bir yazı yazılmadığından, düşündüm ki, naqis də olsa, bir şey olsun. Biz naqisini başlarız, mütəşəbbüs  gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy eylər, bu başlanğıcı təkmil edərlər; o zaman biz də əziz paytaxtımızın mükəmməl bir tarixinə malik olmaq səadətini dərk edəriz.

 

II

 

“Bakı” kəlməsi imdiki halda dünyaca məruf kəlmələrdən birisi və hər kəsin virdi-zəbanı  olduğu  kibi, hər azərbaycanlının da “bismilə”sidir.

Bu kəlmə, bilxassə Azərbaycan istiqlalının xofla ümid arasında bir böhran keçirməkdə olan bu günlərdə həssas ürəklərə müəssir bir iztirab verməkdədir.

Qəlblərimizi bu qədər əlaqədar edən “Bakı” kəlməsi, əcəba, hankı mənayı ifadə ediyor?

Bu kəlmənin “bad” və “kub”dan mürəkkəb olan “badi kubə” kəlmeyi-farsisindən müxəffəf olaraq ayrıldığı və “yeldögən” mənasına gəldigi mərufdur; böylə bir “təsmiyyə”nin səbəbi isə burada hakim olan Şimaldan əsən “Xəzri” və Cənubdan əsən “Gilavar” yelləri imiş.

Fəqət Bakı isminin böylə mənayə malik olduğu məşhur isə də, dərin düşünür müdəqqiqlər böylə bir vəchi-təsmiyyeyi amiyanə görüyorlar.

İran müabiləri Bakı isminin əslini iranilərin tələffüzləri “badi kubə”dən aradıqları kibi, bəzi türkçilər bakılıların “bəki” şəklində tələffüz elədikləri bu kəlməyi “bak” kəlməsindən ayırmaq istiyorlar. Ərəb müvərrixlərindən bəzilərinin paytaxtımızı “baq” şəklində qeyd etdiklərindən dəxi istidlal edərək, bir rəvayətə görə, Xəzər türkləri tərəfindən təsis olunmuş olan bu şəhərin əslində “bək” müqabili bulunan “bak” kəlməsindən iləri gəldigini söyliyorlar. Əksər ərəb müvərrixlərincə “Bakuyə” məruf olan tələffüzü də (bəkcigəz)in müərribi imiş – deyə iddia ediyorlar.

Ərəb coğrafiyunundan Yaqut Həməvi Bakıyı “Bakuyə” şəklində qeyd eləmişdir.

İbn Əl-Əsir Xəzəri isə “Kamil” adlı tarixində Bakı şəhərini “baq” olmaq üzrə göstəriyor və diyor ki, “Baq-Bəsfərcan elində bir şəhərdir”. Yaqutun Bəsfərcan tərifinə görə Əran (yəni Şimali Azərbaycan) ölkəsində kain bir elin adıdır.

Amasiyalı Hüsaməddin “İqdam”da nəşr elədigi bir məqaləsində İbn Əl-Əsirin “baq”ını alaraq bunun “bak”dan çıxdığını “bak”ın da Bakuyə şəklinə gəldigini və bunun da şimdiki türkcəmizdə “Bəkşəhri” demək olduğunu iddia etməkdədir. Digər bir mühərrir dəxi Bakının yenə türkcə olaraq Sultanülqəra və Şahkənd mənasına olaraq “Bək köy” olduğunu zikr edərək şair Şeybaninin aşağıdakı:

“Bək köy də bana göründü bənli

Ol lalə üzar simi-tənli”

beytini dəxi istidlal üçün iqtibas ediyor.

“Baku” kəlməsinin istiqaqi haqqında bu kibi tədqiqat biçimli digər mülahizələr dəxi yox degildir. Fəqət bu mütaliələrin qərini-həqiqət olduğunu təsdiq etmək məsuliyyətini boynumuza alamayız.

Bizə öylə gəliyor ki, Bakının qədimligini, burada əski iranilərin, yunanilərin, xəzərlərin və sair qədim millətlərin hökmran olduqlarını nəzərə alaraq Bakı kəlməsini farscaya və yaxud türkcəyə uydurub da kəndisinə mətlub bir mənayi bağlamaqla məsələ həll ediləməz.

Bakı kəndisində bulunan gərək Venedik kari qüllələri və gərək hindkari azərgədələri ilə bəşəriyyətin əski dindarları olan hind atəşpərəstlərinə bittəb bəlli idi. Bunu  göstərər sərih məlumati-tarixiyyə vardır.

Bir bürkan halında daimi atəş surətində yanıb tutuşan Bakı atəşpərəstlərə yabançı qalamazdı. Həm qalmamışdır, burası onlarca bir ərzi-müqəddəs idi. Suraxanıdakı atəşgədə Azərbaycan atəşgədələrinin ən qüdsisi idi. Buraya hind məczublərinin zəvvar qafilələri təşkil edərək gəldikləri müsəlləmdir.

Bu mülahizəyə görə, “Baku” kəlməsinin iştiqaqını nə bugünki farscada, nə də türkcədə aramaq səhih olamaz. Bunun üçün “sanskrit” dilinə müraciət edilərsə, daha münasib olur.

Sanskritcədə “Baku” kəlməsi bir məna ifadə ediyormu?biləmiyoruz. Fəqət bəzi mənbələrə görə hind lisanlarından (keçrati-qədim) dilində “Baku” kəlməsi “həqiqətə doğru” mənasını ifadə ediyormuş. Çox ehtimal verilə bilər ki, hind məcusiləri möcüznüma atəşgədəsindən dolayı burasına böylə müqəddəs bir ism vermiş olalar. Bilxassə ki, “odunsuz yanar və sudan qorxmaz” üç atəş əfsanəsi dəxi Baku atəşgədəsinin bulunduğu yerə isnad olunuyor. Tarixən müəyyən olmayan bir zamanda – İran tarixilə məşğul olanlar diyorlar ki, – atəşpərəst zərdüştilərindən bir qafilə Azərbaycandan “Abşeron” yarımadasına gələrək sahildən iki fərsəx fasilədə Baku atəşgədəsini vücudə gətirmişlərdir. Onların anlatmasına görə, “bu məbəd (yəni Baku atəşgədəsi) sıcaq bir topraq üzərində təsis olunmuşdu. Bütün o tərəflərdə kəsrətlə mövcud olan “şist” yağlarilə neftin qarışmasından hasil olmuş (karbonlu hidrogen) o sahədə kəsrətlə vardı. Bu qaz atəş alıyor, yanıyordu. Hətta yalnız topraq üzərində degil, bu qaz dəniz açıqlarında da mövcuddur. Alovlu bir şey atınca haman suyun üzü atəş alıb yanıyor.”

Bakının Hindistan, İrani-qədim və atəşpərəstliklə olan əlaqəsi adının nərədən gəldigi həqqində verilən izahat arasında göstərildi.

Burasının Yunani-qədim və Venedik dövrləri ilə münasibətdar olduğunu bildirir. Asar da vardır. Bayıl qabağında sular içərisində bulunan əski qələ hasarını andıran barıların ənqazı bu asardandır. Şəhərimizin gözəlliklərindən birini təşkil edən Kupalniya (dəniz hamamı) yapıldığı zaman bu ənqaz səmtində “məzkur hamam müqabilindən sahildə duran “Qız qələsi”nə doğru uzanan bir növ səngfərşlər kəşf olunduğu zaman mütəxəssis mühəndislər bunun əski yunan asari-memariyyəsindən olduğuna zahib olmuşlardı. Məzkur Qız Qələsi dəxi adilə türk əsəri isə də, tərzi memarı və şəkil etibarilə Venedik asarını andırıyormuş.

Haşımov meydanında qoşa qələ qapısı üzərində müşahidə olunan rəsmlər dəxi islamiyyətdən əvvəlki  bir dövri-qədimə aid olsa gərək”.

İsminin nə kibi bir məna ifadə elədigi həqqində mövcud olan bu qədər rəvayətlər içərisində amiyanə bir təfsiri olan “bad” və “kub” təvəccöhi məruf olduğu kibi şəhərin qədimligi və kim tərəfindən təsis olunduğu babda da iranilərcə məruf bir rəvayət vardır. Bu rəvayətə görə, Bakı Nuşirəvanı-Adil tərəfindən təsis olunmuşdur. Buna müqabil şəhərin Nuşirəvan istilasından daha əvvəl Xəzər xaqanlığına tabe bir Türkmən xanlığı dairəsində olduğu da iddia olunmaqdadır. İbn Əl-Əsirin Bakının “Bəsfərcan” elində bir şəhər olduğunu zikr etdigini qeyd etdik. “Məcməülbəldan” sahibi Yaqut Həməvi isə Bəsfərcan elini: “Bəsfurcan”, Bəsluxan, Basluxan kibi Basfurkanın müərribidir. Türklərin “bay siburqan” dediklərinə iranilər “Basfurkan”, ərəblər də “Bəsfurcan” və “Bəsfərcan” demişlərdir. Şərqdə Seyhun üzərində kain Siburqan şəhri, Xorasanın mərkəzi-qədimi olan Mərv önündə axan Macan (Makan) nəhri üzərində vaqe Əşfurqan (Siburqan) şəhəri və Qərbdə Kür nəhrinin Şərq tərəflərini mühit olan “Basburqan” eli türk bilad və asari-məşhurəsindəndir” deyə izah ediyor.

Şəhərin kimlər tərəfindən təsis edildigi ixtilaflı olduğu kibi, hankı sənədə təsis edildigi də ixtilaflıdır. Burasının məmurə olaraq 1500 sənədən bəri məlum olduğu, hətta bir rəvayətə görə Miladi-İsadan 978 sənə əvvəl dəxi burada məmurə olduğu rus qamuslarında müqəyyiddir.

 

                                                                              (Əvvəli ötən şənbə sayımızda)

                                                                                                      (Ardı var)

525-ci qəzet.- 2014.- 28 iyun.-S. 26-27.