Ruhların görüşü

 

(Gerçəkliklərə söykənən fantastik hekayə)

 

 

Hərəsi dünyanın bir bucağından gəlmiş bu gənclər indicə tanış olsalar da, min-min illər öncədən tanışmışlar. Onların adları da, üzləri də, əl-qol hərəkətləri də eynən bir-birinə bənzəyirdi: qanbir, dilbir qohummuşlar. Gerçək möcüzə! Axı, hərəsi bir ölkəni, başqa bir xalqı təmsil edirdi.

Azərbaycan vətəndaşı Alov Odər Avropa universitetlərində oxuyanların forumuna qatılmaq üçün Strasburqa gəlmiş, baha olmayan “İbis” hotelində yerləşmişdi, səhər tezdən şəhəri bir az gəzməyə də vaxt tapmışdı.

Eşidib gördüyü tarixi yerlərin, küçələrin adları onu çox maraqlandırırdı.

O, Avropada öz izlərini qədim yazılarda, toponimlərdə, hidronim və oykonimlərdə qoyub getmiş xalqların, ölü dillərin bugünkü Qərb mədəniyyətinə verdiyi töhfələr haqqında elmi işi üçün material toplayırdı. Bloknotuna yazdığı yeni sözlərə nəzər saldı: kultur – türkcə kol sözündən yaranmışdır. Akademi – ak adam, kotlet – qatılı ət ... Bu sözlərin heç birinin latınca, yunanca kökü yoxdur.

Bu da Avropanın qarqaşalı bir şəhərini ağuşuna almış İl çayı... Troyanın təməlini qoymuş Troyun və əfsanəvi Dardanın oğlanlarının adı İl olmuşdur. Troyanın sonuncu çarı Priamin oğlunun adı Paris idi. Yox, bu uyğunluqlar təsadüfi deyildi və ola da bilməzdi.

İl çayının lal axan qolları üzərində salınmış Strasburq qaraqabaq əhalisi ilə ona sakit şəhər təsiri bağışlamışdı. Heç inanmağı gəlmirdi ki, yüzillik alman-fransız davasında bu şəhər əldən-ələ keçmiş, bu sakit küçələrdə çox qanlar axıdılmışdı. Əzəli alman adını saxlamış Strasburq ötən əsrin ortalarından dünyanın sülh şəhərinə, Avropanın uluslararası toplantılarının keçirildiyi paytaxta çevrilmişdi. Şəhərdə almanlar da yaşayırdılar, hətta hər gün Almaniyadan buraya işə gəlib gedənlər də vardı.

“Görəsən, ermənilərlə biz də haçansa belə yaşaya biləcəyikmi? Əlbəttə, əvvəllər olduğu kimi, biz yenə də bağışlayacağıq. Onlarınsa zəhərlənmiş başlarının yuyulub təmizlənməsi üçün bir neçə nəsil gərəkdir, əgər daxildən və xaricdən buna imkan versələr...”

Günorta Avropa Şurasının təşkilatçılığı ilə dairəvi salonda keçirilən toplantıda çıxışları dinlərkən sanki kimsə ona pıçıldadı: “Başını qaldır, bayaqdan gözlərini sənə dikmiş oğlana bax!”

Gözəgörünməz bir qüvvə Alovun baxışlarını düz həmin oğlana sarı yönəltdi. Baxışlar toqquşdu. Ağlına başqa şey gəldi, gözlərini çəkmək istədi. Bacarmadı, bu adam ona çox tanış gəlirdi, qardaşına, əmisi və dayısı oğlanlarına çox bənzəyirdi.

Köhnə tanışlar kimi, gözləri ilə gülümsəyib salamlaşdılar.

İki saatlıq nahar fasiləsində hansısa gözəgörünməz bir dalğa onları maqnit kimi bir-birinə çəkirdi. Yeməklərini götürüb bir masanın arxasında oturdular. Süfrəyə əl uzatmadan tanış oldular:

– Olof.

– Alov.

– Siz Norveçdənsinizmi?

– Yox, xeyli uzaqdan, Azərbaycandanam.

Olof şaşırdı:

– Düşünürdüm ki, həmyerliyik, uzaq qohumuq. Bir-birimizə çox bənzəyirik.

Alov da çiyinlərini çəkib təəccüblə dilləndi:

– Mən də sizin kimi düşünürdüm, elə zənn edirdim ki, həmyerliyik. Deyəsən, adlarımız da oxşardır.Olof ” adının sizin dildə mənası nədir?

– Qədim Norveç sözüdür, ruscadakı “oqon” mənasını verir.

Alov diksindi:

– Mənim adım da bizim dildə eyni mənanı daşıyır. Hər ikisi eyni sözdür, sadəcə, fonetik dəyişikliyə uğrayıbdır. Bizim ölkədə bunun “yalov” şəkli də var. Anadoluda isə “alev” kimi tələffüz olunur.

Bu dəm bir-birinin ardınca dörd gənc boş yerlərdə oturmaq üçün izn istədilər. Qəribə burasıydı ki, gənclər neçə boş masanı keçib onların yanına gəlmişdilər.

Yemək yeyə-yeyə tanış oldular. Artur İngiltərədən, Ertur Quzey Kıprısdan, Alper Türkiyədən, Alber isə İsveçrədəndi.

– Bizim adlarımızın oxşarlığı təsadüf ola bilməz, – deyə Olof ortalığa söz atdı.

Alov gülümsəyib onun dediklərini təsdiqlədi:

– Sizlə razıyam, burada təsadüf yoxdur. Mənim ixtisasıma uyğun olduğu üçün adların mənalarını izah etmək istərdim.

Hamısı razılıqla başını tərpətdi.

– Alper və Alber adları eyni kökdəndir, iki sözdən ibarətdir: Alp və ər. “Alp” sözü qədim türkcə “igid”, “qəhrəman”, “uca” deməkdir. Türk dünyasında bu həm şəxs, həm dövlət, həm kilsə, həm də yaşayış yerlərinin adlarını daşıyır. Miladdan öncələrdən Qafqazda bizim eranın IX əsrinədək Alban dövləti, IV əsrin əvvəllərindən 1836-cı ilədək Alban kilsəsi mövcud olmuşdur. Turanlıların hökmdarının adı Alp er Tunqa idi. XII əsrədək Azərbaycanda, Türküstanda Alp Tarkan, Alp Teqin, Alp Turmuş, Alp Arslan, Alp Toğrul kimi hökmdarlar olmuşlar. Hazırda bizim ölkədə Alpan, Alpout adlı yaşayış məskənləri min illərdir, varlığını saxlayır.

– Belə çıxır ki, Avropanın qocaman Alp dağlarının da adı ordandır.

– Bəli, ərəb dilində “p” hərfi və “p” səsi olmadığı üçün VII əsrdən bu yana bütün yazılarda “p” səsi “b” kimi yazılmışdır. “Ər” sözünə gəldikdə isə qədim və çağdaş türk dillərində “kişi” mənasını verir. Beləliklə, Artur və Ərtur adları da eyni mənanı daşıyır: Tur, Turan kişisi.

Alper və Arturların dördü də ilk dəfə eşitdikləri bu yenilikdən – adlarının etimologiyasını öyrənməkdən məmnun qaldılar, razılıqlarını bildirərək soruşdular:

– Bəs, bu adlar bizim ölkələrə necə keçmişdir?

– Bu və digər sözlərin Qərbi Avropaya toponim və antroponim kimi keçməsi, güman edirəm ki, Troya dağılandan sonra baş vermişdir.

– Bizim fəxrimiz Tur Xeyerdalın adındakı “Tur” söz önlüyünün mənası mənə aydın oldu, – deyə Olof dilləndi.

Nahardan sonra onlar pivə sifariş edib küncdə, pəncərənin qarşısında, üzbəüz qoyulmuş divanlarda oturdular. Hamısı həyəcanlı idi, sanki ovsunlanmışdılar, ancaq səbəbini bilmirdilər. Sadəcə, bunu anlayırdılar ki, sanki nə vaxtdan uzaq-uzaq diyarlarda ayrı düşmüş qohumlarını, əmizadələrini, dayızadələrini tapmışdılar. İndi bir-birilərini gördükləri üçün çox qəribə, xoş duyğular başlarını dumanlandırıb nəşələndirirdi.

Adamın kefi taraz olanda pivədən də dəmlənib meyxoş olur. Onların söhbətini kənardan eşidənlər bir şey anlamırdılar. Bilmək olmurdu, onlar gerçək olaylardan bəhs edirlər, yoxsa zarafatlaşırlar ...

– Turların, Turanların şahzadəsi buzlar ölkəsinə gedəndə sən onun yanında deyildinmi?

– Tor oğlu Odinimi deyirsən? Mən də onun dəstəsindəydim. Skandinav ölkələri kralları sülaləsinin kökü qaranlığa işıq gətirmiş, Kral və Tanrı kimi qəbul edilmiş bizim Odindən başlayır.

– Alber, sən sevdiyin gözəl Danaya ilə qovuşdunmu? Həmin o gecə yunanlar Troyanı yandıranda gərək ki, şahzadə Eneyin dəstəsiylə çıxa bildiniz.

– Elədir, amma İtalda bir-birimizi itirdik. Əski qohumlarımız etruskların yanına sığınmışdıq. Danayanın gözəlliyinin sorağı çara çatdı. Görüb bəyəndi, qızı əlimdən aldı. Məni isə bir dəstə ilə Alp dağının o biri üzünə yola saldılar. İki min ildən sonra Danayanın çılpaq şəkillərini Avropa rəssamlarının emalatxanalarında, zənginlərin saraylarında gördüm. Qısqanclıq sevgimi didib parçaladı. Səhərlər tezdən Ay təki parlayan Dan ulduzuna baxanda onu xatırlayıram. Axı Danayanın adını əski Troyada bu ulduzdan götürmüşlər.

– Artur, sən də Danayanı sevirdin axı ...

– Onu kim sevmirdi ki!.. Həmin o müdhiş gecə biz düşmənlərin təqibindən güney üzünə qaçdıq. Bəzən insan elə ağır duruma düşür ki, ən vacib olanı da unudur.

– Əsl sevən Dardan kimi olar, – deyə, köhnə tanışlar kimi onlara yaxınlaşan badamı gözlü, güləş üzlü qız yanındakı pəhləvan cüssəli, qıyıqgöz oğlanı göstərib sözünün gerisini gətirdi: – O, Troy çarı Tevkirin gözəl qızı Batiyaya bir könüldən min könülə vurulmuşdu. Qızı istəyən çox idi, amma atasının bir şərti vardı: kim qarşıdakı boğazı üzə-üzə Avropa sahillərinə çatıb geri dönsə, qızı ona verəcək. Gözəl Batıyanı almaq istəyən neçə igidin əl-ayağı qıc olub suda boğulmuşdu. “Suda boğulmaq, ya da Batiyasız yaşamaq – hər ikisi mənimçün eynidir, ölümdür!” deyən Dardan boğazı üzüb geri qayıtdı, sevgilisinə qovuşdu, üstəlik, onun şərəfinə boğaza “Dardaneli” adını verdilər.

Gənclər “Vah, Dardan, bu sənsənmiş” deyib onun əllərini sıxdılar. “İndi harda yuva qurubsan?”

– Türkistanın Qazaxıstan ölkəsində.

– Nə yaman uzaq gedibsən? Bu xanım Batiyadırmı?

Qız incik halda başını bulayıb dedi:

– Eh, Alber, Artur, ilk sevginizi necə unuda bilibsiniz? Siz Danayanı tanımadınız... Bayaq siz mənim adımı çəkəndə qulaqlarım cingildədi, gözlərim, ayaqlarım qulaqlarıma tabe olub məni sizin yanınıza gətirdi.

– İlahi, Danaya, – Alber yerindən sıçradı – Sən necə incələşibsən, daha da gözəlləşibsən. Gözlərin daha da badamı olub.

– Əski dönəmlərdə ətli-canlı qadınlar kişilərin xoşuna gəlirdi, indisə incə-mincə qızlar, – Danaya şıltaqcasına güldü.

– Bəs, sən hansı diyarda gedib məskən salmısan? İndi hardan gəlibsən? – Artur soruşdu.

– Kazandan, Tatarıstan ölkəsindən. Orada Danayanı çox sevirlər. Az qala, hər evdə bir Danaya var. Min illərdir, orada gözəl qızlara Danaya adını qoyurlar. Arturlarımız, alberlərimiz də var. Qazaxlar, qırğızlar isə pəzəvəng kişiləri Dardan adlandırırlar. Əsas olanı budur ki, biz yaşayırıq, dünyanın hər yerində varıq, min illər öncə səpilmiş toxumlarımız bitə-bitə gedir, onları yox etmək olumsuzdur.

Çox qəribə aura yaranmışdı bu deyib gülən gənclər arasında... Adətən belə toplantılara qatılanlar heç bir rəsmiyyət, protokol qaydaları gözləmədən bir-birinə yaxınlaşıb tanış olur, vizit kartlarını paylaşırdılar. Kənardan bizim gənclərə maraq göstərənlər bu məclisin aurasını yarıb ona qatılmaq istəyirdilər, ancaq XXI yüzillikdən vurub miladdan öncəki qaranlıq dönəmlərə gedib çıxan qəribə söhbətlərdən baş çıxara bilməyib qırağa çəkilirdilər. Çünki bu qəribə söhbətləri aparanlar zaman və məkan baryerini aşıb keçmişdilər, həmişəgənc ruhları ağıllarını üstələyib küncə qısnamış, bədənə tam sahib olmuşdular və Adəm övladlarının getdikcə uzaqlaşdıqları gerçəklikləri onlara xatırlatmaq üçün bu yola əl atmışdılar.

Amma ruhlar ağılı küncdə çox saxlaya bilməzdilər. Yaradanın qoyduğu qaydalara qarşı durmaq olumsuzdur.

Bizim gənclər ruhlarının xatırladıqlarını ağılla düşünüb dəyərləndirirdilər. Başa düşürdülər ki, Avropa kulturunun yaranmasının təməlində yunanlardan və latınlardan öncə Aralıq dənizinin quzey sahili torpaqlarının erkən sakinləri troylar, etrusklar, pelasqlar, traklar dururdu.

– Bu gün mənim həyatımda önəmli bir tarixə çevrildi. Həmişə fikirləşirdim: romalıların səkkizinci legionu vətənim Britaniya adalarına gəlməzdən qabaq ketlərdən başqa orada kimlər yaşayırdılar? Sağ olsun, qardaşımız, tarixin o qaranlıq çağlarına azacıq da olsa, işıq saldı.

– İstərsən, o işığı bir az da gücləndirim, – Alovun Artura əlüstü cavabı üzlərdə xəfif təbəssüm yaratdı, – Mən istərdim ki, adanızdakı qədim adlara, xüsusən, toponimlərə diqqət yetirəsiniz, onlardan latın və yunan dillərində mənasını tapmadığınız, təəssübkeş dilçilərin “mənşəyi məlum olmayan” saydıqları sözləri Troy və Etrusk dillərində axtarasınız. Bu axtarışda sizə 12-ci əsr ingilis müəllifi Geoffry of Monmouth kömək edər. Sadəcə, onun 1136-cı ildə yazdığı, 1968-ci ildə Londonda nəşr edilmiş “Britaniya krallarının tarixi” adlı əsərini tapıb oxuyun, vəssalam. Bu əsərdə göstərilir ki, troyların İtaliyaya, sonralar Britaniyaya gəlib məskən salması Troy– Yunan müharibəsi nəticəsində baş vermiş miqrasiya ilə bağlıdır. Troy sərkərdəsi Eneyin törəmələrindən olan Brut eramızdan əvvəl XII əsrdə öz tayfası ilə bu adaya gəlmiş, adını öz xalqına və ölkəyə vermişdir. Həmin əsərdə Londonun əski adının Troy Novo olduğu göstərilir. Etrusk əsilli məşhur Roma sərkərdəsi və imperatoru Yuli Qay Sezarın dedikləri də əsərdə göstərilmişdir. O, britonların romalılarla eyni kökdən – troylardan törədiyini, hər ikisinin troyalı Eneyin nəslindən olduğunu söyləmişdir, – nəfəsini dərib bir neçə qurtum pivə ilə boğazını yaşlayan Alov sözünə davam etdi, – Bizim ölkənin çağdaş dilçilərindən Avropa və türk dilləri üzrə uzman, bilim adamı, doktor Çingiz Qaraşarlı bu mövzuda bir neçə kitabın müəllifidir. İstəyən olsa, ingiliscə nüsxəsini göndərə bilərəm.

– Bəs Avropada, özəlliklə bizim Norveçdə, german tayfalarının arasında geniş yayılmış saqalar haqqında nə deyə bilərsiniz?

Olofun sorusunu cavablandırmaq üçün Alov çox düşünmədi:

– Sizlərdə epos kimi tanınan saqaların kökü “saq” etnonimi ilə bağlıdır. İndiki türkdilli xalqların əcdadlarından olan saq tayfaları öz izlərini Şərqi və Mərkəzi Sibirdən tutmuş Qafqazda, ələlxüsus Azərbaycanda, sonra Krımda, Avropada qoymuşlar. Mən o izlərdən məşhurlarını diqqətinizə çatdırmaq istərdim. Asiyanın şərqdə qurtaracağı sayılan Saxalin – Sakalin yarımadasını, Sibirin mərkəzində Saxa vilayətini, Azərbaycanda hələ Heredotun Sakasen adlandırdığı qədim bölgə, Krımda Saki şəhəri, Almaniyada Saksoniya bölgəsi, nəhayət, anqlosaks ifadəsi. Hamısı eyni kökdəndir.

– Olarmı, Heredotun Sakasen adlandırdığı bölgə haqqında bilgi verəsiniz, – deyə bayaqdan susmuş Ərtur xahiş elədi.

– Məmnuniyyətlə, ölkəm haqqında danışmaq mənim üçün ən dəyərli, xoş bir işdir. Heredotun Sakasen adlandırdığı bölgədə indi səkkiz kiçik şəhər vardır. Onlardan ikisi – Şəki və Zaqatala min illərdir “saq” adını yaşadır. Bildiyiniz kimi, bütün dillərdə bəzən “s”, “ş” və “z” səsləri bir-birilə əvəzlənir. Şəkidən cənubda Qarabağ vilayətinin bir hissəsi də çox qədimlərdə Arsaq, yəni, “Saq kişiləri” adlandırılmışdır. Qarabağla cənubdan sərhədlənən Zəngəzur mahalında da Şəki şəhəri olmuşdur. Ərəb işğalından sonra tənəzzülə uğrayıb qəsəbəyə çevrilmişdi. Son əsrlərdə erməni işğalından sonra əhalisi qovulmuş, xarabalığa dönmüşdür.

Bir anlığa səsi titrəyib qırılan Alov susdu. Səbəbini kimsə anlamadı.

– Avropanın qurtaracağı İslandiyada, elə İrlandiyada da aransa, Saq izlərinə rast gəlinə bilər, – deyə Olof adaşının sözlərinə dəstək verdi.

– Bu, daha bir göstəricidir ki, hələ o dönəmlərdə Avropada təbii yolla qloballaşma getmiş, türklərin və bizim əcdadlarımız qaynayıb qarışmışlar. Bizim damarlarımızda müəyyən dərəcədə türk qanı da axır. Elə isə nədəndir avropalılarda bu türk dözümsüzlüyü?

– Məncə Yer üzündə ağalıq iddiasında olmuş və olan hökmdarların, siyasətçilərin hakimyyət hərisliyinin nəticəsidir xalqların, ölkələrin bir-birilə düşmançılığı. Əslində, biz yad deyilik, hamımız bir kökdənik, Adəmlə Həvvanın törəmələriyik. Yetər, bəşər övladları bu gerçəkliyi anlamalıdırlar.

Sanki yeni bir dünya kəşf ediblərmiş kimi, bizim gənclərin ruhları bu böyük gerçəkliyi ağılın gücüylə bəşər övladlarına xatırladıb anlatmağa ruhlandırırdı.

Min-min Yer illəri ərzində bu dünyaya gələrək, öz vəzifəsini yerinə yetirib getmiş Adəm övladlarını bir-biri ilə əlaqələndirən vasitə varsa, o da ilahi ruhlardır.

Ruhlar qocalmırlar. Gözə nur versələr də, gözlə görünməzlər...

Ruhlar sinələrdə quş kimi çırpınıb öz nəğmələrini oxusalar da, səsləri eşidilməz... Əl-ayağı oynatsalar da, özləri əllə duyulmaz...

Həmişəyaşar ruhlar... Axır ki, dilə gəldilər!..

 

525-ci qəzet.- 2014.- 28 iyun.- 25; 31.