Qadınlar zamanın yaddaş cədvəlində
(Əvvəli
ötən şənbə sayımızda)
Təbiət tərəfindən qadına verilən
mükafat həm də onun xoşbəxtliyə
çatması üçün çox vaxt şərait
yaradır, ona üstün mövqelər bəxş edir. Lakin bu qiymətli
qaşı nəzərə çarpdırmaq
üçün üzüyün özünün də rolu
kiçik deyildir. Bu üzük isə
qadının davranışı, incəliyi, hərəkəti,
özünə rəğbət qazandırmaq
bacarığıdır. Bunlarda
ağılın istiqamətverici rolunu da unutmaq olmaz. Qadın süniliyə əl atdıqda, maskadan
istifadə etdikdə gözlədiklərinin əvəzinə
əks effektlə üzləşməli olur. Özündən asılı olan ləyaqətlər
təbii olduqda isə hökmən pərəstişi
andıran bir münasibət cavabını alır.
Fransız yazıçısı Stendal yazırdı
ki, kəpənək kolleksiya qutusuna sancıldıqda elə
gözəl görünmür, pərvazlandıqda isə
qanadlarındakı rənglər Günəşin
şüaları altında cilvələnib bərq vurur, bu
vaxt qeyri-adi gözəllik effekti yaranır. Qadının
da gözəlliyi hərəkət etdikdə heyranedici bir mənzərə
əmələ gətirir. Kürsüdə
oturan qadın heykəltəraş tərəfindən
yonulmuş büstü xatırladır, onun bədən ləyaqətlərinin
və sifətindəki cəzbedici cizgilərin bir çoxu
yoxa çıxır. Qədim Roma
şairi Vergili yazırdı ki, “həqiqi ilahə yerişindən
görünür”. Gözəl qadın da
hərəkət etdikdə öz incəliyi, zərifliyi ilə
çiçəkdən çiçəyə qonan kəpənəyi
yada salır, ilahə təsviri yaradır.
Qadın onu daim izləyən şəhvətin əsirliyindən,
girovluğundan qaçmağı bacarmalıdır. Axı vəhşicəsinə
zorlama hadisələri istisna edilsə, əslində heç
bir vəhşi heyvan bu iyrənc hərəkətə yol
vermir, belə eybəcər davranış silahı yalnız kişi cinsindən olanların cəbbəxanasındadır,
çox hallarda bəkarətinin pozulmasında, yaxud
yüngül əxlaq yoluna düşməkdə
qızın, qadının özü günahkar olur. Qədim
hettlərin ( Bizim eradan əvvəl ikinci
minilliyin birinci yarısında Kiçik Asiyada hett xalqı irəli
çıxmışdı. Onların
imperiyasının ərazisi b. e. ə 1450-1200-cü illərdə
Anatoliyanın əksər hissəsini və Şimali
Suriyanı tuturdu. B. e. ə. 1200-cü illər
ətrafında qarətçi müdaxiləçilər tərəfindən
imperiya məhv edildi.) qanununa görə, qadını dağlarda, tənha
yerdə zorlayana ölüm cəzası verirdilər,
qadın öz evində zorlandığından şikayət
etdikdə isə, heç kəsi cəzalandırmırdılar,
onu əsas gətirirdilər ki, bu intim yaxınlıq
qadının öz razılığı ilə baş
vermişdir.
Servantesin “Don Kixot” əsərində belə bir səhnə
təsvir edilir. Sanço Pansa bir adanı idarə edəndə,
qubernator kimi mühakimə apardıqda, bir qadın
malabaxanın ona təcavüz etdiyi barədə şikayətlə
müraciət etdi. Qadın əlavə etdi ki, iyirmi il ərzində qoruyub saxladığım sərvəti
bu kişi oğurladı, mən isə bu sərvəti
mavrlardan və xristianlardan, özümüzünkülərdən
və kənardan gələnlərdən qorumuşdum.
Kişi isə kasıb adam olduğunu, bu
qadına intim yaxınlıq etmək üçün pul təklif
etdiyini, qadının isə məbləğlə
razılaşmayıb məni bura gətirdiyini dedi. Bu qadın yalandan zorlandığını deyir.
Hakim malabaxanı qadına iyirmi dukat pul verməyə məcbur
etdi. Qadın pul kisəsini alıb, tumanının
altında gizlədib, məhkəmə otağından
qaçdı. Qubernator malabaxana göstəriş verdi ki, indi onun arxasınca qaç və
pullarını geri al. Sonra isə qadını bura gətir.
Bir azdan qadınla malabaxan əlbəyaxa şəkildə
dalaşa-dalaşa içəri girdilər. Onlar indi daha
acıqlı idilər. Qadın pul kisəsini
qarnına sıxmışdı, qışqırırdı
ki, o, pul kisəsini məndən almaq istəyir. Mən bu pul kisəsindənsə həyatımı
verməyə hazıram, şir caynaqları da pul kisəsini əlimdən
qopara bilməz.
Qubernator
özu pul kisəsini qadından alıb, malabaxana qaytardı və
qadına dedi: “Əgər bədənini müdafiə edəndə
pul kisəsini qoruyan vaxt göstərdiyin bu ruhunun dəyişkənliyini
və qorxmazlığının yarısını işə
salsaydın, hətta Herkules belə öz gücü ilə səni
zorlaya bilməzdi”.
Əlbəttə, bəzən şərait də
qadını ədalətsizcəsinə bu təbiət qanuna
tabe olmağa məcbur edir. İtalyan yazıçısı
Alberto Moraviyanın “Çoçara” romanının qəhrəmanı
olan qadın müharibədə qızının ləyaqətini
qoruyub saxladığı halda, savaş başa çatanda dağ kəndindən
doğma şəhərinə qayıdarkən, onların hər
ikisi Mərakeş əsgərləri tərəfindən gecələdikləri
boş kilsə binasında qrup şəklində zorlanmaya məruz
qaldı.
Bu yaxınlarda vəfat etmiş İsa Hüseynov
“Tütək səsi” əsərində İkinci Dünya
müharibəsi dövründə uzaq Azərbaycan kəndində
baş verən faciəli hadisələri qələmə
alınmışdır. Kənddən cəbhəyə
yollanmış əsgərlərin həlak olması barədə
“qara kağızlar”ın sayı getdikcə artır. Cümrünün də atası həlak
olmuşdur, onun bu dərdinin üstünə anasının
kolxoz sədrinin yaxınlıq etmək barədə onu təngə
gətirdiyinə razılıq verməsi xəyanəti əlavə
olundu. Bunlara dözə bilməyib o, dəli
oldu, gecə-gündüz çaldığı tütəyin
qəmgin melodiyası onsuz da bədbəxt həyat keçirən
kəndlilərin hüznlü sükutunu pozurdu. Əslində Cümrü də, anası da
müharibənin qurbanları sırasına daxil olmuşdu.
Qız, qadın öz ismətinin qayğısına
qalsa, yəqin ki, onların təcavüz
adlandırdığı və yuxarıda göstərilən
əhvalatlar da nadir hal xarakteri daşıyardı.
Qadınların böyük əksəriyyəti, milli
xüsusiyyətlər nəzərə alınmaq şərtilə,
İsmət, ləyaqət anlayışlarını
düzgün dərk edir, onun qorunmasını vacib
sayırlar. Qədim dövrlərdə Milet qadınları naməlum
bir xəstəliyə sirayətlənmişdilər,
çoxları özünü öldürürdü,
qızlar hər cür nəzarətdən yayınıb,
özlərini asırdılar. Nə
valideynlərinin yalvarışı və göz
yaşları, nə dostlarının onları bundan
yayındırmaq cəhdləri, dedikləri nəsihət
sözləri heç bir təsir gücünə malik
olmurdu. Bu vaxt bir müdrik məsləhətə
müvafiq olaraq belə qayda qəbul olundu ki, özünü
asan qızların meyidləri dəfn edilməyə
aparılanda çılpaq şəkildə şəhərin
baş meydanından keçirilsin. Bu,
öz təsirini göstərdi və qızların
özünü öldürməsi bütünlüklə kəsildi.
Özünü intihar etmək kimi ağır əməldə
tərəddüd etməyənlər də
ölümündən sonra onları gözləyən
biabırçılıq perspektivini nəzərə
alıb, geri çəkilməyə məcbur oldular. İsməti hər şeydən üstün tutmaq
bu əhvalatda bütünlüklə özünü göstərir.
Bəzən ağlasığmaz fədakarlıq
anında isməti də müəyyən hədlərdə
qurban vermək olar. Kimisə xilas etmək naminə bu xətaya
da yol verilə bilər. Böyük flamand
rəssamı Paul Rubensin Sankt-Peterburqun Ermitajında
nümayiş etdirilən tablosu “Ataya sevgi” adlanır.
Əsərdə təsvir edilən taqətdən
düşmüş, ordları batmış, ölüm
ayağında olan bir kişi gənc, bakirə
qızın dolğun döşünü əmir. Bu qədim bir əhvalatın təsviridir. Vaxtilə
böyük qüdrət sahibi olmuş adam
düşmənləri tərəfindən zindana
salınır və ona yemək verilmir, xeyli müddətdə
ac saxlanır. Yanına gələn gənc
qızı uzun aclıqdan atasının həyatla
vidalaşdığını görüb, başqa bir əlac
tapmadığından, öz bakirəlik nişanələrindən
biri olan döşünü onun ağzına verir və
hansı möcüzədənsə əmələ gələn
döş südü ilə atasının həyatını
xilas edir. Böyük ingilis şairi Bayron
özünün “Çayld-Haroldun zəvvarlığı”
poemasında bu əhvalatı gözəl poetik dildə təsvir
edir. Atanı ölümdən xilas etmək
üçün qızı ismətini qurban vermək kimi bir
hərəkətə yol verir, bu, bəlkə də həmin
vaxt ən fədakar bir iş idi.
Bütün qadınlara müqəddəslik qiyafəsi
geyindirmək də düzgün deyildir. Axı heç kəs
Klitemnestra, Gertruda, ledi Maqbet haqqında xoş söz demir. Çünki iki əvvəlki qadın təkcə ərlərinə
xəyanət etməklə kifayətlənməyib,
onların qətlə yetirilməsinin də
iştirakçıları olmuşdular. Ledi
Maqbet isə qan axıtmaqda, ərini bu işə sövq etməkdə
əsl yırtıcı instinktləri nümayiş etdirirdi.
Kim milyonların qanını içən dəhşətli
vampir Hitleri dünyaya gətirmiş ana barədə onu lənətlə
yada salmaqdan əlavə, hansısa xoş söz deyə bilər.
Qadınların hamısını və ya əksəriyyətini
mələk sifətində təsvir etmək də
ağılsızlıqdır. Təsadüfi deyildir
ki, Roma qisas ilahələri furiyalar (yunanlarda onlar eriniyalar
adlanırdı) kimlərəsə zərbə vurmaqla qəzəblərini
söndürürdülər. Yunan ilahəsi
Nemesida taleyin təcəssümü olsa da, adamlara təqsirlərinə
uyğun olaraq cəza verirdi.
Qadınlar barədə Bayronun dediyi “Onlarla və onlarsız yaşamaq mümkün deyildir” sözlər də həqiqətə çox uyğundur. Bəzən arvad öz ərini müxtəlif ağılsız tələblərlə, qıcıqlandırmalarla boğaza yığır. Axı hətta dahi filosof Sokratın arvadı Ksantippa da dəlisovluğu və deyingənliyi ilə seçilirdi, bu müdrik insanı cana doydururdu. L.N.Tolstoyun arvadı Sofya Andreyevna ərinin ömrünün son illərində, qısqanclığından bu kişi ilə addımbaşı sözləşirdi. Axırda özünü yeni peyğəmbər hesab edən dahi yazıçı evindən qaçmağa məcbur oldu və bir neçə gündən sonra Ryazan vilayətindəki Astapovo dəmir yolu stansiyasının rəisinin evində həyatla vidalaşdı.
Ləyaqətli qadınlara isə hörmət göstərilməli, ehtiram bəslənməlidir. Əgər belə qadınlar yetim uşaqlara, anadangəlmə ruhi və fiziki cəhətdən məhdud imkanlılara qayğı göstərirlərsə, onlar əslində xeyirxahlıq mücəssəməsinə çevrilirlər. Belə qadınlara paxıllıq, qısqanclıq etmək ədalətsizlikdir. Axı sərçə qartal kimi uca ənginliklərə qanad aça bilmirsə, niyə ona paxıllıq etməlidir. Axı təbiət hamını barmağın dərisi kimi müxtəlif cür yaratmışdır. Bu müxtəlifliyə görə, daha yaxşı həyata nəsib olmamağa görə məgər digər xoşbəxtlər qınanılmalıdırlarmı, onlara nifrət aşılanmalı, böhtan yağdırılmalıdırmı? Biz xalqımızın dəyərli, yaxşı nümunə göstərən qadınlarına görə yalnız fərəh hissi duymalıyıq.
Tarix qalereyasında seyr etdiyimiz qadınlar da bir-birlərindən fərqlənirlər, öz xalqlarının, ölkələrinin, hətta ailələrinin həyatında onların oynadıqları rol da müxtəlif idi. Əlbəttə, onların çoxu qövsi-qüzeh effekti yaratmasalar da, özünə məxsusluqlarına görə cazibə gücünə malik olmaqla, maraq hissinə səbəb olurlar. Bu yaddaş cədvəlini vərəqləməklə, biz baş verən hadisələrə və onların iştirakçılarına nəzər yetirib, onları təhlil etmək, daha yaxşı dərk etmək imkanı qazanırıq. İdrak isə daim ölçücə kiçik olan bir bilik axınını da qəbul etməyə ehtiyac duyur.
SON
525-ci qəzet.-2014.- 28 iyun. - S. 23.