Regional koloritlə milli ruhun simbiozu

 

(Rəfail İncəyurdun“Arzuların yuvasını uçurma”nın

 mayasından “ÖZü SÖZə ucaltmışlar odası”nın qayəsinə)

 

 

Yurd. Zaman. Doğuluş. İnsan. Həyat. Düşüncələr və ... Yazılar.

Bunlardan hər biri yaradıcı şəxsiyyətin təfəkkür və yaddaşında daşlaşmış ifadələr, onlara münasibət bildirmək istəyi, arzusu, sevinci, bəzi hallarda isə kədərin ifadəçisi kimi çıxış etməsi.

Sadaladığımız leksik vahidlərdən birincisi olan  yurd”, bizə elə gəlir ki, “Zaman”, “Həyat” və s. semantikasının fövqündə dayanır. Hər halda İncə yurdundan (İncə dərəsi) olan, incə qəlbli, həssas nəfəsli yurdunu özünün soyu və boyu kimi götürən, ona bütün yaradıcılığı ilə xidmət edən Rəfail İncəyurdun “Arzuların yuvasını uçurma” (şeirlər) və “ÖZü SÖZə ucaltmışlar odası” ədəbi-publisistik düşüncələr kitablarını oxuyandan sonra təfəkkürümüzün dərinliyində iz salmış fikirləri oxucularla (həm də ədəbi tənqidlə) bölüşmək qərarına gəldik.

Vətən. Yurd. El. Oba. Sadə simalar. Tanış sifətlər. Daha çox görüb öyrəşdiyin insanların çöhrəsi. Davranışı. Ləngəri. Şıltaqlığı. Müdrikliyi... Ağır taxtalı insanların ağır oturub batman gəldiyi yer. Hamısı da özəl və gözəl, hər şey göz önündə öz nəfəsi, öz qoxusu, öz təravəti, öz təkrarsızlığı ilə. Onları hamı görür, onların hamı içində olur, onlarla hamı ünsiyyətdə, mükalimədə...

Di gəl ki, hamı onları (içdən gələn səsləri) kağıza köçürüb başqalarına ötürə bilmir. Ötürməyi bacaranlarsa xoşbəxtdirlər. Biz bunu A.Səhhət, M.Hadi, S.Yesenin, N.Tixonov, V.Lebedev-Kumaç, S.Vurğun, R.Rza, A.Tvardovski, A.Surkov, S.Vasilyev, Ə.Kərim, M.Araz, X.Rza Ulutürk, M.Yaqub, T.Bayram və başqalarında yaxşı görmüşük...

Elə Rəfail İncəyurdun da yurd sevgisi belədir. Sakraldır. Müqəddəsdir. Yenilməzdir. Rəfail İncəyurdda yurda sevgi  lokal mənbəyindən və anlamından çıxıb etnik-külruroloji, sosial-ictimai mahiyyət kəsb edir. R.İncəyurdda “yurd” anlayışı son dərəcə dialektik və perspektivdir. Şair nəinki doğulduğu yerlə qürurlanır, onu vəsf edir, həm də onun yeniyetməlik dövrünün xatirələrinə isti qucağında qol açmış bu yurdu sanki dünyanın mərkəzi sayır.

Rəfail İncəyurd şeirimizdə iki onillikdən artıqdır ki, öz yolu, öz cığırı, öz üslub tərzi ilə irəliləyir. Yaradıcılığı haqqında tənqidimizdə bəzən obyektiv, bəzən də tələsik ümumiləşdirmələrə səy göstərənlər də olur. Bu  təsadüfi olmadığı kimi, təbii qəbul edilməlidir. Əvvəla, ədəbi tənqid amorf hadisə deyil, sonra da hərənin öz arşını ilə ölçmə istəyi də davam etməkdədir. Lakin bütün hallarda İncəyurd yaradıcılığına adekvat nəzər salmaq da qabaqdangəlmişlik kimi dəyərləndirilməməlidir.

İncəyurd şeirlərinin alt qatına nəzər salarkən, onların genezisində folklor ənənələrinin, xalq deyimlərinin, duyumlarının dayandığını sezmək mümkündür. Rəfail İncəyurd öz şeirlərini hamının qəbul və dərk edə biləcəyi sadə xalq dilində yazır. O, poetik sözün urvatını bilməyən və bilmək istəməyən bəzi özündən müştəbeh şairlər kimi mürəkkəb deyilişi və yazılışı, forma və mahiyyəti qavranılmayan konstruksiyalardan, demək olar ki, istifadə etmir və bu, İncəyurd yaradıcılığının özəl xüsusiyyəti kimi göz önündədir. Folklor düşüncəsi ilə həyatın təsdiqedici pafosu İncəyurdda realist təsvirlərlə yaddaşlara çökür.

Folklor stixiyası el-obaya daha yaxından bağlı olan Azərbaycan şairlərinin yaradıcılığının danılmaz cəzbedici qüvvəsi olub. R.İncəyurd, heç şübhəsiz ki, şeirlərində, bir tərəfdən, poetik “mən”i ifadə etmək üçün ona üstünlük verirsə, digər tərəfdən, yurdun mənəvi, mədəni, sosial, folklor, etnoqrafik xüsusiyyətlərini əks etdirmək üçün ona müraciət edir və bu, xalq yaradıcılığı çeşməsindən qidalanmaqla, şairin poetik düşüncəsinin ifadəçisinə çevrilir. İncəyurdun bədii ifadələr palitrasında ideya əlvanlığı dini-etnik obrazlara müraciət etdiyi zaman da  yeni çalar qazanır.

R.İncəyurdun “Arzuların yuvasını uçurma” kitabında biz şairin zamanla, həyatla, cəmiyyətlə, tarixi şərait və s. əsasən yurd kontekstində görüşə bilirik. Bütün hallarda biz şairin əsrə və dövrə, müasirlərə (həm də zəruri olduqda bariz fakt, olay və hadisələrə, şəxsiyyətlərə) mövqe ifadə etdiyinin şahidi oluruq. Qazağın zəngin flora və faunasının, təbiət gözəlliklərinin tərənnümü İncəyurdun lirik-romantik duyğulu sənətkar olduğunu təsdiqləyir. Yurd Rəfail İncəyurd üçün kəndindən Vətənə və dünyaya açılan pəncərədir. Öz xarakterinə görə bu yaradıcılıq yurdsevərlik pafosu ilə nikbin əhval-ruhiyyə pafosunun simbiozunu yaradır.

Rəfail İncəyurdun “Arzuların yuvasını uçurma” kitabı ilə bağlı eksklüziv qənaətlərimiz bizi  buradan müəllifin publisistikasına səmt almağa meylləndirir. Onun yaradıcılığının bu janrına baxış şairin  ədəbi-publisistik düşüncələrini əks etdirən “ÖZü SÖZə ucaltmışlar odası” kitabı da müəllifin yurdsevərlik kredosuna sadiqliyindən ortaya çıxdığını göstərir. Kitabda R. İncəyurdun müxtəlif səviyyəli və istedadlı  söz sərraflarının əsərlərinin keyfiyyəti ilə bağlı onların kitablarında və ya Azərbaycan dövrü mətbuatında gedən məqalə və publisistik yazıları toplanmışdır. Burada tanınmış qələm sahiblərinin yaradıcılığı ilə yanaşı, oxucu qəlbini kədər, niskil hissi ilə dolduran “Qocalar evində”, rəssamın yaradıcılıq tabloları üzərində düşüncələrin məhsulu kimi ortaya çıxan və onun poetik yaradıcılığından publisistikasına aparan bir cığırı görürük. Bu, yenə də yurd yolları ilə irəliləyib onun qələm əhli, söz sahibləri haqqında öz fikirlərini bölüşməkdi.

Biz yuxarıda Rəfailin saz-söz diyarı Qazağın etnoqrafik və folklor ruhunu qoruyan İncə dərəsindən olduğunu qeyd etmişdik. Burada az qala hər evdə, hər odada ulu ozanımız Dədə Qorqudun yadigarı olan saz divardan asılıb və onu hər bir kəs yetərincə ustalıqla dilləndirə bilir. Sözə-saza yüksək dəyər verən müəllif sanki bununla tarix içində türk mənəvi mədəniyyətinin ana axarını dəyərləndirməklə türk etnik-mədəni sisteminin, o cümlədən ulu babalarımız oğuz-qıpçaq türklərinin mənəvi-ruhani hamisinin, yol göstəricisinin etnosu gələcəyə istiqamətləndirən düşüncəsini rəmzi-mifoloji müstəvidən günümüzə gətirib çıxarır.

Müəllif yaxşı başa düşüb anlayır ki, əski çağların mifik qatlarına gedib çıxan saz və ozan-aşıq sənəti mürəkkəb təşəkkül və inkişaf yolu keçmiş, müxtəlif yönlü sosial iqlimə, mədəni-ədəbi şəraitə, irfani-fəlsəfi axınlarla qarşılaşıb. Lakin bütün hallarda saz və aşıq müxtəlif zaman kəsiklərində urvatlı olub, onlar müqəddəs və hədsiz nüfuz sahibi kimi dəyərləndiriliblər. Məsələn, Rəfailin “Sazın yaşamaq haqqı” məqaləsində müəllifin bunları kifayət qədər dərindən bildiyini görə bilirik. Müəllif burada xalqın musiqi mədəniyyətinə onun mənəvi ehtiyacı olmasından danışmaqla, saza olan meylinin heç zaman səngimədiyini, əksinə xalqın mənəvi dünyasının nağıllarda, dastanlarda, əfsanələrdə, rəvayətlərdə, bayatılarda əks olunduğunu, insanın hiss və duyğularının tərcümanı kimi folklorla birləşdiyini, saz havaları və aşıq mahnıları əcdadlarımızın taleyini, onların əhval-ruhiyyəsini rəngarəngliklə ifadə etdiyini, əliqılınclı döyüşçünün də sinəsidağlı aşiqin də ürək çırpıntılarını sazın eyni dərəcədə ifadə edə bildiyi qənaətindədir. Qədim ozanlar, ulusun müdrikləri müqəddəsliyi daim sazın köməyi ilə qoruyub saxlamışlar. Rəfail sazdan, ifaçılıqdan o qədər kompetensiyalı söhbət açır ki, az qala onun bir folklor araşdırıcısı olması qənaətinə gəlmək barədə düşünürsən...

Türkün qılıncı ilə sazı əslində eyni mərama xidmət edib. Bunu qopuz, dombra alətlərinin virtuoz ifaçıları qıpçaq türkləri, qaraqalpaqlar, sonralar oğuzlarla müxtəlif ictimai-siyasi, dini-hərbi, mədəni-mənəvi ehtiyaclar ucbatından qaynayıb-qarışmış qarapapaqlar (Rəfail İncəyurd bizim dəqiq müşahidələrimizə görə qarapapaqdır – N.T.) bu alətlə ayrılmaz dost olublar. Rəfailin ruhundan qıpçaq çölünün yovşanının, qarapapaq tərəkəmələrinin təravəti hiss olunur. Biz Rəfailə  qarapapaq”  etnonimini elə belə yaraşdırmadıq. Bütün Gəncəbasar, Qazax, Borçalı bu genetikanın daşıyıcılarıdır və bunu çoxları bilir. Və bu, onların danılmaz qürur mənbəyi kimi xidmət etməkdədir. Tarixi fakt və hadisələr bununla bağlı çox şeylər deyir. Lazım gəldikdə biz onları incələməyə hazırıq...

Kitabda müəllifin istedadlı, dünyasını vaxtsız dəyişmiş Eldar Nəsibli Sibirelə həsr etdiyi lakonik, eyni zamanda insanı kədər notlarına kökləyən “Qəzanın və qəlbin qədəri” məqaləsində Eldarın “Hardan ağlına gəlsin ki, toyun üstündən bir-iki gün keçməmiş dədə yurduna yollanasan və ağlagəlməz bir qəzaya ürcah olasan...”, – deyə içini çəkir.. Və sonra da Eldar Nəsiblinin Aslan Kəmərli taleyini yaşaması, hər ikisinin “Azərbaycan” qəzetinin müxbiri kimi Qazağa getməsi, orada avtomobil qəzasında dünyasını dəyişməsi ... Hər ikisinin canında sonsuz yurd sevgisi, torpaq eşqi... Hər ikisinin istedadlı şair – publisist olması”. Onların çin olmayan arzularının xalqımızın çin edəcəyinə Rəfailin inanması...

Ədəbi-publisistik düşüncələrində Rəfail İncəyurdun bəzən həm də şair dostlarına məsləhət verməsi maraqlı şəkildə təqdim olunmuşdur. Bu baxımdan onun şair Şərif Ağayara ünvanlanmış “Eşitsən də sağ ol, eşitməsən də...” məqaləsi diqqətçəkənliyi və analitikliyi ilə seçilir. Burada müəllif Ş.Ağayarın “Səhra məsnəvisi” kitabında təqdim etdiyi  “Uşaqlıq şeirlərim”, “Xalq şeiri”, “Modern şeirlər”, “Epik şeirlər” bölmələrində təqdim olunan nümunələri müqayisəli-tipoloji aspektdə bir-biri ilə tutuşdurur, şair Ağayara  bəzi fikirlərini qəbul etməyi məsləhət bilir. Elə buradaca  küyə düşüb yazılan modern şeirlərin əksərində ya hansısa bir mənsur şeirin, ya bir kiçik essenin, ya bir qısa hekayənin, ya da yaxşı bir şeirin yerinin göründüyünü” söyləyir. Modern üsluba təsir altında meyillənərək öz yerində oturmuş ötürücülük potensialından, öz-özündən uzaqlaşmaq, özünü çaşdırmaq əbədiyaşar şeirlərin yaranmasına süni şəkildə mane olmaq İncəyurd tərəfindən pislənilməklə, milli düşüncəmizə yad olan modernizmə getməyi məqbul hesab etmir və konkret örnəklər əsasında fikirlərini sübuta yetirir və i.a.və s.

İncəyurd publisistikasında “Qocalar evində” məqaləsi də diqqət çəkir. Bu materialda şair Bilgəhdə qocalar evinin sakinləri ilə necə görüşdüyünü, hansı taleyi sınıq insanlara həmsöhbət olduğunu, bu görüşün onun hiss və duyğularına necə kədər çökdürdüyünü olduqca relyefli və təsirli təsvirlərlə qələmə ala bilir. Məsələn, məqalədəki Qəhrəmanov Fərrux Səttar oğlunun taleyində müəllif az qala yüzlərlə qocaların taleyini nəinki fərdi cizgilərdə, həm də ümumiləşdirmələr kontekstində  canlandıra bilir, onların acı, uğursuz taleyini öz içinə yükləyib, özünün fərdi probleminə çevirməklə, İncəyurd insanları xeyirxahlığa, humanizmə necə  səslədiyini və onların halına daxilən yandığını oxucuya ötürməyi bacarır.

Rəfailin “ÖZü SÖZə ucaltmışlar odası” kitabında kifayətqədər uğurlu obrazlaşdıra bilib təqdim etdiyi portretlərdən biri də prof.Nizami Cəfərova həsr etdiyi “Köhnə kişi” yazısıdır. Müəllif burada Nizami Cəfərovun həyatını, bioqrafiyasını, elmi axtarışları ilə Azərbaycan ictimaiyyəti gözündə statik görüntüləri ilə yox, dinamik, çevik düşüncə tərzi ilə seçilməyi bacarıb özünə və yalnız öz fərdi keyfiyyətlərinə söykənən intellekt sahibi kimi səciyyələndirib. Nizami Cəfərovun özəl xüsusiyyətlərini qabardarkən müəllif öyrəndiyi obyektin (həm də subyektin) bir sıra cəhətlərini orijinal şəkildə incələməyə və onun köhnə kişilərdən olduğunu dəlillərlə ortaya çıxarır. Müəllif haqlı olaraq yazır ki, Nizamidə özünü tanımaq və ədəbiyyatda yerini bilmək cəhdi var, hissiyyat elmi təfəkküründən də, ağlından da yuxarı mərtəbədədir. Adamları səviyyəsindən, mənsəbindən asılı olmayaraq təmkinlə dinləyər, başından eləməz, ötəri münasibət bildirməz, istedadına, savadına baxmayaraq elitar ətrafla sadə davranışa üstünlük verər, heç kimin qəlbini qırmayıb, istedadı az olanlara belə onların potensialını üzə çıxarmağa şərait yaradar, sənətdə sadəliyi qəbul edər, mürəkkəb dünyanın sadə ifadəsini bəyəndiyi halda, elmdə dərinlik, mürəkkəblik arayar, təbiətlə, dostlarla təmasdan zövq alar və hamıya örnək ola biləcək kişi kimi daim özünü təqdim edər.

Ümumiyyətlə, Rəfail İncəyurdun yuxarıda adını çəkdiyimiz kitabında toplanmış ədəbi-publisistik yazıları əsasən daha çox tanıdığı, ədəbi əlaqələr qurduğu şair, yazıçı, publisist, rəssam və elm xadimlərinin yaradıcılığı haqqında adekvat təsəvvürlər yaratmaqla yanaşı, ədəbiyyatımızın bu janrındakı bəzi məsələlərin yaradıcı şəkildə çözülməsi müstəvisində özünəməxsus yeri olduğunu təsdiq edir.

 

Nizami Tağısoy

Professor

525-ci qəzet.-2014.- 28 may.- S.20.