Salam, Küveyt!

 

Yazıçının səfər təəssüratları

 

Həm bir yazıçı, həm də Milli Məclisin deputatı kimi son on ildə qismətimə neçə-neçə xarici ölkədə olmaq fürsəti düşüb. Təbii ki, hər hansı ölkəyə səfər ilk növbədə yaradıcı adamların yaddaşına təkcə təəssüratlar, xatirələr şəklində hopub qalmır, həm də az sonra həmin təəssüratlar, xatirələr qələmə alınaraq dərin məzmunlu publisistik yazılara çevrilir. Oxucular da bu yazıların sayəsində, görmədiyi ölkənin adət-ənənələri, özünəməxsus gözəllikləri, möhtəşəmliyi, ehtişamı, insanları haqqında məlumatlara malik olur.

... Əhalisinin sosial rifahı haqqında əfsanəvi söz-söhbətlər gəzən Küveytə ilk dəfə səfər edirdim. Ərazisinin çox hissəsi yaylalar olan bu neft ölkəsinə Azərbaycan səfirliyinin təşəbbüsü ilə müəllifi olduğum “Görkəmli adamların həyatı” silsiləsindən ərəb dilində çapdan çıxmış “İlham Əliyev – Tərcümeyi-hal davam edir...” adlı kitabımın təqdimat mərasiminə dəvət olunmuşdum. Bununla yanaşı, Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun sədri kimi irəlidə məni küveytli həmkarlarımla maraqlı görüşlər də gözləyirdi...

lll

Hələ təyyarədə olarkən, illümünatordan səmanın qoynunda nəhayətsiz bulud karvanına baxa-baxa kitab barədə düşüncələrə dalmışdım. Doğrudan da, texnika əsrində yaşamağımıza baxmayaraq, kitablar insan həyatını zənginləşdirən bilik mənbəyidir. F. Bekonun təbirincə desək, kitab zamanın dalğaları üzərində səyahət edən və öz yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir.

 Tanınmış rus yazıçısı Viktor Adriyanovla birlikdə qələmə aldığım “İlham Əliyev – Tərcümeyi-hal davam edir...” kitabı ilk dəfə MoskvadaMolodaya Qvardiya” nəşriyyatınin “Görkəmli adamların həyatı” seriyasında nəşr olunandan sonra Azərbaycan, türk, gürcü, ukrayna, ərəb dillərinə tərcümə edilib.

Oxuculara yaxşı məlumdur ki, “Görkəmli adamların həyatı” çox məşhur seriyadır. Rus dilində “JZL” deyirlər. “Molodoya qvardiya” nəşriyyatının dünya şöhrətli brendidir. Bu nəşriyyatda “Görkəmli adamların həyatı” seriyasında kitabları nəşr olunan ilk azərbaycanlı müəllif mən olmuşam. Mənim həmin nəşriyyatda 3 kitabım çıxıb. “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə Əliyeva”. Bunlar çox ürəkaçan və sənədli ədəbiyyatda qazandığım yaradıcılıq uğurlarımdır. Mənim üçün ən böyük mükafat odur ki, həmin kitablar dünyada yaşayır, Azərbaycanı tanıdır və sevilə-sevilə oxunur.

 Kitabın ikinci böyük əhəmiyyəti odur ki, dünyanın buya digər xalqlarının dilinə tərcümə olunur. “Heydər Əliyev” kitabı artıq dünyanın 32 aparıcı dilinə tərcümə olunub. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabda Azərbaycan haqqında çoxlu maraqlı məqamlar vardır. Kitabda Müasir Azərbaycanın memarı Heydər Əliyevin xalqımız və ölkəmiz üçün əvəzolunmaz işləri incəliyinə qədər siyasi-publisistik dildə yazılıb. Bu il Ulu Öndər Heydər Əliyev haqqında məşhur kitabım Pekində Çin dilində işıq üzü gördü .

Mayın 20-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü bu kitab haqqında maraqlı fikirləri ilə yadda qaldı.  Doğurdan da kitabımın Çin dilində nəşrinin yaxşı qarşılanmasına görə çox sevinirəm. Dünyanın fövqəldövlətinin rəhbəri kitab haqqında xoş sözlərini dedi və möhtərəm Prezidentimiz cənab İlham Əliyev Si Cinpin fikirlərinə xüsusi təşəkkürünü belə bildirdi: “Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndirik və buna görə Sizə çox təşəkkür edirik”.

Nədənsə Ulu Öndər və onun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev haqqında yazdığım kitablar barədə düşünəndə böyük ingilis mütəfəkkiri V.Şekspirin bu sözlərini xatırlayıram: “Kitab mənim üçün tacdan qiymətlidir”.

Qeyd edim ki, “İlham Əliyev – Tərcümeyi-hal davam edir...” kitabı Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri Tural Anar oğlu Rzayevin təşəbbüsü ilə ərəb dilinə tərcümə edilərək, “Şeyxə Suad Nəşriyyat və Yayın Evi”ndə nəfis şəkildə yüksək poliqrafiya keyfiyyəti ilə nəşr olunub.

Küveytin Beynəlxalq hava limanında məni hörmətli səfirimiz Tural Rzayev qarşıladı. Qısa söhbətdən sonra, qalacağım otelə yollandıq.

lll

 Xatırladım ki, ölkəmiz öz müstəqilliyini bərpa edəndən sonra Azərbaycan-Küveyt münasibətləri yeni mərhələyə qədəm qoydu. 1994-cü ilin 10 oktyabrında Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalandı. 1 oktyabr 2002-ci ildə Azərbaycanın Küveytdə (Əl-Küveyt şəhərində) Səfirliyi təsis edildi. 2006-cı ilin aprel ayında Küveyt dövlətinin Bakıda Səfirliyi açıldı. Ölkələrimiz arasında əməkdaşlıq BMT və İKT çərçivəsində inkişaf edir. Küveyt dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı BMT və İKT çərçivəsində indiyədək qəbul edilmiş bütün qərarları birmənalı şəkildə dəstəkləyib.

Küveyt cənub-qərbi Asiyada, Fars körfəzinin (küveytlilər Ərəb Körfəzi adlandırır) sahilində yerləşən və dünyanın ən zəngin müsəlman ölkələrindən biridir. 2 il öncə ölkədə adambaşına düşən ÜDM-in miqdarı 54 min 654 dollar təşkil edirdi. Küveytdə 104 milyon barel təmizlənməmiş (xam – H.M.) neft var ki, bu da dünya ehtiyatının 10 faizini təşkil edir. 2020-ci ilədək ölkədə neft hasilatının 4 milyon barelə çatacağı gözlənilir. Digər mühüm iqtisadi sahələr gəmiçilik, tikinti və maliyyə xidmətidir. Əhalisi dörd milyon nəfərdir, bunun da cəmisi bir milyon iki yüz min nəfəri küveyt vətəndaşlarıdır, yerdə qalanı isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. Küveyt vətəndaşlığını almaq praktiki olaraq mümkün deyil.

Ölkənin müstəqilliyinin 50-ci ildönümü münasibətilə hər küveytliyə 3500 dollar pul verilib. Adambaşına düşən avtomobillərin sayına görə Küveyt dünyada birincidir.

Tarixə qısa nəzər

Tarixi mənbələrdə VII əsrin əvvəllərindən Fars körfəzi bölgəsi, eləcə də Küveyt (o zaman Kureyn adlanırdı) ərazisində yerli ərəb tayfalarından olan şeyxlərin hökmranlıq etdiyi bildirilir. XVII əsrin ortalarında Küveyt Osmanlı dövlətinin nəzarəti altına keçir və Əl-Həsa, Cənubi İraq və Bəhreynlə birlikdə Bəsrə vilayətinin tərkibində Osmanlı imperiyasına qatılır.

Vahid Küveyt əmirliyinin yaranması XVIII yüzilliyin ortalarına təsadüf edir. Ərazidə yaşayan qəbilə şeyxləri Sabah bin Cabir Əl-Sabahı (1756-1762) özlərinin əmiri elan edirlər.

 1760-cı ildə əmirliyin mərkəzi Əl-Küveyt şəhəri hasara alınır və dəniz ticarətinin mühüm mərkəzinə çevrilir.

XIX əsrin birinci yarısında İngiltərə Körfəz bölgəsində yerli əhəmiyyətli müharibələr və münaqişə ocaqları törədir. Nəticədə Böyük Britaniya 1899-cu ilin 23 yanvarında Küveytlə gizli müqavilə imzalamaqla ölkə üzərində tam nəzarəti ələ keçirir. 1914-cü ilin noyabr ayında Küveyt Britaniya protektoratı altında müstəqil əmirlik elan edilir. Birinci Dünya Müharibəsi illərində Küveyt Böyük Britaniyanın tam nəzarəti altında olub. Nəcd əmirliyi ilə baş vermiş silahlı toqquşmalarda Küveyti müdafiə edən İngiltərə getdikcə onu özündən tam asılı vəziyyətə salaraq, əslində müstəmləkəsinə çevirib. İkinci Dünya Müharibəsindən sonra Küveytdə milli azadlıq hərəkatının güclənməsi Böyük Britaniya ilə protektoratlıq barədə bağlanmış müqavilənin ləğv edilməsinə gətirib çıxarır.

 1961-ci ilin 19 iyun tarixində Küveyt müstəqil dövlət elan olunur. 70-ci illərədək Küveytdə daxili siyasi vəziyyət qeyri-sabit qalıb. İraqın Küveytin müstəqilliyini tanımaması “Küveyt böhranı” adlanan problemin yaranmasına səbəb olub. Bundan istifadə edən Böyük Britaniya Küveytə hərbi qüvvə yeridir və Körfəz sahillərində yerləşən digər ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməyə başlayır. 1961-ci ilin avqustunda Ərəb Dövlətləri Liqasına üzv olan bir sıra dövlətlər Küveytin müstəqilliyini qorumaq məqsədi ilə oraya öz hərbi kontingentini göndərir. İngiltərə qüvvələri rəsmi surətdə Küveytdən geri çağırılır. 1963-cü ildə hərbi kontingent Küveyti tərk edir. İran-İraq müharibəsi zamanı Küveyt Bağdadı dəstəkləyir və buna görə də Küveytin neft tankerləri İran tərəfindən dəfələrlə hücumlara məruz qalır. Buna görə 1987-ci ildən etibarən ABŞ Hərbi Dəniz Donanması qüvvələri Küveyt tankerlərini Fars Körfəzində müşayiət edir. 1990-cı ilin iyul ayında Küveyt ilə İraq arasında münasibətlərdə gərginlik son həddə çatır. Gərginlik törədən səbəblərdən biridünya bazarında Küveyt tərəfindən neftin qiymətinin aşağı salınması və bununla da İraqın zəifləməsi iddiaları ilə əlaqələndirilir. 1990-cı il 2 avqust tarixində İraq silahlı qüvvələri Küveyt ərazisinə daxil olur və Əmir ölkənin Hakim Sülaləsinin digər üzvləri və ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçaraq Küveyt Dövlətinin mühacirətdə hökumətini yaradır. 1990-cı ilin 28 avqustunda İraq Küveyti özünün 19-cu əyaləti elan edir. Ölkə ərazisində davam edən hərbi həmlələr nəticəsində Küveytin ərazisi və sərvətləri İraq qoşunları tərəfindən dağıdılır və talan edilir. 1991-ci ilin 23 fevralında ABŞ çoxmillətli qüvvələrlə koalisiyada İraqa qarşı müharibəyə başlayır və fevralın 27-də İraq qoşunlarını Küveytdən çıxmağa məcbur edir, Küveytin müstəqilliyi bərpa olunur.

Küveytdə su ehtiyatları olduqca az olduğundan dəniz suyunun saflaşdırılması üçün iri sutəmizləmə müəssisələri tikilib. Ölkə ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Küveytin iqtisadiyyatı yalnız neftdən asılıdır, məhz neftin sayəsində iqtisadiyyatı sürətlə inkişaf edib və əhalisinin rifah halı olduqca yüksəlib.

Küveyt parlamentində görüş

20 may 2014-cü il tarixində Küveyt Parlamentində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri cənab Səud Əl-Hureyci ilə rəsmi görüşümüz oldu. Görüşdə ölkələrimiz arasındakı münasibətlərdən, o cümlədən parlamentlərarası əlaqələrin genişlənməsi və bunun üçün hər iki ölkədən olan millət vəkillərinin qarşılıqlı və sıx səfərlərinin zəruriliyindən bəhs etdik. Hər ikimiz öz növbəmizdə bunun üçün daha da səylə çalışacağımızın vacibliyini vurğuladıq.

Cənab Səud Əl-Hureyci Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daima müdafiə etdiklərini hər bir sahədə Azərbaycanı dəstəkləməyə hazır olduqlarını qeyd etdi. Mən Küveytin Azərbaycana göstərdiyi dəstəyə görə bütün küveytli həmkarlarıma, Küveyt xalqına, Küveyt Dövlətinə, həmçinin dövlət başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha təşəkkürümü bildirdim.

Görüşün sonunda küveytli həmkarıma xatirə olaraq Bakıdan gətirdiyim əldə hazırlanmış ipək xalça və müxtəlif suvenirləri hədiyyə etdim.

Ertəsi gün parlamentdəki görüşümüz Küveytin yerli KİV-də – “Əl-Ray”, “Əl-Qabas”, “Əl-Nahar” kimi nüfuzlu və çoxtirajlı qəzetlərində geniş işıqlandırıldı.

Təqdimat mərasimi

Rus yazıçısı Maksim Qorkinin kitab haqqında maraqlı bir fikri yada düşür: “Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq” .   

May ayının 21-də Əl-Küveyt şəhərinin mərkəzi “Əl-Baraka Grand Ballroomkonfrans və ziyafətlər zalında “İlham Əliyev – Tərcümeyi-hal davam edir...” kitabının təntənəli təqdimat mərasimi keçirildi. Təqdimat mərasimirdə Küveytin dövlət və hökumət nümayəndələri, hakim ailənin üzvləri, parlamentin deputatları, ölkənin tanınmış ictimai-siyasi xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, jurnalistlər, burada yaşayan həmvətənlərimiz iştirak edirdi. Məlumat üçün qeyd edim ki, kitabı ərəb dilinə səfirliyin əməkdaşı Babək Əhmədov tərcümə edib. Nəşrin redaktoru Ammar Həsəndir.

Küveytin dövlət və hökumət nümayəndələri, o cümlədən, Küveyt Dövlətinin Məskunlaşma üzrə Dövlət naziri Yasir Həsən Əbil, Qadın Məsələləri üzrə Komitəsinin sədri, sabiq Əmir Şeyx Səad Əl-Sabahın həyat yoldaşı xanım Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah, paytaxt Əl-Küveyt şəhərinin Valisi Səbit Məhəmməd Əl-Muhənnə, həmçinin keçmiş Valisi Şeyx Əli Əl-Cabir Əl-Sabah, Əl-Farvaniyə muhafazasının valisi Feysəl Əl-Humud Əl-Malik Əl-Sabah, Küveyt Mülki Aviasiya Baş İdarəsinin Prezidenti Fəvvaz Əl-Fərəh, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və aparıcı kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak etdiyi bu təntənəli tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Tural Rzayev açdı, o, səfirliyin təşəbbüsü və dəstəyi ilə çap olunan kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkürünü bildirdi.

Sonra söz mənə verildi. Mən kitabın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövlətinin sürətli inkişafından, hazırda ölkədə aparılan misilsiz quruculuq-abadlıq işlərindən, demokratik siyasi islahatlardan, əhalinin sosial təminatının və rifah halının yüksəlməsindən, dünyada siyasi nüfuzunun gücləndirilməsindən və bununla da Azərbaycana marağın günbəgün artmasına nail olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətinin bəzi məqamlarından bəhs etdiyini bildirdim. Eyni zamanda kitabda Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, füsunkar təbiəti barədə məlumatların yer aldığını iştirakçıların diqqətinə çatdıraraq, bu kitabın ərəb dilinə tərcümə olunmasını və Küveytdə çap edilməsini yüksək qiymətləndirərək, həmin əsərin daha əvvəl türk, rus, gürcüukrayna dillərinə də tərcümə edildiyini dedim. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında kitabın ərəb dilində Küveytdə çapının iki mühüm amilini də mərasim iştirakçılarının diqqətinə çatdırmağı özümə borc bildim. Doğrudan da bu kitab Küveytdə bir xarici dövlət başçısı haqqında çap olunan ilk əsər olmaqla yanaşı, həmçinin cənab Prezident haqqında ərəb dilinə tərcümə edilmiş ilk kitabdır.

Yeri gəlmişkən, qeyd edim ki, mənim Küveytdə “Gəlinlik paltarı” romanım da ərəb dilinə tərcümə olunur. Əminəm ki, kitabın ərəb dilində nəşri Azərbaycanın ərəbdilli ölkələri ilə ədəbi əlaqələrinə töhfə olacaq...

“Əl-Baraka Grand Ballroomkonfrans və ziyafətlər zalında keçirilən tədbirdə iştirak edən nüfuzlu qonaqlara müəllif imzasıyla kitablardan hədiyyə etdim.

Təqdimat mərasimində iştirak edən sabiq Əmir Şeyx Səad Əl-Sabahın həyat yoldaşı, Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri xanım Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahla aramızda maraqlı dialoq oldu. Kitabı aldıqdan sonra xanım Şeyxə Lətifə onun üçün ən böyük hədiyyənin məhz kitab olduğunubu kitabı böyük həvəslə oxuyacağını söylədi. Daha sonra Lətifə xanım Azərbaycanla bağlı təəssüratlarından danışdı, Bakıya səfəri ərəfəsində ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə görüşündən, Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılanmasından bəhs etdi. Xanım Lətifə Azərbaycanda olarkən bir sıra uşaq evlərini ziyarət etdiyini, Azərbaycan dövlətinin kimsəsiz uşaqlara göstərdiyi qayğı və onlara yaradılan şəraiti çox müsbət qiymətləndirdiyini vurğuladı. Söhbət əsnasında Xanım Lətifə mənə Bakıda şahidi olduğu maraqlı bir hadisəni də danışmağı unutmadı.

Belə ki, Şeyxə Lətifə Bakıda xalça toxuyan kiçik yaşlı bir uşağa rast gəlir və bu uşağın çox həvəslə xalça toxuduğunu görüb ondan bu xalçanı almaq istədiyini və ona neçəyə satmasını soruşur. Uşaq isə cavabında bu xalçanı heç bir qiymətə satmağa razı olmayacağını, ancaq qonaq olduğu üçün ona hədiyyə kimi bağışlamağa hazır olduğunu bildirir. Xanım Lətifə uşaqdan aldığı cavabdan heyrətə gəlir və düşünür ki, bu xalqın kiçik yaşlı bir uşağı belə öz mədəniyyətlərinin bir parçası olan xalçaçılığı hər bir puldan üstün tutursa, demək ki, bu millətin mədəniyyətinin gələcəyi doğrudan da etibarlı əllərdədir.

Təqdimat mərasimi tanınmış Azərbaycan musiqiçiləri, əməkdar artist-skripkaçı Səlim Abbasovpianoçu Qorxmaz Qurbanovun ifası ilə konsert proqramı və ziyafət ilə davam etdi.

Tədbir Küveytin yerli televiziya kanalları və Əl-Ray, Əl-Qabas, Əl-Vasat, Əl-Nahar kimi nüfuzlu və çoxtirajlı qəzetlərində geniş işıqlandırıldı.

lll

Mayın 23-də səfər başa çatdı. Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevin avtomobilinə oturub hava limanına yola düşdük. Hər ikimiz yolboyu susurduq. Mən Azərbaycanı ləyaqətlə Küveytdə təmsil edən, əsl vətəndaş, vətənini, xalqını həyatı qədər sevən Tural Rzayevə minnətdarlıq hissi ilə susurdum. Küveytdə olduğum müddətdə Tural müəllimin hər dəqiqə diqqət və qayğısı ilə əhatə olunmuşdum. O, məni bir anlıq olsa gözündən qoymurdu. Çalışırdı ki, mənim bu səfərim daha maraqlı, daha dolğun keçsun. Bu səfər zamanı Turalın Küveytin ən yüksək dairələrində böyük nüfuza malik olmasının şahidi oldum.

Tural müəllim də yəqin ona görə susurdu ki, görəsən, Hüseynbala müəllim Küveytdən hansı təəssüratlarla ayrılır? Səfərdən tam razı qaldımı?

Bəli, Tural müəllim, Küveyt səfərimdə hər şey əla keçdi. Sənə də, sənin rəhbərlik etdiyin kollektivə də təşəkkür edirəm.

Əlbəttə, Azərbaycanı xarici ölkələrdə təmsil edən yaxşı səfirlərimiz çoxdur. Kaş bütün səfirlərimiz Sizin kimi Azərbaycanı sevəydilər. Sizin kimi xarici ölkələrdə Azərbaycanın namus və şərəf simvoluna çevriləydilər...

Təyyarə havaya qalxanda qeyri-ixtiyariSalamat qal, Küveyt, salamat qal Tural, yeni görüşlərədək” – dedim...

 

Bakı- Küveyt- Bakı.

19-23 may 2014-cü il

525-ci qəzet.-2014.- 28 may.- S.14.