Vətəndaş cəmiyyəti
qurumlarının əməkdaşlığı
Türk dünyasının
inteqrasiyası üçün yeni imkanlar
Bütün xalqlar, o cümlədən
türk ulusu dünyaya mədəniyyət
bəxş etmək üçün xəlq olunub. Əks halda, xalqların
dünyada mövcudluğu
nə mümkün olar, nə də
tarixi baxımdan təsbit edilər. Ulu babalarımız bu mədəniyyətin ən
önəmli təzahürlərini
təkcə Avrasiyanın
daşlarına deyil, həm də tərəqqipərvər bəşəriyyətin
elmi, texniki və mənəvi pasportuna həkk etmişlər. Bu gün biz milli kimliyimizi bəyan etmək üçün dünyaya bu “pasportu” qürur hissi ilə təqdim edirik.
Ancaq daim yeniləşən müasir
sivilizasiya qanunları
bizdən özümüzə
və bütün dünyaya yeni baxış, yeni münasibət tələb
edir. Bu yeniliyin bütün dünyada tanınan, qəbul edilən və yetərincə qiymətləndirilən
təzahürlərindən biri də qeyri-hökumət
təşkilatları və
onların çoxşaxəli
fəaliyyət istiqamətləridir.
Bu gün dünyanın
aparıcı dövlətləri
qərb demokratiyasının
üstünlüklərindən sayılan qeyri-hökumət
təşkilatlarının fəaliyyətindən qurucu
məqsədlər və
öz maraqları üçün istifadə
etməyi bacarırlar. Beynəlxalq
əməkdaşlığın tərkib hissəsi olan qeyri-hökumət təşkilatları BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və başqa nüfuzlu təşkilatlar
tərəfindən maliyyələşdirilir
və himayə edilir.
Təəssüf ki, müasir
dünyada dövlətlər
arasındakı münasibətlər
və əlaqələr
yalnız qarşılıqlı,
xeyirxah əməkdaşlıqdan,
dinc, sülhpərvər
və qonşuluq niyyətlərindən ibarət
deyil. Bu mənada dünyada yaşayan bütün türk toplum və cəmiyyətlərinin milli,
siyasi və digər sahələrdə
üzləşdiyi bir
sıra ciddi problemləri var. Məhz
son illər Türk Dövlət və Cəmiyyətlərinin Dostluq,
Qardaşlıq və
Əməkdaşlıq Qurultaylarının
keçirilməsi bu problemlərin birgə çözülməsi və
türkün bütün
potensialının hərəkətə
gətirilməsi baxımından
çox əhəmiyyətlidir.
Türk dünyasına aid bir çox tədbirlərin Azərbaycanda, eləcə
də digər türk dövlətlərində
keçirilməsi və
bu toplantılarda qeyri-hökumət təşkilatlarının
iştirakı türk
dövlət və toplumlarının əməkdaşlıq
arealının genişlənməsinə
və böyük mütəfəkkir – filosof
İsmayıl bəy Qaspirallının irəli
sürdüyü “dildə,
fikirdə, işdə
birlik” formulunun sözün tam mənasında
həyata keçirilməsində
müstəsna əhəmiyyətə
malikdir. Digər
tərəfdən belə
bir möhtəşəm
tədbirlərin Bakıda
keçirilməsi Azərbaycanın türk dünyasında önəmini
qabartmaqla yanaşı
onun bu coğrafiyada
məsuliyyətini daha
da artırır, həmçinin vətəndaş
cəmiyyəti institutlarının
daha sıx əlaqədə olmasına
kömək edir. Təbii ki, ölkə QHT-ləri bu imkandan
səmərəli istifadə
etməyi bacarmalı,
türk dünyasının
işdə və əməldə birliyinə
öz töhfəmizi
verməli, ölkələrimizə
qarşı məqsədyönlü
şəkildə aparılan
siyasətə layiqli müqavimət göstərmək
üçün gələcək
fəaliyyətlərin əsas
istiqamətlərini və
konkret hədəflərini
düzgün müəyyənləşdirməlidirlər.
Bu hədəflər düzgün
müəyyənləşdirilsə və bütün güclər səfərbər
edilsə, onda Azərbaycan torpaqlarının
erməni işğalından
azad edilməsi, terrorçu təşkilat olan PKK-nın tam süquta uğraması, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması,
İraq və Əfqanıstanda yaşayan
türklərin haqlarının
tanınması, Ahıska
türklərinin öz
tarixi torpaqlarına qayıdışı və
digər problemlər öz müsbət həllini daha tez tapa bilər.
Məhz bu məsələlərdə
türk dünyası
qeyri-hökumət təşkilatlarının
bir araya gəlməsinə və konkret bir fəaliyyət
planı hazırlayıb
həyata keçirməsinə
çox böyük ehtiyac var. Sevindirici haldır ki, son illər bu istiqamətdə
ürəkaçan addımlar
atılmaqdadır. Demək olar
ki, artıq türk dünyasının
aparıcı üçüncü
sektor təmsilçiləri
də tez-tez birgə tədbirlərdə
iştirak edirlər.
Qeyri-hökumət təşkilatlarının bütün önəmi də ondadır ki, onlar hökumətin
keçə bilmədiyi
sədləri asanlıqla
keçə, bir çox həqiqətləri
dünya ictimaiyyətinə
olduğu kimi çatdıra, dövlət
və hökumət əlaqələrinə paralel
olaraq vətəndaş
cəmiyyətləri arasında
etibarlı körpü
bağlantıları qura
bilirlər. Bu mənada eyni soyu, dili, mədəniyyəti,
dini və tarixi paylaşan qeyri-hökumət təşkilatlar
arasında əlaqələrin
yenidən qurulması
və möhkəmləndirilməsi
bir çox problemlərin həllinə
yardımçı olur.
Heç şübhə
yox ki, bu
təşkilatlar arasında
daha sıx münasibətlərə ehtiyac
var. Çünki eyni
soyu, dili, mədəniyyəti, dini və tarixi paylaşan türk dünyasının üçüncü
sektor təmsilçilərinin
sıx münasibətləri
türk dövlətlərinin
beynəlxalq arenada daha böyük nüfuz qazanmasına, öz həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmasına böyük
töhfə verə bilər.
Təcrübə göstərir ki, bu cür əməkdaşlıq
bir çox hallarda öz bəhrəsini verir. Təkcə
bir neçə il öncə ABŞ Konqresi tərəfindən
qondarma erməni soyqırımı haqqında
qanun layihəsinin qəbul edilməsinə qarşı dövlət qurumları ilə yanaşı Azərbaycan və Türkiyənin QHT və diaspor təşkilatlarının təşkil
etdiyi müqavimət və etiraz tədbirləri öz nəticəsini verdi, layihənin
qəbulu dayandırıldı.
Lakin türk dünyasının
başı üstündən
asılmış belə
“qılınclar” çoxdur.
Əgər biz müdriklik,
sayıqlıq və birlik nümayiş etdirərək, bu “qılıncları” vaxtında
zərərsizləşdirməsək, nəticə bütün türk xalqları üçün arzuolunmaz
ola bilər.
Təəssüflə qeyd etmək lazımdır ki, belə bir ortaq
problemləri olan türk dövlətlərinin
vətəndaş cəmiyyəti
institutları, xüsusilə
qeyri-hökumət təşkilatları
arasındakı əlaqələr
arzu olunan səviyyədə deyil. Təəssüf ki, bütün türk dünyasının
gücünü artıracaq
əməkdaşlıq vasitələrindən
yetərincə istifadə
edilmir. İlk növbədə türk dövlətləri
və vilayətlərində
fəaliyyət göstərən
bütün qeyri-hökumət
təşkilatlarının biri-birini tanıması, siyasi, iqtisadi və mədəni sahələrdə dostluq və əməkdaşlıq
etməsi üçün
müəyyən addımlar
daha da genişlənməlidir.
Bir-birini
tanıyan, əməkdaşlıq
edən təşkilatlarım
sıraları daha da genişləndirilməlidir.
Bu bir faktdır ki, türk dövlətlərinin
dövlət başçılarının
zirvə toplantılarında,
Türk dövlətlərinin
Parlament Assambleyası
ilə yanaşı Türk dövlətləri
qeyri-hökumət təşkilatlarının
iştirakı cəmiyyətlər
və toplumlar səviyyəsində türk
dünyasının daha
da yaxınlaşmasına,
bütövləşməsinə və bir sıra
vacib məsələlərin
həllinə öz sanballı töhfəsini verir.
Türk dünyası QHT-lərinin daha da yaxınlaşması üçün bir sıra tədbirlər görülməlidir: Bunlar aşağıdakılardır: Resurs və imkanlar tam şəkildə səfərbər edilərək bütün QHT-lərin bir-birini yaxından tanımaq üçün Türk dövlətləri və toplumlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları haqqında “İnformasiya Bankı”nın və İnternet Portalının yaradılması; Türk dövlətlərinin qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili; Türk dövlət və toplumlarını təmsil edən qeyri-hökumət təşkilatlarının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının gücləndirilməsi, onların BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi və digərlərinə assosiativ üzv olması və beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;
Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində sistemli və ardıcıl fəaliyyətin göstərilməsi; Soydaşlarımızın yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı və təşkilatlanması, o cümlədən dövlət və seçkili orqanlarda onların təmsil olunması;
İndiyə kimi türk dünyasının tam şəkildə həmrəylik nümayiş etdirə bilmədiyi ən ağır problemlərimiz olan Ermənistanın işğalçı dövlət kimi dünyada tanınması və zəbt etdiyi Azərbaycan torpaqlarının boşaldılması, PKK terrorunun birdəfəlik kökünün kəsilməsi, qondarma erməni soyqırımının dünyada ifşa edilməsi, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türklərin pozulmuş hüquqlarının bərpası, Ahıska türklərinin öz tarixi torpaqlarına təhlükəsiz və güvənli bir şəkildə qayıtması, digər ölkələrdə yaşayan türklərin mədəni və siyasi hüquqlarının tanınması və digər bu kimi taleyüklü məsələlərin həllinə qeyri-hökumət təşkilatlarının bütün potensial imkanlarını səfərbər edə və türk dünyasının ən prioritet fəaliyyət istiqamətlərinə çevrilə bilər.
Düzdür, sözügedən sahələrdə müəyyən işlər görülüb, birgə fəaliyyəti koordinasiya edən bəzi birliklər yaradılıb ki, onlar da ürəkaçan işlər həyata keçirirlər. Amma bunların sayı, habelə türk dünyası QHT-lərinin əməkdaşlıq əlaqələri daha da genişlənməlidir. İldən-ilə bu sahədə nəzərəçarpan irəliləyişlərin olması isə gələcəyə daha böyük ümidlə baxmağa əsas verir.
AQİL
525-ci qəzet.- 2014.- 1 mart.- S.30.