Qədim bir nağılın qul bazarında

 (hekayə)

 

 

 

Qışın soyuğu qəfildən düşmüşdü. Yağış yağırdı. Şəhər pal-paltarı başdan-ayağa islanmış adam kimi üşüyürdü. Küçələr kədərli göz sayağı tutqun idi, göz yaşı içində boğulurdu.

Notarius kontorundan çıxan orta yaşlı kişi göz yaşı içində boğulan küçələrə baxırdı. Yağış suları küçələri bürüyüb basdığı, çala-çökəklərə yığılıb gölləndiyi kimi kədər də onun qəlbini doldururdu; qəlbi anlaşılmaz qüssəylə, iblis nəfəsiylə dolub daşırdı.

O, bu şəhərdə doğulmuşdu. Bu şəhərdə onun babaları, yeddi arxa dönəni yaşamış, ömür-gün sürmüşdü...

Qəfildən bir səs eşitdi: – Alçaq! – deyə qışqırdılar. Diksindi, ətrafına, yaxına-uzağa baxdı, heç kim yox idi. Küçələr bomboş, yağış suları yorucu duyğular təki qarayaxa, boz-bulanlıqdı, binalar bir-birinə qısılmışdı, soyuqdan titrəşirdi. Nədənsə, ona elə gəldi ki, qəfil səs  Şeytanbazar tərəfdən eşidildi.

Plaşının yaxasını qaldırdı. Büzüşdü. Yaxında xingəlxana var, yaxşı çəllək çaxırı verirlər, qan-qırmızı, azı yeddiillikdi; hər şeyi ürəyinə salma, qardaş, get bir az , başını düzəlt, vəssalam. Şəhər üşüyür, küçələr göz yaşı içində boğulur, binalar bir-birinə qısılıb – dəlisən, vallah, kimə desən gülər, məsxərəyə qoyar adamı...

Xingəlxana böyük, qədim binanın zirzəmisində yerləşirdi.

Darısqal, daş pilləkənlə zirzəmiyə düşdü. İçəri qaranlıq, soyuq, adamayovuşmaz idi. Yuxarı başda üç nəfər oturub şərab içir, bərkdən, az qala qışqıra-qışqıra danışırdılar. Biri deyirdi, yağış ona görə çox yağır ki, atmosferin atasını yandırıblar, deşik-deşik eləyiblər. Biri deyirdi, atmosfer söhbəti yalandı, yağışın taleyi küləyin, buludun əlindədi, dünyanın o üzündən bu üzünə dəlixay küləklər əsir. Üçüncüsü qışqırırdı ki, dağları-düzləri, çayları-dənizləri zibilxanaya döndərmişik, dünya təmizlənmək, təzələnmək istəyir, hamısı öz günahımızdı, Allahın qəzəbinə gəlmişik. Hərə öz dediyinin üstündə durur, qışqıra-qışqıra min bir dəlil-sübut gətirirdi.

Orta yaşlı kişi onlara yaxınlaşdı; elə bil milçək idi, heç onu görmədilər. Bir müddət sallanıb dayandı. Axırda cana doydu, istədi döş cibindən təzə pasportunu çıxarıb göstərsin, desin, bu gündən mən də sizdənəm, bu da mənim təzə familiyam, amma necə oldusa irişə-irişə:

Bu yağış çətin kəsə, – dedi.

Sanki qurbağa gölünə daş atdılar. Bir anlığa qara-qışqırıq kəsildi, səksəkəli sükut doğuldu. Hamısı qanrılıb ona baxdı. Baxışlarından zəhər yağırdı. Zəhər elə zalım idi ki, birbaşa qana, iliklərə işləyirdi, ruhun işığını söndürüb külünü yandırırdı.

Qanı, ilikləri üşüyə-üşüyə, ürəyi, duyğuları idan çalan adam kimi qıvrıla-qıvrıla, günəşi sönən səhralarda ruhu qarala-qarala onlardan uzaqlaşdı, böyük şərab çəlləyinin yanında dayanıb qəlyan çəkən, sirli bir sevinclə gülümsəyən lopabığ, şişman satıcıya yaxınlaşdı. Arxadan kimsə Şah Abbası söyüb tüpürdü və yenə yekəxana qara-qışqırıq qaranlıq zirzəmini başına götürdü.

Köhnə palıd çəlləyi sərxoş adama oxşayırdı. Çəlləyin yanından, döyülmüş, çıxıntılı üz kimi qara-göyümtül divardan böyük buynuz asılmışdı. Buynuz ağappaqdı, başdan-başa oyma naxışlarla, qızılı zərlə bəzənmişdi. Mərmər bədənli, hissiz-duyğusuz, göz donduran gözələ bənzəyirdi. Çılpaqlığından, soyuqluğundan gözlərə göynəm, ürəyə buz yağırdı (Bir tərsa qızı onu neçə il beləcə dondurmuşdu). Qəfildən irəli yeriyib əli əsə-əsə buynuzu divardan götürdü, cibindən bir iyirmibeşlik çıxarıb çəlləyin qarşısındakı kiçik mizin üstünə atdı:

Qatso, doldur bu gözəlçəni, – dedi, – artığı peşkeşdi.

Yekəpər, lopabığ satıcı yava söyüş söymək istəyirdi, iyirmibeşliyi görüb söyüşünü uddu, pulun istisində, işığında qızına-qızına buynuzu alıb yeddiillik qan-qırmızı şərabla doldurdu. Şərab dolu ürək kimi buynuzun ağzından daşıb töküldü, baxışı buzlu, sinəsi qarlı gözəli kefləndirdi.

Al, – pıçıldadı, – , əkil, – yuxarı başda qışqıra-qışqıra mübahisə edənləri göstərdi, – görsələr, qan düşər, yazıqsan.

Əlini döş cibinə apardı, təzə pasportunu çıxarıb göstərmək, nəsə deyib-qışqırmaq, təzə familiyanın işığını yandırmaq istədi. Ancaq ikinci dəfə də bu ağır daşı götürə bilmədi. Ürəyində bəhanə gətirdi, özünü aldatmağa çalışdı; qaranlıqdı, belə qaranlıqda heçoxumaq olmaz, qalsın başqa vaxta...

Buynuzu alıb başına çəkdi, birnəfəsə içdi, elə bil min illərin acı, yanar təşnəsi idi, mərmər bədənli soyuq gözəldən qisas alırdı. Buynuzu aparıb yerindən asdı, gözləri ürəyinin qaranlığında, ruhu günəşi sönən səhralarda nəsə axtara-axtara, üzülə-üzülə zirzəmidən çıxdı.

Bayırda sısqa, dərdli göz yaşı kimi göynəmli yağış yağırdı. Damcılar kədər toxumuydu, torpağa düşüb göyərir, çal-çayıra dönür, düz-dünya kədər seylabında boğulurdu.

Ürəyi ağrıdı. Baxıb gördü ki, ürəyinin içindəki qara boşluqda, günəşi sönən səhralarda kimsə hıçqıra-hıçqıra, zülüm-zülüm ağlayır. Dərkümüşkül dərin, dibsiz quyu idi. Kimsə dərin, dibsiz quyudan çıxmaq istəyirdi; dişiylə-dırnağıyla bir qədər yuxarı qalxır, duruş gətirə bilməyib təzədən dibsiz dərinliklərə yuvarlanırdı. Quyu başdan-başa kəllələrdən hörülmüşdü. Kəllələrin biri atasına oxşayırdı, biri babasına bənzəyirdi, biri hansısa ulu babasını xatırladırdı. Hamısında qəribə doğmalıq, sirli bir xatirə şirinliyi vardı.  Kəllələr həsrətlə, ümidlə, gileylə, nigarançılıqla baxırdı. Kəllələr istəmirdi ki, o, quyudan çıxıb getsin, özgə quyulara sığınsın. Ancaq orta yaşlı kişi bu istəyi təpikləyib keçirdi, necə, nəyin bahasına olursa-olsun, doğma üzlərlə, nigaran baxışlarla dolu olan həmin tilsimli quyudan çıxmağa, o quyunun ağzını qara bir daşla qapamağa, birdəfəlik, ömürlük bağlamağa, onu nəsillikcə, əbədilik unutmağa can atırdı; yorulmur, usanmır, başını daşdan-daşa vurur, için-için ağlayır, elə hey əlləşirdi. Belə olanda kəllələr cana doydular, hikkələnib kömür kimi qaraldılar, ağız-ağıza verib qışqırdılar: Alçaq!!!

Orta yaşlı kişi diksindi. Başını qaldırıb gördü ki, yolun ortasında heykəl kimi donub dayanıb. Şeytanbazar tərəfə, uzaqdan çən-duman içində güclə sezilən Narınqalaya baxdı. Bu dəfə daha şübhəsi qalmadı ki, hikkəli səs o tərəfdən gəlir. Anlaşılmaz qorxu, vahimə ürəyini didib-parçaladı. Ürəyi yun təki didilə-didilə, ağrıyla-göynərtiylə peyvənd olub oyana-oyana (elə bil cırlaşmış ağac idi, qocalıb qarıyan, quruyub kövrəkləşən duyğularını kimsə budayıb tökür, peyvənd edirdi) taksi saxladı, ölü kimi oturacağa sərələnib:

Şeytanbazara sür, – dedi.

Maydana?

Şeytanbazara sür! – hirslə təkrar etdi.

Sürücü tərs-tərs baxdı, nəsə donquldanıb sürəti artırdı...

Şeytanbazarın yuxarı tərəfində göy günbəzləri olan yaraşıqlı bir bina ucalırdı. Binanın arxa tərəfində məscid vardı. Məsciddən o yana dağ başlayırdı. Dağın zirvəsində Narınqala göylərə meydan oxuyurdu. Narınqaladan baxanda Şeytanbazarın sağ tərəfində tikilən yeraltı hamamların qızılkərpic günbəzləri torpağın altından çıxan dəbilqələrə oxşayırdı.  Dəbilqə-günbəzlərin aşağısından çay axırdı. Çayın üstündən təzə körpü salınmışdı. Körpü salınarkən Şah Abbas məscidini sökmüşdülər deyə bu ətrafda bir boşluq hiss olunurdu.

Çayın o biri sahilində çiyin-çiyinə söykənmiş sərt qayaların üstündə kilsə tikilmişdi. Kilsənin sal divarları vardı; ilk baxışda özünə qapılan adamı xatırladırdı; elə bil heç kimi içinə-ürəyinə yaxın qoymaq istəmirdi...

Orta yaşlı kişi Şeytanbazarda, meydanın ortasında quruyub qalmışdı, bilmirdi hansı tərəfə baxsın...

Şah Abbas məscidinin bomboş yerinə, binə daşlarına baxdı. Gülümsədi: Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan... – Qəfildən yadına düşən bu xalq deyiminin işığında key-key fikirləşdi, başını qatmağa, özünü ürəyindəki dava-dalaşdan, qarayaxa hikkədən qurtarmağa çalışdı: Görəsən, kim deyib bunu? Nə vaxt, nə üçün deyib? – Ürəyində çiynini çəkdi. – Tərəziyə vurdu təkan... hansı tərəziyə? – Alimlik elədi: Dünyada hər şeyin tərəzisi var. Dünyanın tərəzisi yaxşılıqnan pislik, keçmişnən gələcək, köknən budaq, torpaqnan səma arasındadı. Hər adamın ürəyində öz daşı, tərəzisi var. Əyirik, düzəldirik, tapırıq, itiririk taraz tərəziləri. – Ürəyində nəsə çalxalandı, dənizə-dəryaya dönüb qabardı, kükrədi. – Bu gün taleyimin, nəslimin tərəzisini öz əllərimlə əydim, pis günə qoydum. Allah, necə oldu ki, belə alçaq tutdum, familiyamı dəyişdim, Nadiroğlunu Nadiradze yazdırdım. Niyə başıma daş düşmədi, niyə gözlərim kor, dilim lal olmadı, niyə əllərim çürüyüb tökülmədi! Sən Yer üzündə misli görünməmiş cinayət etdin! Sən ananın südünü, atanın qəbrini, nəslini, kökünü murdarladın! – Ürəyindəki hikkəyə, ağırlığa, qara-qışqırığa dözə bilmədi, dərin bir ah çəkdi, əlləriylə qulaqlarını tutdu, elə bil o sözlər ürəyində deyilmirdi, kimsə o sözləri dəlicəsinə qışqıra-qışqıra car çəkirdi. – Yeddi uşağın, bir halalın bu gündən başqa yolun, başqa kökün davamıdı. Sən bu gündən sən deyilsən, bir başqasısan! Yaxşı vəzifə verərlər, böyük ev verərlər, orden-medal, ad-san verərlər deyirdin. Çoxları köçüb gedir, mən buralıyam, mən burada qalacağam deyirdin. Belə qalmağın nə mənası?! Neçə vaxtdı babalarından, ulularından gələn, damarlarında döyünən doğmalıq, halallıq işığını söndürmək, qəlbində pöhrələyən doğma xatirə, ulu yaddaş ağacını susdurmaq, qurutmaq istəyirdin; neçə vaxtdı ürəyində xəyanət toxumu göyərdirdin; o ağacı quruda bilmədin, ancaq o toxumu göyərtdin! Satqın! Xain! Şərəfsiz! Alçaq!!!

Canından qara-qanlı üşüntü keçdi. Ruhunun paltarı – bədəni gərildi; dərisi sinirləndi, tükləri biz-biz oldu. İndicə ürəyindən keçən, hirsdən-hikkədən qapqara qaralan, gözünü qan tutan sözlər sanki Şeytanbazarın daşından-torpağından, ulu-qədim yaddaşından göyərib qalxır, dəli cəngəlliyə dönüb onu boğurdu.

Sinəsi tutduqca nəfəs aldı.  Ürəyində bayaqdan bəri korun-korun tüstülənən qəfildən alışdı, oda-alova döndü; peşmançılıq odunda yana-yana, başına kül eləyə-eləyə başını qaldırdı. Şeytanbazardan yuxarı, dağın zirvəsində ucalan qayım-qədim qayaya baxdı. Dədə-babadan adına Narınqala deyərdilər. İndi Narkali yazırlar. Ona elə gəldi ki, qalanın gözləri dolub, indicə alın yazısı kimi oxunan daşından-divarından, gözündən-qəlbindən gildir-gildir yaş axacaq.

Narınqalanın başını qara buludlar almışdı. Qara buludlardan qalanın ürəyinə qara qar, kədərli yağışlar yağırdı. Kədər yağışlarıyla, qara qarla dolan ürəkdən hikkəli sözlər, poladlaşan dəmir təki qızğın, dəliqanlı qışqırtılar ucalırdı: Alçaq! Alçaq! Alçaq!..

 

Xoflandı. Bu sözləri kim deyir, kim qışqırıb car çəkir? Yaxşı, uşaqlıq eləmə, özünü ələ al, dəli olarsan, vallah, havalanarsan, ağlın-başın avazıyar, uşaqların qalar düzlərdə.

Qaraxan Nadiradze, Ayxan Nadiradze, Orxan Nadiradze, Oğuz Nadiradze... – Əliylə ağzını qapadı, nəfəsini boğdu. – Bəsdir! Bəsdir! Çinar ağacına akasiya de, fərqi yoxdur, o yenə də çinar olaraq qalır. Ad əsas deyil, tamamilə şərti anlayışdır... – Belə sözlərlə özünü aldatmağa, sirli səslərin, hikkəli qışqırtıların tilsimindən silkinib ayılmağa can atırdı. Amma o səslər, qışqırtılar yorulmurdu, usanmırdı; car çəkənin səsi batmırdı, get-gedə daha da açılırdı, aydınlaşırdı. Car çəkənin daş kimi ağır səsi düz-dünyanı doldurmuşdu; dünya daşı tükənən daş karxanasına bənzəyirdi...

 

lll   

 

Böyük bir meydan idi. Bir tərəfdə dəvələr böyür-böyürə verib yatmışdı.  Bir tərəfdə tacir-tüccar səs-səsə vermişdi. Aşağıdan göz yaşı kimi çay axırdı. Yuxarıdan isti, işıqlı duyğulara oxşayan Allah baxırdı. Meydanın tən ortasında dayanan, gözləri buz kimi soyuq, səsi özündən böyük olan carçı car çəkirdi: Ay qul alan! Ay qul alan! İşlək əlləri var, şirin dilləri var! Alan da peşman olardeyər, gərək çox alaydım, almayan da peşman olardeyər, vay mənim günümə, gör itirmişəm. Tez eləyin, sayı az, sanbalı çox, qiyməti az, qüdrəti çox. Ay qul alan! Ay qul alan!..

 

Dar-dolanbac küçələr kiçik, bulanıq çaylar kimi meydana axıb tökülürdü...

 

Xan oğlu Kərəmlər Keşiş qızı Məryəmləri Əsli deyib sevirdi; Pir Osmanlar Pirosmanilərin, Səyyad Nəvalar Sayat Novaların qara pərdələr çəkilən qaranlıq qəlbində dərd dustağıydı; Şeyx Sənanlar, Mirzə Kazımbəylər sinələrində parlayan xaçlarda çarmıxa çəkilmişdilər. qul bazarının qara pərdələr çəkilən qaranlıq hücrəsindən kösöv kimi tüstülənən bir səsin sirli sükutu boylanırdı:  Ya sən İslamı qəbul eylə, mənim dinimə gəl, Ya mən İsanı tutum, dini-kəlisaya gəlim...”

Qul bazarında o sirli sükutdan, daş kimi susqun səs-küydən, qara-qışqırıqdan qulaq tutulurdu. Qulların ayaqlarına naxış-naxış oymalı taxta tağanaq keçirilmişdi, boyunlarına zərli zəncir bağlanmışdı. Qulların ürəyinə qara qar, yurd-yuvasız yağışlar yağırdı. Ürəklər qara qarla, köhnəlməyən köhnə kədər yağışlarıyla dolduqca şişir, dözüb tablamır, partlayıb dağılırdı. Partlayıb dağılan ürəklərin isti qanıyla qanamışdı meydan; qədim nağılın qul bazarı yara-yara çiçəkləmişdi, başdan-başa qanaq-qanaq idi.  Səsi özündən böyük olan carçı bir an dayanıb durmurdu, elə hey car çəkirdi: Ay qul alan! Ay qul alan! İşlək əlləri var, şirin dilləri var!..

 

Qədim nağılın qul bazarı yerləşən meydan carçının səsinə diksinə-diksinə, yara-yara çiçəkləyib qanı göynəyə-göynənə, ruhu göyərə-göyərə boğulurdu...

Aşağıdan səs-küy eşidildi. Orta yaşlı kişi qədim sərdabəyə bənzər dərd yurdu ürəyindən – qul bazarının qafil qaranlığından başını çıxarıb aşağılara baxdı. Narınqalaya tərəf tuşlanan təzə körpünün ayağından, uçurulan Şah Abbas məscidinin bomboş yerindən keçib üç nəfər üzü bəri gəlirdi.   Bayaq qaranlıq zirzəmidə içənlər idi. Əməlli-başlı keflənmişdilər. Bir-birinin üstünə yıxıla-yıxıla, ləngər vura-vura, qışqırıb bağıra-bağıra, mübahisə edə-edə yaxınlaşırdılar. Biri deyirdi, atmosferin atasını yandırıblar, binəvanı deşik-deşik ediblər, yağış ona görə elə hey yağır. Biri deyirdi, dünyanın o üzündən bu üzünə dəlixay, aramsız küləklər əsir, o küləklərdi, qara buludlardı yağışı yağdıran. Üçüncüsü qışqırırdı ki, dağı-düzü, çayı-dənizi, bütün dünyanı  zibilxanaya döndərmişik, günaha batmışıq, Allah bəla göndərib bizə... Gözləri böyüyüb həlqəsindən çıxa-çıxa, soyuyub buz parçasına dönə-dönə, səfil-sərsəri səsləri göyərib bata-bata qışqırırdılar. Hərə öz dediyinin üstündə dururdu, neçə gündü ara vermədən yağan yağışın sirr-səbəbini özü bildiyi kimi yozurdu.

Bircə cibində təzə pasport olan yarıyaş adam bilirdi ki, yağış niyə yağır; yağış günəşi sönən səhralardan kədərli qəlbin zəlil-zülmət göylərindən yağırdı...

 

Vaziani, 1987

Sadıq Elcanlı

525-ci qəzet.- 2014.- 1 mart.- S.27;31.