Tapılmayan dərman
Bel ağrısı kişini lap əldən
salmışdı. Həkim xəstəni diqqətlə dinləyib,
ağrıyan yerlərinə əl gəzdirdikdən sonra:
– Geyinə
bilərsiniz – deyib əlini sabunla yudu və təmiz dəsmalla
sildi. Nişastalı ağ xalatının
axırıncı düyməsini açdı və ətəyini
yana çəkib stulunda rahatca əyləşdi. Həkim
qayğılı görkəm alıb qaşlarını
çatdı və mənə tərəf yönələrək:
– Qorxulu
bir şey yoxdu, – dedi. –Adicə bel ağrısıdır. Onurğa beyini kökcüklərinin
iltihabıdır. Tibbi dillə desək,
radikulitdir. Hələlik kəskin formaya
keçməyib. Ən çox əyilib
qalxanda incidir, gərək gözləsin. Ağır
şey qaldırmaq olmaz. Soyuqdan qorumaq
lazımdır. Bir də ki, turş,
acı, ümumiyyətlə, qıcıqlandırıcı
yeməklərdən uzaq olmalıdır. Qarşısını
almaq o qədər də çətin deyil.
Həkim
onun məsləhətini gözləyən, sonsuz,
yaşlı və xəstə dayıma ötəri nəzər
salıb:
– Mənə
elə gəlir ki, hazırkı vəziyyətdə xəstəxanaya
göndərməyə o qədər də ehtiyac yoxdur. Ev şəraitində də müalicə etmək
mümkündür. Müalicənin asan
yollarından biri odur ki, sancan yerə quş lələyi ilə
nazikcə naftalan çəkilsin. Düzdür,
“ozokerid”lə, limon və pələng
yağları ilə, qarışqa spirti ilə, çox
şeylə müalicə olunur. Naftalanı ona
görə məsləhət görürəm ki, həm asan
tapılır, həm də müalicəsi yaxşı səmərə
verir. Naftalan sürtəndən sonra
yaxşı olar ki, üstündən soluks verəsiniz. Bəli, soluks. Bunun
üçün xüsusi lampalar vardır. Tibb avadanlığı mağazalarında, təsərrüfat
malları dükanlarında olur. Özü
də ucuz qiymətə. Dəqiq deyə
bilmərəm, çox olsa, dörd-beş manatdır.
Naftalan da ki...
Həkim
ikinci dəfə təkrar etdi:
– Naftalan
da ki, tapılan dərmandır. Neft tərkibli dərmandır.
Bütün apteklərdə açıqca
satılır. Yüz və ya iki yüz
qramlıq şüşələrdə.
Həkim
qəribə bir maraqla:
–
Heç naftalan görmüsünüz?! – soruşdu.
– Xeyr,
eşitmişəm, amma görməmişəm, – dedim.
Həkim
qımışaraq:
– Belədi
də...- dedi. Qaşlarını yuxarı dartıb,
alnını qırışdırdı və
yarımbükülü əli ilə
qarşısındakı stolu tez-tez taqqıldatdı:
– Su kimi – dedi. – Maye halındadır.
Amma bir az qatıdır. Məsələn,
qatıq kimi. – Alnını bərk-bərk ovuşdurdu.
– Yox, yox, qatıqdan durudur. Smetan kimi. Hə, xalis smetan kimi.
Həkim əlinin
hərəkəti ilə dediklərinə düzəliş
verərək:
– Yox, yox,
canım, – dedi, – qatıq da, smetan da naftalandan qatıdır. Bir də ki, qatıq, süd, smetan ağdır,
naftalan isə qaradır. – Barmaqlarını daraqladı.
– Qoy, bu saat! Bu saat! – dedi. Axı sizi necə
başa salım? Neujeli naftalan görməmisiniz?
Bu saat, bu saat sizə izah edərəm.
Həkimin çöhrəsi yaz buludu kimi tutuldu. Nəyi isə deməyə
çətinlik çəkirmiş kimi şəhadət
barmağının ucu ilə stolu taqqıldada-taqqıldada:
– Hə,
hə, – dedi və tövrü dəyişdi,
baxışları mülayimləşən kimi oldu və vəcdlə
soruşdu:
–
Heç kənd-kəsəkdə olmusunuz?!
– Bəli,
– dedim. Əslim kəndçidir. Uşaqlığım kənddə keçib.
Sonradan şəhərə...
– Tut
görmüsünüz? Tut, tut!
– Əlbəttə,
– dedim. – Görmüsən nədir, tuta calaq da vurmuşuq, əkmişik
də, becərmişik də, meyvəsini yemişik də. Siz hansı tutu deyirsiz?! Ağ tut, qara tut, mor tut, şah tut, yoxsa bedana?
Xəstə
yerində qımıldanıb belindəki ağrının təsirindən
inildəyə-inildəyə əlavə etdi:
– Xar
tuuut, cır tuuut!..
Həkim əsəbiləşdi:
–
Canım, tutları sadalamaq lazım deyil. O tutu ki,
çırpıb doşab bişirirlər eee, doşab! Onu görmüsunüz?!
Dayım
dillənmək istəyəndə beli sancdı və
azaylana-azaylana:
– Hə,
– dedi, –ildə iki-üç küp bişirərdik. Qışda da yediyimizi yeyib, yemədiyimizi də
tuluğa doldurub dağ kəndlərinə satmağa
aparardıq. İndi qəhətə
çıxıb. Olanını da araq
çəkirlər. Amma hərdənbir
qohumlarımız bir-iki kilo tapıb göndərir. Əh, nə olsun?! O vaxtkı doşabların
dadını-tamını vermir.
Həkim
özündə yüngüllük hiss etdi:
– Vot! Vot!
–dedi, – naftalan toçnu həmin doşab
kimidir. Narşəraba da oxşarı var. Kənardan
baxanda “pepsikola”ya da bənzəyir. “Pepsikola”
çox durudur, amma rəngi də, qatılığı da doşaba
oxşayır. Dadı-tamı yox. Doşab şipşirindir. Naftalan isə...
Həkim
burnunu qırışdırıb, sifətini turşutdu:
– Neft iyi
verir, pis qoxusu var.
Həkim
qarşısındakı xüsusi resept
kağızını kənara sürüşdürərək:
– Resept
yazmaq lazım deyil, – dedi. – Bütün apteklərdə
açıqda satılır. Pulunu verib ala bilərsiniz.
Amma naftalanı sürtəndən sonra gərək durmağa
tələsməyəsən, bir az
uzanasan. ərpəşmək olmaz. Xəstəlik ağırlaşa bilər. Hə, mütləq uzanmalısan. Yaxşı olar ki, belinə də yun şaldan,
şərfdən, yumşaq odeyaldan-zaddan, nə isə isti bir
şey bağlayasan.
lll
Dayımın qolundan yapışıb söykək verə-verə
birtəhər evə apardım. Xəstəni sakitləşdirəndən
sonra şəhərə çıxdım. Başladım naftalan axtarmağa. Cəmi bir neçə ay olardı ki, məni uzaq kənd
rayonundan vilayət mərkəzinə xırda bir işə gətirmişdilər.
Bundan narazı deyildim. Amma bu az vaxt ərzində şəhərə o qədər
də isinişib bələd ola bilməmişdim. Çox yeri tanımırdım. Yaşadığımız məhəllənin
başındakı aptekə getdim. Bir neçə adam kassanın qabağında növbəyə
dayanmışdı. Kiçik pəncərəsi
olan tutqun şüşənin arxasında əyləşmiş,
ahıl qadın aldığı reseptləri və pul qəbzlərini
qarşısındakı stolun üstündə dik
qoyulmuş nazik dəmir milə keçirir, tələsmədən
dərman bükür, müştəriləri yola
salırdı. Gözəlliyi ilə diqqəti cəlb
edən ağbəniz, alagöz, üzü xallı gəlin qəfəslərdən
götürdüyü dərmanları ağ
nazik kağıza bükə-bükə öz yaşında
olan rəfiqəsinə nə barədəsə
xısın-xısın danışırdı. Bəzi sözləri aydın eşidilirdi.
Alagöz gəlin boyalı dodağını büzüb həmsöhbətinə:
– Qadam
onun ürəyinə! – dedi. – Aaaz, papamın
canıçün özüm boşanmışam. Heç əvvəldən könlüm yox idi.
Allah vurmuşdu onu, iki ay dalımca ilan kimi
süründü. Yüz minnətçi göndərdi,
getmədim! Getmərəm də! Nə
yaxşı ki, gəlirli bir vəzifəsi yoxdur. Elmi tədqiqat institutunun direktor müavinidir. O
da papamın hesabına. Yenə direktor olsaydı... Aldığı pul heç öz əyin-başını,
papirosunu görmür. O vaxt ağlım olmadı.
Xallı
gəlin əlini xüsusi modada düzəltdirdiyi
saçında gəzdirə-gəzdirə:
– Boylu
buxunlu bir əmtəəşünas istəyirdi, – dedi, – Allah
ağlımı aldı. Cibindən pulu qom-qom
çıxarırdı. Kül mənim bu boş
başıma! Yəqin qismət deyilmiş! Lütün
birinə culğaşdım. Nədi-nədi elmlər
namizədidi! Ha gözlə ki, doktor, nə bilim professor,
akademik olacaq. Kim bilir, o da ola, ya olmaya. Bir də ki, bacı, bilirsən nə var? Mənə professor zad lazım deyil. Alimlərin
arvadlarını görürük dəəə... Odee... biri də bizim qonşuluğumuzda olur.
Bir paltonu üç il geyinir. Moddan düşsə də, əl çəkmir.
Onlar rişxəndlə gülüşdülər. Xallı alagöz gəlin ətrafdakılar
eşitməsin deyə, əlini boyalı sifətinə
tutaraq vəcdlə:
– Aaaz,
biri var, – dedi, – tapmışam! Mən onu yox ee, o məni
tapıb, koneşna! Neçə aydı əl
çəkmir. Hər gün dalımca
düşür. İlan dili
çıxardır. Paxlava sexində
işləyir. Hələ desən,
tortdan-zaddan da başı çıxır. Düzdü
ee, bir az yaşlıdı, amma noolsun!.. Ahıla gedən quyruq yeyər, cahıla gedən
yumruq.
Onların hər ikisi əllərini üzlərinə
tutub xəfifcə gülüşdülər.
Söhbət deyəsən uzanacaqdı. Küncdə
oturub qarşısındakı kitaba baxa-baxa sayğacda
hesablama aparan eynəkli kişiyə yaxınlaşdım.
Şüşənin bəri tərəfindən boynumu
uzatdım:
– Salaməleyküm...
...
Onun diqqətini
qarşısındakı sayğacdan ayırıb özümə
cəlb etmək üçün öskürüb içimi
arıtladım və səsimi qaldırıb ikinci dəfə
salam verdim. O, əlinin arxası ilə
sayğacın dənələrini geri vurub, eynəyi
gözündən çıxardı və təəccüblə
mənə baxdı:
–
Eşidirəm sizi.
– Bir-iki
şüşə naftalan lazımdır...
O heyrətlə
başını bulayıb:
– Lap
avadanlıqdan danışırsan, – dedi və əlavə
etdi: – Naftalan tapsaydıq, elə özüm sürtərdim. Dizlərimin ağrısı məni ərşə
çəkir, gecə səhərə qədər yata bilmirəm.
Qabaqlar arabir gəlirdi. Üç
ildən artıqdır arası kəsilib almırıq.
Bunu deyib tez də eynəyini taxdı, qəddini əyib
qarşısındakı kitabı vərəqlədi. Hesablamasına
davam etdi.
...Dörd
aptekə dəydim. Naftalan tapılmadı ki,
tapılmadı. Yorulub əldən
düşmüşdüm. Yenə də
tənbəllik etmədim, özümü cəmləşdirdim.
Aralı olsa da, avtomaşın gözləmədən,
piyada iki kilometr yol qət etdim. Avtovağzalın
yanındakı kiçik budkaya girdim:
– Nafalan
lazımdır, – dedim. – Heç olmasa, ikicə şüşə!
Aptek
müdiri çiyinlərini çəkdi:
– Naftalan
çox vacibdir? Yoxsa elə-belə ehtiyat
üçün alırsan?
–
Çox vacibdir. –dedim. – Soraqlaşmadığım yer
qalmayıb. Tapa bilmirəm. Kişinin
belini yel qurudub, tərpənə bilmir. Həkim
deyir ki, radikulitdir. Gərək Naftalan ola.
Tünd-yaşıl
qalstuk bağlamış cavan aptek işçisi irəli
çıxıb ehtiramla:
– O
cür dərmanları bizə vermirlər, – dedi. Bu küçənin qurtaracağından burularsan
sağa. İkimərtəbəli kərpic evdən
yuxarıda xaşxana var. – Sözünə ani fasilə verib
diqqətini cəmləşdirdi və soruşdu:
– Ağalətifin xaşxanasını tanımırsan?!
– Xeyr, tanımıram.
Təəccüb və şübhə dolu baxışlarla məni süzüb məəttəl qaldı:
– Ağalətifin xaşxanasını tanımırsan?!
– Yox, – dedim, – nə görmüşəm, nə də eşitmişəm.
Mənə yazığı gəlirmiş kimi kinayə ilə bədənini yırğalayıb yüngülcə gülümsündü:
– Deməli, Ağalətifi tanımırsan, xaşından da yeməmisən?! Day sənə sözüm yoxdur. Bu şəhərdə Ağalətifin xaşxanası adla deyilir. Kimdən soruşsan, göstərər. Onun xaşxanasından otuz-qırx metr yuxarı getsən, birmərtəbəli qədim bina görünəcək. Qapı-pəncərələrinin ustündə şir başı. Üstündə qırmızı kirəmitlə döşənib. Qabağında da iki söyüd ağacı var, dibindən su axır. Bax, həmin binanın arxa tərəfində təzə aptek açıblar. Müdiri də həmin Ağalətifin qardaşı oğludur. Onda hər cür dərman tapılır. –Zarafata keçdi. –Lap quş iliyi, sərçə südü də desən, tapar. Ağalətifin xatirinə ən, defisit dərmanları ora göndərirlər.
Ərinmədim, soraqlaşa-soraqlaşa həmin apteki də tapdım. Ancaq açıq deyildi. Qapısından qıfıl asılmışdı. Əziyyətim özümə qaldı. Lap dilxor oldum. Kölgədəki qara “Volqa”nın yanında şalvarını dizəcən çırmalayan, kepkasının uzun, əzik dimdiyi gözünün üstünə sallanan on iki-on üç yaşlı oğlan uşağı əlindəki yaş əskini sıxa-sıxa soruşdu:
– Bağışlayın, əmi, sizə kim lazımdır?
– Bu
aptekin müdiri, – dedim. – Dərmandan ötrü. Naftalan axtarıram.
Oğlan
suyu sıxılmış əski ilə qara “Volqa”nın şüşəsini canidildən silə-silə:
– Əmi, – dedi, – bu maşın elə aptek müdiri
Hacıhəsənindir. Ağalətifin qardaşı oğlu
Hacıhəsənin. Çörək yeməyə
gedib. Sonra da dəlləyə
başını vurdurub, bir toy məclisi var, ora dəyib gələcək.
Bərk yorulmuşdum. Dizlərim
taqətdən düşmüşdü. Üz-gözümdən
tər axırdı. Fikirləşirdim ki,
kölgədəki kötüyün üstündə oturub
dincimi alım, həm də tərim soyusun. Ona qədər də bəlkə aptek müdiri gəldi.
Elə də etdim. Köhnə
palıd kötüyünün üstündə əyləşdim.
Və maşının ətrafına pərvanə
kimi fırlanan oğlanın adını soruşdum.
O,
nimdaş köynəyinin qolu ilə burnundan axan suyu sildi və
adım Dadaşdır, –dedi. Sonra əlindəki
çirkli əskini gücü gəldikcə sıxa-sıxa
gülümsündü. Nəsə demək
istədi, utanıb-çəkinirmiş kimi başını
çiyninə tərəf əydi. – Adım
Dadaşdır. Ancaq hamı mənə Dadan deyir.
Bu məhəllədə məni Dadan kimi
tanıyırlar. Dadaş desən, çox adam bilməz.
Dadan silib
par-par parıldatdığı maşını işarə
edərək:
– Ağalətif
dayının latareyasına düşüb, –dedi. – o da Hacıhəsənə
bağışlayıb. İkinci dəfədir,
Ağalətif dayının latareyasına “Volqa”
düşür. Yaman baxtı var. Qabaqlar
bir dəfə də “Moskviç” udub, sprintlə. Yaxşı xaş bişirdiyi üçün
onunku həmişə gətirir. Mənim
atam da hər dəfə halalca maaşından kəsib
çoxlu latareya alır. Hacıhəsən
də hər maşını yuyanda cibimə bir onluq qoyur.
Mən də onu latareya biletinə verirəm.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.- 2014.- 1 mart.- S.28.